Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Beynəlxalq reytinq agentliyi Azərbaycanın investisiya səviyyəli kredit reytinqini təsdiqləyib

Beynəlxalq reytinq agentliyi Azərbaycanın investisiya səviyyəli kredit reytinqini təsdiqləyib

25.05.2012 [00:31]

Prezident İlham Əliyev: Bizim iqtisadi sahədə uğurlarımız beynəlxalq maliyyə qurumları tərəfindən də qiymətləndirilir və qeyd edilir
Hökumətin həyata keçirdiyi davamlı islahatlar konsepsiyasına əsaslanan iqtisadiyyatın sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi, nüfuzunun artmasına səbəb olub. Məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edib. Xüsusilə, son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir. Məlum olduğu kimi, qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox Avropa ölkələrində resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi prosesi davam edib.
Mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzinin açılışı, Ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev bildirib ki, son doqquz il ərzində Azərbaycan iqtisadi sahədə misli görünməmiş inkişaf dövrünü yaşayır: “Doqquz ildə iqtisadiyyat üç dəfə artmışdır. Sənaye istehsalı da üç dəfə artmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı təxminən 50 faizdən 7,6 faizə düşmüşdür. İşsizlik kəskin şəkildə azalmışdır. Bir milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda işsizlik Azərbaycanda 5,3 faizdir. Büdcə kəsiri demək olar ki, yoxdur. Bəlkə bir faiz təşkil edir. Amma kəsirsiz büdcə bizim üçün problem deyildir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu, hesab edirəm ki, dünya miqyasında ən uğurlu nəticələrdən biridir. Bizim iqtisadi sahədə uğurlarımız beynəlxalq maliyyə qurumları tərəfindən də qiymətləndirilir və qeyd edilir. Dünya üçün, qitə üçün ən çətin böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf edir. üç əsas beynəlxalq reytinq agentlikləri “Moody’s”, “Fitch”, “Standard & Poors” Azərbaycanın kredit reytinqini artırırlar”.
Qeyd edək ki, 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının nəticələrinə görə ümumi iqtisadi inkişaf çox yüksək templərlə ölçülməsə də, qeyri-neft iqtisadiyyatımız sürətlə artmaqdadır. Birinci rübdə ümumi daxili məhsul artımı 0,5 faiz qeydə alınıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar da müsbət nəticələrini verir. Sənaye istehsalına nəzər salsaq görərik ki, ümumi sənaye istehsalı 0,3 faiz azalsa da, ölkəmizdə qeyri-neft sənayesində 16,5 faiz artım müşahidə olunub. Makroiqtisadi göstəricilər müsbətdir. Hesabat dövründə inflyasiya cəmi 3,1 faiz təşkil edib.
Həmçinin, cari ilin yanvar-aprel aylarında əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 1068,6 manat və ya orta hesabla ayda 267,1 manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin real gəlirləri 9,6 faiz artıb.
Eyni zamanda, 2012-ci ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-neft sənaye bölməsinin əksər sahələrində istehsalın həcmi artmaqda davam edib və ümumi artım 11,2 faiz olub. Sənaye məhsulunun 78,2 faizi mədənçıxarma bölməsində, 16,2 faizi emal bölməsində, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,1 faizini təşkil edib. Bundan əlavə, 2012-ci ilin 4 ayı ərzində müxtəlif təyinatlı bir sıra obyektlər (istehsal və qeyri-istehsal obyektləri)  istifadəyə verilib.
Təsadüfi deyil ki, “Fitch” Beynəlxalq Reytinq Agentliyi də Azərbaycan iqtisadiyyatının artıq dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildiyi və ölkənin istənilən geosiyasi risklərə dayanıqlı olduğunu açıqlayıb. Belə ki, 2012-ci il may ayının 10-da Agentlik Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edib.
Beynəlxalq Reytinq Agentliyinin mətbuata açıqlamasında, həmçinin, qeyd olunur ki, Azərbaycanın reytinqinin investisiya səviyyəsində saxlanması aparılan davamlı islahatlar nəticəsində ölkənin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsini, dinamik sosial-iqtisadi inkişafını və insanların rifah halının yaxşılaşmasını əks etdirir: “Neftdən daxil olan gəlirlər və olduqca ehtiyatlı və düşünülmüş büdcə siyasəti  ölkənin maliyyə gücünü əhəmiyyətli dərəcədə artırıb, nəzərə çarpan dərəcədə valyuta ehtiyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb. Respublikada qeyri-neft sektorunda gedən surətli inkişaf rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasına və inkişaf dinamikasının sürətləndirilməsinə, habelə, yoxsulluğun əhəmiyyətli dərəcədə aşağı salınmasına, insan kapitalı ilə bağlı bir çox məsələlərin həll olunmasına zəmin yaradıb”.
Hazırda cərəyan edən qlobal böhran fonunda Agentlik tərəfindən Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin və demokratik inkişaf yolu ilə inamla irəliləməsinin təsdiqi Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl olaraq ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyasının istiqamətinin düzgün müəyyənləşdirildiyini bir daha əyani nümayiş etdirir.
SEVİNC
Paylaş:
Baxılıb: 879 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30