Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni Azərbaycan Partiyası ümumxalq, cəmiyyətimizin bütün təbəqələrini birləşdirən partiyadır

Yeni Azərbaycan Partiyası ümumxalq, cəmiyyətimizin bütün təbəqələrini birləşdirən partiyadır

30.11.2010 [10:03]

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşüb
Dünən dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşüb. Prezident deputatları salamlayaraq deyib ki, Yeni Azərbaycan Partiyası son 5 il ərzində - keçən parlament seçkilərindən sonrakı dövr ərzində mövqelərini daha da möhkəmləndirə bilib: “Partiyamız, sözün əsl mənasında, ümumxalq partiyasıdır, cəmiyyətimizin bütün təbəqələrini birləşdirən partiyadır. Partiyamızın təşəbbüsü ilə ölkədə çox mühüm işlər görülmüşdür. Partiya 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə  müxalifət partiyası kimi yaranmışdır. Ancaq partiyamız bütün dövrlərdə dövlətçilik prinsiplərinə sadiq olmuşdur. Hətta müxalifətdə olan dövrdə heç vaxt milli maraqlara zidd heç bir addım atmamışdır. Əksinə, Azərbaycanda o illərdə hakimiyyətdə olan qüvvələrin milli maraqlara diqqət yetirməsi üçün səylər göstərmişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqının tələbi və səyi ilə Yeni Azərbaycan Partiyasının rəhbəri Heydər Əliyev 1993-cü ildə prezident vəzifəsinə seçilmişdir. O dövrdən sonra partiyamız hakim partiyadır. Mən bu tarixi ona görə xatırlayır və qeyd etmək istəyirəm ki, partiyamız həm müxalifətdə, həm iqtidarda olmuşdur. Bugünkü Azərbaycanın reallıqları onu göstərir ki, partiyamız hələ uzun illər bundan sonra hakim partiya kimi fəaliyyətini davam etdirəcəkdir”.
Prezident İlham Əliyev deyib ki, partiyamızın çox geniş beynəlxalq əlaqələri var: “Biz tərəfdaş partiyalarla çox səmərəli əməkdaşlıq edirik. Beynəlxalq əlaqələrimiz həm partiyanın, həm də ki, ölkəmizin maraqlarına xidmət göstərir. Ancaq ən önəmlisi ondan ibarətdir ki, cəmiyyət tərəfindən Yeni Azərbaycan Partiyası böyük rəğbət qazana bilmişdir”.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev seçkilərdə digər siyasi partiyalar üçün yaradılan şəraitdən də danışıb. Qeyd edib ki, bütün siyasi qüvvələr Azərbaycanın siyasi həyatında fəal rol oynamalıdırlar.
Sonra Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolundan danışaraq deyib: “Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolu haqqında geniş danışmaq olar. Mən partiyanın sədri kimi çox şadam ki, son illər ərzində partiyaya olan axın güclənir, xüsusilə partiyamızın sıraları gənclər hesabına genişlənir. Bu, onu göstərir ki, partiyamızın fəaliyyəti və məramı cəmiyyət üçün cəlbedicidir. İqtidar partiyası olmaq o qədər də asan deyildir. Adətən hər şeyi tənqid etmək, yaxud da ki, proseslərdən kənarda qalmaq daha da asandır. İqtidar partiyası olmaq böyük məsuliyyətdir və ölkədə gedən bütün proseslər istər-istəməz partiyamızın adı ilə bağlıdır, çünki partiyanın nümayəndələri rəhbərlikdə təmsil olunurlar. Ancaq ölkəmizdə həm siyasi, həm iqtisadi proseslər müsbət istiqamətdə getdiyinə görə, əlbəttə ki, cəmiyyətdə olan gözəl ab-hava partiyamızın gücləndirilməsinə xidmət göstərir. Keçirilən parlament seçkiləri Azərbaycanda islahatların düzgün istiqamətdə aparıldığını bir daha təsdiq etmişdir. ölkəmizdə quruculuq-abadlıq işlərinin görülməsi xalq tərəfindən dəstəklənir və hesab edirəm ki, seçkilərdəki nəticələr, məhz, bu reallığı əks etdirir. Milli Məclis son beş il ərzində səmərəli işləmiş, çoxlu qanunlar qəbul edilmiş, parlamentin beynəlxalq əlaqələri genişlənmişdir. Milli Məclisin ölkəmizin həyatında rolu artmaqdadır və bu müsbət haldır. Hakimiyyətin bütün qolları ölkədə gedən proseslərdə fəal iştirak etməlidirlər və əlbəttə ki, Milli Məclisin uğurlu fəaliyyəti bütövlükdə ölkəmizdə gedən proseslərə müsbət təsir göstərmişdir. Milli Məclisin rəhbər orqanları da, rəhbər vəzifələri tutanlar da öz fəaliyyəti ilə bu müsbət meyilləri gücləndirmişlər. Mən keçən beş il ərzində Milli Məclisin ümumi fəaliyyətini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu meyillər, yəni, bu kurs davam etdirilməlidir. Milli Məclisin yeni tərkibində müəyyən dəyişikliklər olmuşdur. Bu da təbiidir, çünki həyat yerində durmur. Deputatların müəyyən faizi ilk dəfə seçilmiş deputatlardır. Bu da lazımdır. Yəni bu, əlbəttə ki, vətəndaşların iradəsi ilə həll olunan məsələdir. Ancaq bu da təbii prosesdir və cəmiyyətdə gedən islahatların təzahürüdür. Milli Məclisin rəhbər vəzifələrini tutan şəxslərə gəldikdə, hesab edirəm ki, onların fəaliyyətini bütövlükdə müsbət fəaliyyət kimi qiymətləndirmək olar”.
Milli Məclisin ötən beş ildəki fəaliyyətini yüksək qiymətləndirən partiyanın Sədri İlham Əliyev parlament rəhbərliyində hər hansı dəyişiklik üçün heç bir əsas olmadığını söyləyib.
Dövlətimizin başçısı Milli Məclisin sədrliyinə yenidən partiyanın üzvü Oqtay Əsədovun, sədrin birinci müavini vəzifəsinə partiyanın üzvü Ziyafət Əsgərovun, sədr müavinləri vəzifəsinə partiyanın üzvü Bahar Muradovanın və bitərəf deputat Valeh Ələsgərovun namizədliklərini təklif edərək bildirib: “Bir daha demək istəyirəm ki, Milli Məclisin Azərbaycanın müasir inkişafında çox mühüm rolu və funksiyaları vardır. Parlament seçkiləri bunu bir daha göstərdi. çünki parlament seçkilərinə cəmiyyətdə olan maraq bir daha onu göstərir ki, vətəndaşlarımız istəyirlər ki, onların layiqli nümayəndələri onları Milli Məclisdə təmsil etsinlər. Seçkilər tam şəffaf, demokratik şəkildə keçirilmişdir və bunu həm vətəndaşlarımız bilirlər, həm də beynəlxalq təşkilatlar qeyd ediblər. Ona görə də mən parlamentin gələcək fəaliyyətini çox uğurlu görürəm və bunu arzulayıram. Hesab edirəm ki, artıq Azərbaycanda parlamentarizm ənənələri yaranmışdır. Bu, müsbət ənənələrdir. Parlamentdə sivil, mədəni siyasi mübarizə aparmaq üçün bütün imkanlar vardır. Hesab edirəm ki, Milli Məclisin yeni tərkibi məhz bu sivil, mədəni siyasi mübarizə qaydalarının tətbiq edilməsi işinə daha da dəyərli töhfələr verəcəkdir”.
Prezident İlham Əliyev parlamentdə sivil mübarizəyə xas olmayan metodların artıq arxada qaldığını diqqətə çatdırıb və yeni tərkibdə Milli Məclisə uğurlar arzulayaraq deyib: “Hesab edirəm ki, yeni tərkibdə Milli Məclis həm peşəkarlıq, həm intellektual baxımından Azərbaycanın inkişafına töhfəsini verməyə qadirdir. Mən çox şadam ki, Azərbaycan xalqının seçimi düzgün olmuşdur. İstənilən seçim düzgün seçimdir, çünki bu, xalq tərəfindən edilən seçimdir. Amma mən çox şadam ki, Azərbaycan cəmiyyəti artıq elə yüksək pilləyə qalxıb ki, ən dəyərli nümayəndələrini seçməyə qadirdir. Mən ümid edirəm ki, növbəti beş ildə yeni Milli Məclis və əlbəttə, onun aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkəmizin gələcək inkişafına töhfəsini verəcək, ölkəmizin dayanıqlı, uzunmüddətli inkişafını Azərbaycan xalqının maraqlarını tam şəkildə təmin edəcəkdir. Sağ olun”.

Paylaş:
Baxılıb: 953 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30