Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 6,1 milyard manatdan çox büdcə profisiti...

6,1 milyard manatdan çox büdcə profisiti...

18.07.2024 [10:25]

Qeyri-neft yığımlarının həcmi 10 milyard manatı ötüb

Azərbaycanda davam edən iqtisadi inkişaf 2024-cü ilin yanvar-iyun aylarında fiskal yığımların da artmasında mühüm rol oynayıb. Birinci yarımillikdə müsbət sosial-iqtisadi inkişaf göstəriciləri, ələlxüsus da qeyri neft-qaz sektorunda 6,9 faiz artımın baş verməsi iqtisadi yığım sütunlarının qeyri-neftə əsaslanmasına səbəb olub. Qeyri-neft sektorunda biznes sektorunun fəallığının yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər 2024-cü ilin 6 ayında büdcə-fiskal yığımlarda əhəmiyyətli artımı təmin edib.

Birinci yarımillikdə dövlət büdcəsinin gəlirləri 16,9 milyard manat proqnoza qarşı 18,9 milyard manata yaxın olub ki, nəticədə 1,9 milyard manat və ya 11,2 faiz əlavə yığımlar əldə olunub. Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə vergi daxilolmaları 8,2 milyard manat təşkil edib ki, həmin vəsaitlərin 70,9 faizi və ya 6 milyard manata yaxını qeyri-neft sektorunun payına düşüb. Bu, əvvəlki ilin birinci yarısı ilə nisbətdə 675 milyon manat və ya 13 faiz artıq vergi yığımı deməkdir. Bu, qeyri-neft yığımlarıdır.

Ümumilikdə, vergi daxilolmaları büdcə proqnozundan əlavə olaraq 1 milyard 53,8 milyon manat və ya 14,6 faiz, gömrük daxilolmaları 418,2 milyon manat və ya 14,8 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 3,7 milyon manat və ya 26,2 faiz, sair daxilolmalar üzrə 328,3 milyon manat və ya 5,1 dəfə çox olub.  Büdcə gəlirlərində vergi orqanlarının payı 44 faizə çatıb ki, bu da son illərin ən yüksək rəqəmidir.

2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaların 58,5 faizini və ya 5,8 milyard manatını vergi daxilolmaları, 32,4 faizini və ya 3,2 milyard manatını gömrük daxilolmaları təşkil edib. Yığımların 2,4 faizi və ya 241,5 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 2,4 faizi və ya 250,0 milyon manatı Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 4,1 faizi və ya 408,5 milyon manatı sair daxilolmalardır. Büdcədə neft-qaz sektoru üzrə daxilolmalar cəmi 8,7 milyard manat təşkil edib. Beləliklə, qeyri-neft sektoru üzrə cəmi yığımlar 10 milyard manatı ötüb.

Birinci yarımillikdə dövlət büdcəsinin xərcləri, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında icra edilib. Büdcə xərcləri bu müddətdə 16 milyard manat təşkil etməklə, proqnoza qarşı 2,3 milyard manata yaxın çox icra olunub. Xərclərin 9,8 milyard manatı (61,3 faiz) cari xərclərə, 4,9 milyard manatı (30,8 faiz) əsaslı xərclərə yönəldilib. Büdcədə 1,3 milyard manata yaxın vəsait isə dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib. Büdcə xərclərinin funksional təsnifatına əsasən, təhsilə daha çox vəsait ayrılıb, proqnozdan əlavə 31,5 faiz çox pul xərclənib. Müdafiə və milli təhlükəsizlik xərcləri də 26,9 faiz artıq icra edilib. Sosial müdafiə və sosial təminat xərclərinə isə proqnozdan əlavə 23,1 faiz vəsait yönəldilib. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 3,8 milyard manat vəsaitin 51,1 faizi və ya 1 milyard 953,5 milyon manatı istifadə olunub.

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 25,2 milyon manat xərclənib ki, həmin vəsaitlər Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə və digər tədbirlərin icrasına sərf olunub. Dövlət büdcəsinin ehtiyat fondundan isə 11,4 milyon manat xərclənib.

2024-cü ilin 6 ayı ərzində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin həcmi 1 milyard 972,6 milyon manat vəsait nəzərdə tutulub ki, onun 170 milyon manatı daxili dövlət borcuna, 1,1 milyard manatı xarici dövlət borcuna, 250 milyon manatı isə faiz borcuna və digər sahələrə xərclənib.  Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində xarici dövlət borcu bu müddətdə 5,3 milyard dollara bərabər olub. Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 16,5 milyard manat təşkil edib.

2024-cü ilin birinci yarımilliyində icmal büdcənin gəlirləri isə 24,3 milyard manat icra olunub. İcmal büdcədə 6,1 milyard manatdan çox büdcə artıqlığı (profisit) yaranıb.

ELBRUS

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30