Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfər edib

Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfər edib

14.09.2011 [09:54]

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilib. Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilib, göz oxşayan fəvvarə kompleksi yaradılıb. Parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Qobustan rayonuna səfəri çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, 38 hektar ərazidə inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir.
Prezident İlham Əliyev mərkəzin fəaliyyətini əks etdirən stendlə tanış olub. Bildirilib ki, poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılıb. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir necə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər.
Sonra dövlətimizin başçısı idarəetmə mərkəzi ilə tanış olub. Məlumat verilib ki, burada yaradılan laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağında təlim və tədris kurslarının təşkili nəzərdə tutulub. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. ümumilikdə agentlik tərəfindən ölkə ərazisində 21 ölçü-müşahidə stansiyasının tikilməsi nəzərdə tutulub ki, bunun birincisi Qobustandakı mərkəzdə yaradılıb.
Prezident İlham Əliyev mərkəzi işə salıb.
Dövlətimizin başçısı günəş enerjisinin əldə olunması üçün ayrıca sahədə yerləşən panelləri müşahidə edib, mərkəzin sınaq-təcrübə sahəsi ilə tanış olub. Azərbaycan Prezidenti mərkəzdə istifadə olunan qurğular, o cümlədən ölkəmizdə istehsalı nəzərdə tutulan foto-elektron panellərin nümunələrinə baxıb, ərazidə yaradılan təcrübə istixanasının fəaliyyəti ilə tanış olub. Bildirilib ki, burada alternativ enerji ilə istənilən bitkini lazımı temperaturda yetişdirmək mümkündür. Mərkəzdəki 330 kubmetr tutumu olan soyuducu kamerada müsbət 5 dərəcədən mənfi 5 dərəcəyədək temperatur yaradıla bilər.
Poliqonun ərazisini gəzən Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, burada qurulan işıqlandırma sistemi və istixana alternativ enerji ilə işləyir. Ərazidə birmərtəbəli 10 yaşayış binası da inşa olunub ki, onların işıqlandırma sistemi günəş enerjisi ilə işləyir. Mərkəzin gücünün gələcəkdə 5,5 meqavata çatdırılması nəzərdə tutulub.
Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışından sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində müasir taxıl anbarı kompleksi ilə tanış olub.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikamızın regionlarında taxıl məhsullarının saxlanılması üçün ümumi dəyəri 39,7 milyon manat, tutumu 267 min ton olan 17 taxıl anbarı kompleksinin inşasına 21,4 milyon manat güzəştli kredit verilib. Bu layihələrin icrası artıq başa çatdırılıb.
Bildirilib ki, Qobustan rayonu ərazisində “İlk Aqrokom” MMC tərəfindən inşa edilən, ümumi dəyəri 2,1 milyon manat olan taxıl anbarı kompleksinin tutumu 10 min tondur. Fond tərəfindən bu layihənin maliyyələşdirilməsinə 700 min manat güzəştli kredit verilib. Layihə üzrə hər birinin tutumu 2,5 min ton olan 4 taxıl anbarından, laboratoriya və digər köməkçi binalardan ibarət kompleks Türkiyənin “Altuntaş” və yerli “Asena Ko” MMC-nin doldurma, boşaltma, qurutma avadanlıqları və elektron idarəetmə panelləri ilə təchiz edilib. Layihənin icrasına 2010-cu ilin yanvarında başlanılıb, bu ilin sentyabrında başa çatdırılıb.
Taxıl anbarı kompleksinin sxemi ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, buraya gətirilən taxıl əvvəlcə girişdəki tərəzidə çəkilir, sonra konveyerlərlə birinci anbara ötürülür. Burada taxıl təmizlənir, dərmanlanır, yenə də elevatorlarla növbəti anbara nəql edilir. Keyfiyyətin saxlanması məqsədi ilə anbarlardakı taxılın yerləri tez-tez dəyişdirilir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib, tövsiyə və tapşırıqlarını verib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində “Kafur-pas” MMC-nin tinglik mərkəzi ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, adətən Azərbaycanın müxtəlif ərazilərində əkilən ağac və bəzək kolları xarici ölkələrdən idxal olunur. Qobustanda yaradılan tinglik mərkəzi isə bu məsələnin daha sərfəli yolla həllinə şərait yaradır. Ağac, kol bitkilərinin reabilitasiyasının təşkili və dekorativ bitkilərin becərilməsi üçün seçilən bu ərazi bütün lazımi şəraitlə təmin edilib. Tinglik mərkəzinə üç kilometr məsafədən su xətti çəkilib. Suvarma sistemi avtomatlaşdırılıb. Mərkəzdə su deposu yaradılıb. Açıq su deposunun üzərində dördmərtəbəli hotel tikilir. Ərazidə inzibati bina ilə yanaşı, istirahət guşələri, üç meydança, müxtəlif attraksion qurğuları yaradılıb. Buradakı iki süni göldə balıq saxlanılır. Zövqlə əkilmiş gözoxşayan ağac və gül kolları burada istirahət edənlərdə xoş təəssürat yaradır. Hazırda mərkəzin ərazisində 70 adda 20 mindən çox ağac və bəzək kolu əkilib.
Dövlətimizin başçısı elektromobillə mərkəzin ərazisini gəzib.
Qeyd olunub ki, gələcəkdə burada botanika, zoologiya və idman dərnəklərinin təşkili də nəzərdə tutulub. 53 nəfərin çalışdığı tinglik mərkəzində Qırğızıstandan gətirilən dəvə yunundan qırğız yurtları da qurulub. Mərkəzə gələn şəxslər burada da istirahət edə bilərlər. Mərkəzə gələnlər müxtəlif növ ağaclar sifariş verməklə yanaşı, burada ailəvi istirahət edə biləcəklər.
Sonra mərkəzin bitki sərgisi ilə tanış olan dövlət başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə məlumat verilib ki, Ulu öndərin abidəsinin yerləşdiyi parkda son vaxtlarda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.
Dünən Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, burada yenidənqurma işlərinə ötən il başlanıb. Layihəyə əsasən 2,5 min kvadratmetr sahəsi olan əsas binanın və digər yardımçı binaların fasadı müasir örtüklə və xüsusi dizayna malik şüşələrlə üzlənir. Komplektin bütün elektrik, işıqlandırma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri yenilənir.
Bildirilib ki, kompleksin böyük idman zalında da yenidənqurma işləri aparılır, burada idmanın bütün növləri üzrə yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaq. üzgüçülük hovuzunun tavanı iki metrədək qaldırılıb. Dam örtüyünün metal konstruksiyaları dəyişdirilib. Hovuz yeni müasir avadanlıqla təchiz edilir. Hazırda hovuzda havalandırma və sutəmizləyici qurğular quraşdırılır.
Dövlətimizin başçısı burada inşası nəzərdə tutulan “Olimpik” hotelinin görüntülərini əks etdirən filmə baxıb və perspektiv planı ilə tanış olub.
Məlumat verilib ki, kompleksdə məşqlər üçün 1500 kvadratmetrlik yeni idman zalı yaradılır. Binanın daxilində trenajor, fitnes, konfrans zalları və sauna qurulacaq. Ərazidə yerləşən oyun meydançalarının hamısının örtükləri dəyişdirilir.
Azərbaycan Prezidenti stadionla tanış olub. Bildirilib ki, iki min nəfərlik tribunası olan stadion beynəlxalq standartlara uyğun inşa edilir. Artıq stadionun tribuna hissəsi və oyun meydanının tikintisi başa çatdırılıb. Burada altıcərgəli yeni qaçış zolağı da salınır.
Ərazidə müasir tələblərə uyğun 8 kottec inşa edilir. Bu kotteclərdə ümumilikdə 60 nəfəri yerləşdirmək mümkün olacaq.
Bildirilib ki, kompleksin ərazisini sel sularından qorumaq üçün uzunluğu 500 metr olan suötürücü beton kanal tikilir. Görülən yenidənqurma işləri nəticəsində kompleksin ərazisi genişləndirilərək 6 hektara çatdırılıb.
Prezident İlham Əliyev görülən işlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub.
Azərbaycan Prezidentinə əvvəlcə məsci
din ətrafında aparılan abadlıq işləri barədə məlumat verilib. Dövlətimizin başçısı Şamaxı şəhərində yağış suları qəbul edən xəttin sxemini əks etdirən stendə baxıb.
Sonra Prezident İlham Əliyev məscidin istifadəyə veriləndən sonrakı görüntüsünü əks etdirən stendə baxıb, tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində dünən Sabir qəsəbəsinə gəlib.
Dövlətimizin başçısına məlumat verilib ki, 3444 nəfərin yaşadığı qəsəbədə 4190 təsərrüfat mövcuddur. Son vaxtlarda qəsəbənin küçələrində geniş abadlıq işləri görülüb, elektrik və digər kommunal xətləri yenilənib, geniş yaşıllaşdırma işləri aparılıb. Qəsəbənin girişində görkəmli şair Mirzə Ələkbər Sabirin abidəsi ucaldılıb.
Prezident İlham Əliyev dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin açılışında iştirak edib, önünə gül dəstəsi qoyub.
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda “Şirvan” mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə də tanış olub.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, bina 1974-cü ildə inşa edilib, ötən ilə qədər istifadədə olub. Binanın istifadəyə yararsız olması nəzərə alınaraq 2010-cu ilin fevralından mehmanxanada təmir işlərinə başlanıb. Onmərtəbəli, 36 nömrəsi olan mehmanxananın sahəsi 6 min kvadratmetrdir. Hazırda binanın interyerində son tamamlama işləri görülür. Burada yenidənqurma işlərini bu ilin dekabrında başa çatdırmaq nəzərdə tutulub.
Prezident İlham Əliyev nümunəvi nömrələrin birində yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, əsas binada mini bar, hovuz, SPA mərkəzi, sauna, gimnastika bölməsi, türk hamamı, bilyard klubu, 10-cu mərtəbədə 60 nəfərlik restoran fəaliyyət göstərəcək. Bundan əlavə, mehmanxananın həyətində tikiləcək binada böyük konfrans zalı, tədbirlərin keçirilməsi üçün müxtəlif zallar və digər inzibati otaqlar olacaq. Ərazidə uşaqlar üçün də oyun meydançaları yaradılacaq.
Bildirilib ki, bu mehmanxana kompleksi böyük turizm potensialı olan Şamaxıda qonaqların qəbul edilməsində mühüm rol oynayacaq. Bundan əlavə, rayona dincəlməyə gələnlərin rahat şəraitlə təmin olunmasına geniş imkanlar açacaq.
Dövlətimizin başçısı mehmanxananın yenidənqurmadan sonrakı vəziyyətini əks etdirən stendlə tanış olub, tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin yeni Tədris Mərkəzinin açılışında iştirak edib. Mərkəzin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Vergilər naziri Fazil Məmmədov dövlətimizin başçısına məlumat verib ki, son illərdə ölkəmizdə vergi sistemində aparılan islahatlar, ilk növbədə bu sahədə modern texnologiyaların tətbiqinə, yeni kadr hazırlığının həyata keçirilməsinə yönəlib. Prezident İlham Əliyev Tədris Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, Tədris Mərkəzinin inşasına 2008-ci ildə başlanıb. 2,5 hektar ərazidə aparılan inşaat işləri yüksək tikinti standartlarına tam cavab verir. Mərkəzin kompleksinə üçmərtəbəli tədris binası, ikimərtəbəli inzibati bina, müdavim və müəllim yataqxanaları, o cümlədən dəvət olunan ekspertlər üçün nəzərdə tutulan ikimərtəbəli dörd qonaq evi daxildir. Mərkəzdə üç mühazirə auditoriyası yaradılıb. Bütün texniki vasitələrlə təchiz edilən auditoriyaların hər biri 20 nəfərlikdir.
Prezident İlham Əliyev müdavimlər üçün nəzərdə tutulan yataqxanadakı şəraitlə də tanış olub. Bildirilib ki, burada üç nəfərlik 21, iki nəfərlik 3, bir nəfərlik 3 otaq var. Otaqların hər biri yüksək səviyyədə təchiz olunub, müdavimlərin yaşaması üçün hər cür şərait yaradılıb.
Tədris Mərkəzinin həyətyanı sahəsini gəzən dövlətimizin başçısı dəvət olunan xarici qonaqlar və ekspertlər üçün nəzərdə tutulan evlərdə yaradılan şəraitlə maraqlanıb.
Mərkəzdə yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı İlham Əliyev kollektivlə görüşüb.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri ilə də tanış olub.
Məlumat verilib ki, Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb, 1960-cı ildən fəaliyyətə başlayıb. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşməklə dünyanın bir sıra rəsədxanalarını qabaqlayır. Rəsədxana çətin müşahidə edilən Cənub səmasının öyrənilməsində üstünlüklərə malikdir.
Dövlətimizin başçısı rəsədxananın muzeyi ilə tanış olub. Muzeydə müxtəlif dövrlərdə həyata keçirilən elmi tədqiqatların nəticələri əks olunub.
Prezident İlham Əliyev rəsədxana kompleksinin Yusif Məmmədəliyev adına yaşayış qəsəbəsində aparılan tikinti və yenidənqurma işləri ilə də tanış olub.
Dövlətimizin başçısı əvvəlcə akadmeik Yusif Məmmədəliyevin büstü önünə gül dəstəsi qoyub.
Sonra Prezident İlham Əliyev rəsədxananın kollektivi ilə görüşüb.

Paylaş:
Baxılıb: 949 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30