Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni dərs ili başlandı

Yeni dərs ili başlandı

17.09.2011 [10:28]

Ən müasir məktəblərin siyahısına 6 saylı orta məktəb də qatıldı
Təhsili davamlı inkişafın əsas amillərindən sayan ölkə Prezidenti İlham Əliyev bu vəzifəyə seçildiyi gündən həmin sahənin dünya standartlarına uyğunlaşdırılmasına, beynəlxalq təhsil sisteminə inteqrasiyasına və dünyanın qabaqcıl ölkələrindəki təhsil səviyyəsinə yüksəlməsinə çalışır. Məhz bunun nəticəsidir ki, təhsil dövlətin humanitar sahədə həyata keçirdiyi siyasətin mərkəzində durur. “Azərbaycanın gələcək inkişafı təhsillə bağlıdır”, deyən ölkə Prezidenti İlham Əliyev dövlətin savadlı, dünyagörüşlü kadrlara üstünlük verdiyini və təhsili ən prioritet sahə hesab etdiyini dəfələrlə vurğulayıb. Bunun nəticəsidir ki, təhsil sahəsinə ayrılan büdcə vəsaitləri ildən-ilə artır. İndiyədək bu sahənin inkişafı ilə bağlı 14 dövlət proqramı təsdiq edilib, təhsil üzrə Milli Strategiyanın hazırlanmasına başlanılıb. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verir. Yeni məktəblər tikilir, köhnələr əsaslı təmir edilir və ya yenidən qurulur, ən müasir avadanlıqlarla təchiz olunur.
Sentyabrın 15-də isə ölkəmizin bütün təhsil müəssisələrində 2011-2012-ci tədris ilinə start verilib. Yeni dərs ilində ümumtəhsil məktəblərinin birinci sinfinə 124 min 274 şagirdin qəbul olunacağı gözlənilir.
Yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin I sinfinə isə 33 min 464 şagirdin qəbulu nəzərdə tutulub. Xatırladaq ki, ötən tədris ilində bu rəqəm 32 min 812 nəfər olub.
Müasir standartlara uyğun təhsil müəssisələrinin arasına yeniləri əlavə olundu
Məlum olduğu kimi, ölkə məktəblilərinin yarıdan çoxu geniş, müasir, hər cür avadanlıqlarla təchiz olunmuş məktəblərdə təhsil alır. Bu il də çoxlu sayda məktəblər təmir olunub və müasir avadanlıqla təchiz edilib. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. İlin sonuna qədər 40-dan çox məktəb təmir ediləcək, tikiləcək.
Bu proses ilə yaxından maraqlanan Prezident İlham Əliyev hər bir məktəbin açılışında iştirak etməyə çalışır. Sentyabrın 14-15-də dövlət başçısı bir sıra məktəblərdə olub.
Bakının Sabunçu, Nizami, Suraxanı, Nəsimi və Qaradağ rayonlarında orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olan Prezident İlham Əliyev eyni zamanda, sentyabrın 15-də 6 saylı orta məktəbin açılışına qatılıb.
6 saylı məktəb yeni dərs ilinə yenilənmiş binada başlayır
1986-cı ildə istifadəyə verilən məktəb binasının tarixi ötən əsrin 30-cu illərinə gedib çıxır. Məlumatlara görə, 1937-ci ildə bu binada oğlanlar məktəbi fəaliyyətə başlayıb. Lakin tezliklə müharibə başlayıb və məktəb binası hospitala çevrilib. Bina müharibədən sonra yenidən təhsil ocağı kimi fəaliyyətini davam etdirib. 2000-ci ildən başlayaraq müşayiət olunan sürüşmələrdən ciddi ziyan görən bina 2 dəfə əsaslı təmir olunub. Binada möhkəmləndirmə tədbirləri həyata keçirilsə də, yetərli olmayıb. Məktəb binası Prezident İlham Əliyevin ötən il verdiyi Sərəncamla yenidən qurulub. Məktəbin direktoru Gülşən Orucovanın sözlərinə görə, məktəbin yenidən qurulduğu bir il ərzində onlar kontingentini itirmədən təhsil ilini başa vurub: “Təmirə başlananda məktəbimizin şagird və müəllimlərinin Bakının ayrı-ayrı məktəblərinə yerləşdiriləcəyi ehtimal edilirdi. Bu, kontingentimizin dağılması demək olacaqdı. Təbii ki, təmirdən sonra məktəbə müəyyən itkilərlə qayıdacaqdıq. Ancaq Heydər Əliyev Fondunun dəstəyi ilə Həsən Əliyev küçəsində tikilən yeni məktəb binasına yerləşdirildik. Yeni binanın ilk istifadəçiləri biz olduq və ötən dərs ilini həmin məktəbdə başa vurduq. Artıq öz binamız hazırdır. Buna görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və ölkə Prezidenti İlham Əliyevə minnətdarıq”.
6 saylı məktəb “Elektron məktəb” layihəsinə ilk qoşulan təhsil müəssisələrindəndir. İnfrastrukturuna görə Avropanın ən müasir məktəbləri ilə müqayisə oluna bilər. Bu il məktəbdə birinci sinfə 230 şagird qəbul olunub. Birincilərdən ibarət 7 sinif təşkil olunub. Məktəbin builki məzunlarının sayı isə 69 nəfər olacaq.
Məktəb direktorunun sözlərinə görə, bu il yuxarı sinif şagirdlərini əhatə edən iki böyük layihənin icrasına başlayacaqlar. ölkə Prezidentinin dəstəyi ilə “Beynəlxalq bakalavriat proqramı” həyata keçiriləcək. G.Orucovanın sözlərinə görə, 70 min avro dəyərində olan bu proqram məktəbin şagirdlərinə xarici universitetlərdə təhsil almaq imkanı yaradacaq: “1968-ci ildə Cenevrədə yaradılan İP beynəlxalq proqramı bu ildən 6 nömrəli məktəbdə də tətbiq ediləcək. Ən əsası isə odur ki, təhsil ocağının şagirdləri bu nadir imkandan pulsuz istifadə edəcəklər. XI sinfi bitirənlər imtahan verəcək və xarici qiymətləndirmə ilə bu proqramı tanıyan 2544 tanınmış universitetin birində təhsil alacaq. Bu il məktəbin 10-cu və 11-ci sinifləri üçün tətbiq ediləcək diplom proqramına əsasən, tədris bütün fənlər üzrə yalnız ingilis dilində aparılır. Şagirdlərin təhsili həm ölkə, həm də xarici mütəxəssislər tərəfindən qiymətləndirilir. 45 bal toplayan şagird avtomatik olaraq Oksford, Kembric kimi nüfuzlu təhsil müəssisələrinə daxil olmaq imkanı qazanır. Bu proqramın 6 nömrəli məktəbdə tətbiqi ilə əlaqədar müəllimlər Hamburq və Sürixdə treninqlər keçib”.
Təhsil müəssisəsinin imza atdığı daha bir yenilik - 10-cu sinifdən profil siniflərin yaradılmasıdır. İndi bu pilot proqram Bakının beş məktəbində tətbiq edilir.
Müəllimlər daim öz üzərində işləyir
Məktəbin uğurlarında əsas ağırlıq həm də müəllimlərin üzərinə düşür. Odur ki, onların biliyi, qabiliyyəti çox vacibdir. 6 saylı orta məktəbin müəllimlərinin müsabiqələrdə iştirakı və uğurları təsdiq edir ki, onlar yeniləşən, müasirləşən, Avropa məktəbləri ilə rəqabətə tab gətirə bilən bir məktəbin müəllimləridir. ötən il 3 müəllim “Əməkdar müəllim” adına layiq görülüb. Daha 3 müəllim “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. ümumiyyətlə, bu müsabiqədə məktəbin 11 müəllimi iştirak edib və bu adı qazanıb. G.Orucovanın sözlərinə görə, məktəbə müəllimlər imtahanla Təhsil Nazirliyindən göndərilir.
Məzunlarımızla fəxr edirik
ötən tədris ilində məktəbi 58 məzun bitirib və hamısı müxtəlif ali məktəblərə daxil olub. 5 nəfər 600-dən, 11 nəfər 500-dən yuxarı bal toplayıb. Məktəbin 6 məzunu təhsilini xarici ölkələrdə fəaliyyət göstərən ali məktəblərdə davam etdirəcək. Bunu yüksək nəticə hesab edən G.Orucovanın fikrincə, məktəbə axın olsa da, axırda məhz bu məktəbin məzunu olmaq çətindir: “Hər sinfin sonunda şagirdlərimiz imtahandan keçirilir. Uğursuz nəticə göstərənlərə yay tapşırıqları verilir. Onun da öhdəsindən gəlməyənlər ya sinifdə saxlanılır, ya da məktəbdən qovulur. Belə uşaqların əvəzinə yeni istedadlar, bilikli uşaqlar cəlb olunur. Tədrisin keyfiyyəti ilə yanaşı, davamiyyətə də diqqət yetirilir”.
Məktəbin fəxr etdiyi məzunlarını saymaqla qurtarmaz. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin bu məktəbi bitirməsi, bu məktəbin məzunu olması xüsusilə qürurvericidir. Təsadüfi deyil ki, bu məktəb “Prezidentin məktəbi” kimi tanınır: “ümummilli liderimiz Heydər Əliyev ilk dəfə məktəbimizə övladının buraxılış gecəsində gəlib. Azərbaycan KP MK-nın birinci katibi kimi. Müstəqil Azərbaycanın Prezidenti kimi növbəti gəlişində isə Ulu öndəri mən qarşıladım. Həmin vaxt bu məktəbdə ibtidai sinif müəlliməsi kimi fəaliyyət göstərirdim. 2001-ci ildə məktəbə gələn Ulu öndər “Xatirə kitabı”na da öz ürək sözlərini yazıb”.
Onu da qeyd edək ki, seçkilərdə Azərbaycan Prezidenti İlham Əliyev məhz bu məktəbdə təşkil olunan seçki məntəqəsində səs verir.
RUHİYYƏ

Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30