Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir
29.06.2011 [09:39]
Dünən Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli uşaqlar Fələstin Dövlətinin Prezidentinə gül dəstələri təqdim ediblər.
Hava limanının ali qonaqlar üçün salonunda Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və Baş nazirin müavini Abid Şərifov arasında qısa protokol söhbəti olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın təkbətək görüşü olub.
Görüşdə siyasi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin vəziyyəti və inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüşün iştirakçılarına müraciətlə deyib: “Hörmətli Prezident!
Sizi bir daha Azərbaycanda salamlamaq və dəvətimi qəbul edib ölkəmizə səfər etdiyinizə görə təşəkkür etmək istəyirəm. Bu, çox mühüm və tarixi səfərdir. Bu, Fələstin Dövlətinin Prezidentinin Azərbaycana ilk səfəridir. Sizi Azərbaycanda görməyimə çox şadam. Elə indicə bizim regional vəziyyət, Fələstin-İsrail münaqişəsi ilə bağlı çox səmimi, açıq və konstruktiv danışıqlarımız oldu. Biz bu problemə qarşılıqlı anlayış nümayiş etdiririk. Bayaq qeyd etdiyim kimi, biz sizi beynəlxalq təşkilatlarda dəstəkləməkdə davam edəcəyik və üzərimizə düşən nədirsə onu edəcəyik. Biz, eyni zamanda, ikitərəfli əlaqələrimizi genişləndirməyə ümid edir və ona yeni miqyas vermək niyyətindəyik. Hesab edirəm ki, daha çox mədəniyyət sahəsində ünsiyyətlərimizi artırmaq, o cümlədən iqtisadi əməkdaşlıq, potensial investisiya layihələri və təbii ki, siyasi dialoqu gücləndirmək üçün yaxşı imkanlar vardır. Əminəm ki, səfəriniz zamanı müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini geniş müzakirə etmək və əlaqələrimizin sürətlə inkişafını görmək üçün daha çox imkanımız olacaqdır. Sizin ölkəmizə səfəriniz əlaqələrimizin mühüm təməl daşıdır. Əminəm ki, səfərdən sonra biz daha çox müsbət irəliləyişin şahidi olacağıq.
Bir daha Azərbaycana xoş gəlmisiniz”.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib: “Təşəkkür edirik cənab Prezident!
Biz Bakıda - Azərbaycanda olmağımızdan böyük şərəf hissi duyuruq. Bəlkə də bu, bizim üçün ilk səfərdir. Lakin gələcəkdə çalışacağıq ki, bu səfərlərin sayı artsın. Təbii ki, Sizi ən uyğun vaxtda Zati-alilərinizi Fələstində görməyimizə şad olarıq.
Cənab Prezident! öncə qeyd etdiyiniz kimi, biz bütün məsələləri, xüsusilə də ölkəmizin BMT-yə tamhüquqlu üzv dövlət olması ilə bağlı apardığımız fəaliyyəti və danışıqları müzakirə etdik”.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib ki, xalqlarımız arasında əlaqələrin böyük tarixi var: “Əsrlər boyu xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşıbdır. Münasibətlərimizin indiki mərhələsində ikitərəfli əlaqələrin inkişafı üçün çox yaxşı imkanlar vardır. Biz istəyirik ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin və bu inkişaf hər bir istiqamətdə özünü göstərsin. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir”.
“Biz çox istəyirik ki, iqtisadi sahədə də yaxşı əməkdaşlıq edək və əminəm ki, səfər zamanı bu məsələlər də nəzərdən keçiriləcəkdir”, - deyən dövlət başçısı İlham Əliyev vurğulayıb ki, səfər zamanı iqtisadi əməkdaşlığın dərinləşməsi və investisiya qoyuluşunun təşkili üçün konkret təkliflər irəli sürüləcək: “Humanitar sahədə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Mədəniyyət sahəsində təbii ki, ənənəvi əlaqələrin yeni formaları haqqında düşünmək olar. Bir sözlə, hesab edirəm ki, Sizin səfəriniz zamanı ikitərəfli əlaqələrin bütün istiqamətləri müzakirə mövzusu olacaq və biz yaxşı nəticələrə nail olacağıq”.
Prezident İlham Əliyev söyləyib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir: “İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaqdır. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıbdır. Dünya miqyasında Fələstin Dövlətinə verilən dəstək və bu dəstəyin artması onu göstərir ki, Sizin diplomatiyanız, siyasi təşəbbüsləriniz, şəxsən Sizin fəaliyyətiniz dünya miqyasında çox böyük rəğbətə malikdir.
Bu gün, eyni zamanda, regionda baş verən hadisələr haqqında fikir mübadiləsi apardıq. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son mərhələsi haqqında Sizə məlumat verdim. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü pozulubdur. Bir milyondan artıq qaçqınımız, köçkünümüz vardır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılar doğma torpaqlarında etnik təmizləmə siyasətinə məruz qalmışlar. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Məktəblər, xəstəxanalar, muzeylər, tarixi abidələrimiz, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb.
Beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası məsələ ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə göstərilir ki, Ermənistanın işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatların mövqeyi də oxşardır. İslam Konfransı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT buna oxşar qərar və qətnamələr qəbul etmişlər.
Beləliklə, məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər möhkəmdir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz istəyirik ki, bunu tezliklə və sülh yolu ilə həll edək”.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas çıxış edərək Azərbaycan Prezidentinə nümayiş etdirdiyi mövqeyə görə təşəkkürünü bildirib: “Paytaxtı müqəddəs Qüds olan, o Qüds ki, biz onu İslamın üç müqəddəs yerlərindən biri hesab edirik. Onlardan birincisi - Qüds şəhəri, ikincisi - Mədinə, üçüncüsü - Məkkədir. Cənab Prezident! Biz Sizin hökumətlə hazırda əlaqələrin qurulmasının başlanğıcındayıq. Bütün sahələrdə əməkdaşlığın qurulmasının başlanğıcındayıq. ümid edirəm ki, gələcəkdə bu əlaqələri inkişaf etdirmək üçün Sizin yardımınızı görəcəyik”.
“Biz Azərbaycan Respublikasına fəxrlə baxırıq. Bilirik ki, 1918-ci ildə ilk demokratik respublika burada qurulmuşdur. Bu, o deməkdir ki, Siz demokratiya yolunda yaşlılardan hesab olunursunuz, Siz başqalarına demokratiya öyrədirsiniz”, deyən - Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas söyləyib ki, 1918-ci ildən etibarən Azərbaycan qadını səsvermə hüququna malikdir.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Burada müştərək problemlər vardır. Sizdə də, bizdə də. Sizin də torpaqlarınız işğal altındadır. Sizdə də, bizdə də qaçqınlar vardır. Sizin haqqınızda BMT-nin məlum dörd qətnaməsi vardır - 822, 853, 874 və 884 saylı qətnamələr. BMT-nin bu dörd qətnaməsinin hamısı sülhə çağırır. Bizim haqqımızda isə BMT-nin 15 və daha artıq qərarı vardır. Bu qətnamələr də sülhə çağırır. Amma biz səbr edirik ki, bu problemlərə sülh vasitəsilə son qoyulsun. Biz bu sülhün səmərəsindən istifadə edə bilək.
Biz son vaxtlar Kazanda olan görüşü izlədik. Bu problemin həll olunması üçün Rusiya, Fransa və ABŞ-ın mövqeyini də izlədik. Bu da dünyanın bu problemə olan marağının göstəricisidir. Amma biz deyirik ki, bu problemləri bu gün həll etmək sabah həll etməkdən daha yaxşıdır. Ona görə də heç kim sabahkı həllə təminat verə bilməz. Arzu edirik ki, Dağlıq Qarabağ problemi, qaçqınlar problemi həll olunsun. Biz beynəlxalq qanunlardan artıq heç nə tələb etmirik. Bizim problemlərimiz müştərəkdir. Arzu edirik ki, onlar həll olunsun. Arzu edirik ki, sülh bu torpaqlarda bərqərar olsun. Dünya xalqları sülh və əmin-amanlıq şəraitində yaşasınlar”.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

