Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Artıq üç ildir ki, Azərbaycanda "çadır şəhərciyi" anlayışı yoxdur

Artıq üç ildir ki, Azərbaycanda "çadır şəhərciyi" anlayışı yoxdur

12.11.2010 [09:55]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax, Füzuli və Ağdam rayonlarında səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-11-də Yevlax, Füzuli və Ağdam rayonlarında səfərdə olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 10-da Yevlaxda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış olublar.
Kəlbəcərdən olan məcburi köçkün Qəzənfər Musayev ailəsi ilə birlikdə dövlətimizin başçısını və xanımını qarşılayıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qəzənfər Musayevin yeni mənzilində qonaq olublar.
çay süfrəsi arxasında söhbət zamanı Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycan uğurla inkişaf edir, imkanımız var, belə gözəl evlər yaradırıq. Biz on minlərlə vətəndaşımızı yeni evlərlə, mənzillərlə təmin etdik. ümumiyyətlə, 90 minə yaxın köçkünü biz  belə gözəl evlərə, mənzillərə yerləşdirdik. Fərdi evlər, mənzillər tikilir, hər yerdə quruculuq, abadlıq işləri aparılır. Ancaq necə deyərlər, bu, müvəqqəti ünvandır. Torpaqlarımız işğaldan azad olunduqdan sonra, həmin ərazilərdə bundan da gözəl evlər tikəcəyik”.
Qəzənfər Musayev məcburi köçkünlər üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən yaradılmış kompleksin tikintisinə 2010-cu ilin aprelində başlanıb. Binaların yerləşdiyi ümumi ərazi 10 hektardır. Beşmərtəbəli 10 binada bir, iki, üç və dördotaqlı 612 mənzil var. Bu mənzillərdə şəraiti dözülməz olan ictimai obyektlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdiriləcək. Mənzillərdə yüksək şərait yaradılıb. Ərazidə klub-icma mərkəzi, inzibati bina inşa edilib.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə yaradılan məhəllədə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Burada 50 yerlik uşaq bağçası, 440 yerlik məktəb binaları, qazanxana, nasosxana, transformator yarımstansiyası tikilib, mənzillərə telefon, su və qaz xətləri çəkilib. Məhəllədə dörd subartezian quyusu qazılıb, iki su anbarı tikilib, ümumi uzunluğu 2 kilometrdən çox olan asfalt-beton yol salınıb.
Prezident İlham Əliyev və xanımı Kəlbəcər rayon mədəniyyət evi özfəaliyyət kollektivlərinin və muğam müsabiqəsinin qalibi Babək Niftəliyevin çıxışını izləyiblər, onlarla xatirə şəkli çəkdiriblər.
Dövlətimizin başçısı qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşüb.
Prezident İlham Əliyev məcburi köçkünləri təbrik edərək deyib ki, ilk dəfə olaraq bölgələrdə məcburi köçkünlər üçün hündürmərtəbəli binalar tikilib: “Mən sizi ürəkdən salamlayıram. Bu gözəl, yeni şəhərciyin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. çox gözəl binalardır, yaraşıqlı mənzillərdir. İlk dəfə olaraq bölgələrdə məcburi köçkünlər üçün hündürmərtəbəli binalar tikilibdir. Bir deyil, iki deyil, beşmərtəbəli 10 bina tikilibdir. Burada 612 ailə yaşayacaqdır. Mən indi vəziyyətlə tanış oldum. Gördüm ki, çox gözəl, yaraşıqlı mənzillərdir. Bütün şərait yaradılıb, gözəl məktəb, tibb məntəqəsi, uşaq bağçası - yəni, burada yaşamaq üçün hər bir şərait, bütün imkanlar vardır. Bütün kommunikasiyalar - işıq, su, qaz xətləri çəkilib. Əminəm ki, siz burada rahat yaşayacaqsınız. Bilirsiniz ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı - məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar görülən işlərin davam etdirilməsi üçün bütün addımları atır. Xüsusi proqramlar qəbul edilmişdir. Proqramlar icra edilir, bu məqsədlər üçün çoxlu vəsait sərf olunmuşdur. On minlərlə məcburi köçkün artıq yeni mənzillərə, evlərə köçürüldü. Bütün çadır şəhərcikləri ləğv edildi. Artıq üç ildir ki, Azərbaycanda “çadır şəhərciyi” anlayışı yoxdur. Biz bu vəzifəni qısa müddət ərzində icra etdik. İndi belə gözəl, yaraşıqlı evləri tikirik ki, soydaşlarımız müvəqqəti olaraq yaxşı şəraitdə yaşasınlar. Bütün bu işləri görmək üçün əlbəttə ki, maliyyə imkanları və düşünülmüş siyasət lazımdır. Maliyyə imkanlarımız vardır. Bütün bu evlər və ölkəmizin müxtəlif bölgələrində məcburi köçkünlər üçün tikilmiş qəsəbələr Dövlət Neft Fondunun vəsaiti hesabına yaradılır. Bu, əslində dövlət vəsaitidir. Ulu öndər Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində Neft Fondu yaradılıb və artıq orada böyük vəsait yığılıbdır. İlk ödənişlər məhz bu məqsədlərə sərf olunmuşdur. Bu gün də hər il kifayət qədər vəsait nəzərdə tutulur. Əgər maliyyə imkanlarımız olmasaydı, biz bu işləri görə bilməzdik. Təkcə maliyyə imkanlarının mövcudluğu hələ məsələnin lazımi səviyyədə həll olunması demək deyildir. Siyasi iradə və düşünülmüş siyasət lazımdır. Bax, bu gözəl şəhərcik görülmüş işlərin bariz nümunəsidir. Biz çalışırıq və çalışacağıq ki, sizi müvəqqəti olaraq yaxşı şəraitlə təmin edək. Dövlət Proqramının icrası nəticəsində gələcəkdə əlavə tədbirlər görüləcək, fin qəsəbələri ləğv ediləcək, məktəblərdə, hərbi hissələrin ərazilərində məskunlaşmış soydaşlarımız da yeni evlərə köçürüləcəklər. Biz bunu edəcəyik və siyasətimizi bunda görürük. Ancaq qeyd etdiyim kimi, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, yeni kəndlər, qəsəbələr salınacaqdır. çünki bildiyiniz kimi, erməni qəsbkarları işğal edilmiş torpaqlarda demək olar ki, bütün binaları dağıdıblar, bütün infrastruktur dağıdılıb. Bunu işğal edilmiş bölgələrə bu yaxınlarda bizim təşəbbüsümüzlə ezam olunan ATƏT-in qiymətləndirmə missiyası da öz gözü ilə görüb və biz hazırda onlardan ədalətli, reallığı əks etdirən hesabat gözləyirik. Yəni, orada ermənilər hər şeyi dağıdıblar, böyük qəddarlıq göstəriblər. Biz torpaqlarımızı qaytarandan sonra orada böyük işlər görəcəyik. Artıq ilkin hesablamalar da aparılmışdır. Biz bilirik hansı ardıcıllıqla nəyi edəcəyik. Əminəm ki, qısa müddət ərzində bundan da gözəl, yaraşıqlı binaları, evləri, məktəbləri, bütün infrastrukturu yaradacağıq. Biz çalışırıq ki, məsələ tezliklə öz həllini tapsın. Uzun illərdir ki, soydaşlarımız qaçqın-köçkün şəraitində yaşayırlar. Beynəlxalq normaları pozan Ermənistan əfsuslar olsun ki, beynəlxalq hüquqa hörmət göstərmir, Birləşmiş Millətlər Təşkilatının qərarlarına məhəl qoymur. Digər beynəlxalq təşkilatların da hamısının qərarları bizim mövqeyimizi dəstəkləyir və erməni işğalçı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan tərəfi buna əməl etmir. Belə olan halda qarşımızda duran seçim o qədər də böyük deyildir. Ya siyasi və diplomatik səylərimizi davam etdirmək və iqtisadi üstünlüyümüzü hərbi üstünlüyə çevirərək torpaqlarımızı azad etmək, - bizim əsas vəzifəmiz ondan ibarətdir, - ya da ki, danışıqlar naminə sadəcə olaraq, danışıqlar aparmaq. Azərbaycan dövləti ona heç vaxt getməyəcəkdir. Mən bir daha demək istəyirəm ki, biz danışıqları ancaq məqsədə çatmaq üçün aparırıq. Məqsədimiz də beynəlxalq hüququ, ərazi bütövlüyümüzü bərpa etməkdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Budur bizim məqsədimiz. Biz bu məqsədə çatmaq üçün müxtəlif imkanlardan istifadə edirik və etməliyik. Bu, bizim suveren hüququmuzdur. Biz istəyirik ki, məsələni danışıq yolu ilə, sülh yolu ilə həll edək. Ancaq görünür ki, Ermənistan tərəfi sadəcə olaraq, vaxt uzatmaqla məşğuldur və buna görə danışıqlar prosesində yeni mərhələ başlanır. Biz Ermənistandan təklif olunmuş məsələlərə cavab gözləyirik. Əgər cavab müsbət olmasa, onda öz siyasətimizə əlbəttə ki, dəyişiklik edəcəyik.
Bununla bərabər, bu da sirr deyil ki, biz ordu quruculuğunu uğurla inkişaf etdiririk. Bizim hərbi gücümüz artır, müdafiə qabiliyyətimiz möhkəmdir. Vətənpərvərlik ruhu, peşəkarlıq yüksək səviyyədədir. Mən şübhə etmirəm ki, Silahlı Qüvvələrimiz qarşıda duran vəzifəni ləyaqətlə və qısa müddət ərzində icra edə bilər. Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu həqiqət tələb edir, bunu tarix tələb edir və bu gün bölgədə yaranmış qüvvələr nisbəti buna dəlalət edir. Ermənistan heç vaxt Azərbaycan ilə rəqabət aparmaq gücündə olmayacaqdır. Bu gün də bu mümkün deyildir və illər keçdikcə aramızda olan uçurum daha da dərinləşəcəkdir. Bizim üçün bir dövlət kimi əsas vəzifə ancaq və ancaq öz ərazi bütövlüyümüzü bərpa etməkdir. Qarşımızda bundan vacib vəzifə yoxdur. Biz bütün səylərimizi bu vəzifəyə nail olmaq üçün səfərbər etmişik. Bu, bizim ümummilli işimizdir. Bütün Azərbaycan xalqı bu məqsədə çatmaq üçün səylərini birləşdiribdir və əlbəttə, getdikcə gücümüz daha da təsirli, atdığımız addımlar daha da ciddi olacaqdır. Ona görə, əgər ermənilər bir balaca qabağa baxsalar, görərlər ki, bu işğalçı siyasətin gələcəyi yoxdur. Sadəcə olaraq bu, zamanın hökmü və Azərbaycanın, ordumuzun artan gücü ilə həll olunacaqdır. Mən buna şübhə etmirəm və əminəm ki, biz doğma torpaqlarımızı qaytaracağıq. Bu gün qaçqın-köçkün həyatı yaşayan soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar.
Hələlik isə əlimizdən gələni edirik ki, sizin həyatınızı bir az yüngülləşdirək. Belə gözəl, yaraşıqlı evlər tikilib. Mən ümid edirəm ki, siz burada rahat yaşayacaqsınız. Ancaq bilirəm ki, doğma torpağınızı heç vaxt unutmayacaqsınız və unutmursunuz, siz də, gənc nəsil də. Bu gün gənc nəsil böyüyür, onlar o torpaqları görməyiblər. Amma buna baxmayaraq, onlar o torpaqlara qayıtmaq arzusu ilə yaşayırlar. Heç vaxt Azərbaycan xalqı doğma torpaqlarını unutmayacaq, heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Bunu həm qarşı tərəf, həm də məsələ ilə məşğul olan vasitəçilər bilirlər.
Mən sizi bir daha ürəkdən salamlayıram, təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun”.
Məhəllədəki 30 nömrəli tam orta məktəbin müəllimi Sülhanə Cəlilova məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib. O, xüsusi vurğulayıb ki, məcburi köşkünlər dövlətimizin başçısına güvənir, Onu özlərinə arxa bilirlər. Məcburi köçkünlər düşmən işğalında olan torpaqlarımızın məqsədyönlü dövlət siyasəti nəticəsində azad olunacağına əmindirlər.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 30 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı məktəbin açılışını bildirən lenti kəsib, təhsil ocağında yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, ikimərtəbəli məktəb binası müasir üslubda inşa edilib. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğılarını, məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər, həmçinin, Kəlbəcər rayonunun işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən faktların və fotoların, Milli qəhrəmanlar haqqında məlumatların toplandığı lövhə yaradılıb. Məktəbdə 35 sinif otağından əlavə, fizika-astronomiya laboratoriyası, metal emalı və dülgərlik emalatxanası, tarix, ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya, kimya-biologiya, ibtidai hərbi hazırlıq, informatika, xarici dillər, dərzilik və rəsm kabinələri yaradılıb. Təhsil ocağında müxtəlif tədbirlərin keçirilməsi üçün 146 yerlik akt zalı da var.
Şagirdlərin bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün məktəbdə hər cür şərait yaradılıb. Məktəbin ərazisində futbol, voleybol və basketbol meydançaları da tikilib.
Prezident İlham Əliyev idman zalında məktəblilərin nümunəvi çıxışlarını izləyib.
Məktəblilər dövlətimizin başçısı ilə xatirə şəkli çəkdiriblər.
*  *  *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda olub. Dövlətimizin başçısı və xanımı əvvəlcə Horadiz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar. Dövlətimizin başçısı Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edib. Rəmzi açılışı bildirən lenti kəsən dövlətimizin başçısı Muğam Mərkəzində yaradılmış şəraitlə tanış olub. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı, 320 yerlik örtülü, 520 yerlik açıq yay zalları var.
Sonra Prezident İlham Əliyev Horadiz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib. Məlumat verilib ki, idman kompleksində 30 yerlik mehmanxana, basketbol meydançası, 500 yerlik əl oyunları zalı, tennis kortu, futbol meydançası və avtomobil dayanacağı var.
Prezident İlham Əliyev Füzuli Tibb Mərkəzinin açılışında da iştirak edib. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılmış şəraitlə tanış olub. Tibb ocağı cəbhə bölgəsində yerləşdiyindən ağır xəstələrin buraya vaxtında çatdırılması üçün 2 vertolyot meydançası, ezam olunan həkimlər üçün iki ev də inşa olunub.
*  *  *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonuna gəlib. Dövlətimizin başçısı və xanımı Quzanlı qəsəbəsinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib. Məlumat verilib ki, ən müasir avadanlıqla təchiz edilmiş xəstəxanada qonşu rayonlardan olan xəstələr də müalicə alacaqlar. Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş “Mercedes” markalı iki təcili tibbi yardım avtomobili verilib.
Dövlətimizin başçısı məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində də iştirak edib.
Prezident İlham Əliyevə Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün inşa edilmiş qəsəbə barədə məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 70 hektar olan qəsəbədə inşa olunmuş evlərin ümumi sahəsi 37 min 187 kvadratmetrdir. Qəsəbədə sakinlərin normal yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.
Prezident İlham Əliyev qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşüb, onları təbrik edib.
Sonra Prezident İlham Əliyev 440 şagird yerlik məktəb binasının açılışında iştirak edib. Məktəbin rəmzi açılışını bildirən lenti kəsən dövlətimizin başçısı burada yaradılmış şəraitlə tanış olub, görülmüş işləri yüksək qiymətləndirib.

Paylaş:
Baxılıb: 975 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30