Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dünya taxıl gözləsə də...

Dünya taxıl gözləsə də...

23.06.2022 [10:14]

Qlobal payız ərzaq böhranı uzaqda deyil

M.FEYİZLİ

Qlobal ərzaq bazarına təhdidlər İkinci Dünya müharibəsindən sonra heç vaxt indiki qədər artmayıb. Yeni növ koronavirus pandemiyasının təxminən iki il çəkən pik mərhələsindən sonra dünya Rusiya-Ukrayna müharibəsi ilə silkələndi. Rusiya-Ukrayna müharibəsi, çox doğru olaraq, yalnız iki ölkənin döyüş meydanında qarşı-qarşıya gəlməsi anlamında qəbul edilmir. Artıq müharibənin fəsadları Rusiyanın və Ukraynanın sərhədlərini aşaraq dünya ölkələrinə, o cümlədən də qlobal ərzaq bazarına sirayət edib.

1,6 milyard insan qıtlıq və bahalıqla üz-üzə

Müşahidə edilən proseslər kədərli təəssüratlar oyadır. Ekspertlər, beynəlxalq reytinq agentlikləri qlobal ərzaq bazarında tələbin təklifi böyük dərəcədə üstələdiyi, bunun da nəticəsi olaraq qiymətlərin kəskin şəkildə artması ilə bağlı həyəcan təbili çalırlar. Bir qədər bundan əvvəl Dünya Bankı son hesabatını yaydı.  Hesabata görə, dünya 2022-ci il üçün “zəif artım və yüksək inflyasiyanın uzun sürən dövrünə” daxil olur. Dünya üzrə iki əsas ərzaq məhsulları ixracatçılarından olan Rusiyanın və Ukraynanın müharibəyə cəlb olunmaları ərzaq bazarına təhdidləri artırıb. Ukraynada dağıntılar səbəbindən aqrar sektorun fəaliyyəti pozulub. Sanksiyalar səbəbindən Rusiyadan xarici bazarlara məhsul ixracı məhdudlaşıb. Bütün bu kimi amillər də ərzaq məhsullarının qiymətlərində öz əksini tapır.  Ötən il qlobal səviyyədə ərzaq məhsullarının qiymətləri 28 % artıb, o cümlədən qarğıdalı 44,1%, bitki yağları 65,8 %, şəkər 37,5% bahalaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) həyəcan təbili çalaraq bildirib ki, ərzaq və yemin qiymətlərinin yüksəlmiş baza səviyyələrindən daha  8-22% yuxarı qalxacağı proqnozlaşdırılır. Bütövlükdə, müharibənin kədərli nəticələrinin 94 ölkədən 1,6 milyard insana təsir etdiyi bildirilir. Ekspertlər vurğulayırlar ki, indi yay aylarıdır. Bu dövrdə ənənəvi olaraq bazarlara daha çox məhsul çıxardılır və ayrı-ayrı pozisiyalar üzrə qıtlıq bir o qədər də hiss olunmur. Ancaq payızın və sərt qışın gələcəyi dövr də uzaqda deyil. Onda ərzaq məhsullarının artan qiymətləri daha sərt şəkildə hiss olunacaq.

Taxıl niyə daşınmır?

Rusiya-Ukrayna müharibəsi donunda qlobal ərzaq bazarına yaranan təhdidlər ölkələrin taxılla təchizatında daha qabarıq şəkildə hiss olunmaqdadır. Verilən məlumatlara görə, dünya üzrə illik taxıl istehsalı 740 milyon ton civarındadır. Lakin müharibənin yaratdığı çətinliklərə görə anbarlardakı taxılı ehtiyac duyulan ünvanlara çatdırmaq mümkün olmur. Artan qiymətlər və ərzaq bazarına yaranan təhdidlər fonunda taxıl istehsalçısı olan ayrı-ayrı ölkələr ixraca məhdudiyyətlər tətbiq edir. Bu sırada müharibə tərəfi olan Rusiya da yer alır. Afrika və Asiyanın çoxlu sayda kasıb ölkəsi  taxıla olan tələbatlarını müharibənin digər tərəfi olan Ukraynadan idxal hesabına ödəyirdi. Müharibə səbəbindən bu ölkədən  7 milyon ton buğda, 14 milyon ton qarğıdalı dəni, 3 milyon ton günəbaxan yağı dünya bazarına çatdırılmayıb. Hazırda dünya taxıl həsrətində qaldığı bir dövrdə Ukraynadakı anbarlarda yığılıb qalan taxılın daşınması müşkülə çevrilib. Səbəb odur ki, Qara dənizin Ukrayna sahillərindəki limanlarından yük gəmilərinin hərəkəti təhlükəsizlik nöqteyi-nəzərindən mümkün deyil. Bir qədər bundan əvvəl ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri limanlardan taxıl daşınması üçün dəhliz yaradılması ilə bağlı hərəkətə keçdi. Lakin proseslər hələ də məntiqi sonluqla nəticələnməyib və tərəflər Ukraynadan taxılın və digər ərzaq məhsullarının daşınmamasına görə bir-birilərinin ünvanına ittihamlar yağdırmaqda davam edirlər. Qərb yaranış vəziyyətə görə limanları mühasirəyə alan Rusiyanı günahlandırır. Rusiyanın Ukrayna limanlarını açmağa imkan vermədiyini rəsmi Kiyev dəfələrlə bəyan edib. Ukrayna Xarici İşlər Nazirliyi yanında idxal-ixrac əməliyyatları üzrə xüsusi səfiri Olqa Trofimtseva bildirib ki, limanların mühasirəsinin aradan qaldırılması istiqamətində göstərilən səylər hələ də nəticə verməyib. Onun sözlərinə görə, Ukrayna ixracının 70-75 faizi Qara və Azov dənizi limanları üzərindən reallaşdırılırdı. İndiyədək digər istiqamətlərdə ixracın təmin olunması üçün mühüm addımlar atılıb. Lakin limanların təmin etdiyi ixrac həcmlərinə nail olmaq mümkünsüzdür.

 Rusiyanın ünvanına gələn ittihamlardan biri də bu ölkənin  Ukraynanın işğal olunmuş ərazilərindən oğurluq taxıl ixracı ilə bağlıdır. Bu ixrac açıq və gizli yolla həyata keçirilir. Bildirilir ki, Rusiya tərəfi işğal etdiyi ərazilərdə fermerlərdən taxılı dəyər-dəyməzinə alaraq onu baha qiymətə xarici ölkələrə satır. Eyni zamanda, anbarlardan taxılın oğurluq yolla daşınaraq ixraca yönəldildiyi bildirilir. Ukraynadan alınan məlumata əsasən, iyunun 7-dək Rusiya ölkənin işğal olunmuş ərazilərindən 100 milyon dollardan yuxarı dəyəri olan 500 min ton taxıl oğurlayıb. Ukraynadan taxılın oğurlandığını ABŞ Dövlət Departamenti də təsdiqləyib. Qurumun yaydığı məlumata əsasən, Rusiyaya məxsus “Matros Koşka”, “Matros Pozıniç”, “Miaxil Nenaşev” adlı gəmilər oğurluq taxılı daşımaqla məşğul olublar.

Öz növbəsində Rusiya limanlardan taxılın daşınmamasının məsuliyyətinin Ukraynanın üzərinə düşdüyünü iddia edir. Rusiya tərəfi bildirir ki, limanlar Ukrayna ordusu tərəfindən minalanıb və bu, taxılın təhlükəsiz daşınmasını mümkünsüz edir. Rusiya Ukrayna taxılının daşınması üçün ən optimal variant kimi Belarusun ərazisini təklif edir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar üzrə müttəfiq dövlətlər isə taxılın Belarus ərazisindən daşınmasına etirazlarını bildiriblər. Ukraynanın satacağı taxılın əvəzinə silah alacağı da Rusiyanın çoxsaylı ittihamları sırasında yer alır. Beləcə, dünyanın gözlədiyi taxılın anbarlardan çıxardılıb ixraca yönəldilməsi artıq aylardır ki yubanır.

İdxal azalıb, ödəmələr isə artıb

Qlobal ərzaq bazarında müşahidə edilən arzuolunmaz proseslər Azərbaycana da təsirsiz ötüşmür. Respublikamızda da ərzaq məhsullarının qiymətlərinin artmasını izləyirik. Azərbaycanın ərzaq təchizatında ən həssas pozisiyalardan biri taxıl tədarükü ilə bağlıdır. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Respublikamızda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. Bütövlükdə, respublikamızın illik buğda idxalı 1 milyon tondan çoxdur. Yuxarıda sadalanan xarici amillər fonunda respublikamıza taxıl idxalı azalsa da, ödəmələrdə artım müşahidə edilir ki, bu da yüksək qiymətlərlə bağlıdır. 2022-ci ilin yanvar-may aylarında Azərbaycan xaricdən 355 min 625 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövründəki idxaldan 36,6 min ton azdır - 2021-ci ilin 5 ayında buğda idxalımız 392,213 min ton təşkil etmişdi. İdxal həcminin azalmasına baxmayaraq, buğda üçün xaricə ödədiyimiz pul kəskin artıb. Belə ki, 2021-ci ilin yanvar-mayında 392 min ton buğdaya 99,8 milyon dollar ödəmişdiksə, bu ilin eyni dövründə 355,6 min tona 124 milyon dollardan yuxarı vəsait ödənilib.

İndiki reallıqlar fonunda meydana çıxan əsas çağırışlardan biri ölkə üzrə taxıl istehsalının artırılmasından ibarətdir. Azərbaycanın buna imkanları var. 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə yeni torpaqların dövriyyəyə cəlb edilməsi, həmçinin daha məhsuldar sortların becərilməsi yolu ilə ölkə üzrə taxıl istehsalında artıma nail olmaq mümkündür.

Şəkər də bahalaşır

Bu arada qida zəncirində mühüm pozisiyalardan olan şəkər də hiss olunacaq dərəcədə bahalaşıb. Qlobal ərzaq bazarında şəkər tozunun qiymətində ciddi artımların baş verməsi bir növ davamlı prosesə çevrilib. Mütəxəssislərin qənaətinə görə, şəkər tozunun qiymətlərinin artımına dünyada baş verən pandemiya, enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi, eyni zamanda, Rusiya və Ukrayna arasında gedən müharibə səbəb olub.

Xam neftin qiymətlərinin yüksəlməsi daşınma xərclərinin 66% artmasına, təxminən 2 il davam edən pandemiya istehsalın aşağı düşməsinə, Rusiya-Ukrayna müharibəsi isə tədarükün azalmasına gətirib çıxardıb. Bütün bunların nəticəsi olaraq şəkər tozuna tələbat tam şəkildə ödənilmir və qiymətlərdə kəskin artımlar müşahidə edilir. Qeyd edək ki, hazırda Özbəkistanda şəkər tozunun hər tonunun qiyməti 1 100, Qazaxıstanda 1 071, Qırğızıstanda 1 100, Rusiyada 870, Gürcüstanda 720, Türkiyədə 1 200 ABŞ dolları təşkil edir.

Statistikaya əsasən, Azərbaycanda şəkərin hər tonunun qiyməti sadalanan ölkələrdəkindən minimum 200 ABŞ dolları aşağıdır. Son vaxtlarda respublikamızda da şəkərin qiymətinin bahalaşması isə, ilk növbədə, daxili tələbatın bütünlüklə yerli istehsal hesabına ödənilməməsi ilə bağlıdır. Halbuki, respublikamızda şəkər çuğunduru sahələrini genişləndirmək və daxili tələbatı ödəyəcək qədər məhsul istehsal etmək imkanları kifayət qədər genişdir.

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

28 İyun 10:14

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

28 İyun 09:21

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30