Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan manatı tarixdə ilk dəfə avronu üstələdi

Azərbaycan manatı tarixdə ilk dəfə avronu üstələdi

20.05.2010 [10:04]

Avro və dollar dəyərini itirməkdə davam edir, milli valyutamız isə daha da möhkəmlənir
Dünya iqtisadi böhranı avrozonaya daxil olan dövlətlərin maliyyə sisteminə sarsıdıcı zərbələr vurmaqda davam edir. Yunanıstanın ardınca Portuqaliya və İspaniyada da böhran meyillərinin dərinləşməsi, ümumilikdə Avropa qitəsinin maliyyə-investisiya və valyuta-bank bazarında ciddi problemlərin yaranmasına səbəb olub. Qlobal böhranın resessiyalarından yenicə xilas olaraq “özünə gəlmiş” Avropanın inkişaf etmiş dövlətləri növbəti dəfə iqtisadi zərərlərlə üzləşməli olub. Son bir ayda Avropa iqtisadiyyatında iqtisadi fəallıq yenidən 0,6 faiz aşağı düşüb. Valyuta sistemində isə monetar itkilər demək olar ki, hər gün müşayiət edilməkdədir.
Avropanın maliyyə sistemində mövcud tendensiyalar avrozonada vahid tədavül vasitəsi olan valyutanın-avronun kəskin şəkildə ucuzlaşmasına səbəb olub. Son bir həftədə avro 9 faizdən artıq ucuzlaşıb və ölkəmizin valyuta birjalarında 1 avro 1 Azərbaycan manatı ekvivalentində dəyişdirilib. Dünəndən başlayaraq isə avro milli valyuta ilə nisbətdə daha 0,2 faiz dəyərini itirib və günün sonunda banklararası valyuta birjalarında 1 avronun rəsmi kursu 0,9796 manat təşkil edib. Beləliklə, 16 Avropa ölkəsinin rəsmi pul vahidi olan və 2002-ci ilin yanvarından nəğd əskinaslar kimi beynəlxalq maliyyə bazarına dövriyyəyə buraxılan avro son 8 ildə ən aşağı qiymətə satılıb.
Qeyd edək ki, avronun məzənnəsinin kəskin şəkildə düşməsi 2009-cu ilin noyabr ayından etibarən müşahidə olunmağa başlayıb. Avropa pulunun maliyyə-kredit sferasında etibarlı valyuta kimi mövqeyini itirməsi, eləcə də, avro ilə əməliyyatların dövriyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi müşayiət olunub. Son 1 ildə avrobondlara tələbat 15 faizdən çox azalıb. 2010-cu ildə isə Avropanın maliyyə-pul sistemində qlobal resessiyaların bir qədər də dərinləşməsi avronun məzənnəsinə yenidən öz mənfi təsirini göstərib. ümumiyyətlə, Avropa İttifaqı dövlətlərinin əksəriyyətində müşahidə olunan böhran meyilləri avronun kursunun zəifləməsini sürətləndirib və bu əskinaslara olan etibar zəifləməkdə davam edir.
Avropa Beynəlxalq Siyasi İqtisadiyyat Mərkəzinin (ECİPE) direktoru Frederik Erikson bildirib ki, iqtisadi resessiya şəraitində fiskal fəaliyyətin uzlaşdırılmasına ehtiyac var. Onun sözlərinə görə, avro aparıcı dünya valyutası roluna iddia edirsə, avrozonada sabitliyi möhkəmləndirmək və maliyyə baxımından likvidli bazarları artırmaq lazımdır. Əks halda, bu valyuta barədə xoş təəssüratlar puça çıxacaq. Almaniyanın maliyyə agentliyinin direktoru Karl Haynz Dauban isə bildirib ki, avrozonadakı valyuta gərginliyini aradan qaldırmaq mümkün olmasa, avronun ömrü sona yetəcək, avrozona isə dağılacaq. Beləliklə, XXI əsrin “qızıl pulu” kimi dövriyyəyə buraxılan avronun “ölməsi” Aİ zonasının yenidən “dollar imperiyasının” təsiri altına düşməsi demək olardı. Bu, ABŞ pulunun yenidən Avropa iqtisadiyyatında hökmran valyuta kimi çıxış etməsinə yol açmış ola bilər. Yeri gəlmişkən, artıq dolların məzənnəsində artım hiss olunur və 2010-cu ilin ilk 4 ayında dollar avroya nisbətdə bir neçə bənd möhkəmlənib. Təkcə son bir həftədə ABŞ pulunun məzənnəsi 8 bənd yüksəlib.
Avronun dəyərini itirməsi Azərbaycanın milli valyutası olan manatın regionun aparıcı valyutalarından biri kimi daha da möhkəmlənməsinə səbəb olub. İlin əvvəlindən indiyə kimi manat avroya nisbətdə 25 faizədək bahalaşıb. Onu da qeyd edək ki, son 5 ayda pullarını depozit kimi banklarda avro ilə saxlayanlar hər 100 avroya görə təxminən 12 manat itiriblər. Depozitlərini manata transfer etmiş əmanətçilər isə əksinə, divident əldə ediblər.
Dünya maliyyə bazarlarında baş verən tendensiyalar onu göstərir ki, ən inkişaf etmiş ölkələrin iqtisadi, sosial, maliyyə, fiskal, vergi, investisiya, pul-kredit bölmələri böhranın təsirləri nəticəsində müəyyən fəsadlarla üzləşib. Dünya maliyyə böhranına qarşı mükəmməl iqtisadi strategiya hazırlayaraq həyata keçirən Azərbaycan hökuməti isə maliyyə sabitliyinin davamlı şəkildə qorunmasını təmin etməklə yanaşı, makroiqtisadi inkişafın və real sektorda iqtisadi dinamizmin artmasına nail olmaqdadır. Respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldib və böhranın bütün fazalarının ölkəmizə mənfi təsirlərinin qarşısınının alınması milli valyutanın dəyərinin möhkəmlənməsinə əlverişli zəmin yaradıb. Hökumətin həyata keçirdiyi pul-kredit siyasəti və valyuta bazarı üzrə digər preventiv tədbirlər öz müsbət səmərəsini verib və Azərbaycan manatı maliyyə bazarında aktiv pul aləti kimi dəyərini artırmaqdadır. Manatın məzənnəsi davamlı olaraq əhəmiyyətli dərəcədə möhkəmlənir və milli valyuta bölgədə ən dəyərli maliyyə aləti kimi çıxış edir.
ümumiyyətlə, Azərbaycan hökumətinin həyata keçirdiyi monetar siyasət təsdiqləyir ki, respublikamızda güclü iqtisadiyyat və düşünülmüş iqtisadi strategiya ən çətin dövrlərdə belə iqtisadi fəallığın aşağı düşməsinin qarşısını alıb, maliyyə sisteminin sağlam və dözümlülüyünü gücləndirib. Azərbaycan hələ 5 il əvvəl pul islahatlarına start verərkən çoxları denominasiya nəticəsində maliyyə və valyuta bazarının itkilərlə üzləşəcəyini iddia edirdilər. Lakin təcrübə göstərdi ki, denominasiyadan sonra milli valyutasının dəyərini artırmaqda davam edən yeganə ölkələrdən biri də məhz Azərbaycandır. ölkəmizdə həyata keçirilən pul siyasətinin makro və mikroiqtisadi diaqnostikasının gücləndirilməsi, makromodellər vasitəsilə iqtisadiyyatın gözlənilən vəziyyəti üzrə zəruri simulyasiyalar aparılması, eləcə də, monetar siyasətin balanslaşdırılmış sistem üzrə həyata keçirilməsi manatın davamlılığını möhkəmləndirir.
Yeri gəlmişkən, 2009-cu ildə bütün region ölkələrinin milli valyutaları dəyərini itirərək devalvasiyaya uğrasa da, Azərbaycan bu prosesdən də kənarda qaldı. Respublikamızda belə bir meylin baş verməməsi bir daha yürüdülən makroiqtisadi siyasətin qüdrətinin göstəricisini təsdiqləmiş oldu. Azərbaycanın valyuta bazarı həddindən artıq sağlam və sabit olduğundan bütün xarici təsirləri dəf etmək gücünə malikdir. Manat MDB məkanında və regionda ən sabit milli valyutalar sırasında birinci yerdə mövqeyini qoruyub saxlayır. Manatın ən aktiv tədavül, eləcə də, etibarlı valyuta aləti olmasının ən bariz ifadəsi həm valyuta mübadilələrində, həm əhalinin yığımlarında, həm də onların banklara yerləşdirdiyi əmanətlərin strukturunda da özünü göstərir. Vətəndaşlar öz vəsaitlərini banklara yerləşdirərkən əsas valyuta növü kimi manatı seçirlər.
Elbrus CƏFƏRLİ
Paylaş:
Baxılıb: 1295 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sülhə qarşı olanlar

13 Sentyabr 11:59

Gündəm

Start verildi...

13 Sentyabr 11:23

İqtisadiyyat

Analitik

100 saylı əmr!

13 Sentyabr 10:46  

Analitik

Analitik

Makronizmin son gülləsi...

13 Sentyabr 09:11  

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30