Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sumqayıt gözəl, abad, müasir sənaye şəhərinə çevrilir

Sumqayıt gözəl, abad, müasir sənaye şəhərinə çevrilir

08.07.2011 [10:28]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində olub
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə məlumat verilib ki, ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində son illər mühüm tədbirlər həyata keçirilir. Cari ilin birinci yarısında Sumqayıtda ümumi daxili məhsul istehsalı 250 milyon manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 30 faiz təşkil edib.
Qeyd edilib ki, həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ilin ilk altı ayında Sumqayıtda 1000-dən artıq yeni daimi iş yeri açılıb. 2003-2010-cu illərdə şəhərdə yeni təhsil, səhiyyə və mədəniyyət obyektləri tikilib istifadəyə verilib və bu proses indi də davam edir. Hazırda Sumqayıt şəhərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülür.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub.
Şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyevə məlumat verilib ki, bünövrəsi 1956-1960-cı illərdə qoyulmuş bu park 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin qərarına əsasən, mədəniyyət və istirahət parkı kimi fəaliyyətə başlayıb.
Qeyd edilib ki, 23 hektar dənizkənarı sahəni əhatə edən parkın ərazisində küləyə və quraqlığa davamlı 39 növ ağac əkilib. 1978-ci ildə parka dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilib, 2003-cü ildə isə burada onun heykəli qoyulub.
Bildirilib ki, Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən başlayaraq Xəzər dənizinin sahilinədək ərazini əhatə edən parkın ümumi sahəsi hazırda 80 hektardır. Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildən Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə parkın ən müasir tələblərə cavab verən yeni möhtəşəm layihəsi hazırlanır.
Parkın gələcək görüntülərini əks etdirən stendlərə baxan dövlətimizin başçısına məlumat verilib ki, yenidənqurmadan sonra ərazi şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzinə çevriləcək.
Prezident İlham Əliyev parkın ətrafındakı yaşayış binalarının fasadlarının, damlarının yenilənməsi və şəhərin müasir görkəminə uyğunlaşdırılması, parka yaxın küçə və məhəllələrin abadlaşdırılması ilə bağlı tövsiyələrini verib.
Sumqayıt şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev deyib ki, Sumqayıt şəhərinin inkişafı ilə bağlı əlavə təkliflər var.
Dövlət başçısı İlham Əliyev qeyd edib ki, yaxın zamanlarda Sumqayıtın bir neçə istiqamətində çox gözəl, müasir infrastruktur layihələri icra ediləcək.
Şəhər sakini Mehriban Nəcəfova Sumqayıt ictimaiyyətinin nümayəndələri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Sumqayıtın müasir şəhərə çevrilməsi üçün yeni layihələrin icrasına başlanacağını bir daha diqqətə çatdırıb.
Dövlətimizin başçısı parkın ərazisini gəzib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Məktəbin müəllim və şagirdləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 1967-ci ildə istifadəyə verilmiş məktəb müxtəlif idman növləri üzrə olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının çoxlu sayda qalib və mükafatçılarını yetişdirib. Son vaxtlar məktəbin bir hissəsi əsaslı şəkildə bərpa olunub, digər hissələri isə tamamilə yenidən tikilib. Tikinti və əsaslı təmir işlərinə 2008-ci ildə başlanılıb. Məktəbin ümumi ərazisi 3 hektardır. Qapalı tikililərin ərazisi 5500 kvadratmetrdir ki, bunun da 3000 kvadratmetri yeni tikilidir. Kompleks bir neçə korpusdan ibarətdir. Burada inzibati korpus, idman zalları, müxtəlif təyinatlı otaqlar var.
Dövlətimizin başçısı əvvəlcə futbol meydançasında idmançılarla görüşüb, onlarla söhbət edib. Məktəbin futbol meydançası ən müasir tələblər səviyyəsində qurulub. Meydançaya Niderland Krallığından gətirilmiş təbii örtük döşənib. Burada məktəbin 136 şagirdi futbolun sirlərinə yiyələnir. Stadionda keçirilən oyunları izləyən tamaşaçılar üçün 670 yerlik tribuna quraşdırılıb. İdman qurğusunda müasir drenaj sistemi qurulub.
Məktəblə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, binanın birinci mərtəbəsində boks, voleybol və basketbol zalları, üzgüçülük hovuzu, tibb otağı, sauna yerləşir. İkinci mərtəbədə isə trenajor zalı, arxiv, loja, fitnes və tennis zalları fəaliyyət göstərir. Bundan başqa, məktəbdə tir və müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da var.
Dövlətimizin başçısı boks zalına baxıb. Burada idmanın bu növü ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.
Boks trenajor zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, burada quraşdırılan avadanlıq müasir standartlara cavab verir. Məktəbdə 72 gənc idmanın bu növü ilə məşğul olur.
ümumi sahəsi 1320 kvadratmetr olan basketbol zalı əsaslı təmir olunub və məktəbdə idmanın bu növü ilə məşğul olmaq üçün hər cür imkan yaradılıb. Burada 100 gənc idmanın bu növünə cəlb edilib.
Məktəbdə müasir üzgüçülük hovuzu da gənclərin ixtiyarına verilib. Uzunluğu 25 metr, ümumi sahəsi 1320 kvadratmetr olan hovuz yeni tikililər sırasındadır. Burada ümumilikdə 100 nəfər üzgüçülüklə məşğul olur.
Məktəbdəki fitnes zalı da müasir səviyyədə yaradılıb. Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, burada ən müasir avadanlıq quraşdırılıb.
Tennis zalı ilə tanışlıq zamanı bildirilib ki, hazırda gənclərin idmanın bu növünə də marağı artmaqdadır. Bu amil nəzərə alınaraq tennis zalının imkanları genişləndirilib.
Məktəbdə boks təlim zalı da gənclərin ixtiyarına verilib.
Prezident İlham Əliyev məktəbin trenajor zalına da baxıb. ümumi ərazisi 134 kvadratmetr olan zalda məşqlərin davamlı keçirilməsi üçün müasir idman qurğuları quraşdırılıb.
Tir otağında isə 56 gənc atıcılıq vərdişlərinə yiyələnir. Bütövlükdə məktəbin maddi-texniki bazasının təchizatında dünyanın aparıcı şirkətlərinin idman avadanlıqlarından istifadə edilib.
Dövlətimizin başçısına yeni yaradılmış iki tennis kortu barədə də məlumat verilib.
Yenidənqurma zamanı məktəbin həyəti abadlaşdırılıb, geniş yaşıllıq zolaqları salınıb. Binanı elektrik enerjisi ilə fasiləsiz təmin etmək üçün yarımstansiya quraşdırılıb.
Məktəblə tanış olan Prezident İlham Əliyev müəllim və şagirdlərə uğurlar arzulayıb.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtın 9-cu mikrorayonu ərazisində şəhərin Heydər Əliyev prospekti ilə Zülfü Hacıyev və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına məlumat verib ki, 1999-cu ildə istifadəyə verilmiş parkda yenidənqurma işləri bu ilin aprelində başlanıb.
Prezident İlham Əliyev parkın yenidənqurma sxemi ilə tanış olub.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, 7,6 hektar ərazisi olan parkda müasir memarlıq üslubunda, möhtəşəm giriş ucaldılıb. Parkda Heydər Əliyev Muzeyi, istirahət meydançası və yeni fəvvarələrin tikintisi nəzərdə tutulub. Heydər Əliyev Muzeyinin parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilməsi planlaşdırılır. Muzeydə Ulu öndər Heydər Əliyevin həyatının müxtəlif illərinə həsr olunan stendlər, Sumqayıta səfərlərini əks etdirən fotolar, ölkəmizə rəhbərlik etdiyi illərə aid sənəd və materiallar, digər tarixi eksponatlar toplanacaq. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif nəşrlər saxlanılacaq.
Prezident İlham Əliyev parkın yenidən qurulmasında istifadə olunacaq inşaat materiallarının nümunələrinə baxıb.
Bildirilib ki, parkın girişində 8 metr hündürlüyündə müasir saat qülləsinin də tikintisi aparılır.
Dövlətimizin başçısına məlumat verilib ki, parkda geniş yaşıllıq zolağı da salınacaq, müasir işıqlandırma sistemi və uşaqlar üçün attraksionlar qurulacaq, bir sözlə, şəhər sakinlərinin istirahəti üçün bütün şərait yaradılacaq.
Prezident İlham Əliyev parkın ərazisini gəzib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Sumqayıtda Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyində olan üzeyir Hacıbəyli adına “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında yaradılacaq meydanın sxemi ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, “Kimyaçı” Mədəniyyət Sarayı 1986-ci ildə istifadəyə verilib. Həmin vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilib. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır.
Prezident İlham Əliyev meydanın sxeminə baxıb, ərazini gəzib, burada yeni infrastrukturun yaradılması ilə bağlı tapşırıqlarını verib.
Sonra Azərbaycan dövlətinin başçısı “Kimyaçı” Mədəniyyət Sarayının inzibati binası ilə tanış olub.
Bildirilib ki, üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində 1063 yerlik böyük konsert salonu, ikinci mərtəbəsində 204 yerlik kiçik müşavirə zalı var. Sarayın 56 iş, məşq, dərs otağında 350 yeniyetmənin məşğul olduğu 16 bədii özfəaliyyət dərnəyi fəaliyyət göstərir.
Dövlətimizin başçısı sarayın konsert salonuna baxıb, yenidənqurma işləri ilə bağlı müvafiq tapşırıqlarını verib.
Dünən Prezident İlham Əliyev Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, Cümə məscidi 1990-cı ildə şəhər əhalisinin şəxsi vəsaiti hesabına tikilərək istifadəyə verilib. Eyni vaxtda 700 nəfərin ibadət etmək imkanı olduğu bu məscid son illər təmir olunmadığından əvvəlki görkəmini itirib, divarlarda çatlar əmələ gəlib. Məscidin həyətyanı sahəsinin də bərpasına ehtiyac var. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə məsciddə əsaslı təmir işlərinə və yeni minarənin tikintisinə başlanılıb. Bu işlərin sayəsində sumqayıtlıların dini məbədi kompleksə çevriləcək və onun görkəminə də xüsusi gözəllik veriləcək.
Məscidin təmirdən sonrakı vəziyyətini əks etdirən fotostendə baxan Prezident İlham Əliyevə məlumat verilib ki, əsaslı təmir nəticəsində məscid yeni görkəmi ilə diqqəti cəlb edəcək. Bununla yanaşı, dindarlar ayinləri rahat şəkildə yerinə yetirmək üçün gözəl imkanlar əldə edəcəklər.
Dövlətimizin başçısına müqəddəs “Qurani-Kərim” hədiyyə olunub.
Məscidin həyətyanı sahəsini gəzən Prezident İlham Əliyev ərazidə yaşıllaşdırma işlərinə də diqqət yetirilməsinin vacibliyini bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Sumqayıt Texnologiyalar Parkında yaradılan yeni müəssisələrlə tanış olub.
Dövlətimizin başçısı əvvəlcə yüksəkgərginlikli elektrik avadanlığı zavoduna gəlib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev məlumat verib ki, zavodda dünyanın ən inkişaf etmiş ölkələrinin texnikası quraşdırılıb. Müəssisədə, əsasən Finlandiya, Almaniya və Türkiyənin əymə, lazer kəsmə dəzgahları istismar olunur. Yeni məhsulların sınağı isə ABŞ istehsalı olan xüsusi laboratoriyalarda aparılır.
Qeyd edilib ki, bir neçə sexin fəaliyyət göstərdiyi zavodda yüksəkgərginlikli elektrik, smart-kart tipli sayğac dolabları, 6 və 10 kilovoltluq elektrik avadanlığı istehsal edilir. İstehsal prosesi Fransanın müasirliyi ilə fərqlənən “Schneider Electric” şirkətinin texnologiyasına əsaslanır. Tezliklə müəssisədə 35 və 110 kilovoltluq elektrik avadanlığının və güc transformatorlarının istehsalı da nəzərdə tutulur.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, zavodda buraxılan ventilyasiya borularına da respublikamızda və xarici bazarlarda yüksək tələbat var. Burada 100 millimetrdən 1250 millimetrə qədər ölçüdə alüminium və ya sinklənmiş polad borular istehsal olunur. İstehsal prosesi mükəmməlliyi ilə seçilir.
Günəş kollektorları və istilik qazanlarının istehsalı sexində də ən son elmi-texniki yeniliklər tətbiq edilib. Təsadüfi deyildir ki, Sumqayıt Texnologiyalar Parkında istehsal prosesi olduqca yüksək standartlara əsaslandığından burada çalışanların əksəriyyətini ali təhsilli və yüksək ixtisaslı kadrlar təşkil edir. Bundan başqa, müəssisələrdə çalışanlar Almaniya, Böyük Britaniya, Yaponiya, Türkiyə və dünyanın ən inkişaf etmiş digər ölkələrində xüsusi kurslarda təcrübə keçirlər.
Dövlətimizin başçısına ultrasəs lehimləmə avadanlığı və digər müasir texnikalar nümayiş etdirilib.
Qeyd olunub ki, burada istehsal edilən günəş kollektorları suyu 80-100 dərəcəyə qədər qızdırır. Bu məhsulların daha bir özəlliyi ondan ibarətdir ki, hətta buludlu havada belə günəşin ultrabənövşəyi şüaları 95 faizə qədər səmərəli istifadə olunaraq istilik enerjisinə çevrilir. İstilik qazanları da paslanmaya və korroziyaya davamlı olmaqla yanaşı, bütün gigiyenik normalara cavab verir.
Prezident İlham Əliyevə əyani olaraq Sumqayıt Texnologiyalar Parkının ərazisində quraşdırılan günəş kollektorları və istilik qazanlarının imkanları nümayiş etdirilib.
Sonra avtobusla zavodun ərazisini gəzən dövlətimizin başçısına buradakı digər müəssisələr və perspektiv layihələr barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, artıq Sumqayıt Texnologiyalar Parkının rəqabətə davamlı və müxtəlif çeşidli məhsulları bir sıra beynəlxalq sərgilərdə nümayiş olunub. Yerli bazarla yanaşı, dünya bazarlarında da bu məhsullara tələbat durmadan artır.
Daha sonra Prezident İlham Əliyev qaynar sinkləmə zavodu ilə tanış olub.
Məlumat verilib ki, bu zavod respublikamızda, eləcə də regionda analoqu olmayan bir istehsal müəssisəsidir.
İldə 40 min ton məhsul istehsal edilən zavodda tətbiq olunmuş texnologiya yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir.
Mərhələli şəkildə reallaşdırılan istehsal prosesi avtomatik qaydada, nüsxə-tapşırıq proqramı ilə yerinə yetirilir. Sinkləmə sobasının məhsuldarlığı saatda 20 tondur. Ən qabaqcıl texnologiyaların tətbiqi məhsulun yüksək keyfiyyətinə və uzunömürlülüyünə tam zəmanət yaradır. Belə ki, qaynar sinkləmə nəticəsində metal və ya poladın üzərində 60-100 mikronluq sink təbəqəsi əmələ gəlir və bu da həmin konstruksiyaların ömrünün ən azı 100 ilə qədər uzanması deməkdir.
Qeyd edilib ki, Sumqayıt Texnologiyalar Parkında metal və ya poladın ilk dəfə sinklənməsi ilə yanaşı, təkrar sinkləmə əməliyyatları da aparılır.
Sumqayıt Texnologiyalar Parkındakı yeni müəssisələrin fəaliyyəti ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib, kollektivə uğurlar arzulayıb.
Dünən Prezident İlham Əliyev Sumqayıtın girişində və şəhərdə görüləcək yenidənqurma işlərini əks etdirən stendlərə baxıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına görüləcək işlərlə bağlı məlumat verib.
Prezident İlham Əliyev yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Paylaş:
Baxılıb: 1078 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30