Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Polşa əlaqələri strateji xarakter daşıyır

Azərbaycan-Polşa əlaqələri strateji xarakter daşıyır

26.07.2011 [09:25]

Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Polşa münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyi bildirilib. İkitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından da əhəmiyyəti vurğulanıb.
Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan Prezidenti İlham Əliyev görüşün iştirakçılarına müraciətlə deyib: “Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən Sizi ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminik ki, Sizin səfəriniz Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox böyük töhfə verəcəkdir. Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar əməkdaşlığa yeni təkan olacaqdır. Siyasi əlaqələr yüksək səviyyədədir, eyni zamanda, iqtisadi sahədə əlaqələrin yaxşı perspektivləri var. Bu gün biz Sizinlə enerji sektorundakı əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Bir sözlə, biz istəyirik ki, əlaqələrimiz bütün sahələri əhatə etsin və Polşa-Azərbaycan dostluğu uğurla davam etdirilsin.
Bir daha xoş gəlmisiniz!”.
Sonra Polşa Prezidenti Bronislav Komorovski çıxış edərək deyib: “Hörmətli cənab Prezident!
Bu gün biz Azərbaycanda Sizin qonağınız olmaqdan çox şadıq və olduqca məmnunuq. Biz Sizin ölkənizi yerləşdiyiniz regionda olduqca mühüm, əhəmiyyətli rol oynayan ölkə kimi qəbul edirik. Təbii ki, bizim münasibətlərimiz bu səfərdən sonra daha da inkişaf edəcəkdir. Hər iki xalq 20 il öncə əsl müstəqilliyini əldə etdi və bu mühüm dəyərdən lazımınca bəhrələnir. Bu, iqtisadi sahədə də hiss olunur və hər iki ölkədə əldə edilmiş iqtisadi göstəricilər bunu sübut edir. Azərbaycanın iqtisadi sahədəki nailiyyətləri Sizin ölkənizə böyük hörmət qazandırır. Bu baxımdan işgüzar dairələrdə ölkənizə maraq get-gedə artır. Biz Sizin əldə etdiyiniz bütün bu nailiyyətləri çox yüksək qiymətləndiririk”.
Sonra Prezident İlham Əliyevin və Prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olub.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov və Polşa Respublikasının kənd təsərrüfatı və kəndin inkişafı nazirinin müavini Yaroslav Voytoviç, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Yeji Pomyanovski, “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” sazişi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzalayıblar.
Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyev və Bronislav Komorovski birgə mətbuat konfransı keçiriblər.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək söyləyib ki, Polşa-Azərbaycan əlaqələri strateji xarakter daşıyır: “Bizim əlaqələrimizin çox yaxşı tarixi var. Biz siyasi sahədə daim uğurlu əməkdaşlıq aparmışıq və ikitərəfli əlaqələrin gündəliyinə baxanda görürük ki, bu gündəlik çox zəngindir. Əminəm ki, siyasi sahədə əməkdaşlığımız uğurla davam etdiriləcəkdir”.
Dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, biz iqtisadi sahədə qarşılıqlı ticarətin artırılması və gələcəkdə qarşılıqlı investisiya layihələrinin icrası istiqamətində daha da fəal siyasət aparmalıyıq: “İqtisadi əlaqələr, əlbəttə ki, bütün digər sahələrdə olan əlaqələrə də güclü təkan verəcəkdir. Bu gün, eyni zamanda, enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır. Bir müddətdir ki, bu istiqamətdə bizim qurumlarımız arasında fikir mübadiləsi, danışıqlar aparılır, Azərbaycan neftini və qazını dünya və Avropa bazarlarına çıxarmaq üçün yeni imkanlar araşdırılır. Bu sahədə Polşa-Azərbaycan əlaqələrinin mühüm yeri var. Əminəm ki, hazırda Avropa İttifaqının sədri olan Polşa bizim bütövlükdə Avropa İttifaqı ilə apardığımız danışıqlarda öz sözünü deyəcəkdir”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Polşa öz regionunda, Azərbaycan isə öz regionunda Xəzər dənizi - Baltik dənizi əməkdaşlığının inkişafı üçün çox ciddi mövqelərə malikdir: “Hər iki dövlət yerləşdiyi regionda çox güclü geosiyasi mövqelərə və iqtisadi potensial baxımından həlledici sözə malikdir. Biz elə etməliyik ki, Xəzər dənizi-Qara dəniz-Baltik dənizi ölkələri arasında əməkdaşlıq daha da intensiv aparılsın və bu sahədə Polşa-Azərbaycan əlaqələrinin çox mühüm yeri vardır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan dövlət başçısı İlham Əliyev söyləyib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımızın 20 faizi işğal altındadır: “Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bir milyondan artıq azərbaycanlı öz doğma torpağından didərgin düşərək qaçqın-köçkün həyatı yaşayır. Məsələ ilə bağlı beynəlxalq təşkilatlar öz mövqelərini bildirmişlər. BMT, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT qətnamələr və qərarlar qəbul etmişlər. Yəni bu qərar və qətnamələr məsələnin həlli üçün hüquqi bazanı yaradır. Əlbəttə, məsələnin beynəlxalq hüquq normaları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması bölgəyə sülh gətirəcək, əməkdaşlıq gətirəcək və belə olan halda, bölgədə bütün proseslər daha da sürətlə və müsbət istiqamətdə inkişaf edəcəkdir”.
Polşa Prezidenti Bronislav Komorovski çıxış edərək söyləyib ki, Polşa və Azərbaycan öz regionlarında mühüm, getdikcə əhəmiyyəti artan rol oynamaqdadır: “Bu, o faktla sübut olunur ki, biz hamımız həm Azərbaycanda, həm də Polşada sürətli iqtisadi artımın şahidiyik. ötən il Azərbaycanın iqtisadi artımı çox yüksək səviyyədə olmuşdur. Əslində, bu, Sizin ölkənizə böyük hörmət qazandırır və biz bundan çox şadıq. Əminik ki, bu əməkdaşlığın, bu əlaqələrin təbii xarakteri vardır və biz indi əməkdaşlığımızın yeni sahələrini araşdırmalıyıq. İqtisadi sahədə Polşa ilə Azərbaycan arasında əlaqələr inkişaf etməlidir. Hesab edirik ki, bugünkü iqtisadi forum çox vacibdir. Bu tədbirdə nəinki Polşa ekspertləri, həm də Polşa nazirliklərinin və müvafiq qurumların təmsilçiləri iştirak edəcəklər. Bu gün Azərbaycanın siyasi elitasının nümayəndələri ilə də görüşlərimiz baş tutacaqdır”.
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab veriblər.
*  *  *
Bakı Biznes Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib. AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Bronislav Komorovski biznes forumda iştirak ediblər. Kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sənaye, bankçılıq, sığorta və digər sahələrdə fəaliyyət göstərən 20-dək polşalı iş adamının iştirak etdiyi biznes forumun keçirilməsindən məqsəd Azərbaycan və Polşa iş adamları arasında əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin iqtisadi potensialından yararlanaraq, ticarət dövriyyəsinin səviyyəsini artırmaqdır.
Dövlət başçıları forumun açılışında çıxış ediblər.
Forumdan sonra prezidentlər İlham Əliyev və Bronislav Komorovski Dənizkənarı Milli Parkda gəzintiyə çıxıblar. Polşa Prezidentinə son illərdə sürətlə inkişaf edən Azərbaycanın paytaxtında görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.
*  *  *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Heydər Əliyev Fondunda olub.
Burada Polşa dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Prezident Bronislav Komorovski görkəmli şəxsiyyətin arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.
Fondla tanışlıq zamanı Polşa Respublikasının Prezidentinə məlumat verilib ki, Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Bronislav Komorovski Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. Ona Fondun adından xatirə hədiyyəsi təqdim olunub.
Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb.
*  *  *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski dünən Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstəsi qoyulub. Bronislav Komorovski Şəhidlər Xiyabanını da ziyarət edib.
*  *  *
Polşa Respublikasının Prezidenti Bronislav Komorovski dünən Milli Məclisə gəlib. Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar. Polşa dövlətinin başçısı əvvəlcə Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə zalı ilə tanış olub. Sonra Prezident Bronislav Komorovski ilə Milli Məclisin sədri Oqtay Əsədovun görüşü keçirilib.
O.Əsədov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında geniş əlaqələr qurulub. Parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətindən danışan Milli Məclisin sədri hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının olmasını müsbət dəyərləndirib, onların fəaliyyətinin daha da canlandırılmasının səmərəli əməkdaşlığın aparılmasına müsbət təsir göstərəcəyini söyləyib.
Dağlıq Qarabağ problemindən bəhs edən O.Əsədov deyib ki, bu münaqişə regionun siyasi və iqtisadi inkişafına, Avratlantik məkana inteqrasiya proseslərinə ciddi maneələr yaradır.
Prezident Bronislav Komorovski Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətləri çox yüksək dəyərləndirib.
Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
*  *  *
Polşa Respublikasının Prezidenti Bronislav Komorovski dünən “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehirli ilmələr” qalereyasında olub. Qonağa məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir.
Bronislav Komorovski müxtəlif xalça nümunələrindən ibarət sərgiyə də baxıb. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Azərbaycan xalçaları ali qonaqda böyük maraq doğurub.
*  *  *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.

Paylaş:
Baxılıb: 935 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30