Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionundakı etibarlı tərəfdaşıdır

Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionundakı etibarlı tərəfdaşıdır

14.01.2011 [10:08]

Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ölkəmizə rəsmi səfərə gəlib
Dünən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozunu hörmətlə qarşılayıb. Prezident İlham Əliyev və Xose Manuel Barrozu rəsmi foto çəkdiriblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, enerji sahəsində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulanıb. Əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev qonaqlara müraciətlə deyib: “Cənab sədr, bir daha xoş gəlmisiniz! Sizi və nümayəndə heyətinizi burada salamlayıram. Sizi Azərbaycanda qəbul etməyimdən çox məmnunam. Qeyd etdiyimiz kimi, sizin səfərinizi gözləyirdik. çox şadam ki, bu ili belə bir mühüm səfərlə başlayırıq və bu, bizim münasibətlərimizin səviyyəsinin və keçmişdə apardığımız əməkdaşlığın göstəricisidir. Əminəm ki, bu səfər Avropa təsisatları ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır. Münasibətlərimizin artıq yaxşı tarixi və səmərəli gələcək perspektivləri vardır. İkitərəfli gündəliyimiz çox genişdir və bu gün ətraflı şəkildə müzakirə etdiyimiz bir çox sahələri əhatə edir. Səmimi müzakirələrə və açıq söhbətə görə çox minnətdaram. Bu, çox faydalı və səmərəli oldu. Əminəm ki, bu ilin yaxşı başlanğıcı bütün məqsədlərimizin həyata keçirilməsinə zəmin yaradacaqdır. Bu baxımdan enerji təhlükəsizliyi, siyasi və iqtisadi islahatlar kimi məsələlər nəzərdə tutulubdur. Bildiyiniz kimi, Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri vardır. Ona görə hesab edirik ki, bu səfər münasibətlərimizi irəliyə doğru aparacaq və gələcəkdə biz bir çox müsbət nəticələrin şahidi olacağıq. Bir daha Azərbaycana xoş gəlmisiniz!”.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu deyib: “Cənab Prezident, Bakıda olmağımdan çox məmnunam. Sizin xeyirxah dəvətinizi məmnunluqla qəbul etdim. Fikrimcə, bu səfər Azərbaycanla Avropa İttifaqı arasında yüksək səviyyədə olan münasibətlərin daha da genişləndirilməsi üçün fürsətdir. Azərbaycan bizim bu regiondakı etibarlı tərəfdaşımızdır. Biz bunu əvvəllər də bəyan etmişdik, indi isə bir daha bunu əyani şəkildə görürük. 2008-ci ildə ölkənizdə nümayəndəliyimizi, indi isə səfirliyimizi açmışıq. Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir, artım tempiniz çox yüksəkdir. Deyərdim ki, bu, dünyada ən yüksək tempdir. Bilirəm ki, cəmiyyətiniz də çox dinamik cəmiyyətdir. Mən bunu alqışlayıram. Eyni zamanda, Azərbaycanın beynəlxalq məsələlərdə, xüsusən də terrorçuluğa qarşı mübarizədə oynadığı mühüm rolu yüksək dəyərləndirirəm. Azərbaycan müəyyən ölkələrdə davam edən münaqişələrin qarşısının alınmasına da öz töhfəsini verir. Sizin bu məsələlərdə tutduğunuz mövqe xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, enerji münasibətlərimizin təməl daşıdır. Biz bu məsələləri də müzakirə edəcəyik. Lakin aydın şəkildə onu da bəyan etmək istəyirik ki, münasibətlərimiz təkcə neft və qaz sahəsi ilə məhdudlaşmır. Biz ümumi maraq doğuran məsələlərə əsaslanan daha geniş münasibətlər qurmaq əzmindəyik”.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”ni imzalayıblar.
“Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu”nu, “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu” nu Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun mətbuat konfransı olub. Prezident İlham Əliyev və Xose Manuel Barrozu bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli cənab sədr! Hörmətli qonaqlar, xanımlar və cənablar! İlk növbədə, mən sizi, Avropa Komissiyasının sədri cənab Barrozunu bir daha burada salamlamaq istərdim. Eyni zamanda, dəvətimizi qəbul edib 2011-ci ilin əvvəlində ölkəmizə səfər etdiyinizə görə minnətdarlığımızı bildiririk. Bu, ilin çox yaxşı bir başlanğıcıdır və hesab edirik ki, Avropa təsisatları ilə Azərbaycan arasında olan münasibətlərin çox gözəl göstəricisidir. Bu münasibətlərin çox yaxşı tarixi var. Müstəqilliyimizin ilk günlərindən biz Avropa İttifaqının dəstəyini hiss etmişik və indi də hiss edirik. Eyni zamanda, Avropa Komissiyası sədrinin səfəri  tərəfdaşlığımızın bugünkü səviyyəsinin göstəricisidir və təbii ki, bu səfər bizim münasibətlərimizin gələcək inkişafına yönəlibdir. Biz bu münasibətləri çox yüksək dəyərləndiririk. Biz uzun illər ərzində müxtəlif formatlarda ümumi nəticələri əldə etmək üçün birgə çalışırıq. Hazırda Azərbaycanın da üzvü olduğu “Şərq tərəfdaşlığı” proqramı var. Bu da bizim əməkdaşlığımız üçün yeni üfüqlər açır. Bizim ikitərəfli münasibətlərimizə aid geniş gündəliyimiz mövcuddur və burada bir çox sahələr əhatə olunmuşdur. Bu gün apardığımız müzakirələr, səmimi və çox mehriban söhbət zamanı biz, demək olar ki, ikitərəfli əlaqələrimizin hər bir aspektini nəzərdən keçirdik. Biz iqtisadi inkişafa, iqtisadi əməkdaşlığa aid olan məsələləri, siyasi islahatları müzakirə etdik, Azərbaycanda aparılan islahatları, demokratikləşmə prosesini nəzərdən keçirdik, regional vəziyyət və təhlükəsizliklə bağlı olan vəziyyət haqqında fikir mübadiləsi etdik. Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərindən də danışdıq və eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə etdik. Bir sözlə, biz gördük ki, hər iki tərəfin ümumi bir istəyi, arzusu vardır ki, bu münasibətlər inkişaf etdirilsin və gələcək illərdə, onilliklərdə tərəfdaşlıq daha da güclənsin.
Bu gün söhbətimizin əsas mövzuları arasında enerji sahəsində əməkdaşlıq məsələsi dayanır. Biz elə indicə Cənub qaz dəhlizi haqqında Birgə bəyannaməyə imza atdıq. Bu da çox məzmunlu, mühüm bir sənəddir və enerji əməkdaşlığının bütün aspektlərini, Avropa təsisatları ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığı əhatə edir. Azərbaycan etibarlı tərəfdaşdır və Azərbaycanın neft əməliyyatlarının uzun tarixi var. Dünyada ilk dəfə Azərbaycanda neft hasil edilmiş, o cümlədən sənaye üsulu ilə dənizdə neft hasilatı dünyada ilk dəfə məhz Azərbaycanda baş vermişdir. Müstəqil ölkə olaraq biz öz enerji siyasətimizi 1990-cı illərin ortalarından bu günə qədər aparırıq və bu baxımdan Azərbaycanın siyasəti çox açıq, səmimi, şəffaf olmuşdur. Biz milyardlarla dollar xarici sərmayə cəlb edə bildik və bu gün artıq bizim müxtəlif marşrutlarımız vardır. Bizim 7 boru kəmərimiz mövcuddur. Bu infrastruktur neft və qaz yataqlarımızdan enerji resurslarımızı müxtəlif istiqamətlərdə nəql etməyə imkan yaradır. Biz çoxlu maliyyə resursları əldə etmişik və bu, bizim enerji siyasətimiz nəticəsində mümkün olmuşdur. Bu gün isə biz enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi məsələsi, enerji təchizatının şaxələndirilməsi hasilatçılar, istehlakçılar, tranzit ölkələr üçün eyni dərəcədə vacibdir. Zənnimcə, maraqların kombinasiyası və səylərin bir araya yönəldilməsi və bunun bir növ sinxronlaşdırılması bizim planlarımızın uğurla həyata keçirilməsi üçün əsas ilkin şərtdir.  Azərbaycan əvvəldən Cənub enerji dəhlizinə dəstək vermişdir. Əslində, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlir: “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olmuşdur. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başladıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə apardığımız ciddi bir işdir. Zənnimcə, bu gün imzaladığımız Birgə bəyannamənin yaxşı gələcəyi vardır. Əminəm ki, gələn aylar ərzində biz bir çox mühüm hadisələrin şahidi olacağıq. Bu baxımdan enerji tərəfdaşlığı, Avropa İttifaqı, Avropa təsisatları ilə Azərbaycan arasında olan bu əməkdaşlıq uğurla davam edəcəkdir. Bu gün biz Azərbaycanda siyasi və iqtisadi islahatlara aid vəziyyəti də müzakirə etdik və bu, çox açıq, səmimi və dostluq şəraitində keçdi. Bu söhbət dostlar arasında idi və biz bir-birimizi etibarlı tərəfdaş və dost hesab edirik. Biz, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik. Fakt ondan ibarətdir ki, artıq uzun illərdir, Azərbaycanın əraziləri Ermənistanın işğalı altındadır. Təbii ki, bu, Azərbaycanda bir çox narahatlıqlar doğurur. Bu, regional təhlükəsizliyə potensial hədədir. Biz beynəlxalq təsisatlara, xüsusən də Avropa Parlamentinə çox minnətdarıq ki, ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid qətnamə qəbul etdilər. Bu qətnamə əvvəl qəbul olunmuş qətnamələrə tamamilə uyğundur. BMT-nin, Avropa Şurasının və ATƏT-in qətnamələrinə uyğundur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli nəinki bizim qaçqın və məcburi köçkünlərimizi öz yerlərinə qaytaracaq, həm də bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyümüzü bərpa etməyə gətirib çıxaracaq, habelə regiona proqnozlaşdırma, təhlükəsizlik gətirəcəkdir. Mən bir daha qeyd etmək istəyirəm ki, bizim ikitərəfli gündəliyimiz çox genişdir. çox şadam ki, cənab sədri Azərbaycanda qəbul edirəm. Mən çox şadam ki, 2011-ci il məhz burada, Bakıda belə mühüm səfərlə başlayır. Əminəm ki, belə tərəfdaşlıq ruhu bizim ikitərəfli münasibətlərimizdə həmişə əsas yer tutacaq və gələn aylar ərzində daha çox müsbət nəticələrimiz olacaqdır. Cənab sədr, ölkəmizə səfər etdiyinizə görə çox sağ olun və mən sizə səfərinizin yaxşı keçməsini arzulayıram”.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu çıxış edərək söyləyib ki, Avropa İttifaqı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları dəstəkləyir: “Bu gün Prezident bildirdi ki, o, Avropa İttifaqının “Şərq tərəfdaşlığı”nda üstün tutulmuş dəyərlərini ölkəsinin inkişafı üçün bir ilhamlandırıcı amil kimi qəbul edir. Bu,  əlbəttə ki, həm də bizim prinsiplərimizin aliliyini nəzərdə tutur. Biz bunu açıq şəkildə cənab Prezidentlə müzakirə etdik və bildirdik ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma - bunlar da bizim münasibətlərimizdə vacib bir məqamdır. İkitərəfli tərəfdaşlığımıza gəldikdə, bildiyiniz kimi, yeni Assosiasiya Sazişi mövcuddur ki, bununla bağlı artıq danışıqlar başlanıbdır. Məqsəd bizim strateji əlaqələrimizi daha da dərinləşdirmək və Azərbaycanı Avropa İttifaqının bazarına daha da yaxın etməkdən ibarətdir. Eyni zamanda, mən böyük məmnunluqla bildirirəm ki, biz vizanın asanlaşdırılması sazişi üzərində də danışıqlara başlayacağıq. Bu da yaxın gələcəkdə baş verəcək, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərlərini daha da asanlaşdıracaqdır. Hesab edirəm ki, bu, olduqca  əhəmiyyətli məsələdir ki, insanlar arasında təmaslar daha da sıx olsun. Eyni zamanda, Avropa İttifaqı siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycanı dəstəkləməkdə əzmlidir. Hesab edirik ki, gələn illər ərzində münasibətlərimizdə bu kimi məsələlər də vacib  hesab olunacaqdır. Bu baxımdan Azərbaycan öz töhfəsini verir. Eyni zamanda, hesab edirik ki, bizim enerji sahəsində əməkdaşlığımız çox yaxşı qurulubdur. Burada, mənim nümayəndə heyətimdə cənab Günter Ottinger də var, o da xüsusi olaraq, məhz, həmin məsələlərlə məşğuldur. Mən Prezident İlham Əliyevlə ikitərəfli dialoq apardım. Azərbaycan bu sahədə Avropa İttifaqının etibarlı  tərəfdaşıdır. Biz hesab edirik ki, Azərbaycan həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. Əslində, Azərbaycan  şaxələndirmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynayır. çünki biz bilirik ki, hələ Azərbaycan 1990-cı illərin ortalarında “Bakı-Tbilisi-Ceyhan” neft kəməri layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. İndi isə artıq növbə qazındır. Elə buna görə də biz bu gün Cənub qaz dəhlizi ilə bağlı Birgə bəyannaməni imzaladıq. Bu da Avropa İttifaqının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqdır. Bu dəhlizin yaradılması bizim müştərək strateji marağımızdan irəli gəlir”.
Xose Manuel Barrozu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb: “Bu regiona gəldikdə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması ilə bağlı öz narahatlığımı yenə də sizinlə bölüşürəm. Mən həm ailələrə, həm də icmalara üzümü tutaraq deyirəm ki, bəli, siz münaqişələrdən çox əziyyət çəkmisiniz. Amma artıq vaxt çoxdan yetişib ki, bu məsələnin həlli sülh yolu ilə təmin edilsin. Buna görə də ATƏT-in Minsk qrupu öz fəaliyyətini davam etdirməlidir. Bildiyiniz kimi, Avropa İttifaqı da öz səylərini göstərir. Mən, eyni zamanda, bu fürsətdən istifadə edərək, Prezident Əliyevə və sizə demək istəyirəm: həmin münaqişədən əziyyət çəkmiş bütün ailələrə və icmalara öz narahatlığımı bildirirəm. Eyni zamanda, əmin etmək istəyirəm ki, bu baxımdan Avropa İttifaqı öz səylərini davam etdirəcəkdir. Biz ərazi bütövlüyü prinsipini dəstəkləyəcəyik və bu baxımdan istəyirik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilsin. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini də dəstəkləyirik. çox ümidvar olduğumuzu bildirmək istəyirik ki, tərəflərin razılaşdırdığı hər hansı bir variant ortaya çıxarsa, biz bunu dəstəkləməyə hazır olacağıq və ondan sonra da bərpa işlərini görəcəyik”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
***
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun şərəfinə şam yeməyi verilib.

Paylaş:
Baxılıb: 928 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30