Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı keyfiyyətcə yeni mərhələyə daxil olur

Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı keyfiyyətcə yeni mərhələyə daxil olur

29.04.2011 [10:10]

Ukrayna Prezidenti Viktor Yanukoviç ölkəmizdə rəsmi səfərdə olub
Dünən Azərbaycan Respublikasına səfərə gələn Ukrayna Prezidenti Viktor Yanukoviçin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Prezidentlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü başa çatandan sonra iki ölkənin Prezidentləri Şurasının üçüncü iclası olub. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev iclası açaraq deyib: “Hörmətli Viktor Fyodoroviç! Hörmətli qonaqlar! Sizi Azərbaycanda ürəkdən salamlayıram. Sizi ölkəmizdə görməyə çox şadam. Bu, Sizin Ukrayna Prezidenti kimi Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu olacaq, yaxşı nəticələr əldə ediləcək, biz irəliyə doğru fəal hərəkət edəcəyik. Mən, həmçinin keçən il Sizin ölkənizə səfərim zamanı mənə göstərilmiş qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Biz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmişik. Bütün istiqamətlər üzrə fəal irəliləyirik. Hökumətlərarası Komissiya səmərəli işləyir, siyasi dialoq inkişaf edir. Bu gün Sizinlə təkbətək görüşdə biz münasibətlərimizin geniş gündəliyini müzakirə etdik. Lakin bu gün razılaşdırılmış gündəliyi Prezidentlər Şurasının iclasında da müzakirə edəcəyik. Gündəlik geniş, çox müfəssəl və konkretdir. Əminəm ki, Prezidentlər Şurasının iclasının yekunlarına əsasən biz öz münasibətlərimizin inkişafının sonrakı addımlarını müəyyən edəcəyik. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk, onların qədrini bilirik və əminik ki, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi regional kooperasiyanın da genişlənməsinə kömək edəcəkdir. Sizi bir daha ürəkdən salamlayıram və ümid edirəm ki, səfər uğurlu və xoş olacaqdır. Xoş gəlmisiniz!”.
Sonra Ukrayna Prezidenti Viktor Yanukoviç çıxış edərək deyib: “Sağ olun, möhtərəm İlham Heydər oğlu! Hörmətli iclas iştirakçıları! İlham Heydər oğlu, mən ilk növbədə, Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edildiyimə və buraya gəlmək imkanıma görə Sizə minnətdarlığımı bildirmək istərdim. Bizim ölkələr artıq çoxdandır ki, strateji tərəfdaşlardır. Mən deyərdim, bu, bir-biri ilə çox yaxın olan iki ölkə arasında münasibətləri necə qurmaq lazım olduğunu göstərən parlaq nümunədir. Biz ikitərəfli səviyyədə münasibətlərimizi çox uğurla inkişaf etdiririk. Bizim Hökumətlərarası Komissiya və altkomissiyalar gözəl işləyirlər. Onlar bütün istiqamətlər üzrə iş aparırlar. Keçən ilin yekunları bu işin nəticəsi olmuşdur. Bu səmərəli işin əyani nümunəsi belədir: ölkələrimiz arasında əmtəə dövriyyəsi artımı rekord səviyyəyə çatmışdır. Lakin bu, hələ son hədd deyildir. Əminəm ki, imkanlarımız bundan qat-qat genişdir. Bunu görmək mənə xoş oldu ki, Ukrayna Rusiyadan sonra Azərbaycanın ikinci ticarət tərəfdaşına çevrilmişdir. Bu, çox gözəl nəticədir”.
Azərbaycan və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasından sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı barədə Birgə Bəyannaməsi”ni, “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasının Protokolu”nu, “Azərbaycan Respublikası ilə Ukrayna arasında 2011-2015-ci illərdə Hərtərəfli Əməkdaşlığa dair Tədbirlər Planı”nı Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç imzalayıblar.
Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin birgə mətbuat konfransı olub. Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, ölkələrimiz arasında ənənəvi çox mehriban dostluq münasibətləri mövcud olub: “Hazırda bu münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoymuş, konkret məzmun kəsb etmişdir. Münasibətlərimiz dinamizmi və əlaqələrimizi bütün istiqamətlərdə inkişaf etdirmək üçün qarşılıqlı əzmlə fərqlənir. Siyasi baxımdan çox fəal dialoq aparırıq. Biz daim əlaqədəyik və rəsmi səfərlər mübadiləsi ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyəsindən xəbər verir”.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, hərbi-texniki sahədə əməkdaşlıq da ənənəvi formata malikdir: “Bu gün biz iqtisadiyyatın bu mühüm seqmentində yeni keyfiyyət səviyyəsinə çıxırıq, əməkdaşlığın istiqamətlərini genişləndiririk. Əminəm ki, bu gün mövcud olan təcrübə qarşılıqlı faydalı hərbi-texniki əməkdaşlığı çox fəal inkişaf etdirməyə imkan verəcəkdir. Bu əməkdaşlıq həm də birgə tədqiqatları və müştərək istehsalı nəzərdə tutur. Energetika sahəsində əməkdaşlıq münasibətlərimizin mühüm tərkib hissəsidir. Burada işlərimiz çox uğurla gedir. Bu artımın nə qədər sürətli olmasını görmək üçün Azərbaycandan Ukraynaya neft və neft məhsulları satışının həcminə dair keçən ilin statistikasına nəzər salmaq kifayətdir. Təkcə keçən il Ukraynaya təqribən 1,5 milyon ton Azərbaycan nefti nəql edilmişdir. Bu, ölkələrimiz arasında fəal və çox səmərəli əməkdaşlığın nəticəsi olan yeni layihədir. Bu məsələ uzun illər boyu diskussiya mərhələsində olmuşdur. Bu gün o, artıq özünün konkret həllini tapmışdır”.
Ukrayna Prezidenti Viktor Yanukoviç söyləyib ki, Azərbaycan iqtisadiyyatı ilbəil çox yüksək sürətlə inkişaf edir: “Bizim üçün bu, hər hansı kəskin daxili və xarici siyasi dəyişiklikləri qəbul etməyən dövlət idarəçiliyi sisteminin necə səmərəli işləyə bilməsini göstərən əyani nümunədir. Yəni, sabitlik dövlətin inkişafının əsasıdır. Əlbəttə, mənə çox xoşdur ki, Azərbaycanın Ukraynaya münasibətdə siyasəti də bu sabitliyin tərkib hissəsidir. Bu ənənələr hələ Heydər Əliyevlə başlanmışdır”.
Prezident Viktor Yanukoviç deyib ki, ölkələrimiz arasında münasibətlərin əsasını təşkil edən ənənələr davam edir: “Lakin əgər bu gün ölkələrimizin bu qədər böyük potensiala malik olduğu bir şəraitdə xalqlarımızın həyatını yaxşılaşdırmağın əsası olan iqtisadiyyatın səviyyəsini xeyli artırmaq vəzifəsini qarşıya qoymasaq, yəqin ki, haqlı olmarıq”.
*  *  *
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç dünən birgə işçi nahar ediblər. Səmimi söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
*  *  *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç dünən Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Ukrayna Prezidenti Viktor Yanukoviç Şəhidlər Xiyabanını da ziyarət edib.
*  *  *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviçin şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
*  *  *
Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri dünən başa çatıb.

Paylaş:
Baxılıb: 924 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30