Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bizi birləşdirən Xəzər dostluq, əməkdaşlıq dənizidir

Bizi birləşdirən Xəzər dostluq, əməkdaşlıq dənizidir

20.11.2010 [10:52]

Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşü keçirilib
Xəbər verdiyimiz kimi, noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşü keçirilib. Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər.
Tədbirin iştirakçıları əvvəlcə rəsmi foto çəkdiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq nitq söyləyib: “Hörmətli dövlət başçıları! Hörmətli qonaqlar, əziz dostlar! Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz!
Bugünkü görüş çox əlamətdar hadisədir. ölkələrimiz arasındakı dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafı üçün bu görüşün çox böyük əhəmiyyəti vardır. ölkələrimizin xalqları əsrlər boyu bir yerdə yaşamışlar, yaratmışlar. Biz qonşuyuq, bizi dostluq, mehriban qonşuluq əlaqələri bağlayır. Mən çox şadam ki, bu gün bu əlaqələr daha da yüksək pilləyə qalxıbdır. Azərbaycan qonşuları ilə qarşılıqlı surətdə faydalı, işgüzar, dostluq münasibətləri qurubdur və bu münasibətlər getdikcə güclənir. Bugünkü Zirvə Görüşü regional əməkdaşlıq baxımından çox böyük əhəmiyyətə malikdir. Əminəm ki, görüşün çox gözəl nəticələri olacaqdır. Bizi birləşdirən Xəzər dostluq, əməkdaşlıq dənizidir. Mən əminəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün mühüm addım olacaqdır. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində çox fəal işlər gedir, ekspert qrupları işləyir. ümid edirəm ki, gələcək dövrlərdə bu istiqamətdə əməli nəticələr əldə olunacaqdır. Bu günə qədər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi aramızda olan dostluq əlaqələrinə heç bir təsir göstərmədi. Münasibətlərimiz çoxşaxəlidir. Əlbəttə, biz çox istərdik ki, Xəzərin hüquqi statusu tezliklə öz həllini tapsın və bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Bununla bərabər, qeyd etməliyəm ki, hazırda Azərbaycan ilə Rusiya və Azərbaycan ilə Qazaxıstan, eyni zamanda, Rusiya ilə Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi istiqamətində önəmli addımlar atılmışdır. üç ölkə öz arasında bu məsələləri həll edibdir. ümid edirəm ki, bu gözəl təcrübə gələcəkdə əsas kimi götürülə və Xəzər dənizinin hüquqi statusunun həll olunması işində hazırda mövcud hüquqi baza müsbət rolunu oynaya bilər. Nəqliyyat sahəsində əməkdaşlıq dərinləşir. Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçısıdır. Bununla bərabər, biz ölkəmizdə müasir nəqliyyat infrastrukturu yaradırıq. Bu məqsədlə həm avtomobil yollarının tikilməsi, dəniz nəqliyyatının inkişafı, dəmir yolu nəqliyyatının yenidən qurulması və həm də yeni dəmir yolu xətlərinin çəkilməsi məsələləri prioritet məna daşıyır. Bu yaxınlarda Bakıda yeni böyük ticarət limanının tikintisi başlanmışdır. Bu liman əslində bütün Xəzəryanı ölkələrin maraqlarına xidmət göstərəcəkdir. Birinci mərhələdə liman 10 milyon ton yükdaşıma-yükaşırma qabiliyyətinə malik olacaqdır. Sonuncu mərhələdə isə bu liman vasitəsilə 25 milyon ton yük nəql edilə bilər. Beləliklə, Azərbaycan bu limanı tikməklə ümumi işimizə töhfəsini vermiş olur. Bununla bərabər, Bakıda yeni, müasir gəmiqayırma zavodunun tikintisi başlanmışdır. ümid edirəm ki, tikintisi yaxın zamanlarda başa çatacaqdır və beləliklə, Xəzərdə istənilən həcmdə yükdaşıma məsələlərinin həlli üçün yeni, müasir infrastruktur yaradılacaqdır. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb dəhlizinin fəal iştirakçısıyıq və bundan sonra da çalışacağıq ki, nəqliyyat sistemlərinin birləşməsi üçün səylərimizi qoyaq. Bu gün, eyni zamanda, Xəzərin enerji resursları haqqında çoxlu söz-söhbət gəzir. Xəzərin çox zəngin təbii ehtiyatları vardır. Bütün Xəzəryanı ölkələr enerji resursları baxımından çox zəngin ölkələrdir. ölkələrimiz nəinki öz tələbatlarını ödəyir, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinə çox önəmli töhfə verirlər. ölkələrimizdə hasil edilən neft və qaz demək olar ki, dünya enerji bazarında həlledici təsirə malikdir. Biz çalışırıq ki, səylərimizi birləşdirək. Biz hamımız istehsalçıyıq və istehsalçıların maraqları əlbəttə ki, üst-üstə düşür. Biz enerji resursları sahəsində bir-birimizlə rəqabət aparmırıq, əksinə, uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlıq ölkələrimizin bütün maraqlarına xidmət göstərir. Azərbaycan enerji resurslarının nəqli ilə bağlı çoxşaxəli fəaliyyət göstərir. Biz enerji təhlükəsizliyi məsələlərinə töhfəmizi verməyə çalışırıq. Azərbaycanın neft-qaz resurslarının dünya bazarlarına müxtəlif yollarla çatdırılması üçün bizdə müasir infrastruktur yaradılmışdır. Bu infrastruktur qonşu ölkələrin maraqlarının təmin edilməsi üçün də təqdim oluna bilər. Yəni, bir sözlə, biz tranzit imkanlarımızı qonşular üçün təqdim etməyə hazırıq.
Bu gün Xəzərin əməkdaşlıq dənizinə çevrilməsi üçün əlbəttə ki, iqtisadi əlaqələrin gücləndirilməsi çox böyük məna daşıyır. Bu sahədə aramızda olan iqtisadi əlaqələr güclənir. Təbii ki, böhran nəticəsində ticarət dövriyyəsi müəyyən dərəcədə aşağı düşübdür. Ancaq bu, müvəqqəti xarakter daşıyır. Əminəm ki, yaxın zamanlarda biz bütün sahələrdə uğurları bərpa edəcəyik.
Biz Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük proqramlar icra edirik. Deyə bilərəm ki, bu il Azərbaycanda “Ekologiya ili” elan edilibdir və çox böyük həcmdə ekoloji tədbirlər nəzərdə tutulur. Xüsusilə Xəzər dənizinin çirkab sulardan və neftlə çirklənmiş hissənin təmizlənməsi, müasir kanalizasiya sisteminin quraşdırılması ümumi işimizə töhfəmizdir. Ekoloji məsələlər həmişə zirvə görüşlərində xüsusi yer tutubdur. Bu gün də əlbəttə ki, biz bu məsələ ilə bağlı fikir mübadiləsi aparacağıq. Bir sözlə, biz Azərbaycanda çalışırıq ki, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfəmizi verək.
Biz Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün fəal çalışırıq. Bu gün imzalanacaq sənəd məhz bu məsələləri əhatə edəcəkdir. Xəzər sülh, əmin-amanlıq, sabitlik dənizidir və belə də qalmalıdır. Biz dənizdə təhlükəsizlik tədbirlərini öz gücümüz hesabına təmin edirik. Hesab edirəm ki, Xəzəryanı ölkələrin bu sahədəki əməkdaşlığı yüksək qiymətə malikdir. Bizim müvafiq dövlət qurumları bir-biri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda sıx əlaqədə olaraq Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün səylərini göstərirlər.
Əziz dostlar, mən hesab edirəm ki, ümumiyyətlə Xəzəryanı ölkələrin əməkdaşlığı yüksək qiymətə malikdir. Bir daha demək istəyirəm ki, hamımız dost ölkələrik, bir-birimizlə qonşuyuq, bu bölgədə yaşayırıq. Bizim müştərək tariximiz vardır, xalqlarımız bir-birinə çox bağlıdır. Bizi həm tarix bağlayır, həm də bugünkü maraqlar birləşdirir. Əminəm ki, bugünkü Zirvə Görüşü ölkələrimiz arasında nəinki Xəzər mövzusu ilə bağlı, bütün əlaqələrin inkişafına çox mühüm töhfə olacaqdır. Bir daha sizin hamınızı ürəkdən salamlayıram və zirvə görüşümüzə uğurlar arzulayıram”.
Prezident Mahmud Əhmədinejad yüksək səviyyədə qonaqpərvərliyə görə dövlətimizin başçısı İlham Əliyevə dərin təşəkkürünü bildirib. İran Prezidenti bəşər mədəniyyətinin inkişafına xüsusi töhfələr verən Xəzəryanı ölkələrin bundan sonra da səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb.
Prezident Mahmud Əhmədinejad qarşıda duran vəzifələrlə bağlı təkliflərini irəli sürərək bildirib: “Gələn il Xəzər dənizinin hüquqi statusunun razılaşdırılması üzrə işləri tamamilə və birdəfəlik yekunlaşdırmağı təklif edirəm. Bunun üçün bütün məsələlərin ədalətli və sabit razılaşdırılmasına nail olmağın daha güclü təminatı olan beştərəfli formatda iclasların keçirilməsi davam etdirilməlidir. İştirakçı ölkələrin potensiala, resurslara, milli valyutalara əsaslanan iqtisadi əməkdaşlığı beynəlxalq iqtisadi sistemlərin vurduğu zərərin dərəcəsini azaltmağa və yeni imkanlar yaratmağa qadirdir. Xəzərdə sabitlik və təhlükəsizlik üçün təhdid olan amillərə qarşı birgə mübarizə, əcnəbi oyunçuların çıxışlarının qarşısının alınması Xəzər dənizində və ölkələrimizdə təhlükəsizliyin və sülhün təmin edilməsinin ən mühüm elementidir. İran İslam Respublikası dəqiq işlənib hazırlanmış proqram əsasında bütün sahələrdə əməkdaşlığa hazırdır. Azərbaycan Respublikasının möhtərəm Prezidenti, mənim qardaşım, zati-aliləri cənab İlham Əliyevə səmimi qəbul və qonaqpərvərlik üçün bir daha təşəkkür etmək istərdim. ümid edirəm ki, iştirakçıların əməkdaşlığı və qarşılıqlı fəaliyyəti, görüşlər yaxşı nəticələr verəcəkdir. Ulu Tanrıdan bütün xalqlara sülh və təhlükəsizlik, firavanlıq və sevinc diləyirəm. Diqqətinizə görə hamınıza təşəkkür edirəm”.
Prezident Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Qazaxıstan dövlətinin başçısı Xəzər dənizi ilə bağlı bütün məsələlərin tam və kompleks həllinə mühüm əhəmiyyət verdiyini vurğulayaraq deyib: “Biz ilk növbədə Xəzərin hüquqi statusu ilə bağlı məsələləri tamamilə həll etməliyik. Bu su hövzəsinin nadirliyi təkcə xeyli miqdarda karbohidrogen ehtiyatları və nərə balığı növlərinin dünyada ən iri populyasiyası ilə şərtlənmir. Xəzər minilliklər boyu dostluq və sabitlik dənizi olmuş, sahillərində yaşayan xalqları birləşdirmişdir. Xəzəryanı dövlətlərin sülh və mehriban qonşuluq şəraitində yaşamaq kimi ümumi səyləri Azərbaycan Respublikasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının və Türkmənistanın 2007-ci il oktyabrın 16-da Tehran zirvə görüşündə qəbul etdikləri Bəyannamədə əksini tapmışdır. Həmin sənədin imzalanması sahilyanı ölkələrin əməkdaşlığı tarixində əlamətdar hadisə olmuşdur. Bu sənəd geniş əhatəli əməkdaşlıq məsələləri üzrə qarşılıqlı fəaliyyətin dərinləşməsi və Xəzər hövzəsində təhlükəsizliyin möhkəmlənməsi üçün etibarlı əsas yaratmışdır. Tehran zirvə görüşü Xəzərin problemlərinin bütün cəhətləri üzrə beştərəfli əməkdaşlığın fəallaşdırılması üçün böyük potensialı üzə çıxarmış və bütün dünya birliyinə sübut etmişdir ki, Xəzəryanı dövlətlərin mövcud məsələlərini yalnız qarşılıqlı anlaşma və konsensus əsasında konstruktiv ruhda dinc vasitələrlə həll etmək olar”.
Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü çatdıran Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ümumilikdə danışıqların konstruktiv xarakter daşıdığını söyləyərək deyib: “Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın layihəsi üzərində konstruktiv iş aparılır. Bu gün tərəflər həmin sənədin müddəalarının əksəriyyəti barədə konsensusa nail oldular. Xəzər Dənizində Təhlükəsizlik Sahəsində Əməkdaşlıq haqqında Beştərəfli Sazişin layihəsi artıq razılaşdırılmışdır. Dəniz mühitinin qorunmasına dair çərçivə Layihəsinin imzalanması da bizim birgə nailiyyətlərimiz sırasına aid edilməlidir”.
Sonra Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşündən sonra sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişi və prezidentlərin birgə bəyanatını imzalayıblar.
Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün sənədlərinin imzalanmasından sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşünün konstruktiv keçdiyini, imzalanan sənədlərin əməkdaşlığın çərçivəsini dəqiq müəyyən etdiyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bu sənədlər hazırlıq mərhələsində olan məsələlərin razılaşdırılması işində mühüm addımdır.
Prezident İlham Əliyev müzakirələr zamanı qəbul edilən qərarlar haqqında da məlumat verib. Bildirib ki, 5 il müddətinə nərə balığına ovun qadağan olunması ilə bağlı mexanizmin 3 ay müddətində hazırlanması barədə müvafiq qurumlara tapşırıqlar verilib. Həmçinin, müvafiq qurumlar Xəzərdə milli sektorların hüdudları ilə bağlı müzakirələr aparmalıdırlar.
İran Prezidenti Mahmud Əhmədinejad Bakıdakı Zirvə Görüşü zamanı böyük dostluğun və əməkdaşlığın əsasının qoyulduğunu söyləyib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bugünkü müzakirələr zamanı əsas məsələ - Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı irəliləyişin olduğunu söyləyib. O, imzalanan sənədlərin mühüm əhəmiyyətini qeyd edərək, Zirvə Görüşünün konstruktiv şəraitdə keçdiyini vurğulayıb.
Rusiya Prezidenti Dmitri Medvedev Zirvə Görüşünün konkret nəticələr verdiyini və bu nəticələrdən razı qaldığını söyləyib. Dmitri Medvedev əsas məsələ - Xəzərin hüquqi statusu ilə bağlı irəliyə doğru yaxşı addım atıldığını deyib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin sülh və əməkdaşlıq dənizi olduğunu söyləyib.
Dövlət başçıları Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür ediblər.
Sonda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək əldə olunan nəticələrə verdikləri töhfələrə görə Xəzəryanı ölkələrin dövlət başçılarına minnətdarlığını bildirib.
Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü çatdıran Rusiya Prezidenti Dmitri Medvedev Bakı sammitinin müsbət nəticələrlə başa çatacağına əminliyini vurğulayıb. ötən zirvə görüşlərinin təcrübəsinə əsaslanan Rusiya dövlətinin başçısı gündəlikdəki məsələlərlə bağlı fikir mübadiləsinin mütəmadi xarakter daşımasının vacibliyini bildirib və bu baxımdan Bakıda imzalanacaq sənədin mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb: “Mən əminəm ki, mövqelərimizdə hələlik müəyyən uyğunsuzluq olsa da, biz razılığa gələ bilərik. Əvvələn, ona görə ki, biz qonşuyuq, biz həqiqətən dostluq etməliyik, ikincisi, ona görə ki, Xəzər dənizində daha səmərəli təsərrüfatçılıqla məşğul olmalıyıq”.
Bununla da, Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən üçüncü Zirvə Görüşü başa çatıb.

Paylaş:
Baxılıb: 942 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30