Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Mədəniyyətlərarası dialoq məkanına çevrilən Azərbaycanda mədəniyyətin, incəsənətin inkişaf etdirilməsi sahəsində davamlı addımlar atılır

Mədəniyyətlərarası dialoq məkanına çevrilən Azərbaycanda mədəniyyətin, incəsənətin inkişaf etdirilməsi sahəsində davamlı addımlar atılır

21.12.2011 [01:49]

Prezident İlham Əliyev ötən 8 il ərzində ölkəmizin strateji inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirib
ötən əsrin 90-cı illərinin əvvəlində müstəqillik əldə edən Azərbaycanda baş verən siyasi qarışıqlıq, hakimiyyətsizlik bütün sahələr kimi mədəniyyətin də tənəzzülünə səbəb olmuşdu. Daha doğrusu, SSRİ-nin dağılması mədəniyyətə ayrılan dövlət vəsaitinin kəsilməsinə səbəb olmuş, yenicə müstəqillik qazanmış Azərbaycanda mövcud olan xaos və anarxiya isə bu sahəni tamamilə yaddan çıxarmışdı. Beləliklə, maddi-mədəniyyət abidələri baxımsız qalmış, kitabxana və klublar, həmçinin, kinoteatrlar və teatrlar istifadəsiz obyektlərə çevrilmişdi. Bu azmış kimi işğal olunan torpaqlarımızdakı maddi-mədəniyyət nümunələri ermənilər tərəfindən darmadağın edilmişdi. Məhz belə bir çətin dövrdə, 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı başqa sahələr kimi, milli mədəniyyətimizi də tamamilə dağılma və məhvolma təhlükəsindən xilas etdi. Belə ki, Ulu öndərin hakimiyyətə gəlişi ilə milli-mənəvi dəyərlərimizin qorunmasına dövlət qayğısı artdı, ölkədə müstəqil mədəniyyət siyasəti formalaşmağa başladı. Ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində əsasını qoyduğu islahatlar hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir.
Milli-mədəni irsimizin, adət-ənənələrimizin qorunub saxlanması məqsədilə proqramlar həyata keçirilir
Məlum olduğu kimi, milli-mədəni irsimizin, o cümlədən, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması işi Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən milli strategiyanın prioritetlərindəndir. Buna misal olaraq, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında”, “Bakı şəhərinin tarixi və memarlıq abidələrinin bərpası və qorunması haqqında”, “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında”, “Monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanması və ətrafının abadlaşdırılmasına dair tədbirlər planının təsdiq edilməsi barədə” və digər sərəncamları göstərmək olar. Son bir neçə ildə ölkə başçısının sərəncamları əsasında 4 yeni tarix-mədəniyyət qoruğu yaradılıb. Bundan əlavə, 2003-cü ildə Şəki rayonunda “Kiş” tarix-memarlıq və 2004-cü ildə Hacıqabul rayonunda “Pir-Hüseyn Xanəgahı” tarix-memarlıq qoruqları yaradılıb. 2007-ci il iyunun 29-da Dünya İrs Komitəsinin Yeni Zellandiyada keçirilən 31-ci sessiyasında Qobustan Dövlət tarix-bədii qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. 2011-ci ildən isə milli mədəniyyət abidələrimizin qorunub bərpa edilməsi haqqında qəbul olunan Dövlət Proqramına əsasən tarixi və mədəniyyət abidələrində bərpa işlərinə başlanılıb.
Dövlət başçısının eyni zamanda, teatr sənətinin inkişafı üçün göstərdiyi diqqət və qayğı isə Azərbaycan teatrında yaradıcılıq əhval-ruhiyyəsini daha da artırıb. Belə ki, Prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası müasir tələblər çərçivəsində təmir və bərpa olunub. Eyni zamanda, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı aparılan təmir və yenidənqurmadan sonra öz qapılarını tamaşaçıların üzünə açıb. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yeniləşdirilir. Bundan başqa, paytaxtımızla yanaşı, region mərkəzlərində yerləşən teatrlarımızın binalarında da təmir, həmçinin, müasir üslubda yenidənqurma işləri aparılır. Bu isə Azərbaycan teatrının gələcək illərdə daha yüksək səviyyədə inkişafına şərait yaradacaq amillərdəndir.
Prezident İlham Əliyev ölkəmizdə muzeylərin inkişafı, tam yenidən qurulması məsələsini də hər zaman diqqətdə saxlayıb. Bu mənada Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada aparılan tikinti işləri xüsusi qeyd edilməlidir. Təməli 2008-ci ilin mayında Dənizkənarı Milli Parkda qoyulan muzeyin yeni binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun birgə layihəsi əsasında inşa edilir. Muzey binasının layihəsi hazırlanarkən, ilk növbədə, milli memarlıq ənənələrinə daha çox üstünlük verilib. Prezident İlham Əliyev mütəmadi olaraq binanın tikintisi ilə maraqlanır və layihənin icrası ilə bağlı həyata keçirilən inşaat işləri ilə şəxsən tanış olur.
Onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilib. Hər iki Sərəncam üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə də, lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan artıq kitab kitabxanalara göndərilərək oxucuların ixtiyarına verilib. Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikalı əlifba ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm işlər görülüb.
Dövlət dəstəyi hesabına kinematoqrafiya sahəsi xüsusi inkişaf tendensiyası əldə edib
ölkəmizdə kino sənətinin inkişafı da hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. ölkə başçısının 23 fevral 2007-ci il tarixli “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncamına əsasən kino sahəsinin inkişafı ilə bağlı 2008-2018-ci illəri əhatə edən Dövlət Proqramı hazırlanıb. Eyni zamanda, 2007-2010-cu illərdə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətinin inkişaf proqramı həyata keçirilib. Bu sırada kinoteatrların yüksək səviyyədə təmiri, həmçinin, beynəlxalq standartlara cavab verə biləcək texniki təchizatla təmin olunması məsələsi də dayanır. Məsələn, bu il noyabrın 24-də Bakının “Nizami” kinoteatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı keçirilib.
Sözügedən Dövlət Proqramı kinofilmlərin istehsalının artırılmasını, eləcə də, yeni kino çəkən avadanlıqlarla təchizatı nəzərdə tutur. Bu proqramda xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi məsələsi də öz əksini tapıb. Dövlət Film Fondu üçün yeni binanın tikilməsi və onun müasir avadanlıqlarla təmin edilməsi isə mənəvi sərvətimiz olan filmlərimizin qorunması, bərpası və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan mədəniyyəti beynəlxalq səviyyədə tanınır və təbliğ olunur
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəni irsinin qorunub saxlanılması və beynəlxalq səviyyədə təbliği istiqamətində aparılan uğurlu fəaliyyət Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına yol açıb. Artıq ölkəmizin bir sıra mədəniyyət abidəsi beynəlxalq təşkilatların qızıl fondlarının siyahısına salınıb. Bununla yanaşı, klassiklərimizin xarici ölkələrdə keçirilən yubileyləri Azərbaycan ədəbiyyatının, incəsənətinin, bütövlükdə mədəniyyətimizin təbliğində əhəmiyyətli rol oynayıb. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi söz ustalarının, həmçinin, “Kitabi-Dədə Qorqud” dastanının yubileylərinin UNESCO xətti ilə yüksək səviyyədə qeyd olunması, milli mədəniyyətimizin zənginliyinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasətin parlaq təzahürüdür. Eləcə də, Azərbaycan xalçası, milli muğam və aşıq musiqisinin dünya mədəni irs siyahısına salınması, martın 21-i tarixinin BMT miqyasında Novruz bayramı günü kimi qeyd edilməsi mənəvi dəyərimizin qorunması ilə yanaşı, xalqımızın dünyada tanınmasına xidmət edir.
Beləliklə, milli mədəniyyətin inkişafını dövlət siyasətinin prioritetlərindən biri hesab edən Azərbaycan hökuməti onun təbliği məsələlərinə də xüsusi önəm verir. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri də ölkəmizin milli-mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaradıb. Prezident İlham Əliyev hər zaman çıxışlarında Azərbaycanın milli, mədəni irsinin qorunmasının, onun təbliğinin vacibliyini vurğulayıb: “Biz öz milli, mədəni irsimizi qorumalıyıq. Bunun üçün təbliğat işləri daha da güclü olmalıdır. Bizim imkanlarımız daha da geniş olmalıdır. Baxın, indi demək olar ki, bütün dünyada Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir, 50-dən yuxarı ölkədə Azərbaycan səfirlikləri fəaliyyətə başlamışdır və uğurla fəaliyyət göstərirlər. Yəni, indi bizim təbliğat imkanlarımız genişdir. Biz heç vaxt, tarix boyu başqa xalqın milli dəyərinə, yaxud da ki, milli irsinə göz dikməmişik. Ancaq əfsuslar olsun ki, bizə qarşı həmişə belə cəhdlər olub. Yenə də deyirəm, bunun əsas səbəbi Azərbaycan xalqının istedadı və mədəniyyətimizin zəngin olmasıdır. Ancaq biz əlbəttə ki, mədəni irsimizi qoruyacağıq, bütövlükdə müstəqilliyimizi qoruyacağıq, müstəqil seçimimizi qoruyacağıq”.
ölkəmiz mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib
Məlum olduğu kimi, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan hər zaman mədəniyyətlərarası dialoqun baş tutmasında əsas rol oynayan ölkələrdən biri sayılıb. ölkəmizdə dini-mədəni dözümlülük, milli-mənəvi bağlılığın qorunması və müasir dünyaya inteqrasiyanın həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması Azərbaycanın həm də bu istiqamətdə inkişaf konsepsiyasının dünya üçün model rolu oynamasına yaxından kömək edib. Bunun nəticəsidir ki, artıq ölkəmiz mədəniyyətlərarası dialoqun baş tutması üçün əsas istinad nöqtələrindən birinə çevrilib.
Məlum olduğu kimi, bu ilin oktyabrında Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum keçirilib. 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, o cümlədən, mədəniyyət və incəsənət xadimlərinin, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin, həmçinin, ictimai xadimlərin qatıldığı tədbirin iştirakçıları mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanı bu formatda tədbirlərin keçirilməsi üçün ideal yer hesab ediblər.
Bakı I Beynəlxalq Humanitar Forumu ilə yanaşı, ölkəmizdə bu istiqamətdə bir sıra tədbirlər də reallaşıb. Məsələn, 2008-ci ildə Bakıda Avropa Şurasına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Toplantısı keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə toplantı çərçivəsində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) nümayəndələrinin, nazirlərinin iştirakı ilə ilk dəfə olaraq birgə beynəlxalq tədbir keçirilib. 2009-cu ildə isə İƏT-ə üzv ölkələrin nazirlərinin həmin il İslam mədəniyyətinin paytaxtı elan edilən Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilib. Həmin dövrdən də bu, ənənə halını alıb və Bakı mədəniyyətlərarası dialoq üçün mərkəzə çevrilib. 2010-cu ildə Bakıda Dünya Dinləri Liderlərinin Zirvə Görüşü keçirilib. Bundan başqa, ölkəmizdə reallaşan ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəklədiyi təşəbbüsün nəticəsi kimi tarixə düşüb.
Azərbaycanda turizmin inkişafı sahəsində də mühüm addımlar atılıb
Müasir dünyada ən sürətlə inkişaf edən biznes sahələrindən biri kimi xarakterizə olunan turizmin inkişaf etdirilməsi ölkəmizdə də prioritet vəzifələrdən birinə çevrilib. Son illər turizmin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli islahatların aparılması, dövlət proqramlarının qəbulu, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ümumiyyətlə, dövlətin bu sahədə düzgün siyasəti Azərbaycanda turizm sənayesinin yeni mərhələyə qədəm qoymasına imkan yaradıb. “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair” Dövlət Proqramının uğurla həyata keçirilməsi turizmin inkişafına güclü təkan verib. Belə ki, əgər 2001-ci ildə ölkəmizdə 18 turizm müəssisəsi fəaliyyət göstərirdisə, 2010-cu ildə bu rəqəm təxminən 12 dəfə artaraq 212-yə çatıb. 2001-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 93 olduğu halda, bu göstərici 5 dəfədən çox artaraq 2010-cu ilin yekunlarına görə, 499-a çatıb. Qeyd etmək lazımdır ki, 2011-ci ilin sonuna qədər artıq ölkəmizdə 6 yeni beynəlxalq brendli beşulduzlu mehmanxananın istifadəyə verilməsi planlaşdırılıb ki, bu hotellərin də bəziləri artıq istifadəyə verilib.
Dövlət başçısının Sərəncamı ilə ölkəmizdə turizmin daha yüksək səviyyəli inkişafını təmin etmək üçün 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilib. Eyni zamanda, dövlət başçısının, 20 iyul 2011-ci il tarixli Sərəncamı ilə 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi, ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirləri konkretləşdirib. Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” isə Azərbaycanın qısa müddətdə yüksək səviyyəli turizm mərkəzinə çevrilməsini hədəfləyib. Dövlət başçısının tapşırığı və şəxsən rəhbərliyi altında Qusar rayonunun Ləzə kəndi yaxınlığında, Şahdağın ətəklərində salınan “Şahdağ qış-yay turizm kompleksi” həm təyinatına, həm də nadir layihə strukturuna görə, xüsusi önəm daşıyır.
“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsi ölkəmizdə incəsənətə göstərilən diqqət və qayğının təzahürüdür
Beləliklə, bütün sahələrdə paralel həyata keçirilən inkişaf strategiyasının fonunda əldə etdiyi göstərici və nəticələrə görə, Cənubi Qafqaz regionunun liderinə çevrilən Azərbaycan regional və qlobal miqyasda da əhəmiyyətli nailiyyətlər əldə etməkdədir. Bu il may ayının 14-də Azərbaycanın Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” mahnı müsabiqəsində qalib gələrək Avropanı fəth etməsi də söylənilən fikirləri bir daha təsdiq edir. Bu musiqi sahəsində qazanılan uğur olmaqla yanaşı, Azərbaycanın dünyada tanıdılması istiqamətində əldə edilən bir nailiyyətdir. Azərbaycan dövlətinin bu məsələyə ciddi diqqəti və dəstəyi bu qələbənin təməl prinsipini təyin edir. Ən əhəmiyyətlisi isə bu qələbənin əsasında Prezident İlham Əliyevin mədəniyyətimizin inkişafına xüsusi diqqət və qayğısı dayanır. Yəni, istər bu müsabiqədə qazanılan uğur, istərsə də digər mühüm nailiyyətlər ölkəmizdə musiqi sahəsində atılan mühüm addımların bəhrəsidir. ümumiyyətlə Azərbaycan son illərdə həm də bir çox beynəlxalq festival və müsabiqələrə ev sahibliyi edib. Onların sırasında Şostakoviç Festivalı, “Karvan” Beynəlxalq musiqi layihəsi, I, II, III, IV Beynəlxalq Rostropoviç festivalları, Bakı Beynəlxalq Caz Festivalları, ü.Hacıbəyliyə həsr olunmuş I və II Beynəlxalq Musiqi festivalları, Vokalçıların IV və V Bülbül adına Beynəlxalq müsabiqəsi, I və II Qəbələ Beynəlxalq Musiqi Festivalları, Beynəlxalq Teatr Konfransı və s. kimi beynəlxalq səviyyəli tədbirləri xüsusi qeyd etmək olar.
Bir sözlə, yuxarıda da qeyd olunduğu kimi bu gün ölkəmizdə milli musiqinin inkişaf olduqca yüksək səviyyədədir. Eyni zamanda, gənclərimizin milli musiqimizə olan marağını yüksək qiymətləndirən dövlət başçıçısı gənc musiqiçilərimizin uğurlu fəaliyyəti üçün daha böyük işlərin görülməsini vacib sayır: “Bizim musiqimiz bizim milli sərvətimizdir. Biz musiqi irsimizi həm qorumalıyıq, həm də musiqimizi inkişaf etdirmək, yeni gənc musiqiçilərin uğurlu fəaliyyəti üçün daha böyük işlər görməliyik. Mən çox şadam ki, gənclərimiz milli musiqiyə çox böyük maraq göstərirlər. çünki indiki zəmanədə, qloballaş dünyada bilirsiniz, bəzi hallarda, gənclər doğma olmayan musiqiyə daha çox üstünlük verirlər. Azərbaycanda isə biz bunun əksini görürük. Gənclərimiz milli ruhda böyüməlidirlər”.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Paylaş:
Baxılıb: 936 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30