Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Dünya çempionu kim olacaq: İspaniya, yoxsa Hollandiya?

Dünya çempionu kim olacaq: İspaniya, yoxsa Hollandiya?

10.07.2010 [08:08]

“Media kapitanları”mız final matçı üçün İspaniya yığmasını daha şanslı hesab edirlər
Futbol üzrə Dünya çempionatı başa çatır. Bu gün mundialda üçüncü yerin sahibi müəyyənləşəcək. Bazar günü isə yeni dünya çempionunun adı bəlli olacaq. Final matçında İspaniya və Hollandiya yığma komandaları mübarizə aparacaq. Hər iki komanda tarixlərində ilk dəfədir ki, Dünya çempionatının final matçında oynamaq şansı əldə edib. Baxmayaraq ki, mundial başlamazdan əvvəl müxtəlif bukmeker kontorları və əksər mütəxəssislər tərəfindən verilən proqnozlarda nə İspaniyanın, nə də Hollandiyanın adı yox idi. Amma favorit göstərilən Argentina, Braziliya, İngiltərə, Fransa, Almaniya kimi komandaların heç biri finala vəsiqə qazana bilmədi. Bazar günü böyük futbol bayramı başa çatır və dünya futbol üzrə yeni çempionun qələbə təntənəsinə şahidlik edəcək. Finalla bağlı müxtəlif proqnozlar var. Proqnozların əksəriyyəti ispanların favorit olduğunu göstərsə də, budəfəki mundialda demək olar ki, bütün favoritlərin ümidləri doğrultmadığının şahidi olmuşuq. Bəs, görəsən, “media kapitanları”mızın final matçı ilə bağlı proqnozları necədir? Baş redaktorların qəzetimizə verdiyi açıqlamaları təqdim edirik:
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: “Mənim Dünya çempionatının final matçındakı favoritim İspaniya yığma komandasıdır. Avropa çempionu olan komanda hazırda optimal formadadır və bu onların Hollandiya üzərində qələbə şansını artırır. Doğrudur, futbolda dəqiq proqnoz vermək olmur, oyun hər nəticəyə açıqdır. Nəzərə almaq lazımdır ki, bu final matçıdır və heç iki komanda təslim olmayacaq. Buna görə, final matçının çox gərgin və maraqlı keçəcəyini düşünürəm. Hollandiya layiqli rəqibdir və ciddi müqavimət göstərəcək, amma mənim fikrimcə final matçının qalibi İspaniya yığma komandası olacaq”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev: “Dünya çempionatı başlayandan Argentina yığma komandasına azarkeşlik etmişəm və bu komanda mənim əsas favoritim olub. Təəssüf ki, Argentina yığması Almaniya ilə oyunda məğlub olaraq mübarizəni dayandırdı. Final matçında heç bir komandaya azarkeşlik etməyəcəm. Amma almanları məğlub edən ispanlardan Hollandiyanın qisas alması mənim üçün pis nəticə olmaz”.
“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz: “Hələ Dünya çempionatı başlamazdan əvvəl mənim favoritim İspaniya yığması idi. Elə də oldu və ispanlar finala vəsiqə qazandılar. İspaniya yığması mundial ərzində nümayiş etdirdiyi oyunla rəqiblərindən bir baş üstün olduğunu sübut etdi. Bu komanda qurduğu taktika, oyun kombinasiyası ilə digərlərindən seçilir və mən hesab edirəm ki, İspaniya yığması finalda qələbə qazanaraq dünya çempionu olacaq. ümumiyyətlə, isə qeyd edim ki, budəfəki Dünya çempionatı ötən dəfəki mundialdan zəif idi, komandalar heç də keyfiyyətli oyun göstərmədilər. ötən mundialda oyunlar daha səviyyəli və gərgin keçirdi. Budəfəki mundialda cəmi bir neçə matç demək olar ki, yüksək səviyyədə keçib. Mənim favoritim İspaniya yığmasıdır”.
“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev: “Mənə elə gəlir ki, final oyununda İspaniyanın qələbə qazanmaq şansı daha çoxdur. Bu komandanın oyunçularının topa daha çox nəzarət etmələri, oyun keyfiyyətinin daha yüksək olması, kollektiv oyun göstərərək bir-birilərini daha yaxşı anlamaları böyük üstünlükdür. Götürək elə onların Almaniya ilə keçirdiyi oyunu. Almanlar oyunboyu topa nəzarəti heç cür ələ keçirə bilmədilər. İspanlar isə topu özlərində saxlayaraq, rəqibi topsuz qaçmağa və bununla da onları yorulmağa məcbur etdilər. İspaniya yığmasının futbolçularının ən böyük üstünlüyü bir-birilərini yaxşı anlamalarıdır. Top bir futbolçuda olanda digəri artıq harda durmaq lazım olduğunu yaxşı bilir, bir-birlərini “gözübağlı” şəkildə başa düşürlər. İspaniyanın orta xətti çox güclüdür və futbolda əksər vaxt orta xətti güclü olan komanda qələbə qazanır. Bir də mən İspaniya yığmasının qapıçısı İker Kasilyasa böyük ümid bəsləyirəm. Bu qapıçı əla formadadır və təkbaşına matçın taleyini həll etmək iqtidarındadır. Bu komandanın heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular çoxdur və onların hər biri matçın taleyini həll etməyə qadirdirlər. Məsələn, götürək elə Serxio Ramosu. Tanımayan oyuna baxsa elə bilər ki, Ramos müdafiəçi yox, hücumçudur. Diqqət etmisinizsə, bir neçə dəfə operatorlar onun hücuma qoşulmasını və sürətlə geri qayıtmasını göstəriblər. İspaniyanı finala çıxaran qolu müdafiəçi Puyol vurdu. Yəni, bu komandanın heyətində matçın taleyini həll edə bilən futbolçular çoxdur. üçüncü yer uğrunda oyunda favoritim Almaniyadır. Əgər almanlar Argentina ilə oyundakı kimi oynasalar üçüncü olacaqlar, ispanlarla qarşılaşmadakı kimi oynasalar Uruqvay qalib gələcək”.
“Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev: “Bir neçə aspektə görə final matçının favoriti İspaniya yığma komandasıdır. İspanlar kollektiv oyunları ilə seçilirlər. İki il öncə Avropa çempionu olan heyət indi dünya çempionluğu uğrunda mübarizə aparır. İspaniya yığması bir-birini yaxşı anlayan oturuşmuş kollektivə çevrilib. Digər məsələ işin maliyyə tərəfi ilə bağlıdır. Futbolun həm də üzdə görünməyən, amma böyük əhəmiyyət kəsb edən maliyyə tərəfi var. İndi futbolda 80-ci illərin romantikası qalmayıb və maliyyə məsələsi bunun önünə keçib. Hesab edirəm ki, İspaniya maliyyə cəhətdən daha güclüdür, daha çox reklam cəlb edə bilər. Bir məqamı da diqqətə çatdırım ki, İspaniya həm də Latın Amerikası ölkələrinin futboluna yaxın oyun göstərən tipik Avropa futbolu oynamır və bu da onların qələbə qazanmaq şansını artırır”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Bütün oyunları izləməyə çalışmışam və deyim ki, ötən Dünya çempionatı daha yaxşı və keyfiyyətli idi. Bu dəfə qrup mərhələsi başa çatandan sonra maraqlı oyunlar izləyə bildik. Almaniya-Argentina, Qana-ABŞ, İspaniya-Almaniya oyunları kimi bəzi qarşılaşmalar maraqlı və yaddaqalan oldu. Uruqvay yığması da yaxşı oyun göstərdi. ötən mundialda favoritlərin sayı daha çox idi və finalda da favorit göstərilən komandalar mübarizə apardı. Həmin vaxt oyunların keyfiyyəti də idarə olunması da yüksək idi. Bu dəfə isə belə olmadı, hakimlər 100 faizlik qolu qeydə almadılar, bariz oyundankənar vəziyyətdən vurulan qolu hesaba aldılar. Final matçında favoritim İspaniya yığmasıdır. İspanlar daha keyfiyyətli, məzmunlu və çevik oyun göstərirlər. Həm də ispanlarda oyun mədəniyyəti var və Almaniya ilə oyunda bunu bir daha göstərdilər. Rəqibin kobud oyunu müqabilində ispanlar daha sakit, rahat və baxımlı oyun nümayiş etdirdilər. İspanlarda qələbə əzmi var və bunun sayəsində finala vəsiqə qazanıblar. üçüncü yer uğrunda oyunun favoriti isə Almaniya yığmasıdır, finala çıxmayıblar deyə onları sıradan silmək doğru deyil. Əgər finala vəsiqə qazansaydılar onlar favorit olacaqdılar”.
İdman qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyev: “Final matçı üçün mənim favoritim Hollandiya yığma komandasıdır. İspaniya yığması finala qədər çox güc və enerji sərf edərək yorulub və finala da bir qədər yorğun halda çıxacaq. Buna görə də, hollandların qələbə qazanmaq şansı daha çoxdur. Əslində, mənim favoritim Almaniya yığması idi, ispanlar onları məğlub etdikləri üçün bir qədər ispanlara acıqlıyam. Hollandiya yığması daha sürətli, hücuma meyilli və çevik oyun göstərir. ümumilikdə, Dünya çempionatının səviyyəsi qaneedicidir. Favoritlərin əksəriyyəti mübarizəni dayandırdığı halda, bir çox proqnozlaşdırılmayan komandalar irəlilədilər. Fikrimcə, finalı növbədənkənar Avropa çempionatının finalı da adlandırmaq olar. Avropa finalında favoritim Hollandiya yığmasıdır. Mundial hakim səhvləri ilə də yadda qaldı. İngiltərə-Almaniya oyunu mundialın hakimliyini nüfuzdan saldı. Vaxtilə bundan da çətin vəziyyətdə Tofiq Bəhramov böyük cəsarət göstərmişdi, amma bu dəfə hakimin qərar qəbul etməyə cəsarəti çatmadı. Avropada, Türkiyədə güclü hakimlərin olmağına baxmayaraq, onların bir çoxu mundiala cəlb olunmadı, əvəzində limit məsələsinə görə bir çox Asiya ölkələrinin hakimləri təyinat aldılar”.

Paylaş:
Baxılıb: 1254 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30