Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yanvar ayının bir günündə istifadəyə verilən körpü və keçidlər inkişaf tariximizə qızıl hərflərlə yazıldı

Yanvar ayının bir günündə istifadəyə verilən körpü və keçidlər inkişaf tariximizə qızıl hərflərlə yazıldı

27.01.2011 [11:33]

Dövlət başçısının kəsdiyi qırmızı lentlər sanki yeni həyatımıza açılan qapılar idi
Dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk olaraq hansı obyektin açılışını bildirən qırmızı lenti kəsməsini bəlkə də, xatırlamırıq. Əslində isə heç unudulası hadisə deyildi. çünki bu lent ondan sonra kəsiləcək yüzlərlə lentin müjdəçisi idi...
İki gün öncə kəsilən qırmızı lentlər isə özündə çox böyük bir anlamı ehtiva etdiyindən nəinki vətəndaş yaddaşına, hətta ölkəmizin inkişaf tarixinə öz izini qoydu. Hər açılan sabahımızın, hər başlanan günümüzün daha böyük uğurlara şahidlik etdiyinin fərqində olan, həmin açılış mərasimlərini respublika telekanallarından izləyən Azərbaycan xalqı, çox uzaq olmayan bir zamanda - cəmi bir neçə il əvvəl ölkəmizin büdcə gəlirlərinin artması nəticəsində ən yüksək inkişaf tempinə nail olacağımızı vəd edən Azərbaycan Prezidentinin çıxışlarını dinləyən sadə vətəndaşlar belə nailiyyətləri, hətta, xəyal edə bilməzdilər. Amma xəyalların bu günün gerçəyinə çevrildiyi artıq həqiqətdir: bütün dünyada böhran ili kimi qeydə alınan 2008-2009-cu illər respublikamızda uğurlar ili kimi yadda qaldı. Və həmin uğurların davamı bu günümüzün -2009-2011-ci illərin möhtəşəm reallıqlarıdır.
24 yanvar - inkişaf tariximizin qızıl səhifəsi
Bu səhifələrdən daha çox yazılacaq və bundan sonra açılış mərasimlərinin rəmzi vəsiqəsi olan qırmızı lentlərin kəsilməsi artıq yaddaşlarımıza köçəcək və heyrət doğuracaq. Necə ki, iki gün öncə ölkə başçısı İlham Əliyevin iştirak etdiyi - 24 yanvar tarixində baş tutmuş açılış mərasimlərinin reallaşdığı bir gündə istifadəyə verilən körpü və keçidlərin möhtəşəmliyi hər kəsi heyrətə saldı.
“Eyni zamanda, bu körpünün tikintisi onu göstərir ki, vaxtilə planlaşdırdığımız bütün məsələlər həyatda öz əksini tapır”. Bu sətirlər də bir neçə gün öncə Prezident İlham Əliyevin iştirak etdiyi açılış mərasimində söylədiyi təbrik nitqindən götürülüb. Və yəqin ki, oxucularımız “vaxtilə planlaşdırdığımız bütün məsələlər həyatda öz kəsini tapır” cümləsinə xüsusi diqqət yetirdi. Planlaşdırılmış və həyatda öz əksini tapacaq məsələlər sırasına sosial rifah halımızın yaxşılaşdırılmasından tutmuş, işğal olunmuş torpaqlarımızın azadlığına qədər hər bir məqam daxildir. ölkə başçısı bütün çıxışlarında öz seçicilərini - ölkə vətəndaşlarını bir daha əmin edir. O, planlaşdırılmış bu məsələlərin həlli üçün bütün səy və bacarıqlarını səfərbər edəcək. Bir gün ərzində paytaxtın müxtəlif ərazilərində bir neçə nəhəng layihələrin açılışı bir daha onu isbatlayır ki, verilən bütün vədlər uğurla həyata keçirilməkdədir.
Prezident İlham Əliyevin 2011-ci il 24 yanvar tarixində paytaxtın Aeroport dairəsi - Zuğulba yolunun 4,4-cü kilometrliyində yeni inşa olunmuş yerüstü piyada keçidinin açılışında kəsdiyi qırmızı lent sanki uğur və qələbələrin artıq intensivləşdiyini və həyatımızın bir parçasına çevrildiyinin müjdəçisi oldu. Bir-birindən cəmi bir neçə saat zaman fərqi ilə açılış mərasimi keçirilən Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba qəsəbəsi avtomobil yolunda inşa edilmiş Binə yol qovşağının, Xəzər rayonunda avtomobillərin hərəkətinin daha intensiv olduğu Aeroport dairəsi - Zuğulba yolunun 1,6 kilometrlik hissəsində inşa olunmuş yeni yeraltı piyada keçidinin, “Bakı şəhəri - Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba qəsəbəsi avtomobil yolunun yenidən qurulması, yol qovşaqlarının və piyada keçidlərinin tikintisi” layihəsi çərçivəsində inşa edilmiş Zığ qəsəbəsi - Aeroport və Bakı şəhəri-Mərdəkan qəsəbəsi istiqamətlərində avtomobillərin hərəkətinin təhlükəsiz və maneəsiz tənzimlənməsini təmin edən yol qovşağının açılışı respublika əhalisinə əsl bayram əhval-ruhiyyəsi yaşatdı.
Yoldan istifadə edən avtomobil və piyadalara rahat hərəkət şəraiti yaradan, insanların zövqünü oxşayan, ətraf mühitin təmizliyi qaydalarına əməl edən, beynəlxalq standartlara tam cavab verən bu layihələrin həyata keçirilməsi Azərbaycanda görülən işlərin maddi imkanlarımıza, maliyyə resurslarımıza əsaslanmasının göstəricisidir. Prezident İlham Əliyevin təbrik nitqində söylədiyi kimi bu göstəricilər dünyanı heyrətə salmaqla yanaşı, ölkə vətəndaşlarının rahatlığına hesablanmış quruculuq işləridir: “Dünyanın böhran, Azərbaycanın inkişaf illəri olan 2008-ci il böhranlı illər kimi tarixdə qalır, Azərbaycanda o illər ərzində, bu il və gələcək illərdə heç bir yubanma olmayacaqdır”.
Polad özül...
“İnfrastruktur layihələrinin həyata keçirilməsi üçün bizdə imkanlar da, maliyyə vəsaiti də vardır. 2011-ci ilin investisiya proqramı yaxın günlərdə təsdiq olunacaqdır. Bu proqramda nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər vəsait nəzərdə tutulub və bu da bizə imkan verəcək ki, həm bu gün, həm qarşıdakı illərdə Azərbaycanda bütün nəqliyyat sistemini müasirləşdirək, yaxşılaşdıraq və ən yüksək standartlara çatdıraq. Bu körpü dünyanın ən inkişaf etmiş ölkələrinin şəhərlərində tikilən körpülərdən geri qalmır. Bəlkə də, onlardan daha da üstündür, çünki ən qabaqcıl, ən yeni texnologiyalar burada tətbiq olunub”. Yenə də Prezident İlham Əliyevin çıxışlarının birindən sitat və 2011-ci ilin uğurlu başlanğıclarından biri kimi inkişaf tariximizə öz qızıl imzasını atan 24 yanvar təqvim vərəqi.
Bir gündə 4 böyük layihənin açılışı - ölkə Prezidentinin iş günlərindən biri və daha dəqiq desək, iş gününün bir neçə saatlıq hissəsi. Hələ gün başa çatmayıb. Daha hansı işlər görüləcək? Bu sualın cavabını 24 yanvar tarixinə zəmin yaradan zaman kəsiyinə ötəri bir baxış salmaqla, vermək olar. Bu günün uğurlu inkişafına yaranmış zəmin - polad özül məhz, həmin zaman kəsiyini əhatə edir - 2003-2010-cu illəri.
“2011-ci il yaxşı başlayır. Biz artıq birinci böyük açılışı qeyd edirik. Belə açılışlar il ərzində çox olacaqdır”. ölkə Prezidenti respublika sakinləri qarşısında öz vədini bir daha xatırladır. Qazanılmış uğurlardan, yaradılmış zəmindən danışmaq isə bizə düşər-qəzetçilərə. Təkcə onu qeyd edək ki, 24 yanvar tarixində açılışı həyata keçirilən layihələrin reallaşması zamanı ümumilikdə 40 hektardan çox ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, müxtəlif dekorativ ağac və gül kolları əkilib. İnşaat işləri zamanı yaşıllıqların suvarılmasının təşkili məsələsinə də diqqət yetirilib. Bunun üçün uzunluğu 15 kilometrə yaxın drenaj sistemi quraşdırılıb. Körpü və qovşaq yollarında müasir işıqlandırma sistemi yaradılıb.
Bakıda 10-dan çox yeni yol qovşaqları tikilib və bu proses davam edir. Tikilən bütün körpülər, yol qovşaqları ən yüksək standartlara cavab verir.
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr paytaxtın və bütün regionların həyatında mühüm dönüş yaradıb. Son illərdə daha geniş miqyas alan nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı tədbirlər bu bölmədə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşərək ölkəmizin ümumi, iqtisadi-sosial dinamikasına mühüm təsirini göstərib.
“Azadlıq Meydanı-Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı” yolunun yenidən qurulması başa çatıb. Hava Limanı istiqamətində eni 29,5 metr, uzunluğu 20 km olan 6 zolaqlı yol 28-30 sm qalınlığında beton örtük çəkilməklə inşa edilib. Respublikada ilk beton örtüklü bu yolun tikintisində Almaniyadan dəvət olunmuş mütəxəssislər də iştirak edib. Əcnəbi mütəxəssislər layihənin reallaşdırılması işinə yardım etməklə bərabər, həm də inşaat işlərinin Avropa standartları çərçivəsində həyata keçirilməsinə nəzarət ediblər.
Layihənin ikinci mərhələsi - Azadlıq Meydanı-Zığ dairəsi istiqamətində 8 zolaqlı asfalt örtüklü, eni 36 metr, uzunluğu 12 km olan yolda da işlər başa çatıb. Yoldakı 8 zolaqdan 4-ü sürət, 4-ü isə yerli hərəkət üçün nəzərdə tutulub. Yenidən qurulan şosse boyu piyadaların hərəkətini asanlaşdırmaq üçün eskalatorla təchiz edilmiş 5 yerüstü piyada keçidinin inşası layihə çərçivəsində reallaşmaqdadır. Yolun hər iki tərəfində eni 2-2,5 metr olan səki salınmaqla yanaşı, işıqlandırılma üçün xüsusi olaraq dizayn edilmiş işıq dirəkləri eni 2 metr olan ayrıca zolaqda yerləşdirilir. Yolboyu istinad divarlarının tikintisi də layihə çərçivəsində həyata keçiriləcək işlərin sırasına daxildir.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması ölkəmizdə həyata keçirilən nəhəng layihələrdən biridir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda beton örtüyün ümumi qalınlığı 28 sm-dir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq əhəmiyyət daşıdığından yolun çəkilişinə əcnəbi mütəxəssislər də cəlb edilib.
İyul ayının 10-da Təbriz küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində 4 saylı yolötürücü və “Excelsior” mehmanxanasının yaxınlığında yerləşən 2 saylı tunel istifadəyə verilib. Paytaxtın Heydər Əliyev, Babək və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində yerləşən körpü-tunel kompleksində 4 yolötürücü, 2 tunel və 1 dəmiryol körpüsünün inşası nəzərdə tutulub.
Hazırda istifadəyə verilən 1 yolötürücü və 1 tuneldə dizayn edilmiş paslanmaz materialdan olan işıqlandırma dirəkləri və istinad divarları nəfisliyi ilə seçilir. Yaşıllığa qərq edilmiş ərazi göz oxşayır. Həm yolötürücü, həm də tunelin giriş və çıxışlarında 8 ədəd xüsusi dizayna malik dekorativ sütun quraşdırılıb. Hər bir sütunu tamamlayan 700 kq-lıq qranit kürə xüsusi qaydada istiqamətləndirilmiş su axınının təsiri ilə öz oxu ətrafında fırlanmaqla maraqlı mənzərə yaradır. İstifadəyə verilən yolötürücü respublikamızda isitmə sistemi ilə təchiz edilmiş ilk belə qurğudur. Ən əsas məsələ isə odur ki, artıq belə nəhəng layihələrin reallaşmasında ixtisaslaşmış yerli mütəxəssislərimiz bu dəfə əcnəbi həmkarlarının köməyinə müraciət etməyiblər.
İstifadəyə verilən bir yolötürücü və bir tunelin 20.000 kv.m sahəsində yaşıllaşdırma-abadlıq işləri aparılıb.
400 kilometrdən artıq magistral yol çəkilib. Bundan başqa, təxminən 700 km respublika əhəmiyyətli və 2950 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb. Bu müddət ərzində onlarla yeni körpü tikilib, 30-dan çoxu təmir edilib. Dövlət başçısının birbaşa tapşırığı əsasında Böyük İpək Yolu yenidən qurularaq istifadəyə verilib.
Bilgəh, Nardaran, Maştağa, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Corat, Buzovna, Zuğulba, Şüvəlan, Pirallahı, Dübəndi, Zirə və digər kəndlərin yol təsərrüfatının yenidən qurulması sərnişinlərin keyfiyyətli nəqliyyat xidmətləri ilə əhatə olunması və əhalinin rahatlığı üçün mühüm rol oynayır.
Yeni layihə “Azərbaycanda Bakı Buxtasında Dəniz Körpüsünün Tikintisi üçün Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması” layihəsi müzakirə edilməkdədir.
Koreya Respublikası Hökuməti (Cənubi Koreya) layihənin 2009-2011-ci illərdə 12 ay ərzində həyata keçirilməsi üçün 1.6 milyon ABŞ dolları həcmində büdcə ayırıb. Məqsəd Bakı Buxtasında dəniz körpüsünün tikintisi üçün texniki iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması vasitəsilə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, Koreyanın dəniz körpüsü tikintisi və yol idarəetməsi sahəsində təcrübəsini Azərbaycan Respublikasında tətbiq etməklə azərbaycanlı mütəxəssislərin bacarıqlarının artırılması, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən yol inkişafına müvafiq olaraq əyalətlərdə kommunal xidmətin yaxşılaşdırılmasına və iqtisadi inkişafın gücləndirilməsinə töhfə verilməsi, layihənin müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində, iki ölkə arasında münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, Bakı şəhərinin yeni rəmzinin işlənib hazırlanması və gələcəkdə Xəzər dənizindən şəhərə giriş qapısının inşası nəzərdə tutulur. Bu da Bakı sakinlərinə müjdəmizdir. Amma bu da son deyil. Yaşadığımız ildə hansı möcüzələrin şahidi olacağıq, hansı heyrətamiz layihələrin iştirakçısına çevriləcəyik xəyal belə edə bilmərik. Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, xəyal etmədiklərimizin gerçəyə çevrildiyi isə artıq həqiqətdir.
KƏBUTƏR

Paylaş:
Baxılıb: 993 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30