Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın bütün regionları yüksəliş dövrünü yaşayır

Azərbaycanın bütün regionları yüksəliş dövrünü yaşayır

15.10.2010 [08:23]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir və Yevlaxa səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Mingəçevir şəhərinə gəlib.
Azərbaycanın bütün regionları kimi, Mingəçevir şəhəri də özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində şəhərin iqtisadiyyatı daha da inkişaf edib, əhalinin yaşayış səviyyəsi yüksəlib, quruculuq işləri geniş vüsət alıb. Cari ilin birinci yarısında Mingəçevir şəhərinin istehsal müəssisələrində 55 milyon manatlıq sənaye məhsulu istehsal olunub, tikinti-quraşdırma işlərinə 20 milyon manat vəsait xərclənib, əsas kapitala 22 milyon manat investisiya yönəldilib, istehlak bazarında 73 milyon manatlıq mal satılıb və xidmətlər göstərilib. Təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Mingəçevirdə aparılan abadlıq və quruculuq işləri bu gün də davam edir, yeni parklar və istirahət ocaqları salınır.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoyublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin ətrafındakı parkı gəziblər, burada aparılan abadlıq və quruculuq işləri ilə tanış olublar.
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak edib. Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılmış şəraitlə tanış olub. Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verib ki, nazirliyin sifarişi əsasında tikilən mərkəzdə Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılıb.
Prezident İlham Əliyev 2004-cü ildə Mingəçevirə səfəri zamanı keçmiş “Kür” avarçəkmə bazasında da olub, onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını verib. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra, 2007-ci ildə tikinti işlərinə başlanıb. Layihəyə əsasən kompleksə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxana, döşəməsi NBA standartlarına uyğun olan 391 tamaşaçı yerlik idman zalı, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir. Bazanın ərazisində abadlıq işləri aparılıb və istirahət guşələri yaradılıb. Bazadan istifadə etmək barədə xarici ölkələrdən müraciətlər daxil olur. Artıq üç ildir ki, bazanın yardımçı hissəsində avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatası keçirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hovuza, idman zalına, anqara baxıblar, motorlu qayıqda Kür çayının bu hissəsini gəziblər.
Dövlətimizin başçısı və xanımı 1875-ci ildə əkilən qovaq ağacı qarşısında xatirə şəkli çəkdiriblər.
Sonra dövlətimizin başçısı və xanımı hündürlüyü 40 metr olan yarışları müşahidə qülləsi ilə tanış olublar. Dörd mərtəbədən və terrasdan ibarət binada müşahidə zalı, jurnalistlər və hakimlər üçün otaqlar, kafe-bar və digər yardımçı otaqlar var.
Prezident İlham Əliyev və xanımı qüllədən avarçəkənlərin məşqinə baxıblar.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev mingəçevirlilərə müraciətlə deyib ki, Mingəçevir bir turizm mərkəzinə çevrilməlidir: “Buna nail olmaq üçün bütün imkanlar - gözəl təbiət, təmiz hava, iqlim, təbii şərait vardır. İndi yollar da çəkilir. Bakını Mingəçevirlə birləşdirən avtomobil yolu tikilir. Gəncə aeroportu fəaliyyətdədir. Yəni, Mingəçevir bir turizm mərkəzi olmalıdır”.
Prezident İlham Əliyev vurğulayıb ki, Mingəçevir çox müasir, gözəl şəhərə çevrilibdir və bu, məni çox sevindirir: “Mən istəyirəm ki, hər bir şəhərimiz öz gözəlliyi ilə seçilsin. Bir daha təkrar edirəm, Mingəçevirin xüsusilə gözəl havası, təbii iqlim şəraiti vardır, eyni zamanda, burada sənaye müəssisələri yaradılır. Artıq Mingəçevir təkcə energetiklər şəhəri deyil, sənaye şəhəridir, mədəniyyət mərkəzidir. Burada şahmat məktəbi, sosial obyektlər, məktəblər yaradılmışdır, yol çəkilir. Bütün bunlar şəhərin inkişafına xidmət göstərəcəkdir”.
Şəhər sakini Eyyub Həsənov ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin inkişafındakı xidmətlərindən danışıb. O, şəhər sakinləri adından Prezident İlham Əliyevin Mingəçevirə diqqət və qayğısına görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı şəhər ictimaiyyətinin nümayəndələri, idmançılar və Akademik Avarçəkmə Federasiyasının baş məşqçisi Rudiger Hauffe ilə də görüşüb.
Mehriban xanın mingəçevirli qadınlarla şəkil çəkdirib.
Prezident İlham Əliyev və xanımı mərasim iştirakçıları ilə xatirə şəkli çəkdiriblər.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının binasında aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə tanış olub.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə binanın qarşısındakı istirahət parkında aparılmış abadlıq işləri ilə tanış olublar.
Prezident İlham Əliyev teatr binasının təmirdən əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotoşəkillərə baxıb.
Məlumat verilib ki, teatrın binası 1951-ci ildə tikilib və 1953-cü ildən istifadədədir. 1968-ci ildən Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir. Həmin vaxtdan bəri şəhərin bu mədəniyyət ocağında indiki səviyyədə əsaslı bərpa və yenidənqurma işləri aparılmayıb. 2008-ci ildə başlanan yenidənqurma işləri isə ən yüksək səviyyədə, müasir standartlara uyğun aparılır. ümumi sahəsi 2300 kvadratmetr olan ikimərtəbəli binada 32 otaq var. Qrim, məşq və rəssamlar üçün otaqlar, yeməkxana birinci mərtəbədə olacaq. İkinci mərtəbədə 160 yerlik kiçik zal fəaliyyət göstərəcək. İnzibati otaqlar da bu mərtəbədə yerləşəcək. Teatrın əsas zalı 510 tamaşaçı üçün nəzərdə tutulub. Binada yenidənqurma işləri 2011-ci ilin martında başa çatdırılacaq.
Prezident İlham Əliyev yenidənqurma işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Məlumat verilib ki, ikimərtəbəli binanın ümumi sahəsi 400 kvadratmetrə yaxındır. Foyedə Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin ictimai-siyasi həyatında, o cümlədən, YAP-ın fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. Yüz kvadratmetr sahəsi olan iclas zalında 80 nəfərlik müasir oturacaqlar quraşdırılıb. İkinci mərtəbədə Ulu öndər Heydər Əliyevin kəlamlarını əks etdirən guşə yaradılıb. İş otaqları da bu mərtəbədədir. Bütün otaqlar lazımi avadanlıq və kompyuterlə təchiz olunub. Binanın qarşısındakı geniş sahədə yaşıllıq zolağı salınıb, fəvvarə quraşdırılıb.
Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Mingəçevir şəhərində şahmat məktəbi binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib, binada yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, 1986-cı ildə inşa olunmuş şahmat məktəbinin binasında əsaslı təmir və yenidənqurma işlərinə ötən ilin aprelindən başlanılıb. Şahmat məktəbinin yerləşdiyi 2 hektar ərazi tamamilə abadlaşdırılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, açıq səma altında xüsusi şahmat meydançası yaradılıb.
Binada eyni vaxtda dörd ayrı dərs üzrə 32 idmançının şahmatın sirlərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Sinif otaqları şahmat taxtaları, saat və kompyuterlərlə təchiz olunub. Burada dərs prosesini izləmək üçün videokameralar quraşdırılıb. Beynəlxalq və respublika əhəmiyyətli yarışlarda nailiyyətlər qazanmış yerli şahmatçıların şəkillərindən ibarət fotoguşə məktəbin uğurlarını əks etdirir. Məktəbdəki inzibati otaqlar və yarış zalı da şahmata aid bütün lazımi avadanlıq və vəsaitlərlə təchiz edilib. ümumi sahəsi 300 kvadratmetr olan yarış zalında eyni vaxtda 68 şahmatçı öz bacarığını sınaya bilər.
Mingəçevir şahmatçıları son 5 ildə bir sıra beynəlxalq yarışlarda fərqləniblər. Şahmatçılar Sənan Quliyev, Fərid Şirinov və Zeynəb İsmayılzadə dünya və Avropa birinciliklərində uğurla çıxış ediblər.
Dövlətimizin başçısı balaca idmançı ilə şahmat oynayıb.
Bina ilə tanış olan Prezident İlham Əliyev burada yaradılmış şəraitdən razılığını bildirib.
Sonda dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdiriblər.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun açılışında iştirak ediblər.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, yolun yenidən qurulması işləri bu il həyata keçirilib. Uzunluğu 21 kilometr olan yol üçüncü dərəcəlidir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 7 metrdir. Torpaq yatağı ilə birlikdə yolun eni 12 metrə bərabərdir. Bu yolun region üçün strateji əhəmiyyəti böyükdür. çünki bu yol Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 263-cü kilometri ilə Mingəçevir şəhərini birləşdirir. Bundan əlavə, Mingəçevir şəhərinin paytaxtla, həmçinin respublikanın şimal-qərb bölgəsi ilə nəqliyyat əlaqəsini təmin edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan Gəncə-Qazax regionuna və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri bu yoldan istifadə edir. Dövlətimizin başçısı və xanımı Mingəçevir şəhərinin yeni inşa olunan giriş qapılarına da baxıblar.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısına məlumat verən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, “Günəşli” yaşayış massivinə qaz xəttinin çəkilişinə 2008-ci ilin ortalarından başlanıb. Magistral qaz xəttinin uzunluğu 7290 poqonmetrdir. Massivdaxili xətlərin uzunluğu isə 30 kilometr təşkil edir. Bildirilib ki, “Günəşli” yaşayış massivində ümumilikdə 2 min ev vardır və onların hamısının “mavi yanacaq”la təmin olunması nəzərdə tutulur. Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bütün evləri sayğacla təmin edib.
Qeyd olunub ki, əgər 2009-cu ildə Mingəçevir şəhərində əhali kateqoriyasından olan yeni abunəçilərin sayı 680 idisə, 2010-cu ilin 9 ayında bu rəqəm 1655-ə çatıb. Bu ilin 9 ayında şəhər üzrə təbii qazdan istifadə edən əhali abunəçilərinin sayı isə 21 min 413 nəfər təşkil edib.
Dövlətimizin başçısı “Günəşli” yaşayış massivinə təbii qazın verilməsini bildirən məşəli alovlandırıb.
Prezident İlham Əliyev massivin sakinlərini təbrik edərək deyib ki, Mingəçevirin qaz verilməmiş təkcə bu massivi qalmışdı, burada heç vaxt qaz olmamışdı. Ancaq bu gün biz buna nail olduq: “İndi mənə məlumat verildi ki, 2 min abunəçi, 2 min ailə, 2 min ev təsərrüfatı qaz alacaqdır. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm”.
Səidə Əliyeva yaşayış massivinin sakinləri adından “Günəşli”yə qaz xəttinin çəkilişinə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Mingəçevir su anbarının və Su Elektrik Stansiyasının yerləşdiyi əraziyə gəliblər. Dövlətimizin başçısına Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, stansiyadakı 6 maşın qurğusunun hər birinin gücü 70 meqavata çatdırılmaqla stansiyanın ümumi gücü 320 meqavatdan 420 meqavata qaldırılacaq. Bu artım su sərfi dəyişmədən mümkün olacaqdır. Avadanlıq Fransanın “Areva” şirkətindən alınır, tikinti-quraşdırma işlərini isə yerli “Azenko” şirkəti aparır. Layihə çərçivəsində stansiyanın yarımstansiyası tamamilə yenidən qurulacaq, idarəetmə məntəqəsinin yeri dəyişdiriləcək və tam avtomatlaşdırılacaq.
Prezident İlham Əliyev yenidənqurma işlərinin vaxtında və keyfiyyətlə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirə səfərini başa çatdıraraq, Yevlax şəhərinə gəlib.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoyublar.
Prezident İlham Əliyev Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib, burada yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısı Yevlaxa səfəri çərçivəsində “Azərtoxum” MMC toxumçuluq müəssisəsinin açılışında da iştirak edib, istehsal prosesini izləyib, hazır məhsulların sərgisinə baxıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Kür çayının sahilində inşa olunan bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

Paylaş:
Baxılıb: 1035 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30