Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azad ərazilərdə yeni məşğulluq planı

Azad ərazilərdə yeni məşğulluq planı

17.10.2024 [09:04]

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərimizə köçürülən və köçürüləcək şəxslərin məşğulluq imkanlarının yaradılması məqsədilə əlavə tədbirlər hazırlanır. Tədbirlər planına əsasən, biznes icması, özəl şirkətlər, eləcə də sosial tərəfdaşlarla iş yerlərinin yaradılması istiqamətində əməkdaşlığın gücləndirilməsi, habelə müxtəlif institusional alətlərin tətbiqi, işsiz şəxslərin peşə bacarıqlarının artırılması və məşğulluğun təşviqi nəzərdə tutulur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, hökumətin birbaşa dəstəyi çərçivəsində özünüməşğulluq proqramının səmərəliliyinin artırılması, sosial klasterlərin təşkili, istehsalat və xidmət zərfləri üzrə iş imkanlarının qiymətləndirilməsi üzrə rəqəmsal monitorinqlərin keçirilməsi planlaşdırılır. Həmçinin, təhsil, səhiyyə, mədəniyyət və digər strukturlara aid müəssisələrdə işyeri yaratma potensialının reallaşdırılması nəzərdən keçiriləcək.

Ümumilikdə, ölkə üzrə aktiv məşğulluq tədbirlərinin böyük hissəsinin azad ərazilərə yönləndirilməsi başlıca strateji xətt kimi diqqətdə saxlanılacaq.

2800-dək şəxsin məşğulluğu təmin edilib

Qarabağ və Şərqi Zəngəzurda əhalinin məşğulluğu ilə bağlı sistemli tədbirlər bu bölgədə əhali məskunlaşdığı ilk gündən həyata keçirilir. 2 ildir ki, bu əraziyə köçən sakinlərin işlə təminatı, onlara sosial dəstək verilməsi, həmçinin aktiv məşğulluq tədbirləri ilə əhatə olunması ardıcıl xarakter almaqdadır. İlk məşğulluq tədbirləri çərçivəsində Zəngilanın Ağalı kəndində 500-dən çox insan müxtəlif işlərə və dəstək tədbirlərinə cəlb olunub. Ötən dövr ərzində həmin kəndlərdə, ələlxüsus da Ağalıda geniş məşğulluq infrastrukturları yaradılıb. “Kapital Bank”ın filialı, “ASAN” və “Dost” Xidmət mərkəzlərində müxtəlif ixtisaslı kadrlar işə cəlb olunub, habelə orta məktəb və uşaq bağçalarında, tikiş müəssisəsində, çörəkbişirmə sexlərində, mağaza və marketlərdə aidiyyatı peşələr üzrə yüzlərlə iş yeri yaradılıb. Eləcə də Laçında və rayonun kəndlərində sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olan dəstəkləyici sosial layihələrin icrası sayəsində 800-ə yaxın şəxs işlə təmin edilib. Füzuli, Şuşa, Xankəndi və digər ərazilərə qayıdan sakinlərin ənənəvi məşğuliyyətinin bərpa olunması məqsədilə kiçik ailə təsərrüfatları yaradılıb, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq və s. fərdi ailə biznesləri təşkil edilib.

Ümumilikdə, bütün bu sosial tədbirlər nəticəsi?də 2800-dək şəxsin məşğulluğu təmin edilib, 117 nəfər üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatları qurulub.

2026-cı ilədək 12 min iş yeri

Hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən davam edən məskunlaşmanın tələblərinə uyğun olaraq məşğulluğun müxtəlif aspektləri, o cümlədən özünəməşğulluq, ictimai işlərin təşkili, kvota üzrə iş yerlərinin yaradılması, sosial iş yerlərindən əməkhaqqının birgə maliyyələşdirilməsi, kvotadan kənar sosial iş yerləri üzrə əməkhaqqının bərabər maliyyələşdirilməsi, ərazidə fəaliyyət göstərən şirkətlərə münasibətdə yerli işçi qüvvəsinin işlərə cəlb edilməsi və s. bu tipli layihələrin icrasına hazırlıq görülür. Eləcə də müvafiq iqtisadi qururmlarla birgə birbaşa əməktutumlu və iqtisadi təyinatlı iş yerlərinin yaradılması imkanları müzakirə olunur. Müasir iqtisadi inkişaf meyarları və  bu bölgənin yeni imkanları da əmək bazarının tələbatlarına uyğun olaraq peşə və fəaliyyət sahələrinin təşkilini labüd edir. Bu tələbata əsasən, Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkilinə başlanıb.

Ümumilikdə, həmin ərazilərdə 2026-cı ilədək ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub ki, bu da həmin bölgənin yeni iqtisadi reallıqlarına əsasən müəyyənləşəcək.

“Yaşıl məşğulluq”...

İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun prioritet istiqamətlərindən biri kimi “yaşıl resurslar” sektoru da aktuallıq kəsb edir. İndiyə qədər bu ərazilərdə  ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 250-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 1000 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2500-ə yaxın LED lampalarla təchiz olunub və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, habelə “ağıllı dayanacaq”lar, elektrikdoldurma məntəqələri quraşdırılıb və bu işlərə yüzlərlə insan cəlb olunub.

Qarşıdakı dövrdə isə perspektivlər daha böyükdür və əhalinin “yaşıl enerji” infrastrukturlarında işlə təminatı daha da genişlənəcək. Bu ərazilər bərpa olunan enerji mənbələri ilə olduqca zəngindir və bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır. Bu ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-adək külək enerjisi üzrə potensial mövcuddur: Füzuli, Cəbrayıl, Zəngilan rayonları günəş enerjisi potensialı, dağlıq rayonlar olan Laçın, Kəlbəcər isə külək enerjisi ilə zəngindir. Eyni zamanda, yerli su ehtiyatlarımızın 25 faizə qədəri bu bölgədə cəmləşir. Ona görə də reinteqrasiya proqramı çərçivəsində həmin resursların hərəkətə gətirilməsi sayəsində minlərlə işçiyə ehtiyac yaranacaq ki, bu, yeni məskunlaşan insanların dayanıqlı məşğulluğu üçün təminat yaratmış olacaq.

ELBRUS

Paylaş:
Baxılıb: 779 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30