Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlət başçısı İlham Əliyev Sabirabad və Saatlı rayonlarında səfərdə olub

Dövlət başçısı İlham Əliyev Sabirabad və Saatlı rayonlarında səfərdə olub

06.05.2011 [09:29]

Prezident İlham Əliyev: 2013-cü ilə qədər ikinci regional proqramın başa çatması ilə bağlı bütün sosial infrastruktur məsələləri həllini tapmalıdır
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gedib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda rayonda abadlıq və quruculuq işlərinin növbəti mərhələsinə başlanıb. Bu mərhələdə Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Qeyd edilib ki, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədi ilə rayonun 7 min 400 təsərrüfatını əhatə edən və 33 min 500 nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 68 kilometrlik Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun əsaslı surətdə yenidən qurulması üçün dövlətimizin başçısının ötən ilin noyabrında imzaladığı Sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan maliyyə vəsaiti ayrılıb. Artıq bu yolun 15 kilometrlik Sabirabad-Qasımbəyli hissəsinin əsaslı bərpası və asfaltlanması işləri başa çatdırılıb. Hazırda yolun digər hissələrində yenidənqurma işləri davam etdirilir. Sabirabad rayonunun həyatında mühüm əhəmiyyətə malik olan bu yolun yenidən qurulması təbii fəlakətdən zərər çəkən əhalinin rahatlığını təmin etməyə və kəndlərarası avtomobil əlaqəsini daha da asanlaşdırmağa imkan verəcək.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin açılışından sonra Qasımbəyli kəndində əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbinə gəlib. Dövlətimizin başçısını ictimaiyyətin nümayəndələri hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev kənd sakinlərini salamlayaraq deyib ki, Azərbaycanda bütün kənd yolları təmir olunur, yenidən tikilir: “Həm Bakıətrafı qəsəbələrdə, həm də ən ucqar kəndlərdə, ən ucqar rayonlarda yolların tikintisi prosesi sürətlə gedir”.
Dövlət başçısı İlham Əliyev Sabirabad rayonunda bütün sosial və iqtisadi məsələlərin tezliklə öz həllini tapmasını istədiyini bildirib: “Bunu etmək üçün əlbəttə ki, əlavə vəsait ayrılacaqdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan bütün məsələlər həllini tapmalıdır. Növbəti bir neçə il ərzində əsas infrastruktur məsələləri həllini tapacaqdır. Məktəb tikintisinə böyük ehtiyac vardır. Sabirabadda 84 məktəb vardır. Orada təmir işləri aparılmalıdır, yeni məktəblər tikilməlidir. Kənd yolları, içməli su, kanalizasiya layihələri hazırlanır. Bütün rayonlarda olduğu kimi, qazlaşdırma layihəsi də hazırlanır. İndi rayonun əksər kəndlərinə təbii qazın verilməsi məsələsi gündəmdədir, bu məsələyə baxılır. Dövlət Neft Şirkətinə müvafiq tapşırıqlar verilmişdir ki, bu məsələ tezliklə, iki il ərzində öz həllini tapsın. Qasımbəyli kəndi keçən il sel və daşqınlar nəticəsində subasmaya məruz qalmışdır. Mənə verilən məlumata görə, bütövlükdə Sabirabad rayonunda mindən artıq ev uçmuşdur, ya da qəzalı vəziyyətə düşmüşdür. Bu evlərin bərpası, yenidən tikilməsi prosesi gedir, minə yaxın ev tikilibdir. Ancaq hələ ki, bu proses davam edir. Biz burada əsas vəzifəmizi onda görürük ki, gələcək illərdə istənilən təbii fəlakətə hazır olaq. Bu məqsədlə bəndbərkitmə işləri aparılır, daha da keyfiyyətlə aparılmalıdır. Daha da genişmiqyaslı işlər aparılmalıdır. Eyni zamanda, evlərin bərpası,  məktəblərin tikintisi, tibb məntəqələrinin təmiri işləri daha da sürətlə aparılmalıdır. Mən ümid edirəm ki, nəzərdə tutduğumuz bütün vəzifələr icra ediləcəkdir”.
Prezident İlham Əliyev vurğulayıb ki, 2013-cü ilə qədər ikinci regional proqramın başa çatması ilə bağlı bütün sosial infrastruktur məsələləri həllini tapmalıdır.
Sakinlər dövlətimizin başçısına görülən işlərə görə minnətdarlıqlarını bildiriblər.
Sonra sakinlər dövlətimizin başçısı ilə xatirə şəkli çəkdiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabadın Qasımbəyli kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdən sonra əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbin binası ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, Qasımbəyli kənd orta məktəbinin binasında yaradılan şərait Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Son illər ölkəmizdə yüzlərlə yeni məktəb binalarının inşası, bir çoxunda yeni korpusların tikilməsi həyata keçirilən təhsil islahatlarının mühüm tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açır. Bu, bir daha təsdiqləyir ki, “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlər öz bəhrəsini verir. Yeni təhsil ocaqlarının inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təhsilin inkişafına qayğı işində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Fondun bu sahədə həyata keçirilən dövlət siyasətinə verdiyi dəstək və onun təşəbbüsü ilə tikilən çoxsaylı yeni məktəb binaları Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edilib ki, ötən ilin mayında Kür çayının daşması ilə yaranan təbii fəlakət nəticəsində Qasımbəyli kəndinə külli miqdarda ziyan dəyib, demək olar ki, bütün infrastruktur dağılmışdı. Kənd məktəbi də tamamilə yararsız vəziyyətə düşmüşdü. Lakin dövlətimizin başçısının tapşırığına əsasən məktəbin binası qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulub istifadəyə verilib.
Dövlətimizin başçısına məlumat verilib ki, əsaslı təmirdən sonra daha geniş və müasir standartlara uyğunluğu ilə seçilən bu məktəb binası qasımbəylililər üçün əsl hədiyyə olub. Hazırda 246 şagird yeri olan binada təlim-tədris üçün bütün şərait yaradılıb, sinif otaqları zəruri avadanlıqla təchiz edilib. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları diqqət mərkəzində saxlanılıb. Fənn laboratoriyalarında da yüksək şərait yaradılıb. Əyani vəsaitlərin bolluğu ilə diqqət çəkən siniflərdə şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün heç bir problem yoxdur. Şagirdlərin yüksək təhsili və pedaqoji kollektivin səmərəli fəaliyyəti üçün bütün amillər nəzərə alınıb. Məktəb istilik sistemi ilə təchiz olunub, burada yaradılmış müasir idman zalında zəruri avadanlıq quraşdırılıb.
Prezident İlham Əliyev məktəbin idman zalında güləşçilərin nümunəvi çıxışlarını izləyib.
Bildirildi ki, rayonda təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə bir sıra digər tədbirlər də həyata keçirilir. Sabirabadın Yuxarı Axtaçı kəndində 240 şagird yerlik orta məktəb binası tikilir. Ulacalı, Mürsəlli, Bala Həşimxanlı kənd orta məktəblərində əsaslı təmir işləri başa çatdırılıb, Əsgərbəyli və Muradbəyli kənd məktəblərində isə yenidənqurma işləri davam etdirilir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Sabirabadın Qasımbəyli tam orta məktəbi ilə tanışlıqdan sonra ötən ilin mayında Kür çayının daşması nəticəsində bu kənddə evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olub. Sakinlər dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Dövlət başçısı sakinlərlə söhbət edib.
Sonra Prezident İlham Əliyev Qasımbə
yli kənd sakini Bəxtiyar Abışovun evində olub. Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, təbii fəlakət nəticəsində evlərini itirən əhali üçün bütün standartlara uyğun və yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilməklə yeni evlər inşa olunub. Yeni mənzillər əvvəlkilərlə müqayisədə daha genişdir və otaqların sayı da çoxdur.
Dövlətimizin başçısına bildirilib ki, Qasımbəyli kəndində 74 ev tikilib və onlardan 55-i artıq istifadəyə verilib. ümumilikdə isə Qasımbəyli də daxil olmaqla, Sabirabadın Yuxarı Axtaçı, Muradbəyli və Əsgərbəyli kəndlərində tikilən 169 fərdi evdən 85-i artıq istifadədədir. Prezident İlham Əliyevə məlumat verilib ki, Kür və Araz çaylarının daşması nəticəsində dəymiş ziyanın aradan qaldırılması və dağılmış infrastrukturun bərpası demək olar ki, başa çatdırılıb. Zərər çəkən insanlara 10 milyon manata qədər kompensasiya ödənilib. Sabirabad rayonunun Kürboyu ərazilərində yerləşən kəndlərində bəndvurma və sahilbərkitmə işlərinin əsas mərhələsi başa çatdırılıb. Bu il rayonun ərazisində Kürün sağ və sol sahilləri boyunca 16 kilometr məsafədə mühafizə bəndi təmir olunub, silsilə qurğular inşa edilib. ümumilikdə ötən müddətdə Kür, Araz və digər çaylar boyunca kompleks mühafizə tədbirləri həyata keçirilib, əhalinin təhlükəsizliyinin maksimum müdafiəsi sahəsində ciddi işlər görülüb.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Qasımbəylidə tikilmiş yeni evlərlə tanışlıqdan sonra Əsgərbəyli kəndində olub. Dövlət başçısı onu səmimiyyətlə qarşılayan kənd sakinləri ilə görüşüb söhbət edib.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Sabirabada səfərini başa çatdıraraq Saatlı rayonuna gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzindəki parkda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Dövlətimizin başçısına məlumat verilib ki, rayonda abadlıq və yaşıllaşdırma sahəsində diqqət çəkən işlərdən biri Heydər Əliyev adına park və meydandır. ümumi sahəsi 5,6 hektar olan park və meydan rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindəndir. Burada geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, fəvvarə quraşdırılıb. Meydanın 5 min kvadratmetrdən artıq hissəsinə milli ornamentli plitələr döşənib, həmişəyaşıl və dekorativ ağaclar, gül kolları əkilib, yaşıllıq zolaqları salınıb. Burada, həmçinin, Heydər Əliyev muzeyi fəaliyyət göstərir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, dövlətimizin başçısının 2010-cu ildə imzaladığı Sərəncama əsasən yenidən qurulan yolun ümumi uzunluğu 17 kilometrdir. Rayonun səkkiz yaşayış məntəqəsini əhatə edən bu müasir yoldan 20 mindən artıq sakin istifadə edəcək. Qeyd edilib ki, yerli əhəmiyyətli Saatlı-Musalı-Məzrəli avtomobil  yolunun istifadəyə verilməsi nəticəsində Saatlı və İmişli şəhərləri  arasındakı məsafə 40 kilometrədək qısalıb. Yolun 14,6 kilometri Saatlı şəhər - Məzrəli kəndinin, 2,4 kilometri isə Musalı kəndinin ərazisinə düşür. Yola 16 santimetr qalınlığında asfalt örtüyü döşənib. Müasir səviyyədə və yüksək keyfiyyətlə yenidən qurulmuş yol kənarlarında piyadalar üçün səkilər düzəldilib, ağaclar əkilmiş, yaşıllıqlar salınıb, yol boyu ətraf ərazi abadlaşdırılıb. Avtomobil yolunda müasir işıqlandırma sistemi qurulub. Yolun üzərindəki keçidlər bərpa olunub.
Yolun istifadəyə verilməsi avtomobillərin rahat və təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində rayonda aparılan quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sakinlər Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşdən sonra “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı “Aqroservis” filialının açılışında iştirak edib. Filialın kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevə məlumat verib ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yeni yaradılan Saatlı “Aqroservis” filialı rayonda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. ümumi sahəsi 1 hektar olan Saatlı “Aqroservis” filialının tikintisinə 2010-cu ildə başlanıb. Filialın ərazisində inzibati bina, təmir emalatxanası, texnikaların saxlanılması üçün talvar və açıq meydança yaradılıb. Bundan əlavə, filialda gübrə və pestisidlər anbarı da vardır. ümumi tutumu 2 min ton olan anbarda Almaniyadan gətirilmiş pestisidlər, Rusiya, Ukrayna və Qazaxıstan istehsalı olan mineral gübrələr fermerlərə veriləcək. Filialın təmir emalatxanasında kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərmək üçün hərtərəfli şərait yaradılmışdır. Filialda 30 nəfər daimi işlə təmin edilib.
Prezident İlham Əliyevə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional logistik bazaları, aqroservis filialları barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, hazırda Sabirabad, Şəki, Cəlilabad, Şəmkir, Bərdə və Xaçmaz rayonlarında cəmiyyətin regional logistik bazaları fəaliyyət göstərir. On səkkiz rayonda isə “Aqroservis” filialları var. Bu il daha 5 filialın istifadəyə verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev cəmiyyətin rayonlararası təchizat, regional logistik bazalarının və aqroservis filiallarının əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb.
Saatlı “Aqroservis” filialındakı texnika ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, buraya, ümumilikdə, 3 milyon 700 min manat dəyərində kənd təsərrüfatı texnikası verilib. Onlardan 2 milyon 900 min manatlıq texnika lizinqə, yerdə qalanı isə filiala verilib. Filialda Finlandiya, Rusiya, Türkiyə və Polşada istehsal edilən kənd təsərrüfatı texnikaları ilə yanaşı, Gəncə avtomobil zavodunda buraxılan traktorlar da var. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə Gəncə avtomobil zavodu arasında bağlanmış müqaviləyə əsasən hər il cəmiyyət zavoddan 500 traktor alır. Bundan əlavə, Gəncə avtomobil zavodunda bu traktorlar üçün kotanlar da istehsal edilir. İndiyədək, cəmiyyət zavoddan 1890 traktor alıb. Filialın fəaliyyətə başlaması Saatlı rayonunda kənd təsərrüfatı məhsullarının istehsalçılarına geniş imkanlar açacaq. Buradakı müasir kənd təsərrüfatı texnikalarının fermerlərə verilməsi məhsulun keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, bolluğuna da imkan verəcək. Filialda ümumilikdə 290 texnika var. Onlardan 88-i traktor, 27-si kombayn, yerdə qalanları isə asılan və qoşulan texnikalardır.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı “Aqroservis” filialı ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.
Bununla da Saatlı rayonuna səfərini başa çatdıran Prezident İlham Əliyev İmişli rayonuna gəlib.

Paylaş:
Baxılıb: 965 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30