Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir
27.05.2021 [09:46]
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizinin başa çatdırılması Avropa İttifaqı ilə əməkdaşlığımız üçün yeni imkanlar açır
Azərbaycanın milli maraqlar üzərində qurulan siyasətində enerji amili xüsusi yer tutur. Bu da onunla bağlıdır ki, respublikamız karbohidrogen ehtiyatları ilə zəngin olan bir diyardır. Azərbaycanda neft və qaz hasilatının tarixi çox qədimdir. Ancaq xalqımız özünün təbii sərvətlərinin faydasını yalnız son üç onilliyi əhatə edən müstəqillik illərində görüb. Enerji sektorundan gələn gəlirlər müstəqillik dövründə ölkəmizdə qeyri-neft iqtisadiyyatının qurulması, inkişafa zəmin yaradan müasir infrastruktur obyektlərinin inşası, vətəndaşların rifah halının yaxşılaşdırılması, insan kapitalının formalaşdırılması kimi strateji sahələrə yönəldilib.
Eyni zamanda, Azərbaycan özünün enerji siyasətində ədalətli yanaşma sərgiləyir. Ölkəmiz daim o mövqedən çıxış edir ki, enerji amili heç bir halda istehlakçı dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilməməlidir, reallaşdırılan birgə layihələrdən bütün tərəfdaşlar fayda götürməlidirlər. Deyilənlər baxımından ölkəmizin liderliyi ilə reallaşdırılan və sonuncu seqmenti - Trans Adriatik Boru Kəməri (TAP) ötən il dekabr ayının son günlərində tamamlanan Cənub Qaz Dəhlizi layihəsi də istisna deyildir. Prezident İlham Əliyev Onun iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına diqqət çəkərək bildirib: “Əlbəttə ki, Cənub Qaz Dəhlizinin başa çatdırılması Avropa İttifaqı ilə əməkdaşlığımız üçün yeni imkanlar açır. Çünki Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərində artıq mühüm rol oynamağa başlayıb”.
Azərbaycandan Avropaya yeni nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılması bütün nöqteyi-nəzərlərdən böyük bir çağırış idi
Azərbaycan müstəqillik illərində öz tərəfdaşları ilə reallaşdırdığı bir sıra layihələr sayəsində bütövlükdə Avropanın enerji xəritəsini yeniləyib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Vurğulamaq yerinə düşər ki, respublikamız 1994-cü ildən etibarən “Əsrin kontraktı” çərçivəsində müxtəlif ölkələri təmsil edən transmilli şirkətlərlə fəal əməkdaşlıq əlaqələri qurub. Bəhs olunan müqavilə üzrə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yatağından çıxarılan neft şaxələndirilmiş marşrutlarla dünya bazarına çıxarılır. Qeyd edək ki, hazırda bir sıra ölkələr öz ehtiyaclarının yarıya qədərini məhz Azərbaycan nefti hesabına qarşılayırlar.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi isə qoca qitənin “mavi yanacaq” təchizatında keyfiyyətcə yeni bir mərhələnin başlanması kimi dəyərləndirilir. Sirr deyil ki, indiyədək Avropanın ayrı-ayrı ölkələri bir sıra hallarda təchizatçıların qərəzli siyasi yanaşmalarının nəticəsi olaraq qaz tədarükündə müəyyən çətinliklərlə üzləşirdilər. Buna görə də alternativ və daha etibarlı təchizatçıların tapılması, yeni nəql marşrutlarının yaradılması bir zərurət kimi qarşıda dururdu. Öz imkanlarını təqdim edərək regional və qlobal səviyyədə əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verən Azərbaycan bu çağırışı qarşılamaq və zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi, yeni marşrutla Avropa istehlakçılarına çatdırılması üçün Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Xatırladaq ki, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə yatağın istismarı dayandırılıb, onun potensial imkanları müəyyən edilməyib. 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olduğunu təsdiqləyib. Yeni kəşfiyyat-dəyərləndirmə işlərinin nəticəsi gözləniləndən daha yaxşı olub. Mütəxəssislər yataqda 1,2 trilyon kubmetr qazın olmasını ehtimal edirlər.
Təxminən 3500 kilometr uzunluğa malik olan və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi çox mürəkkəb relyefə malik coğrafi ərazilərdən, o cümlədən hündürlüyü 2500 metr olan dağlardan keçir. Yeni enerji dəhlizinin 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibində quraşdırılıb. Yeni nəql marşrutu mövcud olan ən yüksək ekoloji standartlara cavab verir. İlkin olaraq layihənin yerinə yetirilməsi üçün 44,6 milyard dollar məbləğində vəsait nəzərdə tutulmuşdu. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyərini 33 milyard dollara endirmək mümkün olub.
Layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, Avropa İttifaqının, həmçinin layihədə iştirak edən transmilli şirkətlərin yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrlər baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılışı baş tutub. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP-ın istifadəyə verilməsi, 2019-cu il noyabrın 30-da isə qardaş ölkənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimləri keçirilib. Yuxarıda qeyd etdiyimiz kimi, 2020-ci ilin son günlərində isə TAP layihəsi üzrə bütün işlər yekunlaşıb. Prezident İlham Əliyev Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılmasını yüksək dəyərləndirərək vurğulayıb. “Enerjinin Avropaya çatdırılması məsələsinə gəlincə, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərdən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3.5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən - maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi”.
ABŞ və Avropa İttifaqı qlobal əhəmiyyət daşıyan enerji layihələrinin icrasında Azərbaycana həmişə dəstək verirlər
Azərbaycanın ayrı-ayrı ölkələrlə və transmilli şirkətlərlə “Əsrin müqaviləsi” çərçivəsində başladığı əməkdaşlıq sonrakı enerji layihələrində də uğurla davam etdirilib. O cümlədən ABŞ və Avropa İttifaqı qlobal əhəmiyyət daşıyan enerji layihələrinin icrasında Azərbaycana həmişə dəstək verirlər.Yeri gəlmişkən, ABŞ Prezidenti Co Bayden 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısına ünvanladığı məktubunda ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə xüsusi olaraq diqqətə çatdırılıb. Öz növbəsində, Azərbaycan ABŞ-ın enerji layihələrinin icrasına verdiyi dəstəyi yüksək dəyərləndirir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Əməkdaşlığımızın daha bir vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib”, - deyə vurğulayıb.
Digər layihələrdə olduğu kimi, Cənub Qaz Dəhlizi ətrafında da tərəfdaş dövlətlərdən, transmilli şirkətlərdən, beynəlxalq maliyyə qurumlarından ibarət güclü komanda formalaşıb. Burada Böyük Britaniyanın, Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi qeyd edə bilərik. Layihənin reallaşdırılmasında, həmçinin Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya yaxından iştirak ediblər. Əlbəttə, transmilli şirkətlər bu layihəyə güclü sadiqlik nümayiş etdirməsəydilər, onun reallaşması mümkünsüz olardı. Azərbaycanla tərəfdaşları arasında getdikcə güclənən əməkdaşlıqdan məmnunluğunu bildirən Prezident İlham Əliyev deyib: “Biz həqiqətən də yaxşı bir komanda, bir neçə ölkəni təmsil edən komanda olaraq çalışırdıq. Bu ölkələrin bəziləri Avropa İttifaqının üzvüdür. Biz Avropanın enerji təhlükəsizliyinə həqiqətən də mühüm töhfə verdik. Azərbaycanda yeni yataqların kəşf edilməsini və təbii qazın hasilatının yeni səviyyəsini nəzərə alaraq bu, gələcək onilliklər ərzində davam edəcək layihədir. Azərbaycan qazı Avropa qitəsi üçün yeni qazdır, hazırda Avropaya qazın yeganə yeni mənbəyidir və cəlb olunmuş ölkələr arasında böyük dərəcədə ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirib”.
Qeyd edək ki, enerji sektorunda gələcək əməkdaşlıq üçün imkanlar kifayət qədər genişdir. Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz”lə məhdudlaşmır. Respublikamız Xəzərdəki digər yataqlarda da zəngin resurslara malikdir. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. “Babək” yatağı 400 milyard kubmetr həcmdə təsdiqlənmiş qaz ehtiyatına malikdir. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var. Yaxın perspektivdə “Abşeron” yatağı üzrə hasilata başlanılması gözlənilir. Digər bir yataq isə “Ümid” adlanır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Xəzərdəki rəmzi “Dostluq” adı verilən yatağın da ehtiyatları kifayət qədər böyükdür. Bu yatağın istismarını Azərbaycan dost Türkmənistanla birlikdə həyata keçirəcək. Ölkəmiz, həmçinin böyük qaz ixracı ilə bağlı yeni təşəbbüslər irəli sürür. Məsələn, TAP üzrə işlərin yekunlaşması ilə İonik-Adriatik boru kəmərinin inşası layihəsi gündəmə gəlib. Bütün bunlar isə Azərbaycanla tərəfdaş ölkələr arasında enerji sektorunda yeni əməkdaşlıq platformalarının yaranması deməkdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

