İyirmi il ərzində müstəqil Azərbaycan böyük və uğurlu yol keçib
19.10.2011 [16:15]
Dünən “Buta” sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Salona toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar. Azərbaycanın dövlət himni səslənib.
Dövlətimizin başçısı rəsmi qəbulda nitq söyləyib. Prezident İlham Əliyev bildirib ki, iyirmi il ərzində müstəqil Azərbaycan böyük və uğurlu yol keçib: “Biz müstəqilliyimizin ilk illərini də yaxşı xatırlayırıq. Yaxşı xatırlayırıq ki, Sovet İttifaqının dağılması nəticəsində bütün başqa sovet respublikaları ilə bərabər Azərbaycan da müstəqilliyə qovuşdu. Bizim müstəqillik təcrübəmiz XX əsrin əvvəlində də olmuşdur. O vaxt rus imperiyasının dağılması nəticəsində Azərbaycan müstəqillik əldə etdi, Azərbaycan Demokratik Respublikası yaradıldı. Ancaq bu respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Demək olar ki, XX əsrin sonunda da buna oxşar proseslər baş vermişdir. Müstəqilliyimizin ilk illərində ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü. Biz o illəri yaxşı xatırlayırıq və demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Total böhran hökm sürürdü - həm iqtisadi sahədə, həm siyasi böhran, hərbi böhran. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı əldə edilmişdir. Yəni gənc ölkə üçün çox təhlükəli illər, təhlükəli anlar, çox böyük sınaq idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində biz bu sınaqlardan şərəflə çıxa bilməmişdik. Belə bir vəziyyətdə - 1993-cü ildə ölkədə vəziyyət dözülməz həddə çatandan sonra Azərbaycan xalqı Heydər Əliyevə müraciət etmişdir. Azərbaycan xalqı öz xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə görürdü və bu münasibətin, bu fikirlərin əlbəttə ki, çox böyük əsasları vardı”.
“1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır” - deyən Prezident İlham Əliyev vurğulayıb ki, məhz, o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir.
Prezident İlham Əliyev söyləyib ki, bu gün Azərbaycan iqtisadiyyatı tam bazar iqtisadiyyatı prinsipləri əsasında idarə olunur: “Ulu öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı verdiyi qərarlar bu gün də aktuallığını itirmir. Senzuranın ləğvi, Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiya siyasəti və bu səpkidə digər addımlar bu gün də bizim inkişafımızın əsas istiqamətlərini müəyyən edir.
ölkə iqtisadiyyatının canlandırılması üçün yollar axtarılırdı. çünki ölkə iqtisadiyyatı qeyd etdiyim kimi, tamamilə dağılmış vəziyyətdə idi və xarici investisiyalarsız Azərbaycanın gələcəyi mümkün deyildi”.
Dövlətimizin başçısı İlham Əliyev əlavə edib ki, ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil “Əsrin müqaviləsi”nin bağlanması idi: “İndi keçmişə nəzər salaraq, tam əminliklə deyə bilərik ki, əgər o vaxt, o çətin anlarda, çətin illərdə “Əsrin müqaviləsi” bağlanmasaydı, bugünkü Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. Yəni heç təsəvvür etmək mümkün deyil ki, əgər o tarixi müqavilə bağlanmasaydı, ölkənin taleyi necə olardı? Yəni o, Azərbaycanı dünyaya tanıtdırdı. O, Azərbaycana investisiyalar gətirdi, iş yerlərinin açılmasına gətirib çıxardı. Eyni zamanda, Azərbaycanı dünya iqtisadiyyatının bir parçası kimi dünyaya təqdim etdi. Azərbaycan bu gün enerji siyasəti ilə nəinki öz maraqlarını, eyni zamanda, tərəfdaşlarımızın maraqlarını da təmin edir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir və bu siyasətin əvvəli məhz “Əsrin kontraktı”nın bağlanması ilə əlaqədar idi. Bu, bizə imkan verdi ki, əldə edilən gəlirləri iqtisadiyyatın bütün sahələrinə yönəldək və beləliklə, iqtisadiyyatımızın şaxələndirilməsinə nail olaq”.
Prezident İlham Əliyev deyib ki, bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir: “2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir. Biz istənilən sahədə böyük irəliləyiş və nəticələr görürük. Əlbəttə ki, ölkə qarşısında duran problemlər hələ də vardır və bu da təbiidir. Ancaq bu problemlər həll olunur və ən önəmlisi, problemlərin həlli üçün bizdə düşünülmüş proqramlar vardır. Bu proqramlar bütün sahələri əhatə edir. Siyasi islahatlar, demokratikləşmə prosesi Azərbaycanda uğurla gedir. İqtisadi sahədə, regionların inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi üzrə konkret proqramlar vardır. Xarici siyasətlə bağlı konseptual yanaşmalar və bizim siyasətimiz göstərir ki, bu, çox uğurlu siyasətdir. Bəzən bunu çoxvektorlu, yaxud da ki, balanslaşdırılmış siyasət adlandırırlar. Mən hesab edirəm ki, bu, müstəqil siyasətdir, xoşniyyətli siyasətdir və Azərbaycanın maraqlarını müdafiə edən siyasətdir. Biz bu gün bütün sahələrdə fəaliyyətimizi konkret proqramlar əsasında qurmuşuq və beləliklə, ölkənin inkişafı çox uğurludur və sürətlidir. Biz gələcəkdə də Azərbaycanda siyasi islahatların dərinləşməsinə çalışacağıq. Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, qanunun aliliyinin bərqərar olunması sahəsində böyük işlər görülübdür və bundan sonra da görüləcəkdir. Biz etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlara üzv olmuşuq və üzərimizə götürdüyümüz bütün öhdəlikləri vaxtında və ləyaqətlə yerinə yetiririk. Eyni zamanda, siyasi islahatların aparılması üçün güclü iqtisadi dayaqlar olmalıdır. Son 8 il ərzində Azərbaycan dünya miqyasında heç vaxt tarixdə bu günə qədər analoqu olmayan inkişaf templərini göstərir. Bunu bütün statistik göstəricilərdə də hər kəs görə bilər. Səkkiz il ərzində ölkə iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz artmışdır, 950 min yeni iş yeri açılmışdır, yoxsulluq 5 dəfə - 500 faiz azalmışdır, büdcə xərcləri təxminən 20 dəfə artmışdır. Beləliklə, ölkənin uğurlu, dayanıqlı və sürətli inkişafı təmin edilmişdir. Əgər biz bu göstəricilərin 30 faizinə nail olsaydıq, bunu da böyük uğur kimi qəbul edəcəydik. Ancaq əldə edilmiş uğurlar göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanda sosial ədalət prinsipləri tam bərqərar edilmişdir. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik. Həmçinin çox güclü sosial siyasət aparırıq. Əgər belə olmasaydı, bu il pensiyaçıların pensiyası təxminən 40 faiz artmazdı”.
Dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Bildiyiniz kimi, atəşkəs rejimi bağlanandan sonra danışıqlar nəticə vermir. Əgər Heydər Əliyev müstəqilliyimizin ilk illərində Azərbaycanın rəhbərliyində olsaydı, mən tam əminəm ki, bir qarış torpaq da düşmənin işğalı altında qalmazdı. Bizim xoşbəxtliyimiz ondadır ki, Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib və onu hakimiyyətə dəvət edib. Bədbəxtçiliyimiz isə ondadır ki, müstəqilliyimizin ilk illərində ölkənin taleyi ilə oynayan qüvvələr öz tarixi məsuliyyətini dərk edə, ölkəni layiqincə idarə edə bilməmişlər. Bu, tarix qarşısında böyük məsuliyyətdir. Müstəqil Azərbaycana rəhbərlik etmək, ölkəni irəliyə aparmaq bütün əvvəlki nəsillər qarşısında böyük məsuliyyətdir. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində buraxılmış səhvlər, bəzi hallarda səriştəsizlik, bəzi hallarda xəyanət nəticəsində torpaqlarımız işğal altındadır. Biz indi çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq, ərazi bütövlüyümüzü bərpa edək. Danışıqları aparırıq və aparacağıq. Ancaq əfsuslar olsun ki, danışıqların heç bir nəticəsi yoxdur.
Danışıqların aparılması ilə bərabər, biz ölkəmizi gücləndiririk. Mən bir neçə il bundan əvvəl demişəm ki, Dağlıq Qarabağ münaqişəsini ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll etmək üçün Azərbaycan daha da güclü olmalıdır.
Son illər ərzində Ermənistan ilə Azərbaycan arasında inkişafda mövcud olan fərq daha da böyüyür. Bu münaqişənin həllinin yolu ancaq beynəlxalq hüquq normalarının qəbul edilməsindən keçir. Azərbaycanın dünya birliyi tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. İşğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır.
Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etməlidir. Erməni vandalizmindən, vəhşiliyindən, etnik təmizləmə siyasətindən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz ata-baba torpaqlarına qayıtmalıdırlar və qayıdacaqlar. Mən buna şübhə etmirəm. Bunu etmək üçün biz daha da güclü olmalıyıq və biz güclü oluruq. İqtisadi sahədə, hərbi sahədə, bütün başqa sahələrdə Azərbaycanın potensialı Ermənistandan bir neçə dəfə üstündür, daha da üstün olmalıdır.
Diplomatik səylərimizi davam etdirəcəyik, eyni zamanda, bütün vasitələrdən istifadə edib ərazi bütövlüyümüzün bərpası üçün çalışacağıq. Haqq-ədalət bizim tərəfimizdədir, bunu hamı bilir. İyirmi il ərzində nə qədər çətin olsa da, erməni lobbisi nə qədər çalışsa da, biz dünyaya bəyan edə bilmişik, göstərə bilmişik ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır, həm tarix baxımından, həm beynəlxalq hüquq baxımından. Bu gün bizim hücum diplomatiyamız səmərəsini verməkdədir. Mən əminəm ki, bu məsələ ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu demək üçün kifayət qədər əsaslar vardır. Mən bu məsələ ilə bağlı fikirlərimi vaxtaşırı Azərbaycan ictimaiyyəti ilə bölüşürəm. Kifayət qədər əsaslar vardır. Tarixi və hüquqi amillərdən başqa, real qüvvələr nisbəti artıq tamamilə Azərbaycanın üstünlüyünü göstərir. İqtisadi potensial müqayisəedilməz dərəcədədir. Azərbaycan iqtisadiyyatı 20 illik müstəqillik dövründən sonra bu gün Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təşkil edir. Gələcəkdə görüləcək tədbirlər və aparacağımız islahatlar nəticəsində bu rəqəm ancaq və ancaq artacaqdır, azalmayacaqdır, artacaqdır.
Bu gün hər bir ölkə, o cümlədən Azərbaycan iqtisadi amillərlə yanaşı, özünü qorumaq, müdafiə etmək üçün tədbirlər görür. Bizim hərbi xərclərimizin böyüməsi təbii prosesdir. Bizim bütün xərclərimiz artır, o cümlədən hərbi xərclər. Nəzərə alsaq ki, bizim Qarabağ kimi problemimiz vardır, hərbi xərclərimizin artması təbiidir. Artmasaydı bu, qeyri-təbii olardı. Artır və artacaqdır. Bir neçə il əvvəl qarşıya qoyduğum vəzifə artıq keçmişdə qalıb. Demişdim ki, bizim hərbi xərclərimiz Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır. Bu gün bizim hərbi xərclərimiz Ermənistanın büdcəsindən 500 milyon artıqdır. Gələcəkdə daha da artıq olacaqdır.
Mənim nikbinliyimin səbəblərindən biri də bölgədə mövcud olan demoqrafik vəziyyətlə bağlıdır. Azərbaycanın əhalisi ildən-ilə artır və 9 milyon 100 min nəfərdən artıq vətəndaşımız vardır. Ermənistanda əhali ildən-ilə azalır və azalacaqdır. Həm təbii proseslər nəticəsində, həm də orada mövcud olan, hökm sürən ümidsizlik, işsizlik və kütləvi apatiya nəticəsində. Bütün bu və digər amillər, - bu gün bu barədə bəlkə də danışmağa ehtiyac yoxdur, - əminliyimizi daha da gücləndirir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaqdır, Azərbaycan xalqı Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi yaşamasını təmin edəcəkdir”.
“Bu 20 il ərzində bütün sahələrdə böyük inkişaf və quruculuq işləri aparılmışdır” - söyləyən Prezident İlham Əliyev deyib ki, 20 il ərzində Azərbaycan bölgədə və dünyada özünü etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə, dost ölkə kimi tanıtdıra bilib: “Biz 20 il ərzində böyük yol keçmişik - müstəqillik yolu, suverenlik yolu, azadlıq yolu. İyirmi il həm böyük bir müddətdir, həm də kiçik. Kiçikdir ona görə ki, tarix üçün 20 il heç nədir. Müstəqil bir ölkənin inkişafı üçün 20 il o qədər də böyük müddət deyildir. Ancaq, eyni zamanda, bu 20 il ərzində o qədər böyük işlər görülmüşdür ki, biz bu 20 ili böyük müddət kimi də qəbul edə bilərik və edirik. Ancaq biz hamımız, burada əyləşənlər, bu gün bizə baxanlar, bizim vətəndaşlarımız bilirik ki, müstəqil Azərbaycan üçün bu, birinci addımlardır. Müstəqil Azərbaycan bundan sonra əbədi yaşayacaqdır. Bu 20 il 120 il, 220 il, 520 il olacaqdır. Müstəqil respublikamız əbədi yaşayacaqdır. Bizdən asılıdır ki, Azərbaycan hansı əsaslarla idarə olunacaqdır. Bu gün qoyulan əsaslar - müstəqillik, suverenlik, demokratiya, bazar iqtisadiyyatı, sosial ədalət prinsipləri dövlətçiliyin əsaslarıdır. Güclü milli ideologiya, milli ruh, milli ləyaqət bizə yol göstərən prinsiplərdir. Bizdən çox şey asılıdır. Müstəqil olmaq, azad olmaq böyük xoşbəxtlikdir. Bizdən əvvəlki nəsillər əsrlər boyu müstəqillik eşqi, müstəqillik arzuları ilə yaşamışlar və həyatdan getmişlər. Amma bu müstəqilliyi görməmişlər. Biz, bizim nəsil xoşbəxtdir. Biz nəinki müstəqilliyi görürük, biz müstəqilliyi möhkəmləndiririk. Azərbaycanı, müstəqil dövləti irəliyə aparırıq. Azərbaycan xalqımızın iradəsi ilə idarə olunur. Bugünkü Azərbaycan xalqımızın zəhməti və istedadı hesabına formalaşıbdır. Hər şey bizdən asılıdır. 1991-ci ildə də bizdən asılı idi. Əfsuslar olsun ki, o vaxt ölkəmiz lazımi səviyyədə olmadı. 1993-cü ildə də bizdən asılı idi. Bu gün də bizdən asılıdır. Hər bir vətəndaş, vətənini sevən hər bir vətənpərvər insan çalışmalıdır ki, öz zəhməti, əməyi, peşəkarlığı ilə doğma dövlətini gücləndirsin.
Biz müasir dövlət qururuq. Möhkəm ənənələr, möhkəm dəyərlər, milli mənəvi dəyərlər üzərində müasir dövlət qururuq və uğurla qururuq. Bu gün Azərbaycanı artıq bəzi dairələrdə bir örnək ölkə kimi təqdim edirlər. Bu, bizi sevindirir. Yəni bu, Azərbaycanın əldə etdiyi uğurlara verilən qiymətdir, ancaq, eyni zamanda, bizim məsuliyyətimizi də artırır. Biz istəyirik ki, ölkə daxilində işlər yaxşı getsin, qonşuluqda əmin-amanlıq, sülh olsun. Xarici siyasətdə istəyimiz ondan ibarətdir ki, dostlarımızın sayı artsın. Bütün səylərimizi səfərbər etmişik ki, Azərbaycanı daha da inkişaf etdirək, insanlar üçün daha da yüksək şərait yaradaq, insanların maddi rifahını artıraq, ölkə iqtisadiyyatını gücləndirək. Artıq Azərbaycan regional müstəvidə güc mərkəzidir. Bunun səbəbi təkcə təbii ehtiyatlar deyildir. Təbii ehtiyatlar sadəcə olaraq bizə ilkin təkan verdi ki, ondan səmərəli istifadə edək.
Bizim uğurların təməlində siyasətimizdir, gələcəyə olan baxışlarımızdır, strategiyamızdır, birliyimizdir. Azərbaycan xalqı bu 20 il ərzində vətəndaş həmrəyliyi göstəribdir. Azərbaycan xalqı bu illər ərzində nə qədər böyük xalq olduğunu göstəribdir. İyirmi ildə biz böyük nailiyyətlərə çatmışıq. Əminəm ki, bundan sonra da biz bu nailiyyətləri artıracağıq, ölkəmizin hərtərəfli inkişafı üçün çalışacağıq, daha da qüdrətli, daha da gözəl ölkə yaradacağıq. Bu işdə hamımıza uğurlar arzulayıram. Sağ olun”.
Sonra Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan film nümayiş etdirilib.
Daha sonra Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

