Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Ağstafa və Tovuz rayonlarında səfərdə olub

Prezident İlham Əliyev Ağstafa və Tovuz rayonlarında səfərdə olub

14.04.2012 [02:03]

Xəbər verdiyimiz kimi, aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal-qərb bölgəsində səfərdə olub. Prezident İlham Əliyev Qazax rayonuna səfərini başa çatdıraraq Ağstafa rayonuna gəlib. Dövlətimizin başçısı Ağstafa şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyev Ağstafaya səfəri çərçivəsində rayon mərkəzində tamamilə yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlərlə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, parkın ətrafında əsaslı yenidənqurma işləri görülüb.
Bildirilib ki, parkın ümumi ərazisi 4,8 hektardır. Burada hər birinin uzunluğu 12, eni isə 5 metr olan üç fəvvarə inşa edilib.
Parkda Ulu öndər Heydər Əliyevin abidə kompleksi ucaldılıb. Abidənin fonunda hər birinin hündürlüyü 7, uzunluğu 25 metr olan 12 qranit sütundan ibarət xüsusi guşə yaradılıb.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Prezident İlham Əliyev Ağstafa şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, ümumi sahəsi 450 kvadratmetr olan mərkəzin birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasətinin uğurlarını, eləcə də Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.
Gənclər Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa şəhərində yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib.
Parkda Xalq şairi Səməd Vurğunun büstü qoyulub. Büstün fonunda görkəmli şairin yaradıcılığını əks etdirən möhtəşəm “Kitab abidəsi” kompleksi tikilib.
Dövlətimizin başçısı Səməd Vurğunun abidəsi önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən park 2,8 hektar sahəni əhatə edir. Parkda simsiz internet şəbəkəsi yaradılıb, “Yazıçılar evi” və “Vurğun kafesi” inşa edilib. Parkla tanışlıqdan sonra dövlətimizin başçısı “Yazıçılar evi”ndə bölgə ziyalıları ilə görüşərək çıxış edib.
“Ağstafa” qəzetinin redaktor müavini Firdovsi Heydərli, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölgəsi filialının sədri Barat Vüsal, şairə Cığatel Qasımova, Milli Məclisin deputatı Nizami Cəfərov, Qazax şəhər 2 nömrəli orta məktəbin müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Samir Hüseynov və gənc şairə Şahinə Həsənzadə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Barat Vüsal dövlətimizin başçısına Molla Vəli Vidadinin dövründən bu günədək Qazax mahalında yaşayıb yaradan şairlərin əsərlərinin toplusu olan “Şairlər vətəni - bizim tərəflər” poeziya antologiyasını hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə məlumat verilib ki, ümumi uzunluğu 7,5 kilometr olan yolun qısa müddətdə müasir tələblər səviyyəsində qurulması üçün bütün qüvvələr səfərbər olunub. Yolun əhatə etdiyi kəndlərdə 6 mindən çox əhali yaşayır. Yolun istifadəyə verilməsi onlar üçün həm rahatlıq, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Burada tikinti işləri zamanı abadlıq tədbirlərinə də xüsusi diqqət yetirilib, yolboyu görkəmsiz tikililər təmir olunub, yaşıllıq zolaqları salınıb. Burada, həmçinin, üç müasir avtobus dayanacağı yaradılıb və çoxsaylı yol nişanları quraşdırılıb.
Prezident İlham Əliyev kəndlərin sakinləri ilə görüşüb.
Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Aprelin 12-də Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, YAP Ağstafa rayon təşkilatının yeni inzibati binası şəhərin Heydər Əliyev prospektində inşa edilib. Təşkilatın ikimərtəbəli binasının ümumi sahəsi 450 kvadratmetrdir. Binanın fasadı ağlay daşı ilə klassik üslubda üzlənib, milli ornamentli naxışlarla bəzədilib. Binanın birinci mərtəbəsində partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin və Prezident, YAP-ın Sədri İlham Əliyevin fəaliyyətlərini, Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.
Bildirilib ki, binanın ikinci mərtəbəsində müxtəlif tədbirlərin keçirilməsi üçün 50 yerlik konfrans zalı yaradılıb. Binanın inzibati bölməsində işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar var. Burada İKT-nin ən son nailiyyətlərindən istifadə edilib.
YAP Ağstafa rayon təşkilatının yeni inzibati binasında yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin açılışında iştirak edib. Məlumat verilib ki, “Ağstafa Aqroservis” MMC-nin istifadəyə verilməsi rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradacaq. Eyni zamanda, müəssisə kompleks aqrotexniki xidmətlər, o cümlədən əkilməsi məqsədəuyğun olan bitki növü və sortlarının, istifadəsi zəruri gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodunun seçilməsi, şum, səpin və suvarma işlərinin aparılması, məhsulun yığımı və aqronom xidmətləri göstərməklə fermerlər və torpaq sahibləri üçün “vahid pəncərə” rolunu oynayacaq. Müəssisə tərəfindən əkinçilik təsərrüfatlarına keyfiyyətli və yüksək məhsuldarlığı təmin edən toxum, gübrə və kimyəvi preparatlar təklif ediləcək.
Dövlətimizin başçısı müəssisənin anbarı ilə də tanış olub.
Prezident İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin strukturu, müəssisənin göstərdiyi xidmətlər və aqrotexniki tədbirlərin qiymət cədvəli ilə tanış olub.
Prezident İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsində inşa ediləcək “Ağstafa Süd” ASC-nin layihəsi ilə də tanış olub.
Dövlətimizin başçısı Almaniyada istehsal edilən “Kompakt-Soliter 9” əkin aqreqatının iş prinsipi ilə tanış olub.
“Ağstafa Süd” ASC-nin maketi ilə tanış olan dövlətimizin başçısına bildirilib ki, buradakı süd emalı zavodunda istehsal ediləcək çoxçeşidli məhsullar həm daxili bazara, həm də Gürcüstan və Avropa bazarlarına çıxarılacaq. Bütövlükdə regionun iqtisadi inkişafına töhfə verəcək müəssisədə ümumilikdə 114 nəfər işlə təmin olunacaq.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, layihə üç mərhələdə reallaşdırılacaq. Artıq birinci mərhələ başa çatıb. İkinci mərhələyə isə avqustda start veriləcək.
Müəssisənin fəaliyyəti və gələcək layihələrlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
* * *
Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlib. Dövlətimizin başçısı Tovuz şəhərindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov məlumat verib ki, Heydər  Əliyev adına mədəniyyət və istirahət parkı şəhərin sakinlərinin və qonaqlarının sevimli istirahət mərkəzidir. Sonra dövlətimizin başçısı rayon ərazisində aparılan tikinti-abadlıq işlərini, Tovuzun xəritəsini, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun layihəsini və tikintisi davam etdirilən obyektləri əks etdirən stendlərlə tanış olub. Bildirilib ki, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun yenidən qurulmasına ötən il başlanılıb. Artıq bu yolun 13 kilometrlik hissəsinə asfalt-beton örtük döşənib.
Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda “Ayan Palace” otelinin açılışında iştirak edib. Prezident İlham Əliyevə bildirilib ki, avanqard arxitektura üslubunda inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb, 120 nəfərlik restoran fəaliyyət göstərir. Otelə bitişik 700 nəfərlik salon da inşa olunub.
Salonla tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, konfransların keçirilməsi üçün lazımi şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, “Ayan Palace” otelində 65 nömrə var. Nömrələr otelin 1-5-ci mərtəbələrində yerləşir və  ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir.
Otaqlarla tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək.
Dövlətimizin başçısı turizm obyektinin zirzəmi qatındakı SPA və Sağlamlıq Mərkəzi ilə də yaxından tanış olub.
Məlumat verilib ki, hazırda oteldə 50 nəfər işləyir. İşçilərin 90 faizi rayon sakinidir. Onlara xarici mütəxəssislər tərəfindən kurslar keçilib. Yaxın aylarda işçilərin sayının 110-a çatdırılması nəzərdə tutulub.
Otel ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.
Prezident İlham Əliyev Göytəpə neolit dövrü arxeoloji abidəsinin ərazisini gəzib.
Sonra dövlətimizin başçısı yaşayış məskənində aşkar edilən  daş və sümük alətlərə baxıb.
Daha sonra Prezident İlham Əliyev Göytəpə qədim yaşayış məskənində bu günə qədər görülən işlər və əldə olunan nəticələri, eləcə də, aşkar olunmuş tikililərin bərpası, abidənin açıq səma altında muzeyə - arxeoparka çevrilməsi istiqamətində təklifləri əks etdirən stendlərə baxıb.
Yaşayış məskəni ilə tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
Paylaş:
Baxılıb: 1057 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30