Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2012-ci ildə sahibkarlara dövlət dəstəyi daha da gücləndiriləcək

2012-ci ildə sahibkarlara dövlət dəstəyi daha da gücləndiriləcək

09.02.2012 [18:32]

Bu təbəqənin nümayəndələrinin hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımların atılması prosesi davam etdiriləcək
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qaldı. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməyin lazım olduğunu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri ölkə iqtisadiyyatının inkişafının sürətləndirilməsində sahibkarlıq sektorunun aparıcı rolunu daha da möhkəmləndirməkdən ibarətdir. Bu siyasətin əsasını sahibkarlara dövlətin hüquqi dəstəyi və onlara azad fəaliyyət üçün geniş imkanların yaradılması təşkil edir. Hökumətin həyata keçirdiyi iqtisadi islahatların əsas istiqamətlərindən biri investisiya mühitinin daha da yaxşılaşdırılmasından, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən, yeni iş yerlərinin açılmasından və nəticə etibarilə əhalinin maddi rifahının yaxşılaşdırılmasından ibarətdir. Məhz bu məqsədlə Azərbaycanın dövlət başçısı davamlı olaraq yerli və xarici iş adamları ilə görüşlər keçirir, həmin görüşlərin nəticəsi kimi çox mühüm qərarlar imzalayır. Həmin qərarlarda ölkənin iqtisadi inkişafına məsul olan dövlət orqanları ilə sahibkarlar arasında müntəzəm dialoqun qurulması ön plana çəkilir. Sahibkarların hüquqlarının qorunması və üzləşdikləri maneələrin aradan qaldırılması dövlətin müvafiq orqanlar qarşısında qoyduğu mühüm vəzifələr hesab olunur. Bununla əlaqədar olaraq normativ-hüquqi baza yaradılıb, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamaların predmeti və meyarları müəyyən olunub. Bütün hallarda yoxlamaların aparılmasında birbaşa əsas faktor kimi sahibkarların hüquqlarının qorunması başlıca məsələdir.
ötən il ölkəmizdə bütün sahələrdə olduğu kimi, sahibkarlıq sektorunda da yüksək inkişaf göstəriciləri qeydə alınıb. 2011-ci ilin əvvəllərindən başlayaraq, hökumətin sahibkarlara maliyyə dəstəyini gücləndirməsi və sahibkarlığa başlamaq istəyənlərə əlverişli imkanların yaradılması bu sahədə inkişaf meyillərinin müşahidə olunması ilə nəticələnib. Bu tendensiya Azərbaycanda həm sahibkarlıqla məşğul olmaq istəyənlərin sayının, həm də həyata keçirilən investisiya layihələrinin miqyasının genişlənməsini stimullaşdırıb. Sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığa əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilib.
ötən il investisiya layihələrinin güzəştli kreditləşdirilməsi davam etdirilib, güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, o cümlədən xüsusilə kiçik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını daha da artırıb. 2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilib ki, həmin kreditlər hesabına 6500-dək yeni iş yeri yaradılacaq. Kreditlərin 75 faizi regionlara, 25 faizi isə Bakı qəsəbələrinə verilib, vəsaitlərin 25 faizi dövlət büdcəsindən, 75 faizi isə  əvvəl verilmiş və il ərzində geri qaytarılan kredit vəsaitləri hesabına təmin edilib. Güzəştli kredit vəsaitlərinin 80 faizi aqrar sahənin inkişafına, o cümlədən, 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 16 faizi aqrar sahənin infrastruktur təminatına yönəldilib. Ayrılmış kreditlər hesabına ötən il müasir texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur yönümlü iri layihələrə start verilib. 2011-ci ildə  Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına yaradılmış 33 istehsal, emal və infrastruktur müəssisəsi artıq istifadəyə verilib.
Bu da səbəbsiz deyil. çünki Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də ölkədə sahibkarlığın inkişaf etdirilməsi təşkil edir. Dövlət başçısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı, həmçinin, digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıb.
Görülən işlərin davamı olaraq, Prezident İlham Əliyev sahibkarlığa dövlət dəstəyinin 2012-ci ildə daha da gücləndiriləcəyini, maliyyə təminatının genişləndiriləcəyini bəyan edib. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı deyib ki, 2011-ci ildə dövlət tərəfindən verilən vəsait hesabına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə böyük vəsait ayrılmışdır: “Biz bu il - 2012-ci ildə də rekord göstəriciyə çatırıq - sahibkarlara güzəştli şərtlərlə 200 milyon manat kreditlər veriləcəkdir. Mən çox şadam ki, bu, həm maliyyə dəstəyidir, həm də sahibkarlara çox yaxşı məsləhətlər, işə başlamaq üçün maddi imkanlardan asılı olaraq müxtəlif biznes-planlar verilir. Biz doğrudan da sahibkarlara çox böyük diqqətlə yanaşırıq”.
Həmçinin, cari ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri ilə yanaşı, digər maliyyə mənbələri, eləcə də, maliyyə-kredit təşkilatlarının, bankların, Kənd Təsərrüfatı üzrə Kredit Agentliyinin və digər qurumların güzəştli şərtlərlə verilən kreditləri hesabına 100-lərlə sahibkarın maliyyə təminatı yaxşılaşdırılacaq. Beləliklə, bu il ölkəmizdə sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması üçün davamlı tədbirlər həyata keçiriləcək. Bu tendensiya isə sahibkarların ötən illərdə aldıqları vəsaitlər hesabına gəlir əldə etdiklərini və kreditləri geri qaytarmaq imkanlarına malik olduğunu təsdiqləyir. Hər il geri ödənilən kreditlər isə əlavə maliyyələşmə üçün əlverişli şərait yaradır. Bu isə növbəti illərdə sahibkarlara daha çox kreditin verilməsini şərtləndirir.
Onu da qeyd edək ki, verilən kreditlərin 75 faizi regionların payına düşür ki, bu da bölgələrdə sahibkarlıq fəaliyyətinin daha da inkişafına geniş imkanlar yaradır. Son illərdə rayonlarda yüzlərlə yeni istehsal sahəsinin yaradılması və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artması milli sahibkarlıq sektorunun yüksək inkişafının göstəricisidir. Beləliklə, bölgələrdə sahibkarlığın intensiv inkişafı hər il daha geniş vüsət alır və bu tendensiya qarşıdakı illərdə yeni nailiyyətlərin əldə olunmasına impuls verir.
Prezident İlham Əliyev sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və yeni layihələrin icrası sayəsində yerli istehsalın artacağını və ölkəmizin milli sahibkarlıq subyektlərinin xarici bazarlarda öz mövqelərini möhkəmləndirəcəyinə əmin olduğunu da bildirib: “Azərbaycanda sahibkarlar sinfi yaradılıbdır. Onlar əldə edilən gəlirlərin bir hissəsini yeni müəssisələrə yönəldirlər. Belə olan halda, 4-5 ildən sonra bizə əlavə xarici bazarlar lazım olacaqdır. İndi bizim ənənəvi bazarlarımız vardır. Bu bazarlarda Azərbaycan məhsullarına ehtiyac və tələbat vardır. Ancaq biz gələcəyə baxmalıyıq. Bizim potensialımız indiki ixrac imkanlarımızdan bəlkə bir neçə dəfə artıq olacaqdır”.
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Xanhüseyn Kazımlı bildirib ki, sahibkarlığa dövlət qayğısı iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu sahə ilə bağlı hüquqi baza da kifayət qədər mükəmməldir: “Bilirsiniz ki, dövlətimiz sahibkarlara güzəştli kreditlər ayırır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu kreditlərin həcmində hər il artım müşahidə olunur. 2012-ci ildə isə sahibkarlığın inkişafı üçün 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu dövlətimizin bu sahəyə qayğısının yüksək nümunəsidir. Bundan başqa, aparılan siyasətin başlıca hədəfi daha çox istehsal sahələrini nəzərdə tutan layihələri maliyyələşdirməkdən ibarətdir. ötən dövr ərzində sahibkarlara verilən vəsaitin hesabına regionlarda istehsal və emalyönümlü müəsisələrin yaradılması böyük vüsət alıb. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması daim dövlət başçısının diqqət mərkəzində olub və Prezident sahibkarlara öz siyasi dəstəyini bəyan edib. “Yerli istehsalın inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə Prezident İlham Əliyev sahibkarlığa daha böyük diqqətin ayrılmasının zəruriliyini daim vurğulayıb. ümumiyyətlə, sahibkarlar təbəqəsi birbaşa orta təbəqənin formalaşmasında, ölkənin sosial-iqtisadi inkişafında həlledici rola malikdir. Bu gün özəl sektorun payı iqtisadiyyatda 90 faizdən artıqdır. Bu isə o deməkdir ki,  sahibkarların  dövlətə ödədiyi vergi payı da artır. Nəticədə büdcənin imkanlarının yaxşılaşması həm sosial təbəqənin, həm də investisiya sahəsinin inkişafı üçün əlverişli şərait yaranır. Bu, həm də qeyri-neft sektorunun ölkə iqtisadiyyatında aparıcı sahəyə çevrilməsinə impuls vermiş olur. Məsələ ondadır ki, neftdən kənar sahələrin inkişafında özəl biznes bölməsi daha cəlbedici sahə sayılır. Nəzərə alsaq ki, yeni iş yerlərinin böyük əksəriyyəti qeyri-neft sektorunun payına düşür və həmin müəssisələr özəl bölməni əhatə edir, onda orta təbəqənin formalaşmasında sahibkarlıq sektorunun çəkisinin hansı rola malik olması aydın olur” - deyə X.Kazımlı bildirib.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı da Azərbaycanda sahibkarlığın inkişafına yüksək dövlət qayğısının olduğunu bildirib. Onun sözlərinə görə, bu diqqətin nəticəsində sahibkarlıq sektoru əhəmiyyətli dərəcədə inkişaf edib: “Diqqətçəkən məqamlardan biri sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəmin verilməsidir. Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, ümumilikdə, ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib. ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş sahibkarlığın inkişafı strategiyası, nəinki, ölkəmizin dirçəlişində müstəsna rol oynayıb, hətta, bir model kimi keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı üçün nümunədir”.
İqtisadçı ekspert qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu sahə keyfiyyət baxımından daha da zənginləşib. Onun fikrincə, ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət tərəfindən həm maliyyə, həm də funksional dəstək artırılıb. Bunun nəticəsində də,  Azərbaycanda liberal iqtisadiyyatın çəkisi artıb və biznes təbəqəsinin formalaşması özəl bölmədə çalışanların sayının artmasına, həmçinin, həmin bölmədə gəlirlərin dövlət sektoru ilə nisbətdə xeyli yüksəlməsinə zəmin yaradıb. “Orta təbəqənin formalaşması ilk növbədə kiçik və orta sahibkarlıq sektorunun inkişafı ilə bağlıdır. Son illər hökumətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığa Kömək Milli Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib. Bu il sahibkarlara 200 milyon manat həcmində kreditlərin verilməsinin nəzərdə tutulması bu sahənin inkişafına daha da təkan verəcək” - deyə A.Muradlı vurğulayıb.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 999 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30