Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Manatın ucuzlaşması üçün heç bir iqtisadi əsas yoxdur

Manatın ucuzlaşması üçün heç bir iqtisadi əsas yoxdur

10.08.2018 [08:51]

Mütəxəssislər bildirirlər ki, ölkəmizin müsbət reallıqları, o cümlədən neft gəlirlərinin və qeyri-neft məhsullarının ixracının artması fonunda milli valyutamız daha da möhkəmlənə bilər
Məlum olduğu kimi, son günlərdə qlobal güc mərkəzlərinin siyasi və iqtisadi təzyiqlərinin, məqsədyönlü manipulyasiyalarının nəticəsi olaraq qlobal maliyyə bazarında arzuolunmaz proseslər gedir. Deyilənlərin təsdiqi olaraq vurğulayaq ki, ayrı-ayrı ölkələrin, o cümlədən də qonşu Türkiyənin və Rusiyanın milli valyutaları bəhs olunan təzyiqlər müqabilində kəskin dəyər itirib.
Qeyd olunanlar son 15 ildə özünün inamlı inkişafını təmin edən və milli maraqlarını qətiyyətlə qoruyan Azərbaycanın bədxahları üçün, necə deyərlər, göydəndüşmə xəbər olub. Ölkəmizin müsbət imicinin möhkəmlənməsini istəməyən qüvvələr, o cümlədən də daxildəki radikal müxalifət düşərgəsinin təmsilçiləri son günlərdə sosial şəbəkələrdə və nəzarətlərində olan kütləvi informasiya vasitələrində manatın ucuzlaşacağı ilə bağlı heç bir arqumentə söykənməyən şayiələr tirajlamaqdadırlar. Burada yeganə məqsədləri isə ölkəmizin inkişafına və nüfuzuna hansı yolla olursa-olsun xələl gətirməkdən, eləcə də insanlarda milli valyutaya inamsızlıq formalaşdırmaqdan ibarətdir.
Azərbaycan iqtisadiyyatındakı mövcud vəziyyəti və ölkədə aparılan monetar siyasəti dəyərləndirən mütəxəssislər isə bildirirlər ki, manatın yaxın perspektivdə ABŞ dollarına nisbətdə dəyər itirəcəyi ilə bağlı məqsədli şəkildə dövriyyəyə buraxılan şayiələr tamamilə əsassızdır. Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, manatın kursunun dəyişəcəyi gözlənilmir və indiki halda buna əsaslar da yoxdur. Fikirlərinə davam edən Aydın Hüseynov vurğulayıb ki, milli valyutanın ABŞ dollarına nisbətdə dəyər itirəcəyini ilk növbədə respublikamızda aparılan monetar siyasət istisna edir. Azərbaycan hökuməti manatın kursunun sabit qalmasında maraqlıdır və bunun üçün mümkün olan hər şeyi edir.
Aydın Hüseynov bildirib ki, indiki halda nəinki manatın ucuzlaşması istisna olunur, hətta müşahidə edilən proseslər onu deməyə əsas verir ki, yaranmış mövcud reallıqlar şəraitində milli valyutamız əlavə dəyər qazana və müəyyən qədər möhkəmlənə də bilər. “Azərbaycan transmilli şirkətlərlə imzaladığı müqavilələr çərçivəsində xarici bazarlara sərbəst dönərli valyutaya satılan neft, qaz ixrac edir. Son vaxtlarda birjalarda neftin qiymətinin 70 dollardan artıq formalaşması ölkəmizin gəlir imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Neft-qaz satışından əldə olunan böyükhəcmli gəlirlər öz növbəsində respublikamızın maliyyə vəziyyətinə, o cümlədən də milli valyutanın xarici mənfi təsirlərə müqavimət gücünün artmasına müsbət təsir göstərən mühüm amillərdən biri qismində çıxış edir”, - deyə Aydın Hüseynov bildirib.
Aydın Hüseynovun fikirlərinə görə, optimal monetar siyasət aparılmasında son illərdə ölkəmizdə qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının genişlənməsinin müsbət rolunu da xüsusi qeyd etmək lazımdır: “Respublikamızda neftdənkənar iqtisadiyyatın inkişafı həm siyasi, həm də maddi cəhətdən dəstəklənir. Ölkəmizdə aparılan islahatlar çərçivəsində, həmçinin qeyri-neft məhsullarının ixracının genişləndirilməsini hədəfləyən müvafiq tədbirlər həyata keçirilir. Beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb. Belə ki, respublikamızda ixracın stimullaşdırılması ilə bağlı imzalanan sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq edilib. Eyni zamanda, “Made in Azerbaijan” brendi xarici ölkələrdə uğurla təbliğ olunur. Bütün bunlar ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır və öz müsbət nəticələrini verir.
Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı yüksək səviyyədədir. Cari ilin ilk 6 ayında ölkə iqtisadiyyatında ən yaxşı inkişaf göstəriciləri məhz qeyr-neft sektorunda qeydə alınıb. İqtisadi artım qeyri-neft sənayesində 11,1 faiz, kənd təsərrüfatında 7,6 faiz təşkil edib. Eyni zamanda, bu sektordan gəlirlərimiz getdikcə artır. Əslində, biz belə deyə bilərik: Qeyri-neft sektorunun inkişafı sayəsində Azərbaycan yeni güclü gəlir mənbəyi qazanıb ki, bu da öz növbəsində manatın məzənnəsinin sabit qalmasına müsbət təsir göstərir”.
Aydın Hüseynov bildirib ki, ölkəmizin iqtisadi inkişaf göstəriciləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Millət vəkili qeyd edib ki, respublikamız Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda öz mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderliyini yenə də qoruyub saxlayıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq qurumlar da respublikamızın perspektiv inkişafı ilə bağlı müsbət proqnozlar ifadə ediblər. Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, eləcə də “Standard & Poor’s” və “Fitch Ratings” reytinq agentliklərinin bu günlərdə yayılan hesabatlarında da Azərbaycan iqtisadiyyatı ilə bağlı kifayət qədər müsbət dəyərləndirmələr yer alıb. Beynəlxalq reytinq agentliklərinin hesabatında Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağına dair proqnoz ifadə olunub.
“Nəzərə almaq lazımdır ki, ölkənin monetar siyasəti ilk növbədə iqtisadi amillərlə, həmçinin ölkənin maliyyə durumu ilə şərtlənir. Azərbaycan güclü iqtisadi dayaqlara malik olan ölkədir. Son 15 ildə dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ikinci bir ölkə olmayıb. Uğurlu şaxələndirmə siyasəti, yeni çağırışlarla səsləşən çoxvektorlu islahatlar milli iqtisadiyyatımızın perspektiv inkişafı üçün də fundamental əsaslar yaradıb. İqtisadi inkişafla paralel şəkildə respublikamızın maliyyə imkanları da genişlənib. Belə ki, son 15 ildə müstəqil Azərbaycan özünün strateji valyuta ehtiyatlarını 20 dəfədən çox artıraraq 44 milyard dollara çatdırmağa nail olub. İqtisadi-maliyyə müstəqilliyinin təmin olunması öz növbəsində respublikamızın manevr imkanlarını artırır. Özünün güclü resurslarına istinad edən Azərbaycan müstəqil siyasət aparır, milli maraqları qətiyyətlə qoruyur. Milli valyutamız olan manatın kursunun uzun müddətdir ki, sabit qalması da bu siyasətin tərkib hissəsidir. Məlumdur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti avqustun 1-də uçot dərəcəsinin 10 faiz səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (±2 faizlik kənarlaşma ilə aşağı hədd 8 faiz, yuxarı hədd 12 faiz) dəyişməz saxlanılması barədə qərar qəbul edib. Mərkəzi Bankın belə bir qərar qəbul etməsi manatla bağlı bütün mənfi proqnozların reallıqdan çox uzaq olduğunu bir daha təsdiqləyir”.
Bu fikirləri isə qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev ifadə edib. Rauf Əliyev bildirib ki, ölkəmizin gəlir imkanlarını artıran və manatın kursunun sabit qalmasına müsbət təsir göstərən bir sıra amillər sadalamaq mümkündür. Son vaxtlarda birjalarda neftin qiymətinin artması bu amillər sırasında mühüm yer tutur: “Neft sektoru Azərbaycan iqtisadiyyatında ölkəyə gəlir gətirən ənənəvi sahədir. Birjalarda karbohidrogen məhsullarının baha qiymətə satılması ölkəmizə əlavə valyuta axını deməkdir. Eyni zamanda, Azərbaycan dövləti yeni gəlir mənbələri yaradılmasına güclü siyasi iradə nümayiş etdirir. Qeyri-neft iqtisadiyyatı və bu sektordan ixracın genişləndirilməsi belə mənbələrdəndir. Görülən işlərin nəticəsi olaraq, 2018-ci ilin ilk 5 ayında qeyri-neft ixracı 20 faiz, o cümlədən sənaye məhsulları ixracı 27 faiz, kənd təsərrüfatı məhsulları ixracı 22 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 34 faiz artıb, ixrac məhsullarının çeşidi genişlənib. 2018-ci ilin arxada qalan 6 ayında qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur. Deyilənlərdən belə nəticə çıxartmaq mümkündür: Neft gəlirlərinin və ölkədən qeyri-neft məhsullarının ixracının artması fonunda milli valyutamızın kursu üçün hər hansı təhlükə də gözlənilmir”.
Rauf Əliyev ölkəmizin digər bir müsbət reallığına da diqqət çəkib. O bildirib ki, ölkədə aparılan siyasətin məntiqi nəticəsi olaraq inflyasiya gözləntiləri kifayət qədər aşağı səviyyədədir. “Hazırda Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. 2018-ci ilin ilk altı ayında respublikamızda orta illik inflyasiya 3 faiz təşkil etməklə elan edilmiş hədəf dəhlizindən aşağıda qərarlaşıb. Ölkənin tədiyyə balansının profisitli olması yaxşı göstəricidir. Bütün bunlar milli valyutamıza inamı artırır. Heç təsadüfi deyil ki, son vaxtlarda banklarda manatla qoyulan depozitlərin həcmində də artım müşahidə edilir”, - deyə millət vəkili qeyd edib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 881 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30