Türkdilli ölkələr arasında münasibətlər yeni inkişaf mərhələsində
18.09.2010 [11:03]
Bu bir həqiqətdir ki, dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli ölkələrin birliyi bu gün daha aktual və vacib xarakter almaqdadır. Xüsusilə, qlobal güc mərkəzlərinin, böyük aktorların nəzər-diqqətinin məhz bu məkana çevrildiyi bir məqamda türkdilli dövlətlər arasında sarsılmaz birliyin olması həm də xarici təsirlərdən birgə mühafizə olunmaq, beynəlxalq məkana birgə inteqrasiya olmaq, iqtisadi resurslardan düzgün istifadə olunması və enerji mübadiləsinin gücləndirilməsi baxımından da çox mühüm əhəmiyyətə malikdir. Sentyabrın 16-da İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısını və bu çərçivədə imzalanmış sənədləri, ifadə olunmuş bəyanatları da hər şeydən əvvəl məhz elə bu konteksdə dəyərləndirmək vacibdir. Yeri gəlmişkən, qeyd edək ki, bu, dövlət başçılarının sayca X zirvə toplantısı idi. Bundan əvvəl isə ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, ötən il isə Naxçıvanda keçirilmişdi.
Bizim ümumi maraqlarımız xalqlarımız və dövlətlərimiz arasında möhkəm birliyin olmasını tələb edir
Təbii ki, Türk dünyası dövlətləri arasında birliyi şərtləndirən çox ciddi səbəblərin olduğu heç kəsə sirr deyil. Bizi ortaq tarix, mədəniyyət, dil və din eyniliyi kimi çox ümdə məsələlər birləşdirir. Türk xalqları əsrlər boyu bir yerdə yaşayıb, bir yerdə çalışıb, ortaq mədəniyyət yaradıb və ondan bəhrələniblər. Ən çətin məqamda, ən mürəkkəb tarixi situasiyalarda türk xalqları bir-birilərinə yardımlarını əsirgəməyiblər. Amma tarixin elə bir dövrünü də yaşamışıq ki, müəyyən siyasi dairələrin təzyiq və təsirləri ilə türkdilli ölkələr arasında süni problemlər də yaradılıb, ortaya nifaq salmaq istəyən qüvvələr olub. Amma təkərrürdən ibarət tarix yenə də öz sözünü deməkdədir və son dövrlər türkdilli ölkələr arasında əlaqələr əvvəlki dövrlərlə müqayisədə xeyli güclənib. SSRİ İmperiyasının süqutundan sonra müstəqilliyinə qovuşmuş türkdilli ölkələr (yalnız Türkiyə istisna olmaqla-red.) müstəqilliyin ilk illərində üzləşdikləri problemlərdən demək olar ki, artıq arınmaq üzrədirlər. Bu isə ikitərəfli münasibətlərdə də özünü açıq şəkildə büruzə verir. Xüsusilə, IX zirvə toplantısında qəbul olunmuş qərarlar həlledici rola malik olub. Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu məqama diqqət çəkmək üçün vurğulayıb ki, keçən il Naxçıvanda keçirilən zirvə görüşündən bu günə qədər - bu bir il ərzində Türk dövlətləri arasında əlaqələr daha da sürətlə inkişaf edib: “Mən çox şadam ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə uğurlu əməkdaşlıq aparır, bir-birinə dəstək olurlar. Biz çalışmalıyıq və çalışırıq ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini gücləndirək, bir-birimizə siyasi dəstək verək və bütün işlərdə bir-birimizin yanında olaq”.
Bəli, artıq Türk dünyası qlobal siyasi proseslərdə öz mövqeyini, öz yerini, duruşunu daha dəqiq müəyyənləşdirməkdədir. Bu mövqe, bu duruş isə yalnız birlik, qardaşlıq tələb edir ki, türk dövlətləri də artıq bu reallığa uyğun hərəkət edirlər. Hər halda, dövlət başçılarının İstanbul toplantısı bu məqamı bir daha təsdiqləmiş oldu.
Naxçıvandan İstanbula doğru uzanan yol...
Türkiyə Prezidenti Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın iştirakı ilə reallaşan Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı bir sıra cəhətlərdən digərlərindən kəskin fərqlənir. Əvvəla, yalnız Naxçıvanda keçirilən IX zirvə toplantısı istisna olmaqla, buna qədər baş tutmuş toplantıların əksəriyyəti gündəlikdə çox mühüm əhəmiyyətə malik məsələlərin müzakirə olunmasına baxmayaraq, elə də effektiv nəticələrə gətirib çıxarmamışdı. Təsadüfi deyil ki, dövlət başçıları özləri də türk dövlətləri arasında birliyin güclənməsi istiqamətində görülən tədbirlər sırasında Naxçıvan zirvə görüşünü xüsusi olaraq qeyd edirlər. Türkiyə Prezidenti Abdullah Gül vurğulayıb ki, İstanbulda qəbul olunmuş qərarlar Naxçıvanda atılmış addımların davamıdır. Bu isə o deməkdir ki, artıq Türk dövlətlərinin təmsil olunduğu institusional qurum formalaşmaqdadır. Bu qurumun idarəçilik mexanizminin müəyyənləşdirilməsi, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Katibliyinin yaradılması isə İstanbulda həllini tapan önəmli məsələlər sırasındadır.
Türkdilli ölkələrin ümumi problemlərinin həlli ilə məşğul olacaq qurum yarandı
ümumiyyətlə, İstanbulda keçirilən X toplantı bir sıra mühüm qərarların qəbulu ilə əlamətdar olub. Belə ki, toplantı çərçivəsində Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul olunub. Katibliyi İstanbulda yerləşəcək bu qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcək. Türkiyəli diplomat Xəlil Akınçı türkdilli ölkələr üçün xüsusi önəmi olan bu qurumun baş katibi təyin olunub. Şuranın tərkibində dövlət başçılarının şurası, xarici işlər nazirlərinin şurası, ağsaqqallar şurası, yüksək vəzifəli şəxslər şurası və daimi katiblik fəaliyyət göstərəcək. Ankarada fəaliyyət göstərən TüRKSOY, Bakıda fəaliyyət göstərən Türkdilli ölkələrin Parlament Assambleyası, Astanadakı Türk Akademiyası isə Şuranın gücləndirilməsi istiqamətində çalışacaq. Zirvə görüşündə, həmçinin, qərara alınıb ki, türk mədəniyyətinin qorunması üçün Bakıda vəqf, universitetlər arasında fəaliyyətin gücləndirilməsi üçün qurum, Astanada Akademiyanın tərkibində muzey, tarixi araşdırma fondu yaradılsın.
Əlbəttə ki, eyni dilə, eyni tarixi kökə, mədəniyyətə malik ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən bir strukturun olması yalnız və yalnız ümumi işin yüksək səviyyədə qurulmasına köməklik göstərəcək. Eyni zamanda, dövlət başçılarının da vurğuladıqları kimi, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının yaradılması geniş coğrafi ərazini əhatə edən Türk dünyasının qarşılaşdığı problemlərin həllində də vacib rol oynayacaq. Bu, həmçinin, ölkələrimizi və xalqlarımızı bir-birinə daha sıx bağlayacaq, qardaş ölkələrdə sabitliyin möhkəmlənməsinə zəruri imkanlar yaradacaq və o cümlədən, bölgədə sülhə və sabitliyə xidmət edəcək.
Dövlət başçılarının şurası Türk dünyasının daha sıx şəkildə birləşməsi istiqamətində mühüm rol oynayacaq
Yuxarıda da qeyd etdiyimiz kimi, olduqca səmərəli keçən X zirvə toplantısında, eyni zamanda, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul olunub. Sözügedən qurumun tərkibində bir sıra şuralar fəaliyyət göstərəcək ki, onlardan ikisi üzərində xüsusi olaraq dayanmaq vacibdir.
Əksər ekspertlərin də qeyd etdikləri kimi, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının tərkibində fəaliyyət göstərəcək dövlət başçılarının şurası Türk dünyasının daha sıx şəkildə birləşməsi istiqamətində mühüm rol oynayacaq. çünki müştərək dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanan türkdilli ölkələrin dövlət başçılarının mütəmadi olaraq bir araya gəlməsi çox önəmlidir. Təbii ki, bu bir araya gəlmənin intensiv xarakter alması öz növbəsində türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə daha geniş layihələrin icra olunmasına təkan verəcək. ölkə rəhbərlərinin ortaq müzakirələri türkdilli ölkələrdən olan iş adamlarının vahid türk məkanında daha yaxşı fəaliyyət göstərmələri istiqamətində də mühüm rol oynayacaq.
Türkdilli ölkələrin prezidentlərinin dövlət başçıları şurası nəzdində bir araya gəlməsi, eyni zamanda, dünyada baş verən qlobal hadisələrə vahid mövqenin ifadə olunmasına, türkdilli ölkələrin daha geniş və güclü şəkildə inkişafının təmin olunması istiqamətində yeni vahid qərarların qəbuluna da yol açacaq.
Ən nəhayət, dövlət başçılarının mütəmadi olaraq bir araya gəlməsi özlüyündə türkdilli xalqların daha da yaxınlaşmasına təkan verəcək.
Sözügedən qurum nəzdində fəaliyyət göstərəcək xarici işlər nazirlərinin şurası isə dövlət başçıları şurasının daha effektiv fəaliyyət göstərməsi, həmçinin, Türk dünyasının ortaq təklif və problemlərinin beynəlxalq qurumlarda daha güclü şəkildə təqdim olunması istiqamətində əhəmiyyətli rol oynayacaq. Heç şübhəsiz, xarici işlər nazirlərinin şurasının fəaliyyəti özlüyündə bölgədə sülhə və sabitliyə xidmət edəcək, türkdilli ölkələrin beynəlxalq təşkilatlardakı mövqeyini daha da gücləndirəcək.
Türkdilli ölkələr arasında “iqtisadi konfederasiya” yaratmaq ideyası gündəmə gələ bilər
Dövlət başçılarının zirvə görüşündə ən çox müzakirə olunan məsələlərdən biri də heç şübhəsiz ki, enerji sahəsində əməkdaşlığının daha da genişləndirilməsi üçün yolların axtarılması oldu. O da məlumdur ki, Azərbaycanın regionda yeni enerji dəhlizlərinin əsasını qoyması və Xəzərin enerji resurslarının dünya bazarlarına çıxarılmasında nümayiş etdirdiyi siyasi qətiyyət digər bölgə dövlətlərinin də transmagistral enerji şəbəkələrinə qoşulmasına əlverişli zəmin yaradıb. Xəzər dənizinin yanacaq ehtiyatlarının Şərq-Qərb marşrutu ilə nəqlində flaqman rolunu oynayan Azərbaycanın yaratdığı ənənə artıq geniş format alıb və digər Xəzəryanı dövlətlər də TransAvrasiya dəhlizində təmsil olunmağa üstünlük verməyə başlayıblar. ümumiyyətlə, yeni dünya enerji xəritəsinin əsas mərkəzi nöqtələrindən biri olan Xəzər akvatoriyası yaxın perspektivdə mərkəzi enerji mənbəyinə çevriləcək. Bu mənada Xəzərdəki enerji resurslarının böyük hissəsinə sahib olan türk dövlətlərinin vahid enerji marşrutlarında birləşməsi, “iqtisadi konfederasiya” yaratmaları ən yeni tarixin iqtisadi zərurətidir.
Qeyd etdiyimiz kimi, Azərbaycanın müəllifi olduğu Şərq-Qərb marşrutuna və çoxşəbəkəli enerji tranzitlərinə cəlb olunan ölkələrin sırası genişlənir. Xüsusilə də, tədarükçü ölkələr olan Qazaxıstan və Türkmənistan bu diversifikasiya sisteminə qoşularaq həm miqyas, həm də enerjinin nəqli baxımından daha aktiv mövqe nümayiş etdirməyə başlayıb. Məlum olduğu kimi, bir müddət əvvəl Türkmənistan hökuməti öz neftini Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql etməyə qərar verib. Bu, Qazaxıstandan sonra daha bir zəngin yanacaq resurslarına malik olan türk dövlətinin siyasi qətiyyətidir. Əslində, rəsmi Aşqabadın bu qərarı gözlənilən idi və bu ölkə son illər milli enerji siyasətinin başlıca hədəflərinin çoxşəbəkəli marşrutlar vasitəsilə yanacağın dünya bazarlarına çıxarılmasından ibarət olduğunu dəfələrlə bəyan edib. Qərbyönümlü addımları, rasional qərarları ilə fərqlənən və türk dövlətləri ilə sıx inteqrasiyaya meyl edən Qurbanqulu Berdiməhəmmədovun son illərdə Azərbaycanla ən səmimi və strateji münasibətlər qurmaq niyyətləri bunu təsdiq edir. Göründüyü kimi, Türkmənistanın dövlət başçısı öz ölkəsinin enerji ehtiyatlarının artıq Şərq-Qərb enerji dəhlizi ilə nəqlinə üstünlük verdiyini atdığı addımlarla sübut edir.
Bu tendensiya bir daha onu təsdiqləyir ki, Asiya ilə Avropanın qovuşduğu məkanda yerləşən Türkmənistanın və Azərbaycanın əlverişli geosiyasi mövqeyi hər iki ölkənin dünyanın yanacaqla təminatında həlledici rol oynamasına səbəb olmaqdadır.
İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı və bu tədbirdə Türkmənistanın nümayiş etdirdiyi siyasi iradə, qətiyyətli addımlar isə rəsmi Aşqabadın artıq türk dövlətlərinin bütün layihələrində iştirak edəcəyini şərtləndirir. Türkmənistan öz enerji resurslarını təkcə Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac etmək niyyətində deyil, bu ölkə artıq digər Şərq-Qərb enerji dəhlizlərinə də qoşulmağı istisna etmir. Türkmənistan həm neft, həm də qaz resurslarını Azərbaycan ərazisindən keçməklə Avropaya nəql etmək niyyətindədir. Bu addımla Türkmənistan öz ehtiyatlarını həm də Mərkəzi Avropada yeni təchizatçı statusunu möhkəmləndirmək şansını əldə etmiş olur. Eyni zamanda, regionda yeni enerji dəhlizlərinin, xüsusilə də, TransXəzər, NABUCCO layihələrinin reallaşması üçün dərin əsaslar yaradır. Bundan başqa, qardaş ölkə olan Türkmənistan bir neçə gün əvvəl Bakıda əsası qoyulan “AGRI” marşrutuna da qoşulmaq şansı əldə edir. Qeyd edək ki, həmin layihənin növbəti mərhələdə daha geniş coğrafiyanı əhatə etməsi labüddür və bu mənada Xəzər hövzəsinin digər tədarükçüləri, Türkmənistan və Qazaxıstanın da qazın bu marşrutla ixracını həyata keçirməsi real görünür.
Qardaş özbəkistanın yeri görünürdü...
Türkiyədə keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısının nəticələri gələcək perspektivlər baxımından olduqca ümidverici olsa da, bəzi arzuolunmayan detallar da yaşandı. Toplantıda özbəkistanın təmsil olunmamasını müsbət bir fakt kimi dəyərləndirmək doğru olmazdı. Təbii ki, özbəkistan bu toplantıda iştirak etməklə özünün də türk birliyinə verə biləcəyi töhfələri təqdim etmək üçün əla imkan qazanacaqdı. Bildiyiniz kimi, əhalisi 27 milyon olan özbəkistan Respublikası Amudərya və Sırdərya çaylarının arasında yerləşir. Bu dövlətin əhalisinin 90 faizə qədərini məhz, türklər təşkil edir. Ona görə də, özbəkistanı qıpçaq türklərilə oğuz türklərinin qovuşduğu məkan adlandırırlar. Yerləşdiyi coğrafi məkana diqqət yetirdikdə görürük ki, özbəkistan həm Məzkəzi Asiya, həm Türk dünyası üçün mühüm strateji bölgədə yerləşir. Eyni zamanda, dil, mədəniyyət, iqtisadiyyat, hətta məişət baxımından belə özbək qardaşlarımız türk dövlətləri arasında körpü rolunu oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, özbəklərin danışdığı cığatay-qıpçaq ləhcəsi istər oğuz türkləri (Türkiyə, Azərbaycan), istərsə də qıpçaq türkləri (Qazaxıstan, Qırğızıstan) tərəfindən kifayət qədər yaxşı anlaşılır. Bu türk dövlətinin malik olduğu təbii ehtiyatları da sadalanan üstünlüklər sırasına daxil etdikdə, özbəkistanın Türk dünyası üçün nə qədər vacib olması üzə çıxır.
Baxmayaraq ki, özbəkistan Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak etmədi, ancaq inanırıq ki, növbəti sammitlərdə bu qardaş ölkə ən yüksək səviyyədə təmsil olunacaq. çünki soykökü bir olan qardaş respublikaların qəbul etdikləri qərarlar hər bir türk dövləti üçün iqtisadi, siyasi, mədəni dividentlər vəd etməklə onların birlikdə dünyaya inteqrasiya olunmasına da ciddi perspektivlər açır.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

