Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın sosial siyasətdə əldə etdiyi böyük nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur

Azərbaycanın sosial siyasətdə əldə etdiyi böyük nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur

24.12.2010 [09:15]

Prezident İlham Əliyev: Prezident kimi məqsədim budur ki, hər bir vətəndaş ölkənin qazandığı uğurlardan lazımi səviyyədə bəhrələnsin və müsbətə doğru irəliləyişi gündəlik həyatında hiss etsin
Sirr deyil ki, son illər ölkəmizdə müxtəlif istiqamətləri əhatə edən mütərəqqi islahatların həyata keçirilməsi Azərbaycan dövlətinin əsaslı inkişafını təmin edib. İqtisadi tərəqqinin sürətlənməsi xalqın həyat səviyyəsinin yüksəlməsi, buna paralel olaraq, sosial müdafiə sisteminin qabaqcıl dünya ənənələri əsasında təkmilləşdirilərək daha effektiv sistem kimi qurulması üçün möhkəm bünövrə yaradılıb. Sosial məsələlərin həllinin daim ölkə rəhbərinin diqqət mərkəzində olması, sosialyönümlü layihələrin gerçəkləşdirilməsinin hökumətin fəaliyyətində prioritet təşkil etməsi bu sahədə böyük nailiyyətlərə yol açıb. Təbii ki, bütün bunların arxasında əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial siyasət dayanır.
Prezident İlham Əliyev, seçkilərdə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq, bu vəzifənin icrasına başladığı ilk andan etibarən vətəndaşların rifah halının yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini təmin edib. Heç də təsadüfi deyil ki, son 7 ildə ölkəmizdə yoxsulluq səviyyəsi xeyli azalıb. Lakin cənab Prezident bu irəliləyişi də yetərli saymır və əhalinin bir qisminin hələ də yoxsulluq səviyyəsində yaşamasını yolverilməz hesab edir: “Mən istəmirəm ölkəmizdə yoxsulluq şəraitində yaşayan olsun. Bizim insanlarımız nə üçün yoxsulluq şəraitində yaşamalıdır? Biz bunu aradan götürəcəyik. Beynəlxalq maliyyə qurumları ilə birlikdə icra edilən və yoxsulluğun azaldılmasına yönəldilmiş proqram 2015-ci ildə başa çatmalıdır. Şübhə etmirəm ki, biz qısa müddət ərzində Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına nail olacağıq. Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır və olmayacaqdır”.
Bu qətiyyətin, yorulmaz fəaliyyətin nəticəsi olaraq, yoxsulluqla mübarizəyə yönəlmiş tədbirlər həyata keçirilməyə başlandı. 2003-2005-ci illəri əhatə edən “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrası nəticəsində ölkədə yoxsulluq səviyyəsi 29 faizə endi. Sonrakı mərhələdə - həmin proqramın davamı olan “Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramının (2006-2015-ci illər)” icrası nəticəsində bu göstərici 11 faizə düşüb.
Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətinin nəticələri göstərir ki, yeni bazar münasibətləri şəraitində iqtisadi uğurlara əsaslanan sosial müdafiə prioritet təşkil edir. Dövlətimizin başçısı bu məqamı şərh edərkən deyib: “Prezident kimi məqsədim odur ki, hər bir vətəndaş ölkənin qazandığı uğurlardan lazımi səviyyədə bəhrələnsin və müsbətə doğru irəliləyişi gündəlik həyatında hiss etsin”.
Bunun üçün iqtisadiyyatın inkişafına təkan verən bütün layihələrə dəstək verməklə yanaşı, yoxsul təbəqəyə də kömək edilməlidir. Lakin sosialyönümlü tədbirlər bazar iqtisadiyyatı prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Bu vəziyyətdə dövlət büdcəsinin həddindən artıq yüklənməsi baş verir və nəticədə ölkənin inkişaf tempi nəinki yüksəlmir, əksinə aşağı düşür. Lakin Azərbaycan bu mənfi tendensiyanın qarşısını almaq üçün düzgün siyasət həyata geçirib. Bu istiqamətdə atılan həlledici addımlardan biri 2007-ci ilin yanvar ayında Tarif Şurası tərəfindən bəzi enerjidaşıyıcılarının qiymətlərinin tənzimlənməsi barədə qərarı oldu. Bu qərar dövlət büdcəsinin əlavə xərclərdən, xüsusən də, kommunal xidmətlərin xərclərə görə dotasiyalardan azad olunması zərurətindən irəli gəlirdi. 2007-ci ilə qədər dövlət bütün kateqoriyalardan olan vətəndaşlara göstərilən kommunal xidmətlərin xərclərinin əsaslı qismini dotasiyalar şəklində öz üzərinə götürürdüsə, sözügedən qərarla əhalinin pul gəlirlərinin əhəmiyyətli dərəcədə artımı nəzərə alınaraq qiymətlərin əvvəlki ilə nisbətən liberallaşdırılması həyata keçirildi. Bununla belə, kommunal xidmətlərin və enerjidaşıyıcılarının qiymətlərinin tənzimlənməsi ilə bağlı aztəminatlı vətəndaşların mənafeyinə toxunacaq cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri ilə kompensasiya edildi.
Belə tədbirlərdən biri isə aztəminatlı ailələrə ünvanlı sosial yardım oldu. Rəsmi statistikaya görə, hazırda ölkəmizdə 127 min 634 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnir. Həmin ailələrin hər birinə ayda orta hesabla 108,38 manat ünvanlı yardım ödənilib. Bir ailə üzvünə təxminən 23,96 manat ünvanlı dövlət sosial yardım düşüb. Qeyd edək ki, yardım alanların 41,1 faizi tərkibində 3 və daha çox uşaq olan ailələrdir.
Həmçinin, dövlət qayğıya ehtiyacı olan digər vətəndaşların da problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. O cümlədən, aztəminatlı ailələr arasında xüsusi çəkisi olan əlil və şəhid ailələri fərdi ev və mənzillərlə təmin edilib. ümumilikdə, indiyədək 3500-dən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Cari ilin ötən dövründə əlillərin minik avtomobilləri ilə təminatı üçün 240 ədəd minik avtomobili bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək 2900-dən artıq əlil dövlət hesabına minik avtomobilinə sahib olub.
Xatırladaq ki, görülən reabilitasiya tədbirləri nəticəsində Azərbaycanda əlilliyin artım dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 1601 nəfər azalıb. Oktyabrın 1-dək əlillik dərəcəsi almış vətəndaşların sayı 16 min 654 nəfər təşkil edib. Tam reabilitasiya edilən xəstələrin sayı 3 min 98 nəfər artaraq 8 min 817 nəfərə çatıb. Bu isə o deməkdir ki, tam reabilitasiya göstəricisi 5,8 faizə yüksəlib.
Yeri gəlmişkən, qeyd edək ki, dövlətin sosial sahədə apardığı mütərəqqi siyasətin uğurlu nəticələrini effektiv pensiya sisteminin yaradılmasında da görmək mümkündür. Təsadüfi deyil ki, Azərbaycanda qurulan müasir sığorta-pensiya sistemi və bu sahədə davam etdirilən islahatlar dünya miqyasında da yüksək qiymətləndirilir. BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan hökumətinin bu sahədə fəaliyyətini birinci yerə layiq görüb.
BMT İnkişaf Proqramının Nyu-Yorkda yerləşən Baş qərargahı Avropa və MDB ölkələrinin sığorta-pensiya sistemlərində son illər həyata keçirilən islahatları təhlil edib. ölkəmizin sığorta-pensiya sistemindəki islahatları özündə əks etdirən “Azərbaycan-Dəyişikliyin tarixçəsi. Effektiv Pensiya sisteminin qurulması” başlıqlı şərhdə Azərbaycanın bu sahədə həyata keçirdiyi islahatlar həcminə, müddətinə və digər parametrlərinə görə daha üstün qiymətləndirilib. Şərhdə qeyd olunub ki, qısa müddət ərzində Azərbaycanda yeni, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan, aydın başa düşülən, şəffaf, ədalət prinsiplərini əsas götürən, müasir tələblərə cavab verən sosial sığorta-pensiya sistemi qurulub. Hətta bu sistemin bir sıra ölkələr üçün model rolu oynadığı vurğulanıb.
Bu, nəticədir. Həmin nəticəyə isə qanunvericilikdə edilən ciddi dəyişikliklər, aparılan uğurlu sosial islahatlar səbəb olub. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan dövləti artan iqtisadi imkanlarını əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldir ki, hər bir vətəndaş ölkənin qazandığı uğurlardan lazımi səviyyədə bəhrələnsin. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan inkişaf etdikcə, iqtisadi qüdrəti artdıqca, ölkədəki müsbətə doğru irəliləyiş əhalinin gündəlik həyatında daha çox hiss ediləcək!
RUHİYYƏ
Paylaş:
Baxılıb: 950 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30