Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir

Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir

15.11.2019 [10:16]

Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir ki, bu da kifayət qədər yüksək göstəricidir
Xəbər verildiyi kimi, noyabrın 13-də Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib. Dövlət başçısı bəhs olunan qəbulda son illərdə dəmiryolu da daxil olmaqla yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin nəticəsində Azərbaycanın regionun çox mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsindən məmnunluğunu bildirib, həmçinin bu istiqamətdə uğurları artırmaq üçün qarşıya bir sıra vacib vəzifələr qoyub. “Son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etmişdir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür. Onu da əlavə etməliyəm ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik. Yəni, Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir, keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir
Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan özünün bu üstünlüyündən bəhrələnərək ölkə ərazisindən tranzit daşımaların həcminin artırılmasına nail olmaq üçün müvafiq infrastruktur qurulmasına hərtərəfli dəstək verir. Prezident İlham Əliyev vurğulayıb ki, bizim tranzit potensialımız gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək.
Ölkəmiz Şərq-Qərb marşrutunun funksionallığının artırılmasına, o cümlədən qədim İpək Yolunun bərpasına dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdir. İndiyədək respublikamız qədim İpək Yolunun bərpası ilə bağlı müxtəlif məsələlərin müzakirə edildiyi bir sıra beynəlxalq səviyyəli tədbirə uğurla ev sahibliyi edib. Bu tədbirlərdə iştirakçı tərəflər ölkəmizin geniş tranzit imkanları barədə məlumat alıblar. O cümlədən indiyədək respublikamızda İpək Yolunun Azərbaycandan keçən hissəsinin yenidən qurulması, bütövlükdə Şərq-Qərb marşrutu üzrə böyük iş həcmi yerinə yetirilib.
Respublikamızın ərazisində həmçinin Şimal-Cənub dəhlizinin ayrı-ayrı seqmentlərini təşkil edən magistralların yenidən qurulması da uğurla həyata keçirilir. Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdü və ölkəmizin ərazisində bütün işlər yüksək keyfiyyətlə tamamlanıb. Prezident İlham Əliyev Azərbaycanın həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin yaradılmasında fəal iştirak etməsinin ölkəmizə böyük siyasi və iqtisadi dividendlər gətirdiyini nəzərə çatdıraraq vurğulayıb: “Eyni zamanda, biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni, böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir”.
Ölkəmizin ərazisində Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə infrastrukturun yenilənməsi istiqamətində işlər 2019-cu ildə də davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun verdiyi məlumata əsasən, hələ 2018-ci ildə Bakıdan Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişi qərara alınıb. İlkin layihələndirməyə uyğun olaraq, Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, yəni Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığından Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişinə başlanıb. Bu gün yeni yolun 45-ci kilometrdən Giləziyədək - 75-ci kilometrə qədər olan hissəsinin asfalt-beton örtüyü ikiqat olmaqla tikinti işləri yerinə yetirilib. Həmin yolun üzərində bir yol qovşağı tikilib. Rusiya sərhədindən Bakıya tərəf olan istiqamətdə isə 38 kilometr yol asfaltlanıb. Yol yatağı 92 kilometr hissədə tam tikilib. Yolun 2020-ci ilin sonuna qədər tam şəkildə istismara təhvil verilməsi nəzərdə tutulub.
Gəncə-Gürcüstan yolunun Qırmızı Körpüyə qədər olan 131 kilometrlik hissəsində işlər davam etdirilir. Bu ilin sonunadək yolun 34 kilometrlik hissəsinə aşınma qatı da daxil olmaqla asfalt-beton örtüyü vurulacaq. Torpaq yatağı üzrə işlərin 72 faizi artıq yerinə yetirilib. Yolun tikintisi altına düşən pay torpaqları bu məqsəd üçün ayrılmış vəsaitdən kompensasiya ödənilməklə alınıb. Bu yolun tikintisinin başa çatdırılması 2022-ci ilə nəzərdə tutulsa da, inşaatçılar bütün işləri 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil verməyi qərarlaşdırıblar.
İran istiqamətində yeni yolun tikintisi də diqqət mərkəzində saxlanılır. Məlumdur ki, hazırda İran sərhədinə yol Astara şəhərinin içərisindən keçir ki, bu da narahatlıq yaradır. Buna görə də Prezident İlham Əliyev Astara rayonunun ərazisindən İran sərhədinə qədər yeni marşrut üzrə yol çəkilməsi ilə bağlı tapşırıq verib. İndiyədək İran sərhədinə qədər yol çəkilib. Astara çayı üzərindəki körpünün tikintisi məsələsi də həll olunur. S.Məmmədov bildirib ki, yaxın vaxtlarda İranın yol işçiləri ilə görüş keçiriləcək. Həmin görüşdə memoranduma qol çəkiləcək. Körpü hazır olan kimi yolu istifadəyə verəcəyik.
Ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır
Bütövlükdə Avrasiyada əvəzolunmaz nəqliyyat-tranzit məkanına çevrilməyi hədəfləyən respublikamızda nəqliyyat infrastrukturu kompleks şəkildə yenilənir. O cümlədən ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Son illərdə bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyükhəcmli investisiyalar yönəldilib, bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, qəbul olunan Dövlət proqramları dəmir yolu nəqliyyatında islahatların daha da sürətlənməsinə, bütövlükdə sahənin müasirləşməsinə öz müsbət təsirini göstərib. Hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən şəhərətrafı qəsəbələrə gedən dəmir yolu xətlərinin yenilənməsi və müasir infrastruktur yaradılması istiqamətində işlər davam etdirilir. İndiyədək şəbəkənin ayrı-ayrı seqmentlərində işlər yüksək səviyyədə tamamlanıb. İstifadəyə verilən Bakı-Sumqayıt marşrutu üzrə hər gün təxminən 12 min sərnişin daşınır. Bakı Sərnişin-Sabunçu dəmir yolu xəttinin yenilənməsi də bu işlərin davamıdır. Cari il mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin-Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.
Bütövlükdə, Bakı dairəvi dəmir yolunun uzunluğu yan yolları ilə birlikdə 200 kilometrə yaxındır. Bəhs olunan yolu bir növ Abşeron dairəvi dəmir yolu da adlandırmaq olar. Çünki bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yolboyu çirkab və tullantı suları yığışdırılıb. Yeni layihə mərhələlərlə icra olunur. Layihə üzrə birinci mərhələnin cari ilin sonunadək tamamlanması nəzərdə tutulub.
Həmçinin hazırda turizm bölgəsi olan Qəbələyə də yeni dəmir yolu xəttinin tikintisi intensiv şəkildə davam etdirirlir. Uzunluğu 46 kilometr olan yolun 11 kilometri artıq çəkilib. Yolboyu nəzərdə tutulan 100 süni qurğunun hamısı yerləşdirilib. Dövlət başçısı bildirib ki, regionun turizm cəlbediciliyini artırmaq baxımından Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 835 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30