Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycana şok investisiya qoyuluşu gözlənilir

Azərbaycana şok investisiya qoyuluşu gözlənilir

24.01.2012 [00:48]

ölkəmiz regionda, sərmayə qoyuluşlarının həcminə görə, liderdir
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Bu, bir həqiqətdir ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişaf meyilləri ilə müşahidə olunması respublikamıza sərmayə qoyuluşlarının həcminin artmasına əhəmiyyətli dərəcədə zəmin yaratmaqdadır. Sərmayə qoyuluşlarının dinamikası son illər daha intensiv xarakter alıb və iqtisadiyyatın real sektoruna yatırılan kapital resursları ən mühüm sosial və infrastruktur layihələrini əhatə edib. Son illərin, xüsusən də, qlobal iqtisadi böhranın qabarıq şəkildə büruzə verdiyi dövrün təhlili bir daha göstərir ki, Avropa və MDB məkanında investisiya qoyuluşlarının həcminin azalması müşahidə olunur, amma Azərbaycan, əvvəlki kimi, yenə də, investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir. Bu gün xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür və bunun başlıca səbəbləri, əlbəttə ki, ölkəmizdə investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsi, sərmayələrin yönəldildiyi sahələrdə cəzbedici mənfəətlərin əldə olunması və bu qəbildən olan digər amillərdir.
Prezident İlham Əliyev respublikamızda yaradılmış əlverişli sərmayə mühitinin son 2 ildə xarici investisiya qoyuluşlarının artmasına impuls verdiyini və bu tendensiyanın daha da artacağına əminliyini ifadə edib. Dövlət başçısı Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, ölkəmiz 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail olub: “İldən-ilə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır, böyük templərlə artır. 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuşdur. 2011-ci ildə isə, ilk dəfə olaraq, investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki dövrdəki investisiyaları da əlavə etsək görərik ki, Azərbaycanda nə qədər böyük işlər görülür. Həm yerli, həm xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır”.
ümumiyyətlə, ölkəmiz, regionda əsas iqtisadi inkişaf dinamikasına malik dövlət kimi, investorlar üçün açıqdır və bu faktor iləbil sərmayələrin bütün sahələr üzrə qoyuluşunun artmasına səbəb olmaqdadır. Son 20 ildə Azərbaycan iqtisadiyyatına yatırılan ümumi sərmayələrin həcmi 100 milyard dolları ötüb. Sərmayələrin təxminən 55-60 faizi xarici sərmayələrin payına düşür. Yəni, xarici investorlar tərəfindən ölkəmizin iqtisadiyyatına yatırılmış sərmayələrin həcmi 50 milyard dollardan çoxdur. Bu tendensiya bir daha ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin mövcudluğunu təsdiqləyir. Xarici sərmayələrin təxminən 12-15 milyard dolları qeyri-neft bölmələrini əhatə edir. Belə ki, 2000-ci ilə kimi sərmayə bumu əsasən neft sektoruna istiqamətlənib və 1994-cü ildən 2005-ci ilə kimi hasilat sənayesinə 30 milyard dollardan artıq kapital qoyulub.
Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 80 faiz təşkil edir və respublikamız bu region üzrə kapital qoyuluşlarında əsas ölkə hesab olunur. Son 17 ildə Cənubi Qafqaz iqtisadiyyatına təxminən 65 milyard dollar investisiya qoyulub ki, onun 55 milyarda yaxını ölkəmizin payına düşür. Yəni, Azərbaycan iqtisadiyyatına cəlb olunmuş xarici sərmayələrin həcmi Gürcüstan və Ermənistanın birlikdə iqtisadiyyatına yönəldilmiş investisiyalardan 6 dəfə çoxdur. Bədnam qonşumuz olan Ermənistana son 15 ildə yönəldilmiş sərmayələrin ümumi həcmi isə respublikamızın təkcə elektroenergetika təsərrüfatına yatırılmış sərmayələrin həcmindən 2 dəfə azdır. ölkəmiz adambaşına düşən xarici investisiyaların həcminə görə MDB və Şərqi Avropada aparıcı dövlətlərdən biridir. Azərbaycanda hər nəfərə düşən sərmayənin həcmi təxminən 9 min dollara bərabərdir.
Sərmayə qoyuluşlarının strukturuna diqqət yetirsək daxili investisiyaların son illər daha çox artdığını görmək olar. Yəni, artıq ölkəmizin iqtisadi qüdrəti yerli sərmayələrin illik artımının daha da genişlənməsini şərtləndirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, respublikamızın maliyyə qüdrətinin yüksəlməsi dövlətin daxili investisiyaları artırması üçün əla zəmin yaradır: “Eyni zamanda, dövlət tərəfindən investorları stimullaşdırmaq üçün atılmış addımlar da bəhrəsini verir. İyirmi milyard investisiyanın 13 milyardı daxili investisiyalardır, 7 milyardı isə xarici investorların vəsaitidir. Burada da deyə bilərəm ki, bu tarazlıq, yəni, bu çəkilər nisbəti müsbətdir. Xarici investorlar Azərbaycana investisiyaların qoyuluşunu davam edirlər. Daxili investorlar, yerli iş adamları və Azərbaycan dövləti isə ölkəmizin hərtərəfli, şaxələndirilmiş inkişafı üçün nə lazımdırsa onu edirlər”.
öz növbəsində ekspertlər də Azərbaycana son illərdə, o cümlədən, 2011-ci ildə investisiya qoyuluşunun artmasını yüksək qiymətləndiriblər.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycan sahibkarlığın azad inkişaf etdiyi və beynəlxalq birliyə inteqrasiya olunması yönündə mühüm addımlar atılan ölkə kimi tanınıb: “İstənilən ölkənin milli siyasətinin səmərəliliyi birinci növbədə onun iqtisadi inkişaf göstəriciləri ilə bağlıdır. Azərbaycan hökuməti milli iqtisadi inkişafın təmin olunması, o cümlədən, xarici investisiyaların cəlb edilməsi üçün maksimum addımlar atır. Bu istiqamətdə qanunlar kifayət qədər təkmilləşdirilib, qanunvercilik bazası zənginləşdirilib, vergilər liberallaşdırılıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sənədləşmə minimuma endirilib, sahibkarlar arasında sağlam rəqabətin formalaşdırılması üçün maksimum şərait yaradılıb. Məhz buna görə də, Azərbaycanda güclü investisiya mühüti mövcuddur”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda mütəmadi ictimai-siyasi sabitliyin hökm sürməsi xarici investorları ölkəmizə cəlb edir: “Hesab edirəm ki, bundan sonra da Azərbaycana investisiya axını davam edəcək. Azərbaycan regionun və dünyanın mühüm iqtisadi, maliyyə və turizm məkanına çevriləcək. Təsadüfi deyil ki, bir neçə gün öncə Böyük Britaniyanın nüfuzlu “Times” jurnalı 2012-ci ildə yüksək nüfuz sahibi olacaq 100 nəfər şəxsin siyahısını tərtib edib və burada Prezident İlham Əliyevin adı var. Göründüyü kimi, Prezidentimizin fəaliyyəti bu gün dünyanın aparıcı dairələrinin diqqət mərkəzindədir. Təbii ki, Azərbaycanın sürətli inkişafı bu nəticəni şərtləndirən mühüm faktordur. Hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycan xalqı bu qiymətə layiqdir”.
Məsələyə münasibət bildirən millət vəkili Aslan Cəfərovun sözlərinə görə, yerli sərmayə qoyuluşları birbaşa qeyri-neft sektoruna yönəldilir ki, bu da ümumi inkişafa mühüm töhfə verir: “Qeyri-neft sektorunun inkişafına səbəb olan həmin çoxsaylı layihələrin həyata keçirilməsi üçün kifayət qədər maliyyə resursu cəlb olunub. Bununla da sosial obyektlərin tikintisi, məsələn, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən müasir texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr ötən il investisiya siyasətinin əsas elementlərini təşkil edib. 2012-ci ildə bu sahələrə daha çox investisiya qoyulması isə bütün bölgələrin iqtisadi və sosial inkişafını daha da sürətləndirəcək”.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili, iqtisadçı Azər Badamov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı düzgün iqtisadi siyasət nəticəsində ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini və gələcəkdə də bu prosesin davam edəcəyini bildirib. Onun sözlərinə görə, cəmi 20 illik tarixi olan müstəqil respublikamızın artıq investor ölkə rolunda çıxış etməsi, o cümlədən, dünyada müşahidə edilən iqtisadi-maliyyə böhranından yayına bilməsi, məhz, uğurlu iqtisadi siyasətin nəticəsidir: “ölkəmizdə həyata keçirilən investisiya yatırımları olduqca mühüm sahələrin yenidən ayaq üstə dayanmasına yol açıb. Eyni zamanda, investisiya layihələrinin uğurlu icrası qeyri-neft sektorunun, yüngül və ağır sənayenin, o cümlədən, yeyinti sənayesinin və turizm obyektlərinin genişlənməsinə imkan yaradıb. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail olunub və ilk dəfə olaraq investisiyaların həcmi 20 milyard dollara bərabər olub. Bu rəqəm nəinki Cənubi Qafqaz bölgəsi üçün, bəlkə də, yüksək inkişafa malik dövlətlər üçün də böyük bir göstərici sayıla bilər. Qeyd edim ki, bu işdə yerli investorların da fəaliyyəti dəyərləndirilməlidir. ölkəmizdə sahibkarlığın inkişafına yaradılan şərait bu mənada təqdirəlayiqdir. İnvestisiya layihələrinin daha çox bölgələri əhatə etməsi həm də regionların inkişafına müsbət təsirlər göstərir”.
Millət vəkili vurğulayıb ki, dövlət investisiyaları ilə yanaşı, xarici investisiyalar da bölgələri əhatə edir. Onun sözlərinə görə, rayonlarda istismara verilən müəssisələr həm də bölgələrdə yeni iş yerlərinin açılması baxımından xüsusilə əhəmiyyətlidir: “Möhtərəm Prezidentimiz son müşavirədə Şahdağ Turizm Kompleksi haqqında danışdı. Həqiqətən də, bu müəssisə dünya miqyasında nadir xizək kurortudur. Bu, həm də ölkəmizdə paralel şəkildə turizmin inkişafına investisiya yatırımı sayıla bilər.
2012-ci illə bağlı səsləndirilən rəqəmlər isə ölkəmizdə gedən inkişaf prosesinin davamlılığından xəbər verir. Yeni investisiya layihələrinin icrasının infrastrukturun yenilənməsi istiqamətində yönləndirilməsi olduqca mühüm məsələdir. İnanıram ki, bu, vətəndaşlarımızın həyat şəraitinin daha da yüksək səviyyədə təminatına yaxından kömək göstərəcək”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə qeyd edib ki, regionda əsas iqtisadi inkişaf dinamikasına malik dövlət kimi, Azərbaycan investorlara açıqdır və bu faktor ötən ildə də sərmayələrin bütün sahələr üzrə qoyuluşunun artmasına səbəb olub: “ötən ildə, xüsusən, investisiya fəallığı xüsusi yer tutub. 2010-cu illə müqayisədə 2011-ci ildə təqribən 3 milyard manatdan artıq investisiya cəlb edilərək sərmayənin ümumi həcmi 20 milyarda çatıb. Bu, bir neçə baxımdan kifayət qədər vacib göstəricidir. Birincisi, əgər diqqət etsək görərik ki, əvvəllər Azərbaycanda investisiyaların hardasa 20 faizini daxili, 80 faizini isə xarici sərmayə təşkil edirdi. Sonralar tədricən dünya iqtisadiyyatında gedən proseslərin gedişi, neft sektoruna daha çox investiya qoyuluşu nəticəsində vəziyyət dəyişdi. Azərbaycanın daxili investisiyaların payı 80 faizədək artmağa, xarici investisiyaların payı isə 20 faizə doğru azalmağa başladı. Amma, 2011-ci ildə maraqlı hadisə baş verdi. Hesab edirəm ki, bu, çox diqqət çəkən bir məsələdir. Mahiyyəti ondan ibarətdir ki, məhz 2011-ci ilin göstəricilərinə görə, yenidən xarici investisiyaların payı 35 faizi ötməyə başladı. Bu tendensiya xarici investisiyaların payının artmasının sürətlənməsi ilə nəticələndi. Bu tendensiya mötəbər beynəlxalq təşkilatların apardığı tədqiqatların nəticələrində Azərbaycanın rəqabət qabiliyyətlilik indeksinin dünya ölkələri arasında 55-ci yerə çıxmasını şərtləndirdi. Bu, MDB ölkələri arasında ən yüksək göstəricidir. Beləliklə, beynəlxaq təşkilatların apardığı təhlillərin nəticələri Azərbaycanda investisiya mühitinin əlverişli olduğunu göstərir”.
Ə.Məsimli ikinci amil kimi, əsasən, hər hansı ölkədə intestisiya qoyuluşunun həcminin ümumi daxili məhsulla (üDM) müqayisədə çox və ya az olmasını göstərib. Onun sözlərinə görə, hər hansı ölkədə intestisiya qoyuluşunun həcmi üDM-nin 25 faizdən çoxunu təşkil edirsə, bu, həmin ölkənin inkişafını şərtləndirən çox ciddi maliyyə amilidir: “Sözügedən amil olmasa isə nə sürətli, nə də davamlı inkişafdan söz gedə bilməz. İnvestisiyanın həcminin üDM-də 25 faizdən yüksək olması Azərbaycan üçün xarakterikdir. 2011-ci ildə Azərbaycanda investisiyaların üDM-nin 40 faizinə doğru getməsi 2012-13-ci ildə dayanıqlı inkişaf üçün ən etibarlı amildir”.
Ə.Məsimli bildirib ki, Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində addımlar genişləndirilsə, regionlarda bu istiqamətdə işlər bilavasitə sürətləndirilsə, həmin investisiyaların xeyli hissəsi regionlara yatırılacaq. Bu isə bütövlükdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək: “İnvestisiya qoyuluşu regionlarda hökumətin geniş planda həyata keçirdiyi infrastruktur layihələri ilə yanaşı, istehsal strukturlarının yaradılması, kənd təsərrüfatı məhsullarının emalı sənayesinin inkişafına təkan ola bilər. Regionlara investisiya qoyuluşu nəticəsində istehsal müəssisələrinin yaradılması xeyli sayda yeni iş yerlərinin açılması ilə nəticələnəcək”.
SEVİNC
Paylaş:
Baxılıb: 982 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30