Prezident İlham Əliyev respublikamızın qərb bölgəsinə səfər edib
10.02.2011 [09:48]
Azərbaycan Prezidenti İlham Əliyev dünən respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin ətrafında salınmış Heydər parkında görülmüş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev qazaxlılara müraciətlə deyib ki, hər dəfə burada olarkən ürəkdən sevinirəm ki, Qazax rayonunda işlər çox yaxşı gedir: “Böyük quruculuq-abadlıq işləri aparılır, rayon inkişaf edir, yeni müəssisələr yaradılır. Əlbəttə, bu məni çox sevindirir”.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycanda Qazax rayonunun xüsusi əhəmiyyəti var, xüsusi yeri var: “Bu rayonun inkişafı, əlbəttə ki, çox böyük məna daşıyır. Bütün rayonların inkişafı çox vacibdir. Amma xüsusilə sərhəd bölgələrinin, paytaxtdan uzaqda yerləşən rayonların inkişafına daha da böyük diqqət göstərilir”.
Rayon sakini Məmməd Yusifov qazaxlılar adından Prezident İlham Əliyevə minnətdarlıq edib.
Sonra xatirə şəkli çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonunda Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak edib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük sistemində də davamlı inkişaf gedir. Gömrük xidməti daha da müasirləşir, işçilərin sosial və iş şəraitlərinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Əsaslı şəkildə yenidən qurulmuş Sınıqkörpü sərhəd gömrük məntəqəsi də bu qəbildən olan işlərin davamıdır. Azərbaycandan Gürcüstana əsas keçid məntəqəsi olan və sərhəd qapısı funksiyasını yerinə yetirən, müasir standartlara cavab verən yeni gömrük məntəqəsinin inşası 2010-cu ilin oktyabrında başa çatdırılıb. Yenidənqurma işləri zamanı burada geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb. Məntəqənin ərazisində yardımçı binalarla yanaşı, üçmərtəbəli inzibati bina da tikilib. Sərhəd gömrük məntəqəsindən gün ərzində yüzlərlə avtomobil və minlərlə insan keçir. Cənubi Qafqaz regionunda bu cür müasir sərhəd gömrük məntəqələri yalnız Azərbaycandadır.
Dövlətimizin başçısı gömrük məntəqəsinin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoguşəyə baxıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, gələcəkdə ərazidə yeni yük terminalının tikintisinə başlanacaq. Regionda ən böyüklərindən biri olacaq bu terminalda məhsulların saxlanması üçün soyuducu anbarlar, sərnişinlərin qalması üçün hotel, habelə ofis də tikiləcək.
İnzibati binada əməkdaşların nəzəri biliklərinin artırılması üçün təlim otaqları, habelə muzey və akt zalı da var. Əməliyyat otağı ən zəruri və müasir texniki avadanlıqla təchiz olunub. Prezident İlham Əliyev burada gömrük nəzarətinin həyata keçirilməsi prosesini izləyib.
Gömrük məntəqəsinin ərazisində quraşdırılmış xüsusi rentgen aparatından dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Həmin aparat vasitəsilə nəqliyyat vasitələrindəki bütün yükləri aydın görmək mümkündür. Bu isə qaçaqmalçılıq yolu ilə daşınan malların aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır.
Hazırda məntəqədə 4 gömrük nəzarəti xətti var. Onların ikisi ixrac, ikisi isə idxal gömrük nəzarətini həyata keçirir. Məntəqədə vahid pəncərə sistemi yaradılıb, burada yük, maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları çalışırlar. Sanitar karantin, fitosanitar və baytar nəzarəti xidməti də burada yerləşir.
Prezident İlham Əliyevə Sınıqkörpü tarixi-memarlıq abidəsi haqqında da məlumat verilib. Bildirilib ki, XII əsrin yadigarı olan bu abidə uzun illər ərzində ölkəmizi Gürcüstanla əlaqələndirən keçid məntəqəsi rolunu oynayıb. İndi dövlət əhəmiyyətli abidə kimi qorunan körpüdə gələcəkdə bərpa işlərinin aparılması nəzərdə tutulur.
Sərhəd gömrük məntəqəsi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib. Dövlətimizin başçısı yolun yenidən qurulması sxemi ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirib ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni yolötürücülərinin tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. “Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun təkmilləşdirilməsi” layihəsinə uyğun olaraq inşa edilən yolda işlərə ötən ilin avqustunda başlanıb. Prezident İlham Əliyevin ölkənin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar çərçivəsində Qazax-Sınıqkörpü avtomobil yolunun tikintisi strateji əhəmiyyət kəsb edir. İkizolaqlı yolun uzunluğu 36 kilometr, eni 15 metrdir. Yolda 3 körpü, 8 avtobus dayanacağı inşa edilib. Bakı-Gürcüstan sərhədi avtomobil magistralının mühüm hissəsi olan bu yol dünya standartları səviyyəsində tikilib. İndi Azərbaycandan Gürcüstana və əksinə hərəkət edən yük və sərnişin avtomobillərinin hərəkətindəki bütün maneələr aradan qaldırılıb.
Prezident İlham Əliyev: “Biz bu layihəni artıq başa çatdırmışıq. Bu il o qalan hissə də istismara veriləndən sonra artıq Bakı-Gürcüstan sərhədi yolu tam hazır vəziyyətdə olacaqdır. çox böyük layihədir, çox böyük zəhmət, maliyyə vəsaiti, peşəkarlıq tələb edirdi. Amma mən çox şadam ki, buna nail ola bilmişik. Bununla bərabər, indi başqa istiqamətlərdə də işlər gedir, cənub, şimal istiqamətlərində yollar tikilir. Gələcəkdə bu yolun genişləndirilməsi haqqında gərək fikirləşək. çünki onun bir hissəsi ikizolaqlı, bir hissəsi dördzolaqlıdır. Gələcəkdə ikizolaqlı hissələri gərək genişləndirək. İndi yük daşımaları baxımından ən intensiv yol bu yoldur. Ona görə, əlbəttə, gərək bu yol dördzolaqlı olsun. Rusiya sərhədinə gedən yol dördzolaqlıdır, İran sərhədinə gedən yol dördzolaqlıdır. Bu yol da dördzolaqlı olmalıdır. Düzdür, burada məsafə böyükdür, 503 kilometrdir. Bunun təxminən 300 kilometri, yəni 60 faizi ikizolaqlıdır. Yəqin ki, ya bu il, yaxud da gələn ildən biz bu işlərə başlamalıyıq. Layihələndirmə işləri gedir. Bu yolu rahat genişləndirmək olar”.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib, inşaatçılarla görüşüb.
Prezident İlham Əliyev Qazax rayonunun Birinci Şıxlı kəndində yeni məktəb binasının açılışında iştirak edib. Azərbaycan Prezidentinin “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 2009-cu il 4 dekabr tarixli Sərəncamına əsasən məktəbin tikintisinə 2010-cu ilin yanvarında başlanılıb, cari ilin yanvarında başa çatdırılıb.
Bildirilib ki, hələ sovet dövründə Birinci Şıxlı kəndində bir neçə məktəb binası tikilsə də, onlar mövcud tələbatı ödəyə bilməmişdi. Torpaq sürüşməsinə meyilli ərazilərdə, üstəlik də keyfiyyətsiz tikilən binalar istismar müddəti bitməmiş uçub dağılırdı. 1987-ci ildə istifadəyə verilən məktəb binası da eyni təhlükə ilə üzləşmişdi.
Tikinti işlərinə başlayarkən əvvəllər buraxılan səhvlər dərindən təhlil edilib, binanın özülü tam monolit betondan tökülüb. Müasir görünüşü ilə diqqəti cəlb edən 640 şagird yerlik məktəbdə təlim-tədrisin uğurla və keyfiyyətlə aparılması üçün bütün şərait yaradılıb. Burada 49 otaq, o cümlədən, 27 sinif otağı, zəruri avadanlıqla təchiz olunmuş idman salonu var. Məktəb istilik sistemi ilə təchiz edilib. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları da diqqət mərkəzində saxlanılıb, fənn laboratoriyalarında bütün lazımi şərait yaradılıb.
Prezident İlham Əliyev yeni binanın açılışını bildirən lenti kəsib, sinif otaqlarına, idman salonuna baxıb.
Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Poeziya evinin qarşısında Xalq Şairi Səməd Vurğunun heykəlinin önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verilib ki, Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilib, burada yaşıllıq zolağı salınıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm verib, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmayıb. O, Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak etmişdi.
Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Azərbaycan Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artıb, yeniləri də əlavə olunub. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə edib. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olacaq, söz-sənət vurğunlarının daimi görüş yerinə çevriləcək.
Dövlətimizin başçısı Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də, Ulu öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillərə baxıb.
Prezident İlham Əliyev: “çox şadam ki, Poeziya evi belə gözəl vəziyyətə gətirilmişdir. Yeddi il bundan əvvəl burada görüşmüşdük. Əlbəttə ki, o dövrə uyğun şərait mövcud idi. Ancaq indiki müasir dövrdə, əlbəttə, Səməd Vurğun Poeziya evi bax belə müasir səviyyədə olmalıdır. Onun ətrafı da abadlaşdırıldı, bağçası da, giriş hissəsi də. Muzey hissəsi də ən gözəl, müasir səviyyədədir. Səməd Vurğunun xatirəsi həmişə Azərbaycan xalqının qəlbində yaşayır. O, böyük sənətkar, böyük şair, böyük vətəndaş olmuşdur. Əlbəttə, bu Poeziya evinin belə gözəl vəziyyətə gətirib çatdırmağımız, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşının qəlbində əks-səda doğuracaqdır”.
Azərbaycan Prezidenti İlham Əliyev dünən respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Tovuz şəhərində yeni salınmış mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və parkı gəzib.
Prezident İlham Əliyev parkda aşıq musiqisini dinləyib, ifaçılarla xatirə şəkli çəkdirib. Dövlətimizin başçısına saz hədiyyə edilib. Aşıqlar qədim xalq musiqisinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür ediblər. Prezident İlham Əliyev uşaqların, gənclərin, yeniyetmələrin milli musiqimizə çox böyük maraq göstərmələrinin yaxşı hal olduğunu vurğulayıb.
Sonra Prezident İlham Əliyev rayonda tikilən beşulduzlu mehmanxananın layihəsi ilə tanış olub.
Prezident İlham Əliyev tikinti ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Dünən Tovuzda Olimpiya-İdman Kompleksi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Kompleksin təməli 2007-ci il mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdu. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və kompleks ilə tanış olub.
Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraitlə yaxından tanış olub, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində tikilmiş süd emalı zavodunun açılışında iştirak edib. Zavodun tikintisi ötən ilin dekabrında başa çatdırılıb. “Gilan Holdinq”in sifarişi ilə tikilmiş müəssisənin istehsal sahəsi 3,9 min kvadratmetrdir. Zavodda qatıq, kəsmik, ayran, dovğa, xama və pendir istehsal edilir. Hazırda zavodun emal gücü sutkada 20 tondur. Maksimum güclə işlədikdə isə sutkada 40 ton süd emal etmək mümkündür. Müəssisənin fəaliyyətə başlaması rayonda heyvandarlığın inkişafına müsbət təsir edəcək. Zavodu südlə təmin etmək üçün ətraf kəndlərdə soyuducu kameralarla təchiz olunmuş 6 qəbul məntəqəsi təşkil edilib. Satış şəbəkəsi, müasir laboratoriyası və digər xidməti bölmələri olan zavodda 130 nəfər işlə təmin olunub. Prezident İlham Əliyev zavodun rəmzi işə salınmasını bildirən düyməni basıb.
Dövlətimizin başçısı süd qəbulu, qatıq, kəsmik, dovğa-ayran və pendir sexlərində iş prosesini izləyib, zavodun məhsullarının nümayiş etdirildiyi stendlə tanış olub, hazır pendirin dadına baxıb. Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon sakini Fəxrəddin Əhmədov tovuzlular adından Prezident İlham Əliyevə minnətdarlıq edib.
Sonra xatirə şəkli çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak edib. Prezident İlham Əliyev Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidən qurulması işlərini və hazırkı vəziyyətini əks etdirən fotostendə baxıb. Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev yeni yolda avtomobili idarə edib, görülən işləri yüksək qiymətləndirib.
Dünən Prezident İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərində və Samux rayonunda da olub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

