Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan Xalq Cümhuriyyəti iqtisadi sferanı əhatə edən çoxsaylı inqilabi qərarlar qəbul edib

Azərbaycan Xalq Cümhuriyyəti iqtisadi sferanı əhatə edən çoxsaylı inqilabi qərarlar qəbul edib

22.05.2018 [15:09]

Cümhuriyyətin iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində təcrübəsi bu gün istər tarixçilər, istərsə də iqtisadi mütəxəssislər üçün kifayət qədər maraq doğurur
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın dövlətçilik tarixində çox mühüm mərhələni təşkil edir. Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan xalqı tərəfindən yaradılması bizim üçün böyük qürur mənbəyi olan tarixi hadisədir. AXC-nin yaradılması xalqımızın milli kimliyinin, hansı ideallarla yaşamasının son dərəcə parlaq təcəssümü idi. Bu həm də o deməkdir ki, Şərqdə demokratiyanın əsası Azərbaycan xalqı tərəfindən qoyulub. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması AXC-nin dövlətçilik baxımından çox qısa müddətdə reallaşdırdığı mühüm məsələlər idi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı həyata keçirib. O dövrdə yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük edib. AXC bu inqilabi qərarı verərkən Qərbdə bir çox dövlətlər bu barədə hələ heç düşünməmişdilər. AXC dövründə qəbul olunmuş üçrəngli bayrağımız bu gün də müstəqil respublikamızın səmalarında qürurla dalğalanır.
AXC parlamentinin qəbul etdiyi qərarlar milli dövlətçiliyin əsaslarının formalaşdırılması və gücləndirilməsinə tarixi töhfələr verib
1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olub. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşdırılması və gücləndirilməsinə tarixi töhfələr verib. Əlbəttə, biz bu gün AXC-nin xalqımızın tarixi taleyində rolundan bəhs edərkən milli-mənəvi dəyərlərimizin, tarixi kimliyimizin qorunması istiqamətində görülən işlərin də müstəsna əhəmiyyətini qeyd etməliyik. Belə ki, ali qanunverici orqan tərəfindən qəbul edilən qərara əsasən, Azərbaycan dili dövlət dili elan olunub. O dövrdə təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi idi. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: I cild, Bakı-2004).
AXC parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun isə ölkəmizdə milli təhsil sisteminin inkişafı və vətənpərvər milli kadrların hazırlanması baxımından müstəsna rola malik oldu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin "Dövlət dili haqqında" 1918-ci il 27 iyun tarixli qərarında dövlət dilinin Azərbaycan türkcəsi kimi təsbit edildiyi, bundan sonra bütün məhkəmə orqanlarında və digər qurumlarda vəzifə daşıyanlarının ancaq bu dili bilənlər olacağı bəyan edilmişdir (Azərbaycan Cümhuriyyəti, Bakı-1998).
AXC hökuməti çox mürəkkəb tarixi şəraitdə effektiv iqtisadi siyasət həyata keçirib
Azərbaycan Xalq Cümhuriyyəti bütün digər sahələrdə olduğu kimi, iqtisadi sferanı əhatə edən çoxsaylı inqilabi qərarlar qəbul edib.  Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyət göstərdiyi müddət ərzində maliyyə, vergi, bank sahələrini əhatə edən 82-dən çox qanun layihəsi hazırladı və onların böyük əksəriyyətini qəbul etdi (Azərbaycan Dövlət İqtisad Universiteti beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə. 14 may 2018-ci il, AZƏRTAC). Bu dövrdə qəbul olunan ən mühüm qərarlardan biri də milli pul vahidinin buraxılması idi. Şübhəsiz, müstəqil dövlətin atributu olaraq, milli pul vahidinin buraxılması çox mühüm bir məsələ kimi qiymətləndirilməlidir. Hökumət bu addımı inflyasiya şəraitində atsa da, o dövrdə görülən tədbirlər nəticəsində milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanılması istiqamətində ciddi uğurlara nail olundu. Hökumətin inflyasiyanın qarşısının alınması, onun minimum həddə saxlanılması istiqamətində həyata keçirdiyi maliyyə, bank-kredit sisteminin yaradılması, dövlət xərclərinin ixtisar edilməsi və bu qəbildən olan digər tədbirlər qısa müddətdə uğurlu nəticələr verib. Bunun ardınca isə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açılıb və bu da pul maliyyə sisteminin daha da inkişaf etdirilməsinə mühüm töfhə verib. AXC hökumətinin çevik vergi siyasəti də o zaman üçün kifayət qədər cəsarətli hesab oluna bilər. Dövlətin mühüm iqtisadi tənzimləmə aləti mütərəqqi gəlir vergisi hesab olunurdu. Bu vergi müəssisə və təşkilatlarda yaradılan mənfəətin 30 faizini təşkil edirdi. Dolayı vergi kimi şərab, tütün və neft məhsullarına qoyulan aksizlər fəal iqtisadi tənzimləyici rol oynayırdı. Qısa müddətdə vergi ödəyicilərinin sayının artırılmasına nail olunmaqla büdcədə vergi daxilolmalarının həcmi də diqqətçəkən dərəcədə yüksəlib.
AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu
Ümumiyyətlə, AXC-nin iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində təcrübəsi bu gün istər tarixçilər, istərsə də iqtisadi mütəxəssislər üçün kifayət qədər maraq doğurur. Cümhuriyyət dövründə dövlət sektoruna dövlətin iqtisadiyyata təsirinin amili kimi baxılırdı. Mülkiyyət çoxnövlüyü təmin edilərkən dövlət mülkiyyətinə xüsusi əhəmiyyət verilirdi. Belə hesab olunurdu ki, dövlətin gücü təkcə onun qanunvericilik fəaliyyətində deyil, dövlət mülkiyyətinin güclü olmasındadır. Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edilib. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı (Xosrov Kərimov, BDU-nun iqtisadiyyat və idarəetmə kafedrasının dosenti, "Xalq" qəzeti, 08 iyun 2017-ci il).
Eyni zamanda, AXC-də xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. AXC-nin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və burada çalışan əməkçinin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək haqqında qanunların tətbiqi ilə təmin olunmalıdır (yenə eyni mənbədə).
Yeni hökumətin qarşısında aqrar sahədə də həllini gözləyən çoxsaylı problemlər mövcud idi
Bundan başqa, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qısa müddətdə ölkənin neft sənayesi ağır vəziyyətdən çıxarılıb, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olunub, Bakı-Culfa dəmir yolu inşa edilib, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilib. Enerji və nəqliyyat sisteminin rentabelli fəaliyyətinin təmin olunması isə son nəticədə ölkənin büdcə gəlirlərinin artmasına və iqtisadi imkanların əsaslı dərəcədə genişlənməsinə rəvac verib.
Bunlara paralel olaraq yeni qurulan hökumətin qarşısında aqrar sahədə də həllini gözləyən çoxsaylı problemlər mövcud idi. Köhnə mülkiyyət formasının ləğvi, torpaqların səmərəli istifadəsinin təmin olunması, aztorpaqlı əhalinin daha geniş torpaq mülkiyyətçisinə çevrilməsi hökumətin aqrar sahədə reallaşdırdığı proqramın əsas prioritetlərini təşkil edirdi. Burada da başlıca hədəf əhalinin gəlirlərini artırmaqla uğurlu sosial müdafiə sisteminin yaradılması, eyni zamanda, aqrar sahədə ciddi gəlirlər bazası formalaşdırmaq idi.
AXC özünün xarici-iqtisadi siyasət sahəsində fəaliyyətinin tənzimlənməsi ilə bağlı ciddi hüquqi bazanın yaradılmasını da prioritetləri sırasında görürdü. Parlamentin gərgin fəaliyyəti nəticəsində iqtisadi fəaliyyət sahəsinə dair çoxsaylı qanunlar qəbul edilib. Bu qanunların həyata keçirilməsi istiqamətində də mühüm addımlar atılıb. Məsələn, xarici dövlətlərlə əmtəə mübadiləsini qaydaya salmaq üçün ağır maliyyə vəziyyəti şəraitində 20 milyon manatlıq fond yaradılıb və hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə bu fonddan ilkin ehtiyatlar üçün 10 milyon manat həcmində kredit buraxılması qərara alınıb.
Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirir
Təəssüf ki, bolşeviklərin işğalı və müstəqil dövlətimizin süqutu AXC-nin başlatdığı bu geniş proseslərin yarımçıq qalmasına səbəb oldu. Bununla belə, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, sonradan Azərbaycan dövlətçilik ənənələrinin və milli dövlətçilik şüurunun qorunmasında AXC-nin yaradılmasının mühüm rolu olmuşdur. Eyni zamanda, AXC-nin inzibati sərhədləri əsrin sonunda yenidən müstəqilliyini elan edən Azərbaycanın dövlət sərhədlərini müəyyənləşdirən hüquqi əsaslardan biri olmuşdur. Yəni əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi. Bütün bunlar bir daha AXC-nin Azərbaycanın dövlətçilik tarixində mühüm yerinin və rolunun nə qədər böyük olduğu qənaətini ifadə etməyə imkan verir.
Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. Həmçinin Cümhuriyyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı Ümummilli liderin sərəncamları çox mühüm tarixi əhəmiyyətə malik idi. Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması da bu mənada mühüm tarixi missiyanın həyata keçirilməsinə xidmət edir. Bu çərçivədə cari il ərzində geniş tədbirlər keçirilir ki, həmin tədbirlər vasitəsilə Azərbaycan xalqının zəngin tarixi, dövlətçilik ənənələri, demokratik inkişaf yolu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Bəli, bu gün böyük qürurla deyirik ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirir və yeni çalarlarla daha da zənginləşdirir. Baxmayaraq ki, xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin süqutu ilə tarixi şərait yaranan kimi, XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurmuş, lakin çox qısa zaman sonra yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Əgər 1993-cü ildə Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, müstəqil dövlətimiz əsrin əvvəllərində yaşadığı aqibətlə yenidən üz-üzə qala bilərdi. Artıq 27 ildir ki, Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyir. Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq xalqımıza böyük uğurlar qazandırıb. Bu gün ölkəmiz regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib, bütün dünyada etibarlı ölkə kimi tanınır. Müstəqil Azərbaycan heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir və bütün sahələrdə öz qüdrətini artırır. Azərbaycan o ölkələrdəndir ki, özünün milli maraqlarının keşiyində qətiyyətlə dayanır. Azərbaycan xalqı öz parlaq tarixi ilə hər zaman haqlı qürur duyur. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib ki, biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir.
Aqşin ŞAHİNOĞLU,
İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda müsabiqəyə təqdim edilir

Paylaş:
Baxılıb: 805 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30