İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilib
19.11.2010 [09:43]
İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Azərbaycana rəsmi səfərə gəlib.
Noyabrın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunularaq, İran Prezidentinin Azərbaycana rəsmi səfərinin də ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib. Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğulayıblar.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Qonaqları səmimi salamlayan Prezident İlham Əliyev mübarək Qurban bayramı münasibətilə Prezident Mahmud Əhmədinejadı və İran xalqını təbrik edərək deyib: “Bu bayram günlərində Azərbaycana səfəriniz xüsusi məna daşıyır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Sizin doğma eviniz, doğma vətəninizdir. Mən çox şadam ki, biz bu gün Sizinlə çox geniş fikir mübadiləsi apardıq, gündəliyimizin, demək olar ki, bütün məsələlərini əhatə etdik. Bir daha gördük və əmin olduq ki, İran ilə Azərbaycan arasındakı münasibətlər dostluq, qardaşlıq zəminində sürətlə inkişaf edir. Biz bütün sahələrdə yaxşı nəticələri görürük, siyasi əlaqələrimiz güclənir. İqtisadi, enerji, nəqliyyat sahələrində işlər yaxşı gedir. Yəni, bizim üçün vacib olan bütün sahələr diqqət mərkəzindədir”.
Prezident İlham Əliyev İran Prezidentinin Azərbaycana rəsmi səfərinin yaxşı nəticələrinin olacağını vurğulayaraq bildirib: “Səfəriniz ikitərəfli əlaqələrə yeni güclü təkan verəcəkdir. Həmişə olduğu kimi, bundan sonra da İran ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edəcək və iki qardaş xalqa uğurlar, xoşbəxtlik gətirəcəkdir”.
Mübarək Qurban bayramı münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edən İran Prezidenti Mahmud Əhmədinejad belə xoş bir gündə Azərbaycana səfər etdiyindən məmnunluğunu ifadə edərək deyib: “Aramızdakı münasibətlər qardaşlıq münasibətləridir. öz evimizdə, qardaşlarımızın yanındayıq. Əminəm ki, İrana səfəriniz zamanı Siz də həmin hissləri keçirirsiniz. Biz iki dost və iki qardaş ölkəyik. Necə ki, Siz qeyd etdiniz, münasibətlərimiz çox səmimi münasibətlərdir. Əlaqələrimizin inkişafına heç bir maneə yoxdur. çox səmərəli danışıqlar keçirdik, bütün müştərək mövzular barədə müzakirələr apardıq”.
İran Prezidenti ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayaraq bildirib: “İkitərəfli əlaqələr mövzusu müştərəkdir. Regional və beynəlxalq münasibətlərdə də müştərəkik. İran xalqını müdafiə etdiyiniz şücaətli mövqeyinizə görə təşəkkür edirəm. Biz həmişə bir-birimizin yanındayıq və beynəlxalq təşkilatlarda, dünya birliyində bir-birimizin hüququnu qətiyyətlə müdafiə edəcəyik”.
Noyabrın 17-də geniş tərkibdə danışıqlardan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə Azərbaycanla İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və İran tərəfdən xarici işlər naziri Mənuçehr Mottəki imzalayıblar.
Noyabrın 17-də Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Prezident Mahmud Əhmədinejad İranda istehsal olunan sutəmizləyici qurğunu, cərəyan tuneli mikroskopunu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihazı Prezident İlham Əliyevə təqdim edib.
İran Prezidenti deyib ki, sutəmizləyici qurğu, cərəyan tuneli mikroskopu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihaz İranda geniş tətbiq edilir. Prezident Mahmud Əhmədinejad nümayiş etdirilən avadanlığın texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib. O, bildirib ki, bu avadanlıq Mərkəzi Asiya, ərəb, Afrika və Latın Amerikası ölkələrinə də ixrac edilir.
Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejad mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək deyib ki, münasibətlərimizin çox böyük tarixi var: “Xalqlarımız dost, qardaş xalqlardır. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar, bir yerdə yaşamışlar. Bizi bağlayan bu tarixi və mədəni əlaqələr bugünkü əlaqələrimizin möhkəm təməlidir. Biz münasibətlərimizi bu təməl üzərində qurmuşuq. Azərbaycan müstəqilliyə qovuşandan sonra ikitərəfli münasibətlərimiz çox sürətlə inkişaf etməyə başlamışdır. Münasibətlərimizin bugünkü səviyyəsi, məncə, ən yüksək səviyyədir. Biz bu səviyyənin qaldırılması üçün ardıcıllıqla praktiki addımlar atırıq. Biz qonşuyuq, dostuq, qardaşıq. Biz bu bölgədə vacib rola malikik. Bu gün İran ilə Azərbaycan arasındakı münasibətlər nəinki iki ölkə arasındakı münasibətlər kimi formallaşıbdır, eyni zamanda, münasibətlərimizin bölgədə gedən proseslərə mühüm təsiri vardır. İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilibdir. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün münasibətlərimizin xüsusi əhəmiyyəti vardır. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələləri bu gün geniş müzakirə olundu. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son mərhələsi haqqında cənab Prezidentə məlumat verdim. Bir daha demək istəyirəm ki, Azərbaycan məsələnin tezliklə, beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıdır. Bu münaqişə öz həllini Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, ATƏT və digər beynəlxalq təşkilatların qətnamələri və qərarları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu, yeganə yoldur və Azərbaycan bu məqsədlərə çatmaq üçün səylərini davam etdirəcəkdir. Bütün dünya artıq çoxdan bilir ki, Azərbaycan torpaqları uzun illərdir Ermənistan tərəfindən işğal edilib. Torpağlarımızın 20 faizi işğal altındadır. Bu işğal və Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş torpaqlarda bütün infrastruktur dağıdılıb, bütün binalar yerlə-yeksan edilib. Tarixi abidələrimiz, əcdadlarımızın qəbirləri, müqəddəs yerlərimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıbdır. Bu, böyük ədalətsizlik və qəddarlıqdır”.
İran Prezidenti Mahmud Əhmədinejad söyləyib ki, bu gün Azərbaycan-İran münasibətləri çox yaxşıdır: “Azərbaycan-İran qardaşlıq əlaqələri bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmlidir. Bölgədə sülhün qorunub saxlanılmasında, inkişafında iki ölkənin rolu əvəzsiz və böyükdür. Bu gün bizim müştərək baxışlarımız, yanaşmalarımız və müştərək proqramlarımız bölgədə sülhün bərqərar olmasına, bölgənin inkişafına və beynəlxalq aləmdə sabitliyə yönəlmişdir. Necə ki, mənim əziz qardaşım vurğuladı, ölkələrimizin potensialı mövcud əməkdaşlıqdan qat-qat çoxdur. Biz belə qərara gəlmişik ki, ikitərəfli əlaqələri - iqtisadi, investisiya, ticarət, nəqliyyat sahələrində imkan daxilində genişləndirək. Bu, iki millətin, bölgənin və bölgədəki sülhün və təhlükəsizliyin xeyrinədir”.
İran Prezidenti Mahmud Əhmədinejad, həmçinin, vurğulayıb ki, beynəlxalq məsələlərdə baxışlarımız tamamilə müştərəkdir: “Biz həmişə və bütün təşkilatlarda bir-birimizin yanında olacaq və bir-birimizi dəstəkləyəcəyik. Biz də Qarabağ məsələsi ilə bağlı bu fikirdəyik ki, bu problem danışıqlar və ədalət əsasında həll olunmalıdır, hamı gərək danışıqlara və ədalətə arxalansın. Biz var qüvvəmizlə bu problemin danışıqlar, haqq-ədalət və beynəlxalq hüquq çərçivəsində qısa müddətdə həllinə yardımımızı göstərməyə hazırıq. Azərbaycanın təhlükəsizliyi və onun inkişafı İran üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın inkişafını, təhlükəsizliyini özümüzün inkişaf və təhlükəsizliyi hesab edirik. Bütün beynəlxalq təşkilatlarda və dünya birliyində Azərbaycanın yanında olacağıq. Biz iki qardaş dövlətik. Bu qardaşlıq davam edəcək, zaman keçdikcə güclənəcək və dərinləşəcəkdir”.
Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın şərəfinə rəsmi qəbul təşkil edilib.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

