Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Qazaxıstan VII Asiya Qış Oyunlarına ev sahibliyi etməyə hazırdır

Qazaxıstan VII Asiya Qış Oyunlarına ev sahibliyi etməyə hazırdır

31.10.2010 [23:47]

Gələn il yanvarın 30-dan fevralın 6-dək Qazaxıstanın keçmiş və indiki paytaxtlarında-Almatı və Astana şəhərlərində VII Asiya Qış Oyunları (Asiada-2011) keçiriləcək. Təşkilat komitəsindən verilən məlumata görə, Qazaxıstan yarışlara ev sahibliyi etməyə artıq hazırdır və oyunların keçiriləcəyi idman sarayları və meydançalarında demək olar ki, son tamamlanma işləri aparılır.
Məlumatda qeyd olunur ki, “Asiada-2011”in Qazaxıstanda keçirilməsi gənc müstəqil respublikanın tarixində mühüm əhəmiyyət kəsb edir. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi və beynəlxalq idman federasiyalarının rəsmi dəstəyi ilə keçirilən Asiya Qış Oyunları (başqa sözlə, qış olimpiya oyunları) indiyədək qitənin yalnız üç böyük inkişaf etmiş dövlətlərində - Yaponiya (3 dəfə), çin Xalq Respublikası (2) və Cənubi Koreyada (1) keçirilib. Digər tərəfdən isə, həmin ölkələrin müstəqillik tarixi, eləcə də, beynəlxalq səviyyəli idman yarışlarının təşkili və bu yarışlarda iştirak etmək təcrübəsi Qazaxıstandan daha böyükdür.
Növbəti yarışların keçirilməsi üçün Qazaxıstanın seçilməsi isə, ilk növbədə, ölkənin beynəlxalq imicinin günü-gündən artması, eləcə də, dövlət tərəfindən ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğı, həmçinin idmançıların Olimpiya oyunları, qitə və dünya miqyaslı yarışlarda qazandıqları nailiyyətlərlə əlaqədardır.
Sadalananları nəzərə alan Asiya Olimpiya Şurasının (AOŞ) 2005-ci ilin dekabrında keçirilən Baş Assambleyanın iclasında VII qış idman oyunlarının postsovet məkanında ilk dəfə olaraq Qazaxıstanın Almatı və Astana şəhərlərində keçirilməsinə dair qərar çıxarılıb.
AOŞ və Asiyanın 45 ölkəsinin idman rəhbərlərinin bu seçimi Qazaxıstanın müstəqillik tarixində yeni səhifə açmış oldu. Belə ki, Asiya qitəsində keçiriləcək “qış olimpiya oyunları” aparıcı idman telekanalları vasitəsi ilə Avropa, eləcə də, dünya ölkələrinə yayımlanacaq. Bu, eyni zamanda, Qazaxıstanın dünyada təbliğinə xidmət etmiş olacaq.
“Asiada-2011”in özəlliklərindən biri ondan ibarətdir ki, oyunların tarixində ilk dəfə olaraq yarışlar bir-birindən min km uzaqlıqda yerləşən şəhərlərdə keçiriləcək.
Oyunların rəsmi açılış mərasimi yanvarın 30-da Astana şəhərindəki futbol stadionunda, bağlanış mərasimi isə fevralın 6-da Almatıdakı idman sarayında keçiriləcək.
Oyunların keçirilməsi üçün gənc paytaxt şəhəri-Astananın və yüksək dağlıq relyefə malik Almatı şəhərinin seçilməsini Qazaxıstan rəhbərliyi beynəlxalq idman ictimaiyyətinin, eləcə də, AOŞ-un ölkənin Olimpiya hərəkatına vermiş olduğu töhfələrə bir cavab kimi qiymətləndirir. Göstərilən bu etimada cavab olaraq Astana və Almatı şəhərlərinin rəhbərləri, eləcə də, Milli Olimpiya Komitəsi yarışları yüksək səviyyədə təşkil etməklə beynəlxalq olimpiya hərəkatının inkişafına öz töhfələrini verməyə çalışırlar.
Odur ki, sovet dövründə Baykal-Amur magistralının tikintisində olduğu kimi, ölkənin bütün maddi və insan resursları “əsrin tikintisi”nə cəlb olunub. Qısa zaman ərzində Astana və Almatı şəhərlərində beynəlxalq yarışların keçirilməsi üçün 6 böyük idman kompleksi inşa edilib.
Bu məqsədlə dövlət büdcəsindən milyardlarla tenge (Qazaxıstanın pul vahidi - red.) vəsait ayrılıb. Hələ sovet dövründən bu şəhərlərdə mövcud olan idman sarayları ən müasir texniki avadanlıqlarla təchiz olunub. Yeni idman saraylarının tikintisi Qərb memarlarının layihələri əsasında həyata keçirilib.
Möhtəşəm “Astana-Arena” stadionu, respublika velotreki və konkisürmə stadionu özünəməxsus şəkildə olimpiya şəhərciyini təşkil edir.
10 min tamaşaçı tutumuna malik konkisürmə stadionu texniki təchizat baxımından dünyadakı analoji idman qurğuları arasında ikinci yeri tutur. Burada qış idman növləri arasında ən məşhuru-konkisürmə, xokkey, eləcə də, digər yarışların keçirilməsi nəzərdə tutulur. Konus şəklində inşa edilən idman kompleksinə, həmçinin, mehmanxana, fitnes mərkəz, konfrans salonu və s. daxildir.
Digər idman sarayı-8 min yerlik Respublika velotreki öz unikallığı ilə seçilir. İdman qurğusunun geniş aşırımlarının altında şort-trek və fiqurlu konkisürmə yarışlarının keçirilməsi üçün buz meydançaları yaradılıb.
Qitəmiqyaslı xokkey yarışlarının keçirildiyi “Qazaxıstan” buz sarayı “Asiada-2011” oyunlarına hazırlıq məqsədilə əsaslı şəkildə təmir olunub. Ən müasir texniki avadanlıqlarla təchiz olunan bu saray cari ildə Moskvada keçirilən “Buz meydançaları” günlərində “ən yaxşı idman meydançası” nominasiyasında qalib olub.
“Asiada-2011” yarışlarına ev sahibliyi edəcək idman qurğularından biri də uca dağların qoynunda yerləşən və dünya şöhrətli “Medeu”dur. Təşkilatçıların qərarı ilə, 1972-ci ildə istismara verilən və dünyanın ekoloji cəhətdən ən təmiz idman meydançası adlanan bu stadionun nəinki xarici görüşündə, eləcə də, daxili tərtibatında heç bir dəyişiklik edilməyib. Lakin buna baxmayaraq, meydançanın texniki təchizatı gücləndirilib. Stadionda MDB-də ən böyük və Mərkəzi Asiyada analoqu olmayan multimedia tablosu quraşdırılıb. Kompleksi bütün sutka ərzində elektrik enerjisi ilə təmin edən mobil enerji mərkəzi yaradılıb.
Yeni beynəlxalq dağ xizəkçiliyi tramplini Yesentay çayının sahilində, gözəl təbiət mənzərəsi olan dağların qoynunda inşa edilib. Burada idmançıların öz məharətlərini göstərmək üçün iki əzəmətli - “K-95” və “K-125” tramplinləri qurulub. Yarış meydançasından, həmçinin, Almatı şəhərinin “quş uçuşu” məsafəsindən gözəl panoraması açılır.
Təşkilatçıların fikrincə, tramplindən xizəklə tullanma “Asiada-2011”in ən baxımlı idman yarışlarından olacaq. Bu unikal idman qurğusu böyüklüyünə görə dünyada sayca üçüncüdür. Kompleksin əsas özəlliyi ondadır ki, buradakı tramplinlər təbiidir, landşafta qismən dəyişiklik etməklə yaradılıb. Digər tərəfdən isə, kompleks inşa olunarkən hava axının-küləyin idmançılara minimum təsir etməsi nəzərə alınıb. Tamaşaçılar 6 min yerlik amfiteatrdan tramplin yarışlarını izləyəcəklər.
Biatlon idman kompleksi isə “Asiada”nın digər qurğuları kimi, istənilən beynəlxalq yarışların keçirilməsi üçün uyğun infrastruktura malik avtonom sistem təşkil edir. Baş planın eskizi tanınmış norveçli mütəxəssis Helmud Berkestol tərəfindən işlənilib. Burada biatlon yarışlarının bütün növləri-şəxsi yarışlardan tutmuş estafet yarışlarınadək keçiriləcək.
Almatının “vizit kartı”na çevrilmiş “Şımbulak” dağ xizəkçilik bazasında isə sürətli eniş xizəksürmə yarışları-super-qiqant, super kombinasiya, maneələri dəf etməklə xizəksürmə və fristayl yarışları təşkil olunacaq.
Xatırlatmaq yerinə düşər ki, “Şımbulak” idman bazası dəniz səviyyəsindən 2260 m məsafədə yerləşir. Halbuki, ötən il qış olimpiya oyunlarının keçirildiyi Uilstler şəhərində bu hündürlük 550 m, 2014-cü ildə qış olimpiya oyunlarının keçiriləcəyi Soçi şəhərində isə 653 m təşkil edir.
“Asiada-2011” yarışlarının keçiriləcəyi “ən yaşlı” idman qurğusu isə Almatıdakı B.Şolak adına idman sarayıdır. 1967-ci ildə inşa edilən bu qurğu fəaliyyətdə olduğu müddətdə ilk dəfə yenidən qurulub. Sarayda oturacaq yerlərinin sayı 5 minə çatdırılıb. Burada qadınlar arasında şaybalı xokkey yarışları keçiriləcək. Fevralın 6-da “Asiada-2011”in final fiti səslənəcək bu sarayda, həmçinin, VII Asiya Qış Oyunlarının təntənəli bağlanış mərasimi təşkil olunacaq.
Məlumatda, həmçinin, qeyd olunur ki, “Asiada-2011”ə hazırlıq çərçivəsində Təşkilat komitəsi nəinki idman qurğularının hazırlığına, hətta yarışlarla bağlı ən kiçik məqamlara belə xüsusi diqqətlə yanaşıb. Məsələn, “Asiada-2011”in qaliblərinə veriləcək mükafatlar (qızıl, gümüş və bürünc medallar) ənənəvi dairəvi formada deyil, mərkəzində oyunların loqotipi olan, milli ornamentlərlə bəzədilmiş kristal formadan ibarət olacaq. Bütün medallar yüksək əyarlı metallardan (qızıl-999, gümüş-925) hazırlanıb. Bundan əlavə, medalların çəkisi bundan əvvəl keçirilmiş Asiya oyunlarındakı medallardan daha artıq olacaq.
Qeyd edək ki, “Asiada-2011” yarışlarında idmançılar 11 idman növündə 69 dəst medallar uğrunda qüvvələrini sınayacaqlar. Bundan əlavə, “Asiada-2011” oyunları tarixində ilk dəfə olaraq, “Olimpiya məşəli” ölkənin bütün ərazisindən keçəcək. Həmçinin, yarışların keçiriləcəyi günlərdə bir sıra əsrarəngiz mədəni proqramların da təşkil olunması nəzərdə tutulur. “Asiada-2011”i davam etdiyi müddətdə Qazaxıstanda AOŞ-nın Baş Assambleyasının iclasının keçirilməsi də nəzərdə tutulur. Toplantıda şuraya daxil olan 45 ölkənin idman hərəkatlarının rəhbərləri iştirak edəcək.
Təşkilat komitəsi “Asiada-2011”in yüksək səviyyədə keçəcəyinə əmindir və bu yarışların uğurla başa çatmasının gələcəkdə Qazaxıstanın daha mötəbər idman yarışlarına-Olimpiya oyunlarına ev sahibliyi etməsi üçün bir tramplin rolunu oynayacağına böyük ümidlər bəsləyir.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 1242 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30