Azərbaycanda kimya sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub
03.08.2016 [15:18]
Prezident İlham Əliyev: Kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdir
Hazırda dünyada yaşanan sosial-iqtisadi böhranlar, siyasi kataklizmlər fonunda milli dövlətlərin iqtisadi təhlükəsizliyinin təmin olunması məsələsi böyük aktuallıq qazanıb. Beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan da, təbii ki, yeni hədəflər müəyyənləşdirib. Ölkəmizdə qlobal mənfi təsirlər nəticəsində yaranan şəraitin meydana çıxartdığı çətinlikləri dəf etmək və ölkənin iqtisadi təhlükəsizliyinə nail olmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Ölkəmizin öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində indiki mərhələdə rəqabət qabiliyyətli məhsul istehsalının zəruriliyinə xüsusi diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, bazarlara öz məhsullarımızla girmək üçün gərək böyük səylər göstərək: “İndi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq bazarları böyük dərəcədə bölüblər. Ona görə bu bazarlara öz məhsulumuzla girmək üçün gərək böyük səylər göstərək”.
Respublikada sənaye quruculuğu üçün güclü siyasi iradə var
Son 12 ildə müstəqil Azərbaycanın dinamik sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm cəhətlərdən biri məhz ölkənin müasirləşdirilməsi və bu strateji kursa uyğun olaraq modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin aparılması ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna göstərilən böyük diqqətin ifadəsidir. Bu bir daha təsdiqləyir ki, ölkəmizdə sənaye quruculuğuna güclü siyasi iradə var. Prezident İlham Əliyev respublikamızın gələcək inkişaf paradiqmalarına diqqət çəkərək vurğulayıb ki, Azərbaycanda çox güclü sənaye kompleksi yaradılacaqdır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, son 12 ildə ölkəmizdə sənaye quruculuğu istiqamətində böyük işlər həyata keçirilib və diqqətəlayiq uğurlara nail olunub. Bu müddətdə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlib. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2014-cü ildə 50 faizədək yüksəlib. Son 12 ildə respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə, bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Bütün bu statistik göstəricilər ölkəmizdə sənayeləşmə siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir.
Eyni zamanda, respublikamızda sənayenin yeni regional strukturu formalaşır. Artıq Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublikanın müxtəlif bölgələrində və ayrı-ayrı şəhərlərdə sənaye məhəllələri, texnoparklar yaradılır ki, bütün bunlar da yeni sənaye quruculuğunda ölkənin bütün potensialından daha səmərəli istifadə edilməsinə əlverişli zəmin formalaşdırır. Təsadüfi deyil ki, hazırda paytaxt Bakı və digər iri şəhərlərlə yanaşı, bölgələrdə yaradılan sənaye obyektləri də uğurla fəaliyyət göstərərək respublikanın iqtisadi potensialının güclənməsinə və yerlərdə məşğulluq kimi ciddi önəm daşıyan sosial problemin aradan qaldırılmasına sanballı töhfələr verirlər.
Zəngin ənənələrə malik kimya sənayesi ölkə iqtisadiyyatında mühüm yer tutur
Kimya sənayesi Azərbaycanda güclü ənənələri olan sənaye sahələrindəndir. Son illərdə idarəetmə strukturunun təkmilləşdirilməsi, investisiya qoyuluşunun artırılması və həyata keçirilən bir sıra digər zəruri tədbirlər sayəsində ölkədə kimya sənayesinin potensialından daha səmərəli istifadə olunmağa başlanıb. Prezident İlham Əliyev Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində kollektivlə görüşündəki çıxışında kimya sənayesini ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdən biri kimi səciyyələndirib: “Kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdir”.
Qeyd edək ki, ölkəmizdə zəngin potensiala malik kimya sənayesinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafı tarixinə dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yazıldı. Ümummilli lider 1999-cu ildə bu kompleksin təməlqoyma mərasimində, 2001-ci ildə isə açılışında iştirak edib. Bu kompleks kimya sənayesini tənəzzüldən xilas etdi və sahənin gələcək inkişafına etibarlı zəmin yaratdı. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı isə ölkədə neft-kimya sənayesinin inkişafına yeni təkan verib.
Hazırda Sumqayıt şəhərində Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən nəhəng Kimya Sənaye Parkı yaradılır. Parkda artıq ilk layihələrin reallaşdırılmasına başlanıb. Burada gələcək illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Parkın ərazisində yaradılan SOCAR Polimer zavoduna böyük həcmdə sərmayə qoyulacaq ki, bu da öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində müəssisənin iqtisadi önəmindən bəhs edərək bildirib ki, yeni istehsalat iki ildən sonra məhsul buraxmağa başlayacaq: “Mən iri layihələr arasında əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək”.
Məlumdur ki, hazırda Azərbaycanda ölkənin yeni ixrac potensialının yaradılması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Respublikanın ixrac imkanlarının genişlənməsində həmçinin SOCAR Polimer zavodunun müstəsna rolu olacaq. Prezident İlham Əliyev vurğulayıb ki, ixrac imkanlarının artırılması fəaliyyətimizin əsas istiqamətinə çevrilməlidir: “İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaqdır. Gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır”.
Son illərdə kimya sənayesində görülən işlər ən yüksək standartlara cavab verir
Ölkəmizdə son illərdə yaradılan ayrı-ayrı kimya sənayesi müəssisələri uğurla fəaliyyət göstərir. 2015-ci ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda etilen-polietilen zavodunda işə salınan yeni qurğular ölkəmizin neft-kimya sənayesində istehsalın genişlənməsində və səmərəliliyin yüksəlməsində mühüm rol oynayacaq. Qeyd edək ki, bu zavodun ərsəyə gəlməsində də Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub. 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb. Burada yaradılan yeni müasir qurğular isə müəssisənin texniki imkanlarını əhəmiyyətli dərəcədə yüksəldəcək.
Son beş ildə zavodun enerji sistemində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində istehsalatın elektrik enerjisi ilə fasiləsiz və etibarlı təchizatına imkan yaranıb, elektrik enerjisi, buxar və qaz itkilərinin qarşısı alınıb. Bu isə istehsal edilən əmtəəlik məhsullarda enerji daşıyıcılarının xüsusi çəkisinin əhəmiyyətli dərəcədə azalması və maya dəyərinin minimuma enməsinə səbəb olub. Bundan başqa, zavodun istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən və müasir cihazlarla təchiz edilən yeni laboratoriyası da əsaslı təmir olunub.
Azot-oksigen kompleksi zavodun və təmir-tikinti idarəsinin azot - oksigenə olan tələbatını tam həcmdə ödəməyə imkan yaradıb. 1987-ci ildən istismar olunan köhnə qurğunun əvəzində yeni azot-oksigen kompleksində innovasiyalı texnologiyaların tətbiqi sayəsində minimum enerji sərfiyyatına malik müasir avadanlıq quraşdırılıb. Yeni kompleksin bütün sistemləri avtomatik idarə edilir.
Zavodda istismara verilən müasir tipli susoyutma qurğusu innovasiyalı texnologiyalar əsasında yaradılaraq ümumilikdə kompleksin dayanıqlı və səmərəli işini təmin edib. Yeni qurğunun enerji sərfiyyatı köhnə qurğuya nisbətən daha aşağıdır. Bu da zavodun ümumi enerji sərfiyyatının azaldılması prosesinə müsbət töhfəsini verir.
İstismara verilmiş yeni qurğulardan biri də mütləqləşdirilmiş izopropil spirti sahəsidir. 2010-cu ildən başlayaraq “Azərikimya” İstehsalat Birliyində zəhərli və zərərli, müasir standartlara cavab verməyən, iqtisadi cəhətdən qeyri-səmərəli və əsasən, ətraf mühitin ekologiyasına mənfi təsir göstərən istehsalatlar sökülərək yenidən qurulub. Çirklənmiş ərazilərdən külli miqdarda zəhərli maddə və kimyəvi tullantı utilləşdirilib. Təmizlənmiş ərazilərdə müasir tipli, ekoloji normalara uyğun yeni istehsal sahələrinin tikintisi aparılır.
Yaxın perspektivdə isə ölkənin kimya sənayesi yeni müəssisələr hesabına daha da zənginləşəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində diqqəti gələcək planlara yönəldərək deyib: “Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Bu da gübrələrə olan tələbatımızı tam təmin edəcək, idxala artıq ehtiyac olmayacaq və böyük həcmdə ixrac potensialı yaranacaqdır. Burada da üstünlük ondan ibarətdir ki, bu məhsulların satışı ilə bağlı heç bir problem olmayacaq”.
Beləliklə, ölkəmizdə zəngin potensiala malik kimya sənayesinin qarşısında yeniş inkişaf perspektivləri açılıb. Prezident İlham Əliyevin Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində kollektivlə görüşündəki çıxışında qeyd etdiyi kimi, respublikamızda kimya sənayesinin müasir inkişaf mərhələsi yeni texnologiyaların tətbiqi ilə səciyyələnəcək: “Kimya sənayesinin çox böyük ənənələri, böyük tarixi var. Bu gün isə kimya sənayesi yeni dövrə qədəm qoyur. Bu, müasir, yeni texnologiyalar dövrüdür. Çox şadam ki, son vaxtlar bu ərazidə görülən işlər ən yüksək standartlara cavab verir”.
Sumqayıt Kimya Sənaye Parkında investorlara böyük güzəştlər nəzərdə tutulub
Milli kimya sənayesinin yeni texnologiyalar əsasında inkişaf etdirilməsi bir sıra mühüm məqsədlərə xidmət edir. Yuxarıda qeyd etdiyimiz kimi, indiki mərhələdə kimya sənayesinin inkişafı həm daxili istehsalın genişlənməsi, həm də yeni ixrac potensialının yaradılması baxımından fundamental amil rolunda çıxış edir. Bura yeni kimya sənayesi müəssisələrinin əhalinin məşğulluğunun təmin edilməsinə verdiyi böyük töhfəni də əlavə edək. Kimya sənayesinə aid məhsulların istehsalı bir qayda olaraq böyük istehsalatlarda həyata keçirilir və belə istehsalatlarda çoxlu sayda yeni iş yerləri yaradılır. Yeni yaradılan kimya sənayesi müəssisələrində müasir standartlara uyğun texnologiyaların tətbiqi isə ekoloji məsələlərin həlli deməkdir.
Bütün bu deyilənlər ölkəmizdə kimya sənayesinin inkişafına xüsusi yanaşma tələb edir. Dövlət yerli və xarici investorların kimya sənayesinə marağını artırmağa güclü siyasi iradə nümayiş etdirir. Sumqayıtda yaradılan Kimya Sənaye Parkında sahibkarlar bir sıra güzəştlərlə əhatə olunublar ki, bu da parkın sərmayə cəlbediciliyinin yüksəlməsinə müsbət təsir göstərib. Prezident İlham Əliyev haqqında bəhs olunan görüşdəki çıxışında Kimya Sənaye Parkında yaradılan şəraitdən məmnunluğunu ifadə edərək deyib: “Parkın ərazisi tamamilə təmizlənib. Parkda artıq ilk müəssisələr yaradılır. Növbəti illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Artıq 1 milyard dollardan çox məbləğin qoyuluşu nəzərdə tutulur və bu da ölkəmizin ümumi inkişafını göstərir. Çünki həm xarici, həm yerli investorlar ölkəmizin gələcəyinə inanırlar. İnanırlar ki, Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək”.
Belə güzəşt siyasətinin nəticəsidir ki, sahibkarlar Sumqayıt Kimya Sənaye Parkında yeni layihələrini həyata keçirməyə böyük maraq göstərirlər. Prezident İlham Əliyev yuxarıda bəhs olunan görüşdə kiçik və orta sahibkarlar üçün böyük imkanlar yaradıldığına diqqət çəkərək vurğulayıb: “Ölkə iqtisadiyyatı isə ilk növbədə, sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda, burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcəklər. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq. O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə, Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən, dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58

