Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Manatın dollara nisbətdə ucuzlaşması daxili bazarın qorunmasına, Azərbaycan iqtisadiyyatının ixrac imkanlarının artmasına müsbət təsir göstərəcək

Manatın dollara nisbətdə ucuzlaşması daxili bazarın qorunmasına, Azərbaycan iqtisadiyyatının ixrac imkanlarının artmasına müsbət təsir göstərəcək

25.02.2015 [01:14]

Ekspertlərin qənaətlərinə görə, yeni məzənnə siyasəti, həmçinin, ölkənin sərmayə mühitinin cəlbediciliyini artıracaq və xarici investisiyaların stimullaşdırılmasını təmin edəcək
Hazırda dünya üzrə müşahidə edilən arzuolunmaz tendensiyalar, o cümlədən də, iqtisadi aktivliyin azalması qlobal miqyasda ticarət və əmtəə bazarlarına öz mənfi təsirlərini göstərməkdədir. Qlobal risklərin artdığı indiki şəraitdə hər bir ölkə öz milli maraqlarından çıxış edərək daxili bazarın dünyadakı mənfi iqtisadi konyukturanın təsirlərindən qorunması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin zəifləməsinin qarşısının alınması qayğısına qalmalı və bu məqsədlə adekvat tədbirlər görməlidir. Bu mənada Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq qərarı ilə ölkəmizdə cari il fevralın 16-dan tətbiqinə start verilən yeni məzənnə siyasəti çox aktualdır. Başqa sözlə desək, yeni məzənnə siyasətinin tətbiqinə start verilməsi ilə milli valyutanın-manatın dollara nisbətdə dəyərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, xarici investisiyaların stimullaşdırılmasına xidmət edir. Mərkəzi Bankdan verilən məlumatda qərarın milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlılığını təmin etmək məqsədilə qəbul olunduğu bildirilir. Manatın məzənnəsinin korreksiyası, həmçinin, xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib.
Yeni məzənnə siyasətinə keçid həm də ölkəmizdə xarici sərmayələrin stimullaşdırılmasına xidmət edir. Bundan sonra respublikamıza xarici investisiyaların axınını məhdudlaşdıran heç bir amil olmayacaq.
Yeri gəlmişkən, iqtisadçı ekspertlər də ölkəmizdə cari il fevralın 16-dan etibarən tətbiqinə başlanan yeni məzənnə siyasətinin üstün sosial-iqtisadi məziyyətlərinə diqqət çəkirlər. Manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsinə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə vurğulayıb ki, manatın sabit qalması üçün Mərkəzi Bank öz rezervlərindən istifadə edirdi: “Bu proses uzun müddət davam edə bilməz. Belə bir prosesin uzun müddət davam etməsi bankın rezervlərinin tükənməsinə gətirib çıxarar. Azərbaycan Mərkəzi Bankının intervensiya etdiyi valyutanın miqdarı Ermənistanın büdcəsi qədərdir. Son 10 ildə ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişafı təmin edən amillərdən biri də pul-kredit siyasəti olub”.
Millət vəkili qeyd edib ki, Mərkəzi Bankının intervensiyası ölkənin iqtisadi gücünü artırıb: “İntervensiya siyasəti sayəsində ölkədə stabil şərait yaradılıb. Manat dünyada ən güclü valyutalardan biridir. Manatın dollara nisbətdə yüksəlməsi bizə ixrac potensialını artırmağa imkan vermirdi. Ancaq indi ölkədə yaxın vaxtlarda kiçik-orta iri sahibkarlıq sənayeləri yaradılacaq. Bu müəssisələrin ixrac potensialının genişləndirilməsi üçün məzənnədə dəyişikliyə ehtiyac var idi”.
Komitə sədri vurğulayıb ki, Azərbaycan hökuməti manatın ucuzlaşmasından sonra yaranmış vəziyyətlə bağlı sosial tədbirlər görməlidir: “Qiymətlərin bahalaşmasına qarşı ciddi mübarizə üsulları müzakirə olunmalıdır. Bu addımlar antiböhran tədbirləri deyil. Sadəcə olaraq, manatın devalvasiyası nəticəsində yaranmış problemlərin həlli istiqamətində görülən işlərdir. Azərbaycan hökuməti və xalqı bu çətin vəziyyətdən də üzü ağ çıxacaq”.
Onu da vurğulayaq ki, hökumət manatın dollara nəzərən ucuzlaşmasının mümkün mənfi sosial təsirlərini qabaqlamaq məqsədilə zəruri tədbirlər həyata keçirir. Müvafiq qurumlar tərəfindən daxili bazara nəzarət gücləndirilib, əhaliyə mal və xidmətlərin göstərilməsinin daimi monitorinqi aparılır, bəzi ticarət şəbəkələrində işbazlar tərəfindən qiymətlərin süni şəkildə artırılmasının qarşısı qətiyyətlə alınır. Bu arada Azərbaycan Əmanətlərin Sığortalanması Fondu 2015-ci il fevralın 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9 faizdən 12 faizə qaldırılması ilə bağlı müvafiq qərar qəbul edib. Qərar qurumun Himayəçilik Şurasının 23 fevral 2015-ci il tarixində keçirilən növbədənkənar iclasında qəbul edilib. Dəyişiklik 24 fevral 2014-cü il tarixindən qüvvəyə minib və bu tarixdən sonra üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab ediləcək. Xatırladaq ki, hər bir sığorta hadisəsinə görə qorunan əmanətə ödənilməli olan kompensasiya məbləği 30 min manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları üzv banklar tərəfindən ödənilir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də qəzetimizə açıqlamasında Azərbaycanda yeni məzənnə siyasətinə keçidin vacib sosial-iqtisadi tədbir olduğunu vurğulamaqla yanaşı, həm də diqqəti indiki həssas məqamda ölkədə əhalinin sosial müdafiəsinin daha dolğun şəkildə qorunması üçün müvafiq tədbirlər görülməsinin zəruriliyinə çəkib: “Məlum olduğu kimi, Azərbaycan dünyaya açıq ölkədir. Xarici ölkələrlə qarşılıqlı-faydalı maraqlar əsasında partnyorluq münasibətlərinin genişləndirilməsi Azərbaycanın strateji hədəfləri sırasında yer alır. Bu baxımdan dünyada yaranan yeni çağırışların ölkəmizdə də nəzərə alınması qaçılmaz zərurətə çevrilib. Mərkəzi Bankın müvafiq qərarı ilə ölkəmizdə 16 fevral 2015-ci il tarixdən etibarən tətbiqinə başlanan yeni məzənnə siyasəti sırf iqtisadi tədbirdir və hökumət hazırda qlobal maliyyə-iqtisadi məkanında müşahidə edilən proseslərin meydana çıxartdığı yeni çağırışlara cavab olaraq daxili bazarı gözlənilən risklərdən qorumaq, yerli istehsal subyektlərinin aktivliyini təmin etmək, Azərbaycan mallarının xarici bazarlarda rəqabətqabiliyyətliliyini artırmaq və bu kimi digər sosial-iqtisadi hədəflərə nail olmaq məqsədilə bu zəruri addımı atıb. Təbii ki, milli valyutanın yeni məzənnə siyasətinə keçilməsi ilə paralel surətdə ölkədə müvafiq sosial məzmunlu tədbirlərin görülməsi də vacib məsələlərdəndir. Yeni məzənnə siyasətinə keçidlə bağlı Azərbaycanda güclü istehlak inflyasiyası gözlənilmir. Bu da onunla bağlıdır ki, respublikamızda zamanında daxili tələbatın yerli istehsal hesabına təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb. Hazırda respublikamızda əsas ərzaq məhsullarına olan daxili tələbat əsasən yerli istehsal müəssisələri tərəfindən ödənilir. Deməli, ölkəmizdə əsas ərzaq məhsullarının qiymətinin kəskin bahalaşacağı ilə bağlı irəli sürülən iddiaların iqtisadi əsasları yoxdur. Bəli, hazırda bəzi ticarət şəbəkələrində vəziyyətdən sui-istifadə etməyə cəhd göstərənlərə də rast gəlinir. Belələrinə qarşı sərt tədbirlər görülməli, daxili bazara nəzarət gücləndirilməli, əsassız qiymət artımlarının qarşısı alınmalıdır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 981 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30