Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” yeni mərhələyə daxil olur

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” yeni mərhələyə daxil olur

21.10.2025 [10:39]

Avropanı enerji və rəqəmsal kommunikasiya baxımından Qara dənizin hər iki sahilindən, eləcə də Xəzər dənizi regionu ilə birləşdirəcək qlobal layihənin - “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin  texniki-iqtisadi əsaslandırmasının 2026-cı ilin əvvəlində yekunlaşması gözlənilir. Bu nəhəng “yaşıl dəhliz”in tikintisinin 3-4 il ərzində tamamlanması gözlənilir. Layihənin maliyyələşdirilməsində əsas təchizatçılardan biri olan Avropa Komissiyası 2,3 milyard avro ayırmağı planlaşdırır, digər səhmdarların da maliyyəsini nəzərə alsaq “Qara dəniz kabel”inə 4 milyard dollardan çox investisiya yatırılacağı istisna olunmur.

Bu nəhəng “yaşıl enerji” habı böyük bir coğrafi ərazini əhatə etməklə Avropanın bir neçə ölkəsinin bərpaolunan enerji ilə təminatında mühüm rol oynaycaq. Bu baxımdan layihəyə maraq daha da güclənir. Energetika naziri Pərviz Şahbazov bildirib ki, layihə qlobal təchizatçıların xüsusi diqqət mərkəzindədir və “yaşıl enerji”dən faydalanmaq istəyən ölkələrin sayı artır. Bu səbəbdən dəhlizin çəkilişi üzrə yaradılmış “GECO Green Energy Company” Birgə Müəssisəsi tərəfindən layihənin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün müraciət olunub. Növbəti mərhələdə layihəyə PCI/PMI (Qarşılıqlı və Ortaq Maraqlı Layihələr) statusunun əldə edilməsi üçün müraciət ediləcək.

Beləliklə, 2032-ci ildən etibarən mərhələli şəkildə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə planlaşdırılan 6 QVt-dan çox gücün 4 QVt-nın ixracına başlanması planlaşdırılır.

Asiya-Avropa qitələrinin enerji həmrəyliyi

Qeyd edək ki, 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında yeni enerji əməkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Birgə müəssisənin yaradılmasından sonra “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin icrasını təmin etmək üçün Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında da saziş imzalanıb.

“Yaşıl enerji” həmrəyliyi halqası sonrakı dövrdə daha da genişlənib və türk dövlətləri olan Qazaxıstan və Özbəkistan dəhlizdə yer almaq niyyətlərini bəyan edib. 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur.

Qarabağ Bəyannaməsinin bəndlərindən biri...

Xəzər-Qara dəniz kabelində əsas enerji təchizatçıları türk dövlətləri olacaq. Layihədə əsas resurs mənbəyi kimi Mərkəzi Asiya və Xəzər regionu nəzərdə tutulur. Bu konteksdə Azərbaycan-Qazaxıstan-Özbəkistan alyansının “yaşıl enerji” üzrə vahid siyasəti Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas bəndlərindən birini təşkil edir. Sazişdə əsas hədəflərdən biri kimi üzv ölkələr arasında bərpaolunan enerji sahəsində birgə əlaqələrin vahid iqtisadi blokda birləşdirilməsi öz əksini tapıb. Bəyannamənin 11-ci bəndində TDT ölkələri bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla enerji sahəsində strateji tərəfdaşlığın daha da artırılması və bu çərçivədə Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsinə dəstəyini ifadə edib. Sənəddə, həmçinin türk dövlətləri tərəfindən bərpaolunan geniş enerji potensialının imkanları nəzərə alınaraq “yaşıl enerji”nin üzv dövlətlər və üçüncü ölkələr də daxil olmaqla ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişaf etdirilməsi bəyan olunub.

Ərəb dövlətləri də türk “yaşıl enerji ittifaqı”na qoşulur

Yeri gəlmişkən, ərəb dövlətləri də “yaşıl enerji”nin türk koalisiyasına qoşulmağı planlaşdırır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri artıq xeyli müddətdir ki, Mərkəzi Asiya və Azərbaycanda “yaşıl layihələr”də təmsil olunur. Bu baxımdan Qara dəniz kabeli layihəsinin gələcəkdə Yaxın Şərq regionunu da əhatə edəcəyini və Şərq-Qərb enerji dəhlizinin formalaşacağını söyləmək mümkündür. “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması da bunu deməyə əsas verir.

Beləliklə, böyük karbohidrogen tədarükçüləri olan 3 türk dövləti və onların müttəfiqinə çevrilmiş Səudiyyə Ərəbistanı növbəti onilliklər ərzində qlobal neft istehlakının azalmasını fonunda ənənəvi enerjini kompensasiya edə biləcək “yaşıl enerji” potensialını qlobal bazarlara çıxaracaq. Bununla da, neft-qaz ölkələri kimi tanınmış bu dövlətlərin növbəti mərhələdə əsas vizyonu  “yaşıl enerji”nin ixracatçıları kimi formalaşacaq.

Cənub Qaz Dəhlizinin “yaşıl tranziti”...

Azərbaycan “Qara dəniz kabeli”ni həm də Cənub Qaz Dəhlizində yer alan bütün ölkələrin ortaq ailəsi kimi görür və siyasəti də bu istiqamətdə irəlilədir. Məsələn, 2025-ci il aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarında “yaşıl enerji” sahəsində vacib əməkdaşlığın ən nəhəng platforması kimi dəyərləndirilib. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun artırılması qərara alınıb. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 8 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.

Beləliklə, Azərbaycanın 2 il əvvəl əsasını qoyduğu “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə qoşulan ölkələrin sırasını genişlənməsi rəsmi Bakının həmişə olduğu kimi enerji təşəbbüskarlığına beynəlxalq dəstəyi artırır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31