Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir

Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir

24.11.2010 [14:44]

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
Dünən Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Avropa və Asiyada ilk neft-qaz tədris müəssisəsi olan ADNA 1920-ci ilin noyabrında yaradılıb. Azərbaycan Dövlət Neft Akademiyası fəaliyyəti dövründə milli təhsilimizin inkişafında xüsusi rol oynayıb. Bir çox ali məktəblər məhz Dövlət Neft Akademiyasının bazasında yaradılıb. Bu gün ADNA-da 53 kafedra, 724 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Bir neçə elmi institutu və 18 elmi-tədqiqat laboratoriyasını birləşdirən ADNA-da 7539 tələbə təhsil alır. Onlardan 593 nəfəri xarici ölkələrin vətəndaşıdır. İndi bu təhsil ocağı 24 istiqamət üzrə bakalavr və magistr pillələrində mütəxəssis hazırlayır.
Bu ilin fevralında Prezident İlham Əliyev ölkəmizdə neft sənayesi ilə bağlı sahələrin mütəxəssislərlə təminatı istiqamətində xidmətlərini nəzərə alaraq, akademiyanın 90 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyev lektoriya zalı ilə tanış olub. Burada xalqımızın ümummilli liderinin həyat və fəaliyyətinin bütün dövrləri əks olunub. Müxtəlif vaxtlarda çəkilən fotoşəkillər dahi rəhbərin ölkəmizin həyatının müxtəlif sahələrinin tərəqqisi, təhsilin, mədəniyyətin və xüsusilə də neft sənayesinin inkişafı ilə bağlı həyata keçirdiyi irimiqyaslı işləri dolğun təcəssüm etdirir.
Akademiyada Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirdikləri böyük işləri əks etdirən fotoguşələr də yaradılıb.
Prezident İlham Əliyev ADNA-nın tarix muzeyi ilə də tanış olub. Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, muzeydə akademiyanın yaradılması, inkişaf dövrləri tam əhatə edilib. Burada Azərbaycan neftinin tarixi, ölkəmizdə neft sənayesinin inkişafı ilə bağlı hələ XIX əsrdən bu yana görülən işlər, bir çox  alimlərin Azərbaycanın neft sənayesi ilə bağlı apardığı tədqiqatları əks etdirən kitablar və sənədlər nümayiş etdirilir. Akademiyanın həyatını, burada təhsilin ilkin dövrlərini əks etdirən fotolar və sənədlər də muzeyə gələnlərdə maraq doğurur.
Muzeyin ən qiymətli  eksponatları sırasında xalqımızın ümummilli lideri Heydər Əliyevin 1939-1941-ci illərdə bu ali təhsil ocağında oxuduğunu əks etdirən sənədlər diqqəti daha çox çəkir. ümummilli  lider hər zaman bu ali təhsil ocağının inkişafını diqqətdə saxlayıb. Ulu öndər akademiyanın 60 və 80 illik yubileylərində iştirak etməklə bu ali təhsil ocağına layiq olduğu qiyməti verib.
Muzeydə müasir Azərbaycanın neft sənayesində görülən işlər, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurlarını əks etdirən fotolar da maraq doğurur.
Muzeylə tanışlıqdan sonra dövlət və hökumət nümayəndələrinin, xaricdən dəvət olunan qonaqların iştirakı ilə akademiyanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib. Dövlət başçısı deyib ki, Azərbaycan Dövlət Neft Akademiyası ölkəmizin aparıcı ali məktəblərindən biridir: “Akademiyanın çox böyük və şanlı tarixi vardır. 1920-ci ildə təsis edilmiş bu ali məktəb bütün dövrlərdə Azərbaycan elminə, Azərbaycan təhsilinə çox böyük töhfələr vermişdir. Siz yaxşı bilirsiniz ki, bu ali məktəbin müxtəlif dövrlərdə müxtəlif adları olmuşdur. Politexnik İnstitutu kimi təsis edilmiş, sonra Neft İnstitutu, Sənaye İnstitutu, Azərbaycan Neft və Kimya İnstitutu və nəhayət, Azərbaycan Neft Akademiyası adını qazanmışdır. Ancaq daşıdığı addan asılı olmayaraq, bütün dövrlərdə akademiyada təhsil alan tələbələr, onların böyük əksəriyyəti həm Azərbaycanın, həm Sovet İttifaqının, həm də başqa ölkələrin neft-qaz sənayesinə böyük töhfələr vermişdir. Bütün dövrlərdə burada təhsil yüksək səviyyədə olmuşdur. Dövlət Neft Akademiyası Azərbaycanı dünyaya tanıdan ali məktəb olmuşdur. Mən çox şadam ki, bu gün bu gözəl ənənələr yaşayır, davam etdirilir. Bu gün akademiyada çalışan insanlar - professor-müəllim heyəti, görkəmli alimlərimiz müstəqil Azərbaycanın inkişafına dəyərli töhfələrini verirlər, müstəqil Azərbaycan üçün peşəkar kadrlar hazırlayırlar. O kadrlar ki, uzun illər bundan sonra Azərbaycanın əsas iqtisadi sahəsi olan neft-qaz sektorunun inkişafında sözlərini deyəcəklər. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyev Azərbaycan Sənaye İnstitutunda oxumuşdur və o illər həmişə əziz illər kimi Onun xatirəsində qalmışdı. Heydər Əliyev inşaat fakültəsinin memarlıq bölməsində oxumuşdur və mən yaxşı bilirəm ki, Onun o illərlə bağlı çox əziz xatirələri var idi. Bəlkə də gənclik illərinin ən yaddaqalan xatirələri məhz bu ali məktəbdə keçirdiyi dövrlə bağlı olmuşdur.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Neft və Kimya İnstitutunun inkişafına böyük diqqət göstərmişdir. Həm Sovet İttifaqı zamanında, həm müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə akademiyada gedən proseslər daim Onun diqqət mərkəzində olmuşdur. Akademiyanın əməkdaşları yaxşı xatırlayırlar ki, 10 il bundan əvvəl akademiyanın 80 illik yubileyində Heydər Əliyev iştirak etmişdir, ürək sözlərini bildirmişdir”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, akademiyanın hazırda beynəlxalq əlaqələri də yüksək səviyyədədir: “Mən çox şadam ki, bu gözəl ənənə davam edir və Sovet İttifaqı zamanında təbii ki, mərkəzləşdirilmiş qaydada buraya xaricdən tələbələr göndərilirdi. Ancaq bu gün artıq xaricdən olan tələbələrin sayının artması onu göstərir ki, bu ali məktəbdə təhsil həqiqətən yüksək səviyyədədir. Burada təhsil almaq üçün gələn xarici tələbələr əminəm ki, Azərbaycandan vətənə ən xoş arzularla qayıdacaqlar. Müxtəlif dövrlərdə burada 10 minə qədər xarici tələbə təhsil almışdır, onlar istər-istəməz ömrünün sonuna qədər o illəri xatırlayacaqlar. Onların həyatının müəyyən hissəsi Azərbaycanla bağlıdır və əlbəttə ki, beynəlxalq əlaqələrimizin gələcək inkişafı üçün bu amil öz rolunu oynayacaqdır”.
“Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir” - deyən, dövlət başçısı İlham Əliyev söyləyib ki, təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcək: “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır”.
Prezident İlham Əliyev, həmçinin, söyləyib ki, gənclərimiz əlbəttə ki, milli dəyərlər əsasında qurulmuş azərbaycançılıq, müstəqillik ideologiyaları ilə dəstəklənməlidirlər: “Milli dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Məhz milli dəyərlərimiz, ənənələrimiz bizi əsrlər boyu assimilyasiyadan qorumuşdur. Biz müxtəlif imperiyaların, ölkələrin tərkibində yaşamışdıq, müstəqillikdən məhrum idik. Ancaq buna baxmayaraq, milli identikliyimizi saxlaya, qoruya bilmişik. Məhz ona görə ki, milli dəyərlərimizə münasibətimiz həmişə çox yüksək səviyyədə olmuşdur. Bu gün də gənc nəslin tərbiyə olunmasında, formalaşmasında və Azərbaycanın uzunmüddətli, dayanıqlı, müstəqil ölkə kimi yaşamasında milli dəyərlərə bağlılığımız müstəsna rol oynayır. Mən çox istəyirəm ki, bizim bütün ali məktəblərdə gənclərimiz yüksək peşəkarlıqla yanaşı, məhz milli dəyərlərimizi unutmasınlar”.
“Mən Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərini çox böyük nikbinliklə qeyd edirəm” - deyən dövlət başçısı İlham Əliyev vurğulayıb ki, biz hər beş il üçün strateji xətt əsasında müvafiq planlar, proqramlar tərtib edirik: “Onların hamısı artıqlaması ilə icra edilir. Bizim böyük təbii resurslarımız vardır. Əlbəttə ki, bu da imkanlarımızı artırır. Ancaq dünyada təbii  resurslarla zəngin olan bir çox ölkələr var ki, orada bu resurslar heç də hər zaman uğur gətirmir, uğurun əldə olunması üçün şərait yaratmır. Əksinə, varlılarla kasıblar arasında fərq daha da böyüyür. Biz əlbəttə ki, neft strategiyamızı və iqtisadi prioritetlərimizi müəyyən edərkən həm müsbət, həm mənfi təcrübəni öyrənmişik. Azərbaycanda son altı il ərzində yoxsulluq səviyyəsinin 49 faizdən 11 faizə düşməsi ən gözəl göstəricidir. Bu onu göstərir ki, Azərbaycanda təbii resurslardan əldə olunmuş gəlirlər ədalətli bölünür. Onu göstərir ki, Azərbaycan cəmiyyətində təbəqələşmə getmir, əksinə, insanlar arasında gəlir baxımından fərqlər azalır. Onu göstərir ki, Azərbaycanda çox mükəmməl və şəffaf idarəetmə, o cümlədən resursların idarə edilməsi sahəsində sistem yaradılıbdır. Bir sözlə, iqtisadi islahatların davam etdirilməsi, siyasi islahatlarla tamamlanması siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcəkdir”.
Prezident İlham Əliyev deyib ki, bizim artan iqtisadi inkişafımız artıq reallıqdır: “Biz yaxşı bilirik ki, beş ildən, yaxud da ki, 10 ildən sonra Azərbaycanın iqtisadi və sənaye potensialı nədən ibarət olacaqdır. Kadr hazırlığımızı da o artan səviyyəyə uyğunlaşdırmalıyıq”.
Sonra çıxış edən Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev deyib ki, yarandığı gündən Neft Akademiyası yanacaq-enerji və neft-kimya kompleksi sahələri üçün yüksəkixtisaslı mühəndis və elmi kadrların hazırlanması istiqamətində fəaliyyət göstərib, təhsil prosesinin, elmi-tədqiqat işlərinin təşkilində uğurlar qazanaraq SSRİ-nin qabaqcıl ali təhsil müəssisəsinə çevrilib: “Neft Akademiyası keçmiş ittifaqda, respublikamızda, xarici ölkələrdə yüksək dövlət vəzifələrində, sənaye, elm və təhsil sahələrində aparıcı yer tutan, tədris ocağımızı dünyaya tanıtdıran məzunları ilə fəxr edir. ümummilli liderimizin iki il burada təhsil alması Neft Akademiyasının tarixində şanlı və əbədi iz qoymuş, onu məbədgaha çevirmişdir”.
Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru professor, Viktor Martınov Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyində iştirak etməkdən məmnun olduğunu deyib. Qeyd edib ki, bu ali təhsil ocağı ilə onları çoxillik əlaqələr bağlayır. Bu yaxınlarda Moskvada Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin 80 illik yubileyinin qeyd edildiyini diqqətə çatdıran Viktor Martınov ADNA-nın yubileyinə böyük heyətlə gəldiklərini bildirib.
Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində Azərbaycan Dövlət Neft Akademiyasının məzunlarının çalışdığını deyən Viktor Martınov bir daha təbriklərini çatdırıb, xalqımıza firavan həyat arzulayıb.
Rumıniya Neft və Qaz Universitetinin rektoru, professor Vlad Ulmanu bu tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu söyləyib. Qonaq hər iki təhsil ocağı arasında əməkdaşlıq əlaqələrindən danışaraq bildirib: “Fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri İlham Əliyevə təşəkkürümü bildirirəm ki, o, təhsilin inkişafı ilə bağlı böyük işlər görmüş Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Bu siyasət ölkədə təhsilin səviyyəsini yüksəltmək üçün mühüm rol oynayır. İcazənizlə universitetimizin kollektivi adından hazırlanmış təbrik məktubunu təqdim edim. Mən bu məktubun son hissəsini oxuyacağam: Zəka və elmin inkişafı üçün innovativ yeniliklərin tətbiqi istiqamətində fəaliyyətinizdə sizə uğurlar arzulayırıq. Biz sizinlə beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdən şərəf duyuruq. Elmi əlaqələrimizin ali məktəblərimizin akademik səviyyəsinin inkişafına töhfələr verəcəyinə əminik. Yubileyinizi təbrik edir, sizə elmi və pedaqoji fəaliyyətdə yeni uğurlar arzulayırıq”.
Yesenov adına Kaspi Dövlət Texnologiyaları və İnjinirinq Universitetinin rektoru, professor Abdumutalip Abjapparov Qazaxıstanın nümayəndə heyəti adından təbriklərini çatdırıb, 90 il ərzində Azərbaycan Dövlət Neft Akademiyasında elmi-pedaqoji məktəbin formalaşdığını və bütün dünyada tanındığını söyləyib. Bildirib ki, bu gün akademiyanın məzunları 70-dən çox ölkədə çalışır. O, ölkələrimiz arasındakı dostluq münasibətlərindən də söhbət açıb. Qonaq Azərbaycanın sürətli inkişafından da danışıb.
Almetyevsk Dövlət Neft İnstitutunun rektoru, professor Aleksandr Yemekeyev də Azərbaycan Dövlət Neft Akademiyasının kollektivini təbrik edib. O, Tatarıstanda neftin hasil edilməsində Azərbaycan neftçilərinin rolundan danışıb, hazırda Rusiyanın neft sənayesində çalışanların bir çoxunun bu akademiyanın məzunları olduğunu söyləyib.
Uxta Dövlət Texniki Universitetinin rektoru, professor Nikolay Tsxadaya Rusiyanın şimal bölgəsində yaşadığını və bu regionun inkişafında azərbaycanlıların böyük rol oynadığını xüsusi vurğulayıb. Qonaq Azərbaycan neftinin inkişaf tarixinə də nəzər salaraq deyib: “Tarixə nəzər salsaq, bizi - Şimal və Cənubu “ilk neft” anlayışı birləşdirir. İlk neft dedikdə, əlbəttə Azərbaycan nəzərdə tutulur. İlk boru kəməri Azərbaycanda çəkilmiş, ilk tankerlər Azərbaycanda inşa edilmişdir. Mənim əzizlərim, bu, bir danılmaz həqiqətdir ki, dostluğumuzun əsası Azərbaycan Neft Akademiyasıdır. Heç şübhəsiz kadr hazırlığı ilə yanaşı, bütün elmi-texniki innovasiyalar əsasən burada, Neft Akademiyasında yaranmışdır. Yaşasın böyük Azərbaycan, onun Neft Akademiyası!”.
Həştərxan Dövlət Texniki Universitetinin rektoru, professor Yuri Pimenov akademiyanın məzunlarından danışıb, rəhbərlik etdiyi universitetin kollektivi adından təbriklərini çatdırıb. Həştərxan ilə Bakı arasındakı münasibətləri qeyd edən qonaq, sakini olduğu şəhərdə çoxlu azərbaycanlıların yaşadığını bildirib. Həştərxanda güclü Azərbaycan diasporunun fəaliyyət göstərdiyini qeyd edən rektor, soydaşlarımızın bu şəhərin inkişafında böyük rolu olduğunu vurğulayıb.
Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğını da xüsusi vurğulayıb: “Sizi bu gözəl yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm! Azərbaycan Neft Akademiyasının kollektivinin hər bir üzvünə firavanlıq arzulayıram. Sizə uğurlar, inkişaf və birəsrlik yubileyə doğru müvəffəqiyyətlə və qətiyyətlə irəliləməyi arzulayıram. Salamat qalın. Bayramınız mübarək!”.

Paylaş:
Baxılıb: 947 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30