Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan dünyanın aparıcı enerji təchizatçısına çevrilib

Azərbaycan dünyanın aparıcı enerji təchizatçısına çevrilib

24.12.2010 [09:06]

Prezident İlham Əliyev: Bir daha demək istəyirəm ki, enerji siyasətimiz bundan sonra da Azərbaycanın milli maraqlarına, iqtisadi və siyasi maraqlarına xidmət edəcəkdir
Qlobal enerji sistemində mühüm yer tutan Azərbaycan zəngin karbohidrogen ehtiyatları ilə dünyanın enerji xəritəsində öz yerini möhkəmləndirməkdədir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan son illərdə həyata keçirdiyi enerji layihələri ilə dünyanın aparıcı enerji təchizatçısına çevrilib. Daha dəqiq desək, 16 il əvvəl “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft və “Bakı-Tbilisi-Ərzurum” qaz boru kəməri layihələrini, həmçinin, digər layihələri həyata keçirməklə Azərbaycan geniş əməkdaşlıq məkanının əsasını qoyub və ötən illər ərzində bu strategiya daha da möhkəmlənib. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması, Azərbaycanın zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də, regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artmasına səbəb olub.
Bu gün isə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası Prezident İlham Əliyev tərəfindən zənginləşdirilərək yeni mərhələyə qədəm qoyub. Bu strategiyanın yeni komponentlərlə inkişaf etdirilməsi Azərbaycanı az bir müddətdə Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi cəhətdən lider ölkəsinə çevirib. Respublikamızın imza atdığı yeni enerji layihələrinin reallaşması Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılmasına səbəb olub. Təsadüfi deyil ki, Azərbaycanın inkişaf dinamikasının artmasında xüsusi yeri olan “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, “Bakı-Tbilisi-Ərzurum” qaz boru kəməri ölkəmizlə yanaşı, həm də onlarla dövlətin enerji təhlükəsizliyinin təminatında və inkişafında böyük rola malikdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda beynəlxalq miqyasda böyük enerji təchizatçısı qismində etibarlı strateji tərəfdaş kimi qəbul edilir. Dünya dövlətlərinin enerji təminatı üçün həyata keçirilən şaxələndirmə siyasəti ölkəmizin gücünü və nüfuzunu daha da möhkəmləndirməkdədir.
Əksər ekspertlərin də vurğuladıqları kimi, bu gün Azərbaycan Avrasiyanın enerji körpüsünə çevrilib. Hazırda ölkəmiz müstəqil şəkildə öz siyasətini yürüdür, eyni zamanda, paralel olaraq yerləşdiyi regionun iqtisadi inkişafına dəstək verir. Bu gün dünyanın aparıcı dövlətləri və enerji mərkəzləri birmənalı şəkildə etiraf edir ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionu müstəsna məkandır, Azərbaycan isə bu regionun flaqmanıdır.
Yeri gəlmişkən, Avropanın bütün iqtisadi-siyasi tədqiqat mərkəzlərinin əsas rəyi bundan ibarətdir ki, Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqli ədalətli enerji tərəfdaşlığı üçün ən mükəmməl vasitədir. Dünya bazarlarında baş verən son hadisələrin fonunda onu qeyd edə bilərik ki, Azərbaycanın dünya enerji bazarında nüfuzu və mövqeyi daha da möhkəmlənir. Avropa ilə əməkdaşlıqda çoxşaxəli enerji siyasətinin yürüdülməsi isə respublikamızın nə qədər düzgün qərar qəbul etdiyini göstərir.
Respublikamızın enerji resurslarının dünya bazarlarına çatdırılmasında 3 neft, 4 qaz kəməri mövcud olsa da, ölkəmizin zəngin neft və qaz ehtiyatlarının həcminin artması yeni ixrac marşrutlarının yaradılmasını da zəruri edir. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti yürütməklə “Bakı-Tbilisi-Ceyhan” və “Bakı-Tbilisi-Ərzurum”la yanaşı, Avropanın siyasi və iqtisadi təhlükəsizliyinin təminatçısı ola biləcək kəmərləri - “Odessa-Brodı-Qdansk-Plotı”, “Cənub layihəsi”, “AGRİ” marşrutlarının gerçəkləşməsində qətiyyəti ilə diqqəti cəlb edir. Xəzər-Qara-Baltik dənizi enerji dəhlizinin yaradılması respublikamızın Avropanın enerji təhlükəsizliyində mövqeyini möhkəmləndirmək və iqtisadi dividendlər gətirməklə bərabər, regionda siyasi üstünlüyünü artırır.
Respublikamızın coğrafi mövqeyi və zəngin neft-qaz ehtiyatlarına malik olması, yanacağın nəqlində diversifikasiya siyasətinin həyata keçirilməsi, ən başlıcası, Azərbaycan Prezidenti İlham Əliyevin yeni enerji marşrutlarının yaradılmasında nümayiş etdirdiyi siyasi qətiyyət ölkəmizin dünyada ən mühüm təchizatçı kimi mövqeyini möhkəmləndirir. Prezidentin vurğuladığı kimi, “Bizim enerji potensialımız dünya birliyinə bəllidir. Biz artıq çox böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrilirik. Bu il Azərbaycanda neft hasilatı 50 milyon tondan çox olacaqdır. Qaz hasilatı haradasa, 20 milyard kubmetrə yaxın olacaqdır. Bizim zəngin neft-qaz yataqlarımız 100 ildən sonra da Azərbaycanın maraqlarını təmin edəcək və bizim ixrac potensialımızın davam etdirilməsinə imkan yaradacaqdır. Bizim qaz ehtiyatlarımız minimum 2 trilyon kubmetrdir ki, bu da bizə 100 ildən çox müddətdə kifayət edəcəkdir. Əgər bizim 7 neft-qaz kəmərimiz olmasaydı, vəziyyətimiz indiki kimi ola bilməzdi. Danışıqlarda bizim mövqeyimiz möhkəm ola bilməzdi. Bütün kəmərləri işlək vəziyyətdə saxlamağımız bizim milli maraqlarımıza uyğun gəlir”.
Onu da bildirmək yerinə düşər ki, hazırda qlobal enerji bazarında baş verən hadisələr və təchizatçı ölkələrin yanacağın nəqlində müxtəlif manevrlərdən istifadə etməsinə baxmayaraq, Azərbaycan bütün tərəfdaşları ilə qarşılıqlı maraqlara xidmət edən siyasət yürütməkdədir. Daha dəqiq desək, bəzi dövlətlər neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün yararlanmağa çalışsa da, Azərbaycan bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun əlaqələr qurmaqla etibarlı partnyor imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması Azərbaycanın özünün enerji ehtiyatlarından güclü tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut edir. ölkəmiz digər neft və qaz ixrac edən dövlətlərdən fərqli olaraq heç vaxt bu ehtiyatlardan kiməsə siyasi təzyiq üsulu kimi istifadə etməyib və bu niyyətdə deyil. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan tərəfdaşlıq etdiyi ölkələrlə qarşılıqlı hörmət və bərabər əməkdaşlıq prinsipləri üzrə əlaqələrə üstünlük verir: “Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Dünyada və bölgədə bizim qazımıza tələbat artır və biz müxtəlif ölkələrlə bu münasibətləri sadəcə olaraq, qarşılıqlı maraqlar əsasında həll etməliyik. Bir daha demək istəyirəm ki, enerji siyasətimiz bundan sonra da Azərbaycanın milli maraqlarına, iqtisadi və siyasi maraqlarına xidmət edəcəkdir. Biz bu gün iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Biz müstəqil siyasi xətt aparırıq - istər daxili, istər xarici siyasətdə, istər enerji diplomatiyasında - bütün istiqamətlərdə. Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizim xarici siyasətimiz tam şəkildə müstəqildir”.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 958 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30