“Tour d`Azerbaidjan-2014” beynəlxalq velosiped turu başa çatıb
13.05.2014 [09:13]
Sahib Ələkbərov: Beş mərhələnin hamısı yüksək səviyyədə və yaxşı əhval-ruhiyyədə keçmişdir
Xəbər verildiyi kimi, 7-11 may tarixlərində Bakıda Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan-2014” beynəlxalq velosiped turu keçirilib. Qeyd edək ki, “Tour d`Azerbaidjan-2014” veloyürüşündə birincilik uğrunda dünyanın 22 ölkəsini təmsil edən 25 komanda mübarizə aparıb. Onlardan 8-i - “MTN-Qhubeka” (Cənubi Afrika Respublikası), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli”, “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “RusVelo” (Rusiya) və “CCC Polsat-Polkowice” Polşa komandaları pro-kontinental lisenziya alıblar. Turnirdə Azərbaycanı “Synergy Baku Cycling Project” komandası təmsil edib.
Hazırda dünyada pro-kontinental lisenziyalı cəmi 17 komanda var. Onlardan 8-i “Tour d`Azerbaidjan-2014” veloyürüşündə iştirak edib.
Mayın 7-si və 8-də keçirilən mərhələlər kimi, turun son 3 mərhələsi də gərgin rəqabət şəraitində keçib. Beləliklə, mayın 9-da beynəlxalq veloyürüşün üçüncü mərhələsi baş tutub. Bu mərhələdə idmançılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 180 km məsafə qət ediblər. Finiş xəttinə hamıdan əvvəl Cənubi Afrika Respublikasının “MTN-Qhubeka” komandasının əlcəzairli velosipedçisi Yusif Reqiqi çatıb (4 saat, 14 dəqiqə, 20 saniyə). İkinci yeri sloveniyalı Matey Muqerli (“Adria Mobil” komandası, Sloveniya), üçüncü yeri İsveçin “Şimano” komandasının danimarkalı təmsilçisi Kristian Yensen tutub.
“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticəni Markus Eybeger göstərib. O, liderə 3 saniyə uduzmaqla 15-ci olub.
Üçüncü mərhələnin yekunları üzrə mayın 9-da keçirilmiş mətbuat konfransında “MTN-Qhubeka” komandasından (CAR) olan qalib Yusif Reqiqi turnirin yaxşı təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.
“Tour d’Azerbaidjan-2014” veloyürüşünün fəxri qonağı, “Daşkənd Terminatoru” ləqəbli tanınmış velosipedçi, 90-cı illərin əvvəllərində “Tour de France” yarışında 9 dəfə mərhələ qalibi, 3 dəfə ən yaxşı sprinter olan Camoloddin Abdulcaparov Azərbaycana ilk dəfə gəlsə də, özünü doğma ölkədə hiss etdiyini deyib: “Burada hər şey gözəldir. Azərbaycanda ilk dəfə olsam da, hər zaman yenidən məmnuniyyətlə ölkənizə gələrəm. Velotur olduqca gözəl təşkil olunub. Elə bunun nəticəsidir ki, yarışda dünyanın ən yaxşı komandaları iştirak edir”.
Mayın 10-da keçirilən 4-cü mərhələdə velosipedçilər Qəbələdən start götürüb, İsmayıllını keçməklə Şamaxıya yürüş ediblər. Onlar 115 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.
Bu dəfə də qalib CAR-ın “MTN-Qhubeka” komandasının velosipedçisi olub. Belə ki, 2007-ci il “Tour de France” veloyürüşünün 7-ci mərhələsinin qalibi, almaniyalı Linus Gerdemann finişə hamıdan tez çatıb (2 saat, 59 dəqiqə, 4 saniyə). O, həm də mərhələnin ən yaxşı dağ velosipedçisi kimi qırmızı “AZAL” maykasına layiq görülüb. Rusiyanın “Rus Velo” komandasının üzvü İlnur Zakarin 2-ci olub. Bu Zakarinə həm də ümumi təsnifatda liderliyə yüksəlməyə kömək edib və bununla da velosipedçi göy “SYNERGY GROUP” maykasını ələ keçirib. İlk üçlüyü Ukraynanın “Kolss” komandasının velosipedçisi Vitali Buts tamamlayıb. Yeri gəlmişkən, ukraynalı velosipedçi 4-cü mərhələnin ən yaxşı sprinteri kimi yaşıl “SOCAR” maykasına layiq görülüb. “Synergy Baku” komandasının üzvlərindən ən yaxşı göstəriciyə Markus Eybeger imza atıb. O, 3 saat, 2 dəqiqə, 48 saniyə nəticə ilə 28-ci olub.
4-cü mərhələdə qələbə qazanan Linus Gerdemannın sözlərinə görə, zədəsi olmasına baxmayaraq, qələbə qazanmağına çox sevinir: “Mövsümdə ilk qələbəmi qazandığım üçün xoşbəxtəm. “Tour d’Azerbaidjan”ı çox yüksək qiymətləndirirəm və bu qalibiyyətin karyeramda mühüm yeri olacaq”.
Nəhayət, mayın 11-də “Tour d`Azerbaidjan-2014” Beynəlxalq veloyürüşünün Bakı-Abşeron-Bakı marşrutu üzrə beşinci turu keçirilib. Velosipedçilər bu mərhələyə saat 9:00-da Azadlıq meydanından start veriblər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən keçərək Abşerona, oradan Nardarana yürüş ediblər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət Evinin qarşısına qayıdan idmançılar burada finiş xəttini keçiblər.
Mərhələnin qalibi adına Fransanın “La Pomme Marseille 13” komandasının üzvü Jüstin Jül layiq görülüb (4 saat, 41 dəqiqə, 7 saniyə). Finiş xəttini onun ardınca veloyürüşün 3-cü mərhələsinin qalibi Yusif Reqiqi (“MTN-Qhubeka”, CAR) keçib. İlk “üçlüyü” isə Adrian Honkiş (“CCC Polsat Polkowice”, Polşa) tamamlayıb.
Yarışın yekun sıralamasına əsasən, göy mayka (ümumi sıralama) İlnur Zakarinə (“RusVelo”, Rusiya), qırmızı mayka (ən yaxşı dağ yürüşçüsü) Linus Gerdemanna (“MTN-Qhubeka”, CAR), yaşıl köynək (ən yaxşı sprinter) Vitali Butsa (“Kolss”, Ukrayna), ağ-bənövşəyi mayka (ən yaxşı gənc velosipedçi) Pobert Pauerə (Avstraliya milli komandası), göy-qırmızı-yaşıl, alov əksi olan mayka (ən yaxşı azərbaycanlı velosipedçi) Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılova (“Synergy Baku”, Azərbaycan) tədqim edilib.
Mərhələnin qalibi olmuş Fransanın “La Pomme Marseille 13” komandasının üzvü Jüstin Jül deyib ki, yarış yüksək səviyyədə təşkil olunub.
Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin bildirib ki, Bakı mərhələsi çox çətin olsa da, komanda yoldaşlarının dəstəyi sayəsində qalib adını qazanıb. CAR-ın “MTN-Qhubeka” komandasının üzvü Linus Gerdemann isə qeyd edib ki, yarış onun komandası üçün çox yaxşı alınıb və onlar 2 mərhələnin qalibi olublar.
Ən yaxşı gənc velosipedçi maykasını almış Avstraliya milli komandasının üzvü Robert Pauer isə bildirib ki, bu, onun komandası üçün yaxşı nəticədir. Ən azından bir mayka qazanıblar və o, bu nəticədən çox razıdır. Ən yaxşı sprinter maykasını almış Ukraynanın “Kolss” komandasının üzvü Vitali Buts da bildirib ki, yarışı uğurlu saymaq olar. Çünki yekunda yaşıl mayka əldə olunub.
Yarışdan sonra yekunlarla bağlı mətbuat konfransı keçirilib. Turun təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, 5 günlük mübarizədən sonra hamı müəyyən qədər yorğundur. Azərbaycan Velosiped İdmanı Federasiyası adından hər bir komandaya, fəxri qonaqlara, iştirakçılara və mətbuat nümayəndələrinə dərin minnətdarlığını bildirən S.Ələkbərov deyib ki, Azərbaycanda bütün idman növlərinin inkişafı üçün hər bir şərait var və dövlət dəstəyi yüksəkdir.
Federasiyanın vitse-prezidenti velosiped idman tariximizdə ilkə imza atdıqlarını da deyib. Onun sözlərinə görə, turun son mərhələsinin 1,5 saatının “Eurosport” kanalı vasitəsi ilə canlı göstərilməsi və bütün dünyanın bunu izləməsi birinci dəfə məhz “Tour d`Azerbaidjan-2014” də reallaşıb.
Sahib Ələkbərov ənənəvi yarışın ildən-ilə inkişaf edəcəyini də vurğulayıb: “Beş mərhələnin hamısı yüksək səviyyədə və yaxşı əhval-ruhiyyədə keçmişdir. Biz əldə edilmiş səviyyəni ildən-ilə yüksəltməyə çalışacağıq”.
O bildirib ki, Azərbaycanda artıq yeni gənc velosipedçi nəsli yetişməkdədir: “Bu yarışda Samir Cəbrayılov sübut etdi ki, Azərbaycanda velosiped idmanının gələcəyi parlaqdır”.
“Tour d`Azerbaidjan-2014”ün son mərhələsini Avropa Oyunlarına bir hazırlıq kimi qiymətləndirmək olar. Biz bunun şahidi olduq”. Avropa Velosiped İttifaqının vitse-prezidenti, Rusiya Velosiped İdmanı Federasiyası prezidentinin məsləhətçisi Aleksandr Qusyatnikov belə deyib. Beş mərhələdən ibarət veloyürüşü canlı izləyən qurum rəsmisi təşkilatçılıqdan razı qalıb. A.Qusyatnikov bildirib ki, Azərbaycan Velosiped İdmanı Federasiyası bununla 2015-ci ildə təşkil olunacaq ilk Avropa Oyunlarına hazır olduğunu bir daha nümayiş etdirib: “Əmin olduq ki, Bakı həmin böyük yarışa hazırdır. Avropa Velosiped İttifaqı Azərbaycandakı inkişafdan razıdır və lazımi dəstəyi verir. Azərbaycanda idmana ölkə başçısı tərəfindən də böyük dəstək göstərilir. Tikilmiş çoxsaylı idman kompleksləri buna əyani sübutdur. Cəmi 2 yaşı olan velotur gənc nəslin özünü sübut etməsi üçün əla bir şansdır”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

