Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib

25.06.2012 [23:09]

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib
Dünən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandana raport veriblər.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış olub.
Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına məlumat verib ki, ölkəmizin bütün ali hərbi təhsil müəssisələri ən müasir tələblər səviyyəsində yenidən qurulur, onların maddi-texniki bazası möhkəmləndirilir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də ardıcıl və məqsədyönlü tədbirlərin reallaşdırıldığı, hərbi təhsil müəssisəsində əsaslı abadlıq və yenidənqurma işlərinin görüldüyü diqqətə çatdırılıb. Ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi imkanları artdıqca ölkəmizin Silahlı Qüvvələrinin də maddi-texniki bazasının daha da möhkəmləndirilməsi geniş vüsət alır.
Prezident İlham Əliyevə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib, yeni avadanlıq və silahlar nümayiş etdirilib. Qeyd olunub ki, hazırda Azərbaycan Silahlı Qüvvələri nəinki regionun, eləcə də dünyanın ən güclü ordularından biri sayılır. Azərbaycan ordusu mütəmadi qaydada ən müasir silah-sursatla təchiz olunur. ölkənin dövlət büdcəsində hərbi xərclər ildən-ilə artırılır. Azərbaycan Silahlı Qüvvələrinin silah-sursatla təchizatında artıq Müdafiə Sənayesi Nazirliyi də mühüm yer tutur. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bütün sahələrdə olduğu kimi, ordumuzda da yalnız ən son elmi-texniki yeniliklər tətbiq edilir. Bu baxımdan ölkəmizin ali hərbi məktəblərində də zabitlərin günün tələbləri səviyyəsində hazırlanması üçün yüksək şərait yaradılıb.
Dövlətimizin başçısına buraxılış mərasiminin nişanı təqdim olunub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılan yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışı münasibətilə mərasim başlanıb.
Prezident İlham Əliyev mərasimin keçirildiyi stadiona gəlib.
Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşılayıblar.
Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verərək şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev məzunları salamlayıb.
Mərasimin proqramı elan edildikdən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səslənib.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev çıxış edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı mərasimdə nitq söyləyib: “Əziz hərbçilər, hörmətli mərasim iştirakçıları!
Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan Ordusunda xidmət edən bütün şəxsi heyətə Vətən uğrunda yeni uğurlar arzulayıram. Bu gün, eyni zamanda, hərbi məktəblərin növbəti buraxılışıdır. Bütün məzunları bu münasibətlə təbrik edirəm. Əminəm ki, məzunlar Azərbaycan Ordusunda ləyaqətlə xidmət edəcəklər.
Bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbdə gedən təmir-tikinti işləri ilə də tanış oldum. çox şadam ki, məktəbdə böyük quruculuq işləri aparılır, bütün binalar təmir edilir, kursantlara yaxşı şərait yaradılır. Eyni zamanda, yeni trenajorlar alınmışdır və bu trenajorlar imkan verəcəkdir ki, kursantlar döyüş qabiliyyətini artırsınlar.
Bizə hazırlıqlı hərbçilər lazımdır. Bütün sahələrdə yeni gənc kadrların yetişdirilməsi məsələlərinə böyük diqqət göstərilir. Azərbaycan uğurla inkişaf edir. ölkəmizdə bütün sahələr inkişaf edir. Gənc kadrların hazırlanması prosesi bizim gələcəyimizi şərtləndirən amildir. Hər bir sahədə, o cümlədən hərbi sahədə gənc peşəkar kadrlara ehtiyac vardır. Ulu öndər Heydər Əliyev bu məsələlərlə hələ 1970-ci illərdə məşğul olmuşdur. Onun təşəbbüsü ilə C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılması bizim o illərdəki tariximizdə çox önəmli hadisələrdən biri idi. Ulu öndər hələ o zaman yaxşı görürdü, yaxşı başa düşürdü ki, bizə yerli hərbi kadrların hazırlanması lazımdır - gün gələcək Azərbaycan müstəqil dövlətə çevriləcəkdir və müstəqil dövlətin güclü ordusu olmalıdır. Bu proses bu gün də davam etdirilir. Azərbaycanda hərbi kadrların hazırlanmasına böyük diqqət göstərilir. Mən çox şadam ki, hərbçilərimizin peşəkarlığı, döyüş qabiliyyəti ildən-ilə artır, ruh yüksəkliyi yüksək səviyyədədir. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar. Beləliklə, ölkə qarşısında duran əsas vəzifə - torpaqlarımızı işğalçılardan azad etmək üçün biz hazırıq və hazır olmalıyıq.
Azərbaycanda ordu quruculuğu prosesi də Ulu öndərin adı ilə bağlıdır. 1993-cü ilə qədər, əfsuslar olsun ki, Azərbaycanda nizami ordu yaradılmamışdır. Bunun nəticəsində torpaqlarımız işğal altına düşmüşdür.
1993-cü ildən ordu quruculuğu prosesi başlamışdır. Bu proses bu gün də davam etdirilir. Bu illər ərzində Azərbaycanda nizami ordu yaradılmışdır, ordu güclənmişdir. Azərbaycan Ordusu artıq nəinki bölgədə, dünya miqyasında güclü orduların sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmləndirilmişdir. Hərbi xərclər ildən-ilə artır. Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Bu da təbiidir. Bu, belə də olmalıdır. çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıbdır. Atəşkəs rejimi vardır. Ancaq sülh müqaviləsi imzalanmayıb. Müharibə şəraitində yaşayan ölkədə birinci növbədə ordu məsələlərinə diqqət göstərilməlidir və Azərbaycanda, bu, belədir. Son bir neçə il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır. Hazırda bu xərclər 3,6 milyard dollar səviyyəsindədir. Bu da Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, bu reallıqları bizim uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız yaratmışdır. Ordu xərcləri bundan sonra da artacaqdır. Bu, əlbəttə ki, ordumuzun gücləndirilməsinə böyük dəstəkdir. Ancaq bununla bərabər, mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti artır. Orduda xidmət edənlərin arasında vətənpərvərlik duyğuları çox yüksək səviyyədədir. Biz peşəkar ordu yaradırıq. Əminəm ki, həm maddi-texniki təminat, iqtisadi qüdrətimiz, hərbçilərin hazırlanması, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi - bütün bu amillər bizi müqəddəs məqsədə çatdıracaqdır.
Torpaqlarımız işğal altındadır. Bu işğal davam edir. Bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz keçən dövrdə ordumuzun hərbi potensialını böyük dərəcədə gücləndirə bilmişik. Xaricdən böyük sayda silah, texnika, sursatlar gətirilir. Döyüş təyyarələri, döyüş helikopterləri, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilir. Azərbaycanda yerli istehsal da yaradılmışdır. Yeddi il bundan əvvəl mənim Sərəncamımla Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu sahədə də dönüşə gətirib çıxarmışdır. Bu yeddi il ərzində Azərbaycanda hərbi təyinatlı 20 zavod və istehsalat birliyi yaradılmışdır. Hazırda Azərbaycanda hərbi təyinatlı məmulatın sayı 665-dir. Azərbaycanda 665 adda hərbi təyinatlı məmulat istehsal edilir. Biz gələcəkdə bu sahədəki fəaliyyətimizi daha da genişləndirəcəyik. Azərbaycan Ordusuna lazım olan əsas təminat daxili istehsal hesabına formalaşmalıdır. ümumiyyətlə, bu, bizim siyasətimizin demək olar ki, əsas istiqamətlərindən biridir. Daxili istehsalın gücləndirilməsi və genişləndirilməsi siyasəti aparılır. Bu, özünü bütün sahələrdə büruzə verir. Biz daha çox ərzaq təhlükəsizliyi və tikinti materialları məsələlərində özümüzü artıq təmin edirik. Eyni zamanda, Azərbaycanda hərbi təyinatlı məhsullar daha da çox istehsal edilməlidir.
Orduya diqqət təkcə bu amillərlə məhdudlaşmır. Azərbaycan dövləti hərbçilərin məişət problemlərinin həlli üçün də lazımi addımlar atır. Keçən il hərbçilərin əmək haqları 25 faiz artırılmışdır. Bir neçə gün bundan əvvəl 312 mənzildən ibarət iki yaşayış binası hərbçilərin sərəncamına verilmişdir. Hazırda yüzlərlə yeni mənzil tikilir. Keçən ilin sonunda mənim Sərəncamımla orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillərin verilməsi də nəzərdə tutulmuşdur. Artıq sənədlərin qəbulu prosesi başlamışdır. Bu da Azərbaycan dövlətinin öz ordusuna, hərbçisinə olan diqqətinin təzahürüdür.
Bir sözlə, orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Mən çox şadam ki, cəmiyyət də bu təşəbbüsləri alqışlayır. Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik.
Bizim qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir. Bildiyiniz kimi, Azərbaycan dövləti uzun illərdir ki, bu istiqamətdə fəaliyyət göstərir, çalışır. Ancaq əfsuslar olsun ki, məsələ öz həllini tapmır. Bayaq qeyd etdiyim kimi, müstəqilliyimizin ilk illərində Azərbaycana qarşı edilən təcavüz və ədalətsizlik əfsuslar olsun ki, bu günə qədər də gündəlikdən çıxmır. Mən tam əminəm və bu barədə dəfələrlə fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm, əgər ölkəmizin həlledici anlarında, müstəqilliyimizin ilk illərində Ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq işğalçılara verilməzdi. Ancaq 1987-ci ildə sovet rəhbərliyi tərəfindən Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Ondan sonra iki həftə keçməmiş erməni millətçiləri və onların havadarları Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi haqqında iddialar irəli sürməyə başlamışlar. Sovet İttifaqının son aylarında Azərbaycana qarşı işğal siyasəti başlamışdır. Müstəqilliyimizin ilk aylarında bu işğal artıq böyük faciələrə gətirib çıxarmışdır. Xocalı soyqırımı törədildi, Şuşa, Laçın, Kəlbəcər işğal edildi.
Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda, danışıqlar prosesində də iştirak edirik”.
Dövlətimizin başçısı deyib ki, ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində mövqeyimiz bir o qədər güclənər: “Bu iki amil arasında birbaşa bağlantı vardır. Biz danışıqlarda prinsipial mövqeyimizi göstəririk. Bu mövqedən bir addım geri atmayacağıq. Bununla bərabər, son illər ərzində biz böyük dərəcədə güclənə bilmişik. Əgər bir neçə il bundan əvvəl həm hərbi, həm iqtisadi sahədə Ermənistan ilə Azərbaycan arasında demək olar ki, paritet var idisə, artıq bu pariteti biz dağıtdıq. Azərbaycan iqtisadi cəhətdən Ermənistandan 10 dəfə güclü ölkədir. Dövlət büdcəmiz 10 dəfədən çoxdur. Hərbi xərclər 10 dəfədən çoxdur. Azərbaycanda demoqrafik vəziyyət müsbətdir. Azərbaycan öz hesabına yaşayan ölkədir. Böyük ehtiyatlarımız, insan resurslarımız vardır. Güclü sənayemiz, güclü ordumuz vardır. özümüz öz siyasətimizi müəyyən edirik, müstəqil siyasət aparırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq. Getdikcə iki ölkə arasındakı uçurum daha da dərinləşir və dərinləşəcəkdir. Mən əminəm ki, bütün bu amillərin nəticəsində biz istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik. Bunu etmək üçün biz daha da güclü olmalıyıq”.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edib. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olunublar.
Dövlətimizin başçısı bir qrup zabitə mənzillərin orderlərini təqdim edib. Ali Baş Komandan onları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.
Digər məzunlara diplomlar müəllim heyəti tərəfindən təqdim edilib.
Sonra məzunların buraxılış mərasimi davam etdirilib. Tədris və intizamda birinci yerləri tutan məzunlar üzərində ulduz və aypara təsviri olan emblemi rəmzi yaş kötüklərinə vurublar. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı gətirilib, kursantlar təntənəli hərbi marşın sədaları altında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin olduğu tribunanın qarşısından keçiblər.
Azərbaycan Prezidenti İlham Əliyev məzunlarla, kursantlarla, hərbçilər və valideynlərlə sağollaşıb. Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Paylaş:
Baxılıb: 905 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30