Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda enerji dayanıqlılığı yüksək səviyyədə təmin edilib

Azərbaycanda enerji dayanıqlılığı yüksək səviyyədə təmin edilib

09.01.2020 [09:26]

Prezident İlham Əliyev: Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb, dünya miqyasında isə ikinci yerdəyik
Respublikamızda yüksək səviyyəli infrastruktur quruculuğu ölkənin generasiya güclərinin artırılması, elektrik enerjisinin ötürülməsi və paylanması şəbəkəsinin müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində də qabarıq şəkildə nəzərə çarpır. Bu sahədə işlər 2019-cu ildə də intensiv şəkildə davam etdirilib. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən elektroenergetika sektorunda həyata keçirilən layihələrdən, ölkənin generasiya güclərinin artırılmasından, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının yüksək səviyyədə ödənilməsindən, həmçinin respublikamızın bu sahədə müəyyən həcmlərdə ixrac imkanlarının yaranmasından məmnunluğunu bildirib. “Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Reallaşdırılan yeni layihələr sayəsində Azərbaycanda elektrik enerjisi istehsalı ilbəil artır
Bəhs olunan qəbulda diqqətə çatdırılan statistik rəqəmlər son illərdə ölkəmizin elektroenergetika təsərrüfatında həyata keçirilən genişmiqyaslı işlər barədə konkret təsəvvür yaradır. Qəbulda “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun bildirdiyinə görə, dörd il bundan əvvəl yaradılan qurum bu gün istehlakçıları fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin edir. İndiyədək 70-dən artıq 110 kilovoltluq və təqribən 300-dən çox 35 kilovoltluq yarımstansiya tikilib və yaxud əsaslı təmir edilib. Ölkə üzrə 1 milyon 200 mindən çox yeni sayğac quraşdırılıb ki, bu da itkilərin qarşısının alınmasında mühüm rol oynayıb. Şəbəkənin qoyuluş gücü 9 min meqavatamperdən 13 min meqavatamperə çatdırılıb. Baş verən qəzaların aradan qaldırılması üçün məsafədən idarə olunan dörd avtomatik idarəetmə mərkəzi yaradılıb. Yığım 95 faizə çatdırılıb, “Azərenerji”yə ödənişlər 100 faiz təmin edilib.
Hazırda 56 rayonun paylayıcı elektrik şəbəkəsi üzrə 13 min 500-dən artıq transformator məntəqəsinin yenisi ilə əvəz olunması işləri davam etdirilir. Eyni zamanda, ölkənin elektroenergetika təsərrüfatında “Azərenerji” ASC tərəfindən reallaşdırılan layihələrin də əhatə dairəsi kifayət qədər genişdir. Yeri gəlmişkən, 2019-cu il 29 dekabr tarixində Bakının Səbail rayonunun Badamdar qəsəbəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Müşfiq” və 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyaları Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Tədbirdə diqqətə çatdırılıb ki, “Azərenerji” ASC 12 elektrik stansiyasında və sistem əhəmiyyətli 20-dək yarımstansiyada tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir.
Artıq tarixə dönən 2019-cu ilin son günlərində yenidən qurulan 220/110/10 kilovoltluq “Müşfiq” və 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyalarının istifadəyə verilməsi, eləcə də “Azərenerji” və “Azərişıq” tərəfindən reallaşdırılan digər layihələr Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin ölkənin enerji təchizatının daha da möhkəmləndirilməsinə verdiyi önəmi ifadə edir. Dövlət başçısının siyasi iradəsi əsasında respublikamızda enerji təchizatı sisteminə yönəldilən əsaslı vəsait qoyuluşu ilbəil artır ki, bunun da sayəsində hər il ölkə miqyasında yeni layihələrin uğurlu icrası təmin olunur. Beləliklə, həyata keçirilən çoxsaylı layihələr hesabına respublikamız özünün enerji təhlükəsizliyini təmin etməyə nail olub. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. 2019-cu ildə “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi ilə ölkəmizin generasiya gücü daha da artıb. 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi respublikamızın enerji generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir. Respublikamızdan elektrik enerjisinin ixracının ilbəil artması da təqdirəlayiq haldır. Təkcə 2019-cu ildə ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar vəsait qazanıb.
Bəhs olunan qəbulda Prezident İlham Əliyev Mingəçevir İstilik Elektrik Stansiyasında 2018-ci ildə baş verən qəzadan sonra həyata keçirilən yenidənqurma işlərinə də diqqət çəkib. Məlum olduğu kimi, dövlət başçısı 2019-cu ilin əvvəlində bu obyektdə zəruri təmir-bərpa işlərinin aparılması ilə bağlı “Azərenerji” ASC-nin rəhbərliyinə Öz tapşırıqlarını vermişdi. 8 blokdan 5-də yenidənqurma işləri aparılmalı və tamamlanmalı idi. İndiyədək Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı şəkildə yenidən qurulub. Görülən işlərin sayəsində təqribən 400 meqavatlıq itirilmiş güclər bərpa edilib. Stansiyanın qalan 3 blokunda isə 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə generasiya gücü əldə ediləcək.
Ümumiyyətlə, respublikamızda əhalinin və iqtisadiyyatın elektrik enerjisinə getdikcə artan tələbatını dolğun şəkildə ödəmək üçün həyata keçirilən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Təsadüfi deyil ki, respublikamızda elektrik enerjisi ilə təchizatın davamlı olaraq yaxşılaşdırılması beynəlxalq səviyyəli reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilir. Prezident İlham Əliyev bundan məmnunluğunu bildirərək deyib: “Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb, dünya miqyasında isə ikinci yerdəyik. Biz bu göstəriciyə görə ən inkişaf etmiş ölkələri qabaqlamışıq”.
Bərpaolunan enerji növlərinin yaradılması istiqamətində ciddi iş aparılır
Müasirləşməni strateji kurs kimi müəyyənləşdirən Azərbaycan həmçinin dünya təcrübəsindən bəhrələnərək bərpaolunan enerji istehsalını artırmağı hədəfləyib. Bu istiqamətdə görülən işlərdən bəhs edən Prezident İlham Əliyev “Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk”, - deyə bildirib.
Qeyd edək ki, artıq respublikamız bu istiqamətdə müəyyən uğurlara imza atıb. 2018-ci ildə dövlət xətti ilə yaradılmış Yaşma Külək Elektrik Stansiyası Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki Yeni Yaşma Külək Elektrik Stansiyasının gücü 50 meqavata bərabərdir. Burada yenidənqurma işlərini Almaniyanın “Berlin Wind” şirkəti aparıb. Stansiyada ən müasir avadanlıqlar quraşdırılıb ki, bu da məhsuldarlığın artmasına müsbət təsir göstərib. Hazırda Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir. Burada 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsal edilib. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir. Bundan başqa, dövlət başçısının tapşırığına əsasən, Bakı-Quba magistralının sağ tərəfində - təzə yolla köhnə yolun arasında 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının artıq bütün layihə-smeta sənədləri hazırlanıb, torpaqların alınması, bu kimi digər zəruri məsələlər həll edilib və “Vestas” şirkəti bu işə cəlb olunub.
Ölkəmizdə kifayət qədər böyük gücə malik digər yeni bərpaolunan elektrik stansiyasının yaradılması istiqamətində də müvafiq işlər görülür. Söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir.
Ölkədə generasiya güclərinin artırılması həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Son 16 ildə bütün ölkə üzrə intensiv şəkildə həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu, o cümlədən də yeni generasiya güclərinin yaradılması Azərbaycanın dinamik iqtisadi inkişafını və insanların həyat səviyyəsinin yüksəlməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün bir sıra mühüm hədəflər müəyyənləşdirib. O cümlədən əhalinin və iqtisadiyyatın elektrik enerjisinə getdikcə artan tələbatının yüksək səviyyədə ödənilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Ölkəmizdə əhalinin və sənaye potensialının artımı diktə edir ki, bu sahə daim diqqət mərkəzində olsun. Odur ki, mən Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Mənim göstərişimlə və nəzarətim altında bölgələrdə bir neçə elektrik stansiyası tikilmişdir. Biz “Xaçmaz”, “Şahdağ”, “Astara”, “Şəki”, “Bakı” stansiyalarını tikdik ki, hər bir bölgədə güclər mövcud olsun və artırılsın. Şirvan şəhərində 800 meqavata yaxın generasiya gücü olan “Cənub” elektrik stansiyası tikilmişdir. “Şimal-1”, “Şimal-2” elektrik stansiyaları istifadəyə verilmişdir. Bütün bunlar böyük zəhmət, uzaqgörənlik tələb edir. Biz vaxtilə idxaldan asılı idik. İndi isə biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac da edirik. İxrac o təqdirdə edilə bilər ki, daxili tələbat tam ödənilsin. Biz indi buna nail ola bilmişik”.
Onu da vurğulamaq yerinə düşər ki, respublikamızda reallaşdırılan infrastruktur layihələri bir qayda olaraq dövlət investisiya qoyuluşu hesabına maliyyələşdirilir. Sonradan investorlar yaradılan infrastruktur obyektlərindən bəhrələnərək iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə sərmayələr yönəldirlər. Mütəxəssislərin qənaəti belədir ki, yüksək səviyyəli infrastruktur quruculuğu ölkəmizin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb.
Eyni zamanda, dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastruktur obyektləri, o cümlədən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması insanların həyatına böyük rahatlıq gətirib. İnsanlar onlara göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsindən və əlçatanlığın təmin olunmasından böyük məmnunluq duyurlar.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 782 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30