Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / İlk qadın olimpiya çempionumuz...

İlk qadın olimpiya çempionumuz...

28.05.2024 [11:10]

Ötən əsrin altmışıncı illərinin sonlarından respublikamızda Olimpiya oyunlarının çempionu adını daşıyan qadın idmançılarımız olub. Onlar müxtəlif ölkələrdən Azərbaycana SSRİ yığma komandalarının oyunçuları kimi qızıl medallarla qayıtmışdılar. Müstəqilliyimizin bərpasından sonra isə Olimpiya oyunlarında çempion zirvəsini fəth etmiş ilk qadın idmançımız stend atıcısı Zemfira Meftahətdinova olub. 

Stend atıcımız 2000-ci ildə Avstraliyanın Sidney şəhərindəki möhtəşəm uğuru ilə yada düşür. O, XXVll Olimpiya Oyunlarının çempionu adı uğrunda gərgin mübarizədə rəqiblərindən yüksək nəticə göstərməklə təkcə özünü və idman ictimaiyyətimizi yox, bütün respublikamızı ürəkdən sevindirmişdi. Bununla da Z.Meftahətdinova tarixi qələbədən sonra müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu adını qazandı.

Z.Meftahətdinova uzaq Avstraliyadakı ən böyük nailiyyəti ilə kifayətlənməmişdi. Dörd il sonra müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada da fəxri kürsüyə yüksələrək, bayrağımızın şərəfini layiqincə qorumuşdu. Bununla da Zemfira Olimpiya oyunlarının qızıl medalına bürünc mükafat da əlavə etmişdi.

İndi olimpiada medalları Z.Meftahətdinovanın zəngin nailiyyətlər kolleksiyasında xüsusi yer tutur, bu medallar onun bütün mükafatlarının bəzəyidir. Ancaq Olimpiya oyunlarından əvvəl bir çox ölkədə dünya və Avropa çempionatlarında, qitə kuboku yarışlarında qazandığı uğurların da öz yeri var. O, 20-ci əsrin səksəninci illərinin ortalarından iştirakçısı olduğu həmin yarışlarda dəfələrlə qələbə qazanıb, həmçinin gümüş və bürünc medallara sahib olub.

Olimpiya çempionumuzun parlaq nailiyyətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Tərəqqi” medalına, “Şöhrət” ordeninə, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.

Yeri gəlmişkən, bu gün Z. Meftahətdinovanın doğum günüdür. O, 1963-cü ildə Bakıda anadan olub. Əməkdar idman ustası bu gün rəhbər vəzifədə ona göstərilən etimadı doğruldur. Z.Meftahətdinova Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi kimi zəngin ənənələri olan bu qurumda ölkəmizin uğurlarını daha da artıra biləcək güclü idmançılar hazırlanması işinə xidmət edir.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30