Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcədir

2020-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcədir

19.12.2019 [09:54]

Azərbaycanın gələn il üçün dövlət büdcəsi ölkəmizdə həyata keçirilən islahatlar kursuna tam adekvatdır və perspektiv inkişaf üçün real zəmin yaradır
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 noyabr 2019-cu il tarixində “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Dövlət başçısı həmçinin 16 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Fərman imzalayıb.
Bəhs olunan sənədlərdə öz əksini tapan rəqəmlərə istinadən deyə bilərik ki, Azərbaycanın növbəti il üçün dövlət büdcəsi ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında uğurla həyata keçirilən islahatlar kursuna tam adekvatdır, milli maraqlarımıza yüksək səviyyədə cavab verir və perspektiv inkişaf üçün real zəmin yaradır.
2020-ci ilin dövlət büdcəsi hazırkı inkişaf mərhələsində ölkəmizin müsbət reallıqlarını dolğun şəkildə əks etdirir
İlk növbədə belə bir amili vurğulamaq yerinə düşər ki, bu günlərdə dövlət başçısı tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun ölkəmizdə sabitliyin, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da vurğulandığı kimi, xalqın hakimiyyətə inamının artdığı, makroiqtisadi sabitliyin qorunduğu, bütövlükdə cəmiyyətimizin yeniliklərə kökləndiyi bir şəraitdə hazırlanıb. Azərbaycan son illərin ən yaxşı inkişaf göstəricilərini məhz yeni büdcə parametrlərinin hazırlandığı 2019-cu ilin arxada qalan dövrü ərzində qazanıb. Təbii ki, ölkəmizin müsbət reallıqları, inkişaf meyilləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib. Birmənalı şəkildə vurğulaya bilərik ki, 2020-ci ilin dövlət büdcəsi ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasını, müsbət reallıqlarını dolğun şəkildə əks etdirir.
Qanuna əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134 500,0 min manat, xərcləri 26 894 700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 336 950,0 min manat, yerli gəlirləri 797 550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26 044 596,0 min manat, yerli xərcləri 850 104,0 min manat) məbləğində təsdiqlənib. Rəqəmlərdən də göründüyü kimi, gələn ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcədir və cari ilin dövlət büdcəsini həm gəlirlər, həm də xərclər baxımından əhəmiyyətli dərəcədə üstələyir.
Büdcənin gəlirlərinin strukturunda qeyri-neft sektorundan daxilolmalar artacaq
Qanunda diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin strukturunda qeyri-neft sektorundan daxilolmalar artacaq. Əlbəttə, Azərbaycan neft ölkəsidir və respublikamızın gəlirləri böyük dərəcədə enerji resurslarının satışından daxil olan vəsaitlər hesabına formalaşır. Buna uyğun olaraq da gələn ilin büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların həcmi yenə də böyük olaraq qalacaq. Bununla belə, əvvəlki illərdən fərqli olaraq 2020-ci ilin büdcəsində Dövlət Neft Fondundan transfertlərin məbləği və ümumilikdə transfertlərin büdcə gəlirlərində payının müəyyən həcmlərdə azaldılması, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisinin artması proqnozlaşdırılıb.
Mütəxəssislər bunu çox haqlı olaraq respublikamızda qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafının göstəricisi kimi dəyərləndirirlər. Məlumdur ki, Azərbaycan iqtisadiyyatı tarixən neft amili ilə sıx bağlı olub və bu gün də neft-qaz milli iqtisadiyyatımızın əsas sütunlarından biridir. Ancaq “neft sindromu”nun acı fəsadları ilə üzləşən ayrı-ayrı ölkələrdən fərqli olaraq müstəqil Azərbaycan öz inkişaf perspektivlərini heç də yalnız karbohidrogen amili ilə bağlamayıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasında qarşıya enerji sektorunun inkişafı ilə yanaşı, neftdənkənar iqtisadiyyatın potensialının artırılması ilə bağlı hədəflər qoyulub. Son 16 ildə ölkəmizdə bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilib. Nəticə də göz qabağındadır. İqtisadiyyatımız getdikcə daha çox dərəcədə qeyri-neft sektorunun hesabına genişlənir. 2019-cu ilin arxada qalan dövrünün göstəriciləri bunu bir daha təsdiqləyir. Cari ilin əvvəlindən bəri ölkəmizdə ən yaxşı inkişaf göstəricisi təxminən 15 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb ki, bu da dünya rekordu sayıla bilər. Qeyri-neft sektorunun artım dinamikasının neft sektorunun artım dinamikasını üstələməsi öz növbəsində büdcə gəlirlərinin strukturunda neftdənkənar iqtisadiyyatın payının artması ilə nəticələnib.
Gələn ilin dövlət büdcəsində sosialyönümlü siyasətin reallaşdırılması ilə bağlı xərclər prioritet istiqamət olaraq nəzərdə tutulub
2020-ci il dövlət büdcəsinin xərclərində sosial sferaya yönəldiləcək vəsaitlərin artırılması nəzərdə tutulub. Qanunda göstərildiyi kimi, gələn ilin büdcəsindən təhsilə 3 155 797 681,0, səhiyyəyə 1 369 011 949,0 manat ayrılacaq. Sosial müdafiə və sosial təminatla bağlı xərclər isə 3 244 591 912,0 manat həcmində müəyyənləşdirilib.
2020-ci ilin dövlət büdcəsinin xərclər bölümündə qeyd olunan sahələr üçün kifayət qədər böyük həcmlərdə vəsait ayrılmasının hədəflənməsi ölkəmizdə həyata keçirilən siyasətin prioritetlərinə tam uyğundur. Sirr deyil ki, Azərbaycan dövləti həmişə özünün ardıcıl siyasəti ilə fərqlənib. Deyilənləri ölkəmizin sosial siyasətinə də şamil edə bilərik. Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, respublikada aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. 2019-cu il respublikamızda sosial islahatlar ili kimi səciyyələndirilə bilər. Cari ildə iki mərhələdə həyata keçirilən sosial islahatların maliyyə yükü kifayət qədər böyükdür. Ümumilikdə hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manatdır. Bütövlükdə, cari ildə və perspektivdə reallaşdırılacaq sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur. Reallaşdırılan böyük sosial paket çərçivəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb.
Təqdim olunan qanuna nəzər saldıqda aydın olur ki, ölkəmizin dərinməzmunlu sosial siyasəti gələn ildə də davam etdiriləcək. Şübhə yoxdur ki, perspektivdə də sosial sferanın prioritetliyinin təmin olunması ölkədə vətəndaş məmnunluğunu daha da artıracaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 789 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30