Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Məqsədyönlü siyasət və düşünülmüş addımlar uğura gətirib çıxarır

Məqsədyönlü siyasət və düşünülmüş addımlar uğura gətirib çıxarır

22.12.2011 [10:42]

Prezident İlham Əliyev ötən 8 il ərzində ölkəmizin strateji inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirib
Hücumçu diplomatiya, intensiv hərbi və balanslı xarici siyasət. Azərbaycanın beynəlxalq siyasəti bu kriteriyalar üzərində qurulub. ötən əsrin sonlarında ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və addım-addım tətbiq etdiyi xarici siyasət kursu bu gün artıq özünü doğruldub. Hər halda, nəticə göz qabağındadır. Bu gün tam səmimiyyətlə və bütün şişirtmələrdən uzaq qeyd edilməlidir ki, əgər o vaxt Heydər Əliyev Azərbaycanda hakimiyyət gəlməsəydi, o cəsarətli addım atılmasaydı, bu gün Azərbaycan müstəqil siyasət yürüdə bilməzdi. Bu reallığı gözəl dərk edən Azərbaycan ictimaiyyəti 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasi kursunun davam etməsində maraqlı olduğunu göstərdi. Cənab İlham Əliyev isə bu postda fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev siyasi kursuna sadiqlik nümayiş etdirdi və ümummilli liderin yarımçıq qalan planlarını bir-bir həyata keçirməyə başladı. Son 8 ilin sosial-iqtisadi, siyasi nəticələrini təhlil edərkən bu planların ardıcıllıqla və davamlı olaraq həyata keçirilməsinin ölkəmizə nə qədər böyük nailiyyətlər qazandırdığı daha aydın hiss olunur.
Bu gün qətiyyətlə deyə bilərik ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş çoxvektorlu, müstəqil, ölkənin geostrateji maraqlarının maksimum təmin olunmasına yönəlmiş xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla davam etdirilir və bu, ölkəmizi nəinki regionun ən etibarlı və güclü dövlətinə çevirib, eyni zamanda, Azərbaycanı dünyanın güc mərkəzlərinin hesablaşdığı, sözünə, vədinə etibar etdiyi, əməkdaşlığa açıq bir ölkəyə çevirib.
çoxvektorlu xarici siyasət kursu uğurla həyata keçirilir
Bu vəzifəyə seçilməzdən əvvəl yüksək dövlət vəzifələrini icra etmiş və üzərinə götürdüyü bütün işləri layiqincə yerinə yetirmiş cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 8 ildə Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib, iqtisadi imkanlarını, dünyadakı çəkisini artırıb. Dövlət başçısı özü isə bu uğurları yaradan mühiti, görülən işləri bu cür xarakterizə edir: “Biz müstəqil siyasət aparırıq, Azərbaycan xalqının maraqları əsasında bu siyasəti aparırıq və bundan sonra da bu siyasətə sadiq olacağıq. Mən çox şadam ki, Azərbaycan cəmiyyətində ümummilli ideya ətrafında bütün cəmiyyət səfərbər olunub, cəmiyyət Azərbaycançılıq ideyası uğrunda, dövlətçilik ideyası uğrunda, müstəqillik ideyası uğrunda və müstəqil həyat ideyası uğrunda birləşibdir. Budur bizim əsas siyasi prinsiplərimiz və bu prinsiplər əsasında biz öz siyasətimizi qururuq - istər ikitərəfli formatda, istər bölgədə gedən əməkdaşlıq prizmasından. Bizim əsas sütun prinsiplərimiz bunlardır”.
Müstəqil olmaq təkcə öz ordusu, Konstitusiyası və yaxud da dövlət rəmzləri olmaq demək deyil. Müstəqil dövlət olmaq həm də müstəqil siyasət aparmaq, öz siyasətini özü müəyyənləşdirmək gücüdür. Bu gün bir çox dövlətlər müstəqil siyasi kurs həyata keçirdiyini iddia edirlər. Amma əslində isə, həqiqət başqa şeylərdən xəbər verir. Azərbaycanla eyni tarixi şəraitdə və dövrdə müstəqilliyini elan etmiş dövlətlərə nəzər saldıqda nə demək istədiyimiz daha aydın olur. Bəzilərində Kremlin, bəzilərində Vaşinqtonun hökmü keçir. Amma Azərbaycan öz siyasi müstəqilliyi ilə həqiqətən öyünə bilər. Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan heç bir xarici dövlət üçün sınaq laboratoriyası rolunu oynamır. Əksinə, bütün dövlətlər Azərbaycanla əməkdaşlığa, ölkəmizin təşəbbüslərində fəal iştirak etməyə maraq göstərirlər. ötən 8 ildə Azərbaycanla dünyanın müxtəlif dövlətləri arasında dövlət və hökumət başçıları səviyyəsində çoxsaylı rəsmi və işgüzar görüşlər keçirilib, qurulan siyasi münasibətlər əsasında iqtisadi, humanitar, mədəniyyət və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişafı yönündə birgə addımlar atılıb. Prezident İlham Əliyevin Rusiya, ABŞ, İran, Niderland, Yunanıstan, Böyük Britaniya, Belarus, Gürcüstan, İordaniya, Bolqarıstan və digər ölkələrin yüksək rəsmi şəxsləri ilə keçirdiyi görüşlər və imzalanan ikitərəfli sənədlər Azərbaycanın fəal xarici əlaqələrindən xəbər verir. ölkəmiz həm də Türk dünyasının mühüm tərkib hissəsi kimi türkdilli dövlətlərlə də dostluq və qardaşlıq əlaqələrinin intensivləşdirilməsinə nail olub.
Azərbaycan dövləti xalqımızın maraqlarını və milli mənafelərimizi yüksək səviyyədə qoruyur
Artıq qeyd etdiyimiz kimi, rəsmi Bakı öz yolunu müəyyənləşdirib və bu yolda qarşıya çıxan istənilən problemləri həll etmək iqtidarındadır.
Bir sözlə, Azərbaycan qarşıdurma, rəqabət məkanına çevrilməyəcək. Azərbaycan əməkdaşlıq üçün gözəl bir ölkədir. Prezident İlham Əliyev də bu məqama toxunaraq dəfələrlə bəyan edib ki, Azərbaycan dünyada əməkdaşlıq üçün, işbirliyi üçün, iqtisadi layihələr üçün, sosial məsələlərin həlli üçün və dünyada sivilizasiyalararası dialoqun gücləndirilməsi üçün əvəzolunmaz rol oynayır: “Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurmuşuq. Bu siyasət dünyada böyük rəğbətlə qarşılanır. Hətta bəzi hallarda, qeyri-rəsmi söhbətlərdə sual verilir, necə olub ki, Azərbaycan öz maraqlarına güzəşt etmədən bütün ölkələrlə - böyük və o qədər də böyük olmayan ölkələrlə normal münasibətlər yarada bilib. Bunun müxtəlif səbəbləri var. Ancaq ən əsas səbəb, bir də demək istəyirəm ki, budur ki, bizim siyasətimiz birmənalıdır və açıqdır. Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır”.
Hər halda, xarici ekspertlərin sualı da Prezident İlham Əliyevin cavabı da kifayət qədər arqumentlidir. Azərbaycan Prezidenti Onu bu vəzifəyə layiq görən xalqının maraqlarını müdafiə etməyə, hər addımında bu maraqları üstün tutmağa qadir olduğunu əməli ilə sübut etməkdədir. Xarici ekspertlər də çətin regionda və hadisələrin mərkəzində yerləşən Azərbaycanın heç nə vermədən bu qədər şey əldə etməsinə təəccüblənirlər. çünki onlar dünyanın nataraz şərtlərinə, bu şərtlər qarşısında dözüm gətirməyən digər dövlətlərin güzəştlərinə yaxşı bələddirlər. Amma Azərbaycan bütün güzəştlərdən sığortalanıb. Bu gün bölgədə Azərbaycanla rəqabət aparmaq iqtidarında olan ikinci bir dövlət yoxdur. Azərbaycanın həm iqtisadi potensialı, həm hərbi gücü, həm də beynəlxalq aləmdəki çəkisi bütün digər region dövlətlərindən qat-qat üstündür. Azərbaycan bölgədə cərəyan edən bütün siyasi prosesləri öz xeyrinə yönəldə bilib. Bütün dünya Azərbaycanla hesablaşır, ölkəmiz dünya dövlətləri tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir. Təbiidir ki, bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun, güclü və etibarlı tərəfdaş statusunun, həçminin, Azərbaycan dövlətinin dünya siyasətində artan gücünün göstəricisidir.
Azərbaycan beynəlxalq təşkilatların sıralarında aktiv fəaliyyəti ilə seçilir
Azərbaycanın xarici siyasətində dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq prioritet istiqamətlərdəndir. Qərbə inteqrasiya siyasətini həyata keçirən Azərbaycan BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi təşkilatlarla ciddi və konkret hədəflərə yönəlmiş əməkdaşlıq qurub. Təbii ki, bu iş artıq öz bəhrəsini verir. Son 8 ildə isə bu sahədə çox böyük nailiyyətlər əldə olunub. ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərini daha da dərinləşdirərək yeni əməkdaşlıq platformalarının yaranmasına səbəb olub. Bunu Azərbaycanın Avropanın ən böyük və qərarverici təşkilatı olan Avropa İttifaqı ilə münasibətlərinin inkişaf dinamikasında da aydın görürük. 2004-cü il 14 iyun tarixində Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının qərarı qurumun Azərbaycanla əlaqələrə verdiyi önəmin bariz nümunəsi idi. 2 il sonra isə - 14 noyabr 2006-cı il tarixində Brüsseldə Azərbaycan Respublikası-Aİ Əməkdaşlıq Şurasının iclası zamanı Azərbaycan Respublikası - Avropa İttifaqı Fəaliyyət Planı qəbul edildi. Beləliklə, Azərbaycan Respublikası - Avropa İttifaqı münasibətlərinin gələcək inkişafının istiqamətləri AQS çərçivəsində Azərbaycan Respublikası - Avropa İttifaqı Fəaliyyət Planı ilə müəyyən olundu. Eyni zamanda, 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalandı ki, bu sənəd, Azərbaycanla Aİ arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratdı.
ölkəmizin Avropanın digər mühüm təşkilatı olan Avropa Şurası ilə əməkdaşlığı da yüksələn xətt üzrə davam edir. Bu əməkdaşlığın nəticəsi olaraq, qurumun Ali Məclislərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı müxtəlif məzmunlu sənədlər qəbul olunub və İrəvanın işğalçı siyasəti ən yüksək tribunadan tənqid olunub. Eyni zamanda, bu əlaqələr ölkəmizə Qərbə inteqrasiya yolunda mühüm islahatların həyata keçirilməsində də müstəsna töfhələr verib.
NATO-Azərbaycan münasibətlərinin səviyyəsi də hər iki tərəfdə razılıq doğurur. Doğrudur, Azərbaycan NATO-nun tamhüquqlu üzvü deyil. Amma müstəqil dövlət kimi Azərbaycan bu təhlükəsizlik təşkilatının layihələrində fəal iştirak edir. Azərbaycanın sülhməramlı qüvvələri NATO-nun tərkibində bir sıra münaqişə zonalarında təhlükəsizliyi qoruyur. Bundan başqa, təşkilatın sammitlərində, konfranslarında Azərbaycan ən yüksək səviyyədə təmsil olunur. NATO ilə əməkdaşlığın davam etdirilməsi isə Azərbaycana öz hərbi potensialını artırmağa, hərbi sistemi müasirləşdirməyə, islahatlar aparmağa imkan verir.
Heç kəsə sirr deyil ki, Azərbaycan İslam ölkəsidir və müsəlman dövlətləri ilə də fəal əməkdaşlıq qurub. O cümlədən, Bakının İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri də daim güclənir. Bu prosesə də məhz Prezident İlham Əliyev başçılıq edir: “Azərbaycanda müxtəlif tədbirlər keçirilir. İslam aləmi ilə bizim münasibətlərimiz çox sürətlə inkişaf edir və bu, məni çox sevindirir. Biz elə etməliyik ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyək, İslam həmrəyliyini gücləndirək və bizim üçün dost olan ölkələrlə münasibətlərimizi bütün istiqamətlərdə davam etdirək. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox vacib rol oynayır və bu rolu oynamağa davam edəcəkdir”.
Eyni zamanda, Azərbaycanın MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və bütün digər təşkilatlarla da əlaqələri inkişaf edir və bu münasibətlər təşkilata üzv ölkələrlə əlaqələrimizə, problemlərin həllinə köməklik göstərir.
Azərbaycan artıq dünyanın ən mötəbər qurumunun üzvüdür
Sirr deyil ki, bu gün öz təsir imkanları və qərarların icrası baxımından müasir dünyamızda ən önəmli təşkilatlardan biri Birləşmiş Millətlər Təşkilatıdır (BMT). Dünyanın 192 dövlətini öz sıralarında birləşdirən BMT sülhün və təhlükəsizliyin qorunması ilə yanaşı, terrorizmə və cinayətkarlığa qarşı mübarizə, ətraf mühitin qorunması, demoqrafik vəziyyət, narkotik maddələrin dövriyyəsinin aradan qaldırılması, regional münaqişələrin dayandırılması, yoxsulluğun azaldılması, insan haqları, nüvə silahlarının yayılmasına mane olmaq, xalqlar arasında mədəni əlaqələrin genişlənməsi, tarixi-mədəni irsin qorunması və sair bu kimi çox mühüm əhəmiyyət kəsb edən məsələlərlə məşğul olur. Dünyanın siyasi mərkəzi sayılan BMT, ona bağlı olan 30-dan yuxarı qurum vasitəsilə qarşıya qoyulan vəzifələri həyata keçirir. Yarandığı vaxtdan, BMT bir çox sahələrdə uğur qazanıb.
ümumiyyətlə, Azərbaycan-BMT münasibətlərinin inkişafı Prezident İlham Əliyevin xarici siyasətində önəmli yer tutur. BMT Baş Məclisinin 59-cu sessiyasındakı çıxışında Prezident İlham Əliyev sülhün qorunması və münaqişələrin aradan qaldırılması istiqamətində BMT-nin rolunun artırılması məsələsindən danışarkən qeyd etmişdir: “ümdə məsələ BMT Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsinin işlək mexanizminin yaradılmasından ibarətdir”.
Görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan - BMT münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Və 2012-ci ildən 2 il müddətinə Azərbaycan bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq. Bu hadisə ilə əlaqədar bəyanatla çıxış edən Prezident İlham Əliyev deyib ki, bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.
Bu qələbə artıq Azərbaycanın ümumbəşəri məsələlərin həllində əsas söz sahiblərindən biri olduğunu göstərir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səylərinin, fəaliyyətinin uğurla nəticələnməsinin bariz nümunəsidir. Azərbaycan artıq bölgədə lider, qlobal müstəvidə öz sözünü deyən dövlətdir. Artıq bütün dünya Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunmasında rolunu təqdir edir və bu rolun daha da artırılması üçün ölkəmizə ən yüksək tribunaların həvalə edilməsinə razılıq verir. Təbii ki, bu üzvlüyün Azərbaycana qazandıracağı dividendlər də kifayət qədər çoxdur. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın təmsil olunması ölkəmizin haqq səsinin dünya birliyinə çatdırılması, Dağlıq Qarabağ problemi və digər mühüm məsələlərin qaldırılması üçün bizə məkan və zəmin yaradacaq. Azərbaycan Təhlükəsizlik Şurasında üzvlükdən istifadə edərək, ilk növbədə, özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanıb. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündəki beynəlxalq səylərin də artırılmasına nail olmaq şansı əldə edilib. Azərbaycan iki il müddətində Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən istifadə edərək beynəlxalq hüququn normalarının bərpasını tələb edəcək.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Paylaş:
Baxılıb: 923 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30