Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Avropa təsisatları ilə Azərbaycan arasında əlaqələr çox uğurla inkişaf edir

Avropa təsisatları ilə Azərbaycan arasında əlaqələr çox uğurla inkişaf edir

05.07.2012 [23:54]

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycan Respublikasında rəsmi səfərdə olub
Dünən Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun  rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini tərəfdaşlığımızın və dostluğumuzun əhəmiyyətli göstəricisi kimi qiymətləndirib. Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Herman Van Rompuyun ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı bu səfərin Avropa İttifaqı Şurası prezidentinin ölkəmizi daha yaxından tanıması üçün yaxşı imkan yaradacağını deyib.
Azərbaycan ilə Avropa institutları, eləcə də ölkəmizin əsas enerji tərəfdaşlarından olan Avropa İttifaqı arasında əlaqələri yüksək qiymətləndirən Prezident İlham Əliyev Herman Van Rompuyun ölkəmizə səfərinin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminliyini bildirib.
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.
Azərbaycan ilə Avropa İttifaqı arasında yaxşı münasibətlərin olduğunu deyən Herman Van Rompuy iqtisadi və enerji sahələri ilə yanaşı, digər istiqamətlərdə də əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu bildirib.
Avropa İttifaqı Şurasının prezidenti bu səfərin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi baxımından yeni imkanlar açacağını vurğulayıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxış edərək söyləyib ki, Avropa təsisatları ilə Azərbaycan arasında əlaqələr çox uğurla inkişaf edir: “Azərbaycan ilə Avropa təsisatları arasında mövcud münasibətlər bu baxımdan davam edəcək və bizə Avropanın bu sahədə əldə etdiyi müsbət təcrübəni tətbiq etməyə imkan yaradacaqdır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev deyib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları artıq 20 ildir ki, Ermənistanın işğalı altındadır: “Erməni silahlı qüvvələri təkcə Dağlıq Qarabağı deyil, həmçinin onun inzibati sərhədlərinə daxil olmayan yeddi digər rayonu da işğal altında saxlayır. Onlar etnik təmizləmə siyasətini həyata keçiriblər və bunun nəticəsində bizim bir milyona yaxın qaçqın və məcburi köçkünümüz vardır, torpaqlarımızın 20 faizi isə hələ də işğal altındadır. Beynəlxalq təşkilatlar bu məsələyə dair bir sıra qətnamələr qəbul ediblər. Buraya BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa parlamentinin, Avropa Şurasının, ATƏT-in qərarları da daxildir. Amma əfsuslar olsun ki, bu qətnamələrin heç biri hələ də yerinə yetirilməyib”.
“Bu gün biz enerji təhlükəsizliyi məsələlərinə də toxunduq və bu müzakirələri bundan sonra da davam etdirəcəyik” - deyən dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycan regionda əsas enerji layihələrinin təşəbbüskarıdır: “Xəzərin karbohidrogen ehtiyatlarının Avropa və dünya bazarlarına nəqlini təmin etmək üçün enerji dəhlizini ilk açan məhz biz olmuşuq. Bu gün Azərbaycan nefti Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansının təqribən 30 faizini təşkil edir. Bu, o deməkdir ki, biz Avropadakı tərəfdaşlarımızın da enerji təhlükəsizliyini təmin edirik. Azərbaycanda neft sahəsinin inkişaf potensialı çox yüksəkdir. Bizim çoxşaxəli bir sıra neft boru kəmərlərimiz var və bununla da gələcək üçün böyük potensiala malikik. Azərbaycan nefti dostlarımızın gələcək onilliklər üçün enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır. Bundan başqa, Azərbaycanın Dövlət Neft Şirkəti Avropaya fəal şəkildə sərmayə qoyur. Bu əməkdaşlığı və faydalı razılaşmaları gələcəkdə də ikitərəfli qaydada davam etdirmək üçün planlar vardır. Azərbaycan artıq iri qaz ixracatçısına çevrilib. Biz iri qaz yataqları aşkar etmişik. üç əsas yataq - “Şahdəniz”, “ümid” və “Abşeron” Azərbaycanın əsas qaz ehtiyatlarını təşkil edir. Lakin əminəm ki, növbəti illərdə biz yeni yataqların aşkar edilməsinin şahidi olacağıq. Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr təşkil edir. Biz, həmçinin artıq qazötürücü şəbəkəni də şaxələndirmişik. Bu yaxınlarda Türkiyə ilə Transanadolu qaz boru kəməri layihəsi barədə tarixi  bir saziş imzalamışıq ki, burada da Azərbaycanın payı 80 faizdir. Bu, o deməkdir ki, layihənin icrasına dair bütün əsas məsuliyyəti və maliyyə öhdəliyini üzərimizə götürmüşük. TANAP-a rəhbərliyi üzərimizə götürmüşük və əminəm ki, bu, uğurlu nəticəni şərtləndirən amil olacaqdır”.
Prezident Herman Van Rompuy çıxış edərək söyləyib ki, biz Avropa İttifaqı-Azərbaycan əlaqələrini və əməkdaşlığımızın nəticəsində əldə etdiyimiz faydanı yüksək qiymətləndiririk: “Biz keçmişdəki nailiyyətlərimizə əsaslanaraq birlikdə gələcək potensialdan istifadə etməyə çalışmalıyıq. Fikrimcə, bu, Avropa İttifaqının, Azərbaycanın və bütün regionun maraqlarına xidmət edir”.
“Cənub” qaz dəhlizi və “Transxəzər” kəməri ilə bağlı davam edən danışıqlar Azərbaycan və Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir” - deyən Prezident Herman Van Rompuy vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında Transanadolu kəməri ilə bağlı əldə olunan anlaşmanın rəsmiləşdirilməsini alqışlayıram: “Bu, “Cənub” qaz dəhlizinin həyata keçirilməsi istiqamətində Azərbaycanın və bizim öhdəliyimizi daha da möhkəmləndirir”.
Prezident Herman Van Rompuy deyib ki, Azərbaycan dünyəvi cəmiyyətdir və Sizin müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması prinsipinə sadiqliyiniz müasir dünyada çox mühüm əhəmiyyət kəsb edir: “Avropa İttifaqının və regionun sabit, mütərəqqi və tolerant, demokratik islahatlara və müasirləşməyə sadiq Azərbaycana ehtiyacı vardır”.
“Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə edilməsi əsas prioritet olaraq qalmalıdır” - söyləyən Prezident Herman Van Rompuy diqqətə çatdırıb ki, həll yolu tapılmadan keçən hər gün bizim hamımız üçün itirilmiş imkandır: “Münaqişənin həllinə nail olmaq üçün etimadın yaradılmasına, inam və hörmətə ehtiyac vardır. Dünən Yerevanda verdiyim mesajı eyniliklə bu gün Bakıda təkrar edirəm. Son vaxtlar Ermənistanın və Azərbaycanın sərhədində və qoşunların təmas xəttində baş verən ciddi silahlı insidentlər bizi çox narahat edir, insan itkisi məni çox kədərləndirir. Hərbi güc münaqişəni həll etməyəcəkdir. Münaqişənin yalnız sülh, danışıqlar yolu ilə həlli bütün regionda status-kvonu təhlükəsiz və çiçəklənən gələcəyə doğru dəyişməyə imkan verə bilər. Əgər təhlükəsiz və sabit regional mühit yaradılsa, bu, hamının xeyrinə olacaqdır. Mən bir müddət əvvəl Avropa İttifaqının və bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədrlərinin Meksikanın Los Kabos şəhərində “İyirmiliyin” sammitində verdiyi bəyanatları təkrarlayıram: Həm Azərbaycan, həm də Ermənistan münaqişənin Madrid prinsipləri əsasında davamlı və sülh yolu ilə həllinə nail olmaq üçün qərar qəbul etməlidirlər. Hər iki ölkənin prezidentləri ATƏT-in Minsk qrupu çərçivəsində götürdüyü öhdəlikləri tam həyata keçirməlidir. Hər iki tərəf atəşkəsə əməl etməli, təmkin nümayiş etdirməli, rəsmi bəyanatlarda düşmənçilik ritorikasından çəkinməlidir. Avropa İttifaqı etimad yaradılmasına və barışığa yönəlmiş səyləri dəstəkləməyə hazırdır. Bizim bunu etməyə imkanlarımız  və təcrübəmiz vardır. Səfir Lefortun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə yeni xüsusi nümayəndəsi təyin olunması Avropa İttifaqının münaqişənin həllinə artan sadiqliyini və həll paketinin bütün aspektlərinə töhfəsini nümayiş etdirir”.
*  *  *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun şərəfinə nahar verilib.
*  *  *
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycan Respublikasına rəsmi səfəri dünən başa çatıb.
Paylaş:
Baxılıb: 875 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30