Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müasir, müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir

Müasir, müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir

06.07.2011 [13:26]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya azərbaycanlılarının III qurultayında iştirak ediblər
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edib, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirib, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun şəksiz lider dövlətinə çevrilib. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olub, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırıb, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaradıb.
Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Bunu dünən Bakıda öz işinə başlayan Dünya azərbaycanlılarının III qurultayında iştirak etmək üçün paytaxta gələn qonaqların hamısı etiraf edirlər.
Dünya azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə keçirilib. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edib, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoyub.
Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərib. Həmin qurultayda Ulu öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı dillər əzbəri olub.
Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirib.
Ulu öndərimiz xaricə səfərləri zamanı iş cədvəlinin zənginliyinə və gərginliyinə baxmayaraq mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirib, onların problem və qayğıları ilə yaxından maraqlanıb, tövsiyələrini verib.
ümummilli liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev də Ulu öndərin bu siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirilib. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub.
Bir il sonra - 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilib, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşüb.
Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalayıb.
Həmin il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilib.
Beləliklə, dövlətimizin diaspor siyasəti xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə özünün yeni mərhələsinə qədəm qoyub. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər.
Hazırda dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli Bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı isə özünün çoxşaxəli fəaliyyəti ilə əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr, həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Bu meyil Avropa ölkələrində də özünü yüksək səviyyədə göstərir. 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilib. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan gəncliyi Dövlət Proqramına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin keçirdiyi bu tədbirdə 25 ölkədən azərbaycanlı gənclər, 41 diaspor təşkilatının rəhbərləri iştirak ediblər. Konqres xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuq işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması yönündə daha bir mühüm addım olub.
Bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşadığımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir. İndi sürətlə inkişaf edən ölkəmiz bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsəd naminə səfərbər edirlər.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında bu il yanvarın 21-də imzaladığı Sərəncama uyğun olaraq keçirilən Dünya azərbaycanlılarının III qurultayında iştirak etmək üçün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları Bakıya gəliblər.
Dünən Heydər Əliyev Sarayında Dünya azərbaycanlılarının III qurultayı öz işinə başlayıb.
Qurultaydan əvvəl çoxsaylı nümayəndələr səhər tezdən Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Onlar Ulu öndərin xatirəsini dərin ehtiramla anaraq, abidəsi önünə əklil qoyublar, gül-çiçək dəstələri düzüblər.
Sonra qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər qoyublar.
Daha sonra qurultay nümayəndələri Şəhidlər Xiyabanına gələrək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini böyük ehtiramla yad ediblər. Onlar şəhid məzarları üzərinə güllər düzüblər, “Əbədi məşəl” abidəsi önünə tər çiçəklərdən hörülmüş əklil qoyublar.
Qurultay nümayəndələri şəhid türk əsgərlərinin xatirə abidəsini də ziyarət ediblər və əklil qoyublar.
Heydər Əliyev Sarayının foyesində Azərbaycan diasporuna dövlət qayğısını əks etdirən fotosərgi təşkil edilib. Stendlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ötən qurultaylarda və müxtəlif dövrlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərində çəkilmiş fotoşəkillər, milli diasporumuzun inkişafı ilə bağlı imzalanmış fərman, sərəncam və qanunların nüsxələri, diaspor quruculuğundan, respublikamızın sosial-iqtisadi inkişafından, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edən kitablar və jurnallar, milli adət-ənənələrimizi, mədəniyyətimizi təbliğ edən videomateriallar nümayiş etdirilirdi.
Foyedə Ermənistanın Azərbaycana hərbi təcavüzündən, xalqımıza qarşı törətdiyi soyqırımı siyasətindən, həmçinin, Milli Təhlükəsizlik Nazirliyinin, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının hazırladığı materiallardan ibarət fotosərgi də təşkil olunmuşdu.
İştirakçıların hər birinə III qurultaya aid materiallar, Azərbaycan haqqında məlumatlar paylanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qurultayda iştirak etmək üçün saraya gəliblər.
Qurultay nümayəndələri və qonaqlar dövlətimizin başçısını və xanımını hərarətlə, sürəkli alqışlarla qarşılayıblar.
Salonda Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan diasporu ilə bağlı müdrik kəlamları yazılmış transparantlar asılmışdı.
Məlumat verilib ki, aparılmış qeydiyyatın nəticələrinə görə qurultayın işində dünyanın 42 ölkəsindən seçilmiş 600 nümayəndədən 579 nəfəri, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak edir. Qurultayda Azərbaycan Respublikası 677 nümayəndə və 405 nəfər qonaqla təmsil olunur. ümumilikdə 1872 nəfər qeydiyyatdan keçib. Yetərsay var. Qurultay öz işinə başlaya bilər.
Dünya azərbaycanlılarının III qurultayı açıq elan edilib.
Azərbaycan Respublikasının dövlət himni əzəmətlə səslənib.
Qurultay iştirakçıları dünya azərbaycanlılarının təşkilatlanması, ümumi məqsəd və vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün tarixi xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Sonra “Gücümüz birliyimizdədir!” sənədli filmi nümayiş etdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev qurultayda geniş nitq söyləyib: “Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Əziz həmvətənlər!
Mən sizin hamınızı Dünya azərbaycanlılarının III qurultayının açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Hər birinizə cansağlığı, uğurlar arzulayıram.
Bu qurultay çox əlamətdar bir hadisədir. Azərbaycanda Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Bu ənənənin təməlini 2001-ci ildə Ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq dünya azərbaycanlıları bir araya gəldilər, çox gözəl qurultay keçirildi. Ondan sonra dünyada yaşayan azərbaycanlıların təşkilatlanması üçün yeni şərait yaradılmışdır.
2002-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. İndi onun adı Diasporla İş üzrə Komitədir. Bütün qitələrdə yaşayan soydaşlarımız komitənin fəaliyyəti nəticəsində öz təşkilatlarını yaratmışlar. Bu təşkilatlar bu gün artıq bütün qitələrdə, bütün ölkələrdə uğurla fəaliyyət göstərirlər.
Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Onun təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi elan edilmişdir. Bu gün 31 dekabr bizim milli bayramımızdır.
Bu gün nümayiş olunan filmdə ölkəmizin inkişafının müxtəlif istiqamətləri göstərilmişdir. Azərbaycan bu il müstəqilliyinin 20 illik yubileyini qeyd edir. Bu 20 il ərzində biz böyük və şərəfli yol keçmişik. İyirmiillik yubileyi qeyd edərkən ölkəmiz, xalqımız üçün Ulu öndər Heydər Əliyevin verdiyi töhfələri bir daha yada salırıq. Müstəqil Azərbaycan üçün ən həlledici anlarda Azərbaycan xalqının tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev ölkəmizi bəladan, faciədən, vətəndaş müharibəsindən qurtara bilmişdir.
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan müstəqilliyə qovuşmuşdur. Ancaq o vaxt ölkədə gedən proseslər və mövcud olan ağır vəziyyət müstəqilliyimizi sual altına qoymuşdu. ölkədə xaos, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. İqtisadi və siyasi tənəzzül faktiki olaraq ölkəmizi uçuruma aparırdı. Bundan əlavə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və təcavüz nəticəsində torpaqlarımızın işğal altına düşməsi, daxili çəkişmələr, qarşıdurmalar və vətəndaş müharibəsinin başlanması - bütün bunlar müstəqilliyimizin ilk illərinin hadisələri idi.
1993-cü ildə Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu. ölkəmizdə sabitlik yarandı və Azərbaycanda inkişaf dövrü başlandı. Ona görə biz tam əminliklə və qətiyyətlə deyirik: Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, müstəqil Azərbaycanın qurucusudur. Bu gün Azərbaycan Onun qoyduğu yolla gedərək inkişaf edir.
Azərbaycanın inkişaf istiqamətləri 1993-cü ildə və dövlətçiliyimizin formalaşmasının ilk illərində müəyyən edilmişdir. O dövr üçün bu təşəbbüslər həlledici məna daşıyırdı. çünki bu gün Azərbaycanın reallıqları məhz o dövrdə müəyyən edilmiş və seçilmiş istiqamətlər üzərində qurulmuşdur. Düzgün istiqamət seçilmişdir: Azərbaycan dünya birliyinə inteqrasiya etməli, açıq qapılar siyasəti aparmalı, xarici investisiyaları cəlb etməli idi. Biz bütün bunlara nail ola bilmişik. Azərbaycanda demokratik, dünyəvi dövlətin qurulması da məhz Heydər Əliyevin siyasətinin nəticəsidir. Bu gün Azərbaycan sürətlə və uğurla inkişaf edən ölkədir. ölkəmizdə siyasi proseslər çox müsbət istiqamətdə gedir. Siyasi sistem təkmilləşir. ölkəmiz demokratik əsaslarla idarə olunur. Söz, vicdan, mətbuat azadlığı, insan hüquqlarının qorunması məsələləri bizim üçün prioritetdir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Biz bütün beynəlxalq qurumlarla, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq aparırıq.
Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Bizim Əsas Qanunumuz imkan verir ki, ölkəmiz uğurla və sürətlə inkişaf etsin.
ölkə qarşısında duran vəzifələr icra edilir. Bir daha demək istəyirəm ki, 1990-cı illərdə düzgün müəyyən edilmiş istiqamət bugünkü reallıqlara gətirib çıxarmışdır. Bu gün Heydər Əliyev siyasəti yaşayır, davam etdirilir və yeni formalarla zənginləşdirilir.
Azərbaycanda müasir dövlət quruculuğu prosesi uğurla gedir. Eyni zamanda, biz milli mənəvi dəyərlərimizə də çox sadiqik, onları qoruyuruq. Azərbaycan dəyərləri bizim üçün müstəsna əhəmiyyət daşıyır. Əsrlər boyu Azərbaycan xalqı milli mənəvi dəyərlərini, ana dilini - Azərbaycan dilini qoruya bilmişdir. Bu gün müasir Azərbaycan dövləti bu möhkəm təməl üzərində yaranır, güclənir və bölgədə, regionda artıq çox mühüm amilə çevrilibdir.
Bizim milli dəyərlərə bağlılığımız Azərbaycan xalqının iradəsinin əlamətidir. Bununla bərabər, dünyada mövcud olan və bizim üçün məqbul sayılan ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq olunur. Azərbaycanda geniş modernləşmə siyasəti aparılır. Həyatımızın bütün istiqamətlərində modernləşmə əlamətlərini görə bilirik. Biz bundan sonrakı dövrdə də bu siyasətə sadiq qalacağıq.
Azərbaycanda, eyni zamanda, güclü iqtisadi potensial yaradılmışdır”.
Dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır. Məsələnin həlli üçün, əlbəttə, bütün amillər nəzərdən keçirilməlidir. Tarix bəllidir. Bu bizim torpağımızdır, nəinki Dağlıq Qarabağ və digər bölgələr. Beynəlxalq hüquq normaları tam şəkildə bizim mövqeyimizi müdafiə edir. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatda da Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında açıq-aydın göstərilir ki, ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratını müəyyən etmək prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Beləliklə, hüquqi cəhətdən də mövqeyimiz güclüdür.
İqtisadi cəhətdən indi Ermənistan ilə Azərbaycan müqayisə edilə bilməz. Bu tam başqa, necə deyərlər, çəki dərəcələridir. Siyasi proseslərə təsir imkanları baxımından da Azərbaycan daha əlverişli mövqedədir. çünki həm coğrafi baxımdan, həm gördüyümüz işlər, infrastruktur, enerji siyasəti, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və Azərbaycanın rolu əlbəttə ki, siyasi cəhətdən də çəkimizi daha da artırır. Mən şübhə etmirəm ki, bütün bu amillər, üstəgəl Azərbaycan Ordusunun güclənməsi nəticəsində biz Dağlıq Qarabağ münaqişəsini həll edə biləcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bərpa ediləcəkdir”.
Prezident İlham Əliyev deyib ki, dünya
da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb: “Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir”.
“Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir”, - deyən dövlət başçısı İlham Əliyev vurğulayıb ki, biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq: “Birlik bizi gücləndirir. Birlik olmasa, biz güclü ola bilmərik. Bu aksiomadır. Ona görə hesab edirəm ki, diaspor təşkilatlarının fəaliyyətinin inkişafı üçün biz birliyi tam şəkildə təmin etməliyik. Eyni zamanda, hazırda Azərbaycanın dünyadakı daimi və diplomatik nümayəndəliklərinin sayı da artmaqdadır. Keçən qurultay zamanı bizim 46 səfirliyimiz və konsulluğumuz var idi. Hazırda onların sayı 65-ə çatmışdır. Yaxın zamanlarda 8 ölkədə yeni səfirlik və konsulluğun açılışı nəzərdə tutulur. Bu, əlbəttə ki, ilk növbədə Azərbaycan dövlətinin qüdrətini göstərir. Yəni, onu göstərir ki, biz bütün dünya ilə əməkdaşlıq edirik və hazırda 65-dir və 73-ə çatanda əlbəttə ki, dünya miqyasında elə vacib ölkə qalmayacaq ki, orada səfirliyimiz olmasın”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, səfirliklərlə diaspor təşkilatları arasındakı əməkdaşlıq daha da güclü, daha da məqsədyönlü olmalıdır: “Mən bu alqışları eşidirəm və görürəm ki, nə demək istədiyimi siz də yaxşı başa düşürsünüz. Mən çox dərinə getmək istəməzdim, amma bəzi hallarda səfirliklərlə diaspor təşkilatları arasında olan ziddiyyətlər məni çox incidir. Biz buna yol verməməliyik. Səfirlik Azərbaycan dövlətinin bir parçasıdır, Azərbaycan dövlətinin rəsmi nümayəndəliyidir, Azərbaycan dövlətinin xarici ölkələrdə simvoludur. Biz elə etməliyik ki, səfirliklərlə diaspor təşkilatları arasında daim mehriban münasibətlər olsun. Əgər hər hansı bir problem, anlaşılmazlıq, yaxud da ki, narazılıq varsa, o, dərhal öz həllini tapmalıdır. Yəni, hərə bir tərəfə, öz küncünə çəkilməməlidir ki, biz sonra müdaxilə edək və vəziyyəti normallaşdırmağa çalışaq. Onlar özləri bir-birinə hörmətlə yanaşmalıdırlar, bir-birinin fəaliyyətini dəstəkləməlidirlər, çünki bizim bir Vətənimiz var - Azərbaycan dövləti. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, onun dövləti haqqında müsbət imic formalaşsın, xalqı haqqında reallığı əks etdirən bir təəssürat yaransın”.
Dövlət başçısı İlham Əliyev söyləyib ki, diaspor təşkilatlarının fəaliyyəti, eyni zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır: “Biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar - ləkələmə kampaniyası, Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar”.
“Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır”, - deyən Prezident İlham Əliyev bildirib ki, növbəti dövrdə də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ etməliyik və Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik.
Dövlət başçısı İlham Əliyev söyləyib ki, şirkətlərimiz xaricdə güclənən zaman orada yaşayan azərbaycanlılar bu işlərə daha da çox cəlb ediləcəklər: “Burada  söhbət təkcə azərbaycanlıları işə götürüb hansısa  vəzifə verməkdən getmir. Xaricdə fəaliyyət göstərən şirkətlər Azərbaycan şirkətləri, dövlət şirkətləri tərəfindən icra edilən layihələrdə iştirak etməlidirlər. Podratçı, müqaviləçi kimi iştirak etməlidirlər. Onlar daha da çox pul qazanmalıdırlar”.
Prezident İlham Əliyev çıxışının sonunda deyib: “Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər. çıxışımı Ulu öndər Heydər Əliyevin unudulmaz sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Biz hamımız fəxr edirik ki, biz azərbaycanlıyıq”.
Fasilədən sonra qurultay öz işini davam etdirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ötən qurultaydan sonra görülmüş işlərin hesabatına dair məlumat verib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın maraq və mənafeləri naminə xaricdə yaşayan həmvətənlərimizin birliyini təmin edən azərbaycançılıq məfkurəsi yaranıb. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək, mütəşəkkil diasporun və güclü lobbinin formalaşması məsələsinin daim diqqətdə saxladığını vurğulayan komitə sədri dövlətimizin başçısının verdiyi tövsiyə və tapşırıqların Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etdiyini bildirib.
N.İbrahimov ikinci qurultaydan ötən dövrdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesinin daha da sürətləndiyini deyərək, hazırda dünyanın müxtəlif ölkələrində azərbaycanlıların 416 diaspor təşkilatının fəaliyyət göstərdiyini bildirib. Komitə sədri, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun müstəsna rol oynadığını xüsusi vurğulayıb.
Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekov Dünya azərbaycanlılarının III qurultayına dəvət edildiyi üçün minnətdarlıq edib. Hər iki türk xalqının qədim tarixi ənənələrə və əlaqələrə malik olduğunu deyən A.Keldibekov hazırda Qırğız Respublikasında 20 mindən çox azərbaycanlının yaşadığını və onların bu ölkənin ictimai-siyasi və sosial həyatında yaxından iştirak etdiklərini bildirib. O, Azərbaycanda həyata keçirilən uğurlu islahatları dünya səviyyəsində nümunəvi model adlandırıb. Qırğız Respublikası Parlamentinin sədri ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze Prezident Mixeil Saakaşvilinin qurultay iştirakçılarına ünvanlanan məktubunu oxuyub. Məktubda ölkələrimiz arasında mövcud əlaqələrin inkişafında Gürcüstandakı Azərbaycan diasporunun mühüm rol oynadığı vurğulanıb.
Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın qurultay iştirakçılarına salamlarını çatdıran Türkiyə Respublikası Nazirlər Kabineti yanında xaricdə yaşayan türklər və qohum topluluqlarla iş üzrə başqanlığın sədri Kamal Yurtnac hər iki qardaş ölkənin diaspor təşkilatlarının birgə və qarşılıqlı fəaliyyət göstərdiyini vurğulayıb, Avropa və Amerikadakı təşkilatlarımızın erməni lobbisinin uydurma və əsassız iddialarına qarşı uğurla çalışdıqlarını deyib.
Rusiya Elmlər Akademiyasının akademiki Vladimir Kolesnikov tarixi dostluq münasibətlərinə malik olan Azərbaycan-Rusiya əlaqələrinin daimi inkişafda olduğunu bildirib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin bu əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini xüsusi qeyd edib.
Azərbaycan və qaqauz xalqları arasındakı əlaqələrin tarixinin qədim olduğunu deyən Moldovanın Qaqauz Yeri Başqanı Mixail Formuzal bütün türk dünyasının birləşməsinin əhəmiyyətini vurğulayıb.
Sonra qurultayın Mandat Komissiyasının sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun hesabatı dinlənilib.
“ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyinə inteqrasiya edir”, - deyən Z.Əsgərov bildirib ki, Dünya azərbaycanlılarının III qurultayına 1272 nümayəndə seçilib. Bu mötəbər mərasimdə 42 ölkədən 579 nümayəndə iştirak edir. Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Gürcüstan, ABŞ, İsveç Krallığı, Niderland, İsrail, özbəkistan, Fransa, Böyük Britaniya, Kanada daha çox nümayəndə ilə təmsil olunur. Bundan əlavə, qurultaya xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin 182 rəhbəri də qatılıb. ölkəmizin bölgələrindən olan nümayəndələrin də iştirak etdiyi qurultayın işini 21 xarici ölkədən 37 media işçisi işıqlandırır.
Qurultayın Azərbaycan diasporu üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən Belçika parlamentinin senatoru xanım Ann Mari Lizin ölkəmizdəki hərtərəfli inkişafdan danışıb. Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin inkişafından bəhs edən senator deyib ki, təmsil etdiyi ölkə hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir.
Azərbaycanda bütün millətlərin nümayəndələrinin, o cümlədən yəhudilərin təhlükəsiz şəraitdə yaşadığını deyən “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal isə bildirib ki, bu gün İsraildə Azərbaycana çox böyük maraq var. “İsraildə ermənilərin qondarma “soyqırımı” tanınmır və yəhudi diasporu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini bütün dünyaya olduğu kimi çatdırır”, - deyən İosif Şaqal Ulu öndər Heydər Əliyevin Azərbaycan-İsrail münasibətlərinin inkişafındakı rolunu xüsusi qeyd edib.
Türkiyənin Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri Akkan Suver də Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan məqsədyönlü siyasətin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini söyləyib.
“Bu qurultay yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün çox mühüm əhəmiyyət kəsb edir”, - deyən A.Suver bildirib ki, qurultay dünya azərbaycanlılarını bir araya yığmaqla yanaşı, həm də milli şüurun qorunub saxlanılmasında xüsusi rol oynayır.
Şimali Kipr Yaxın Doğu Universitetinin rektoru Suat Günsel deyib ki, Azərbaycanı zamana bənzədirəm. Bu ölkə zaman kimi yalnız irəliyə gedir. Bu qurultayın Azərbaycan diasporunun daha da fəallaşmasına, dəqiq və praqmatik addımlar atmasına zəmin yaradacağına əminəm.
Latviya Seyminin deputatı Aleksandr Sakovski təmsil etdiyi ölkə və ali qanunverici orqan nümayəndələri adından qurultay iştirakçılarını salamlayıb, Latviya-Azərbaycan əlaqələrinin genişlənməsində Prezident İlham Əliyevin xidmətlərini xatırlayıb.
Lüksemburq parlamentinin deputatı Jacques-Yves Flenckes ölkəsində azərbaycanlıların da yaşadığını bildirərək onların Lüksemburqun ictimai-siyasi həyatında mühüm rol oynadığını deyib. O, Azərbaycanda gedən inkişafın və ölkəmizdə müşahidə etdiyi müsbət dinamikanın Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi qiymətləndirib.
Fransanın Brazzavil Universitetinin rektoru, beynəlxalq məsələlər üzrə vəkil Emmanuel Koliye Azərbaycan ilə Fransa arasındakı dostluq münasibətlərinin tarixindən danışıb. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin Azərbaycan-Fransa əlaqələrinin inkişafında mühüm rol oynadığını deyərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun sivilizasiyalararası dialoqa mühüm töhfələr verdiyini bildirib.
Niderlandın Əyalət Parlamentinin deputatı, Əmək Uğrunda Partiyanın üzvü Songül Akkaya Benilüks-Azərbaycan Cəmiyyətinin fəaliyyətindən danışıb. O, bu qurumun Niderlandın ictimai-siyasi həyatında mühüm rol oynadığını deyib.
ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev isə II qurultaydan keçən beş ildə görülən işlərdən danışıb. Bildirib ki, bu dövrdə rəhbərlik etdiyi qurumun 80-dən çox regional, 23 yerli təşkilatı yaradılıb, Rusiyada işıq üzü görən ilk həftəlik diaspor mətbu orqanı fəaliyyətə başlayıb.
Rumıniyada yaşayan 40 minə yaxın Krım türklərinin adından danışan Rumıniya parlamentinin üzvü Aledin Amet Azərbaycan diasporunun fəaliyyətinin ildən-ilə genişlənməsindən məmnun olduğunu deyib.
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan isə qurultayı Azərbaycan tarixində mühüm hadisə adlandırıb.
Türkiyədə yaşayan üç milyon azərbaycanlıdan biri olduğunu və bununla hər zaman fəxr etdiyini deyən Sinan Oğan Azərbaycan-Türkiyə birliyinin türk dünyası həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadığını bildirib.
Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov Amerikadakı Azərbaycan diasporunun fəaliyyətindən danışıb. Bu gün Amerikadakı diaspor təşkilatlarımızın erməni lobbisinin məkrli addımlarına qarşı türk diasporu ilə birgə mübarizə apardığını deyən A.Bağırov Azərbaycan həqiqətləri ilə bağlı Birləşmiş Ştatların siyasi dairələrinə 200 mindən çox məktub göndərildiyini, Qarabağ Fondunun yaradıldığını diqqətə çatdırıb.
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür Azərbaycan dövləti tərəfindən daim diasporumuza lazımi diqqət və qayğının göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürlərini çatdırıb. Başar Kömür ölkəmizlə bağlı reallıqların və Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti ilə əlaqədar həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Türkiyənin keçmiş turizm naziri İlhan Aküzüm xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan diasporunun yaradılması və formalaşması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Türkiyə ilə Azərbaycan arasında daimi dostluq və qardaşlıq əlaqələrinin olduğunu xatırladan qonaq bunu diaspor təşkilatlarının fəaliyyətində də özünü büruzə verdiyini deyib.
Prezident İlham Əliyevin qurultaydakı nitqinin proqram xarakterli olduğunu deyən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, redaksiya komissiyasının sədri Əli Həsənov tədbirin əhəmiyyətini vurğulayaraq ümumilikdə, qurultayda 20 çıxışın dinlənildiyini, bu çıxışlarda 35-ə yaxın müxtəlif təklifin səsləndiyini bildirib.
Sonra həmin təkliflər də nəzərə alınmaqla qurultayın yekun sənədləri qəbul olunub.
İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından Prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti və qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciəti yekdilliklə qəbul ediblər.
Qurultayda, həmçinin, 2001-ci ildə yaradılan Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin davam etməsi və şuranın icra katibliyinin yaradılması qərara alınıb.
Qurultay iştirakçıları Prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına Sədr seçiblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu isə şuranın icra katibi vəzifəsinə seçiblər. Qurultayda qərara alınıb ki, Əlaqələndirmə Şurasının tərkibi 107 nəfərdən 115 nəfərə çatdırılsın.
Əli Həsənov qeyd edib ki, bu gün dövlət və hökumət nümayəndələri qurultay iştirakçıları ilə görüşəcək, burada səslənən təkliflərlə bağlı müzakirələr aparacaqlar.
Bununla da Dünya azərbaycanlılarının III qurultayı bağlı elan edilib.

Paylaş:
Baxılıb: 1234 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30