Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Növbəti qlobal böhran anonsu

Növbəti qlobal böhran anonsu

13.10.2022 [10:44]

Mübariz FEYİZLİ

Son illərdə dünyada baş verən proseslər qlobal iqtisadiyyat üçün təhdidləri artırıb. Bu təhdidlər isə öz arxasınca ilk mərhələdə iqtisadi ressesiyalara, bunun bilavasitə davamı olaraq isə sosial təlatümlərə yol açır. Bu ressesiyalar nəticəsində hansısa ayrılıqda götürülmuş bir ölkənin iqtisadiyyatının uduşla çıxdığını söyləmək çətindir. İnteqrasiya proseslərinin dərinləşməsi ölkələri və iqtisadiyyatları ümumi olanın bir hissəsinə çevirib. Buna görə də dünyanın hansısa bir böyük iqtisadiyyatında özünü büruzə verən mənfi tendensiyalar çox sürətlə qlobal prosesə çevrilir.

Dünyanı bürüyən ressesiya meyilləri

Dünyanın əksər ölkələrini öz çətiri altında birləşdirən Birləşmiş Millətlər Təşkilatı (BMT) və əksər reytinq agentlikləri növbəti qlobal böhranın qapımızın astanasında olduğunun anonsunu verirlər. Təqdim olunan statistika son dərəcə kədərlidir. 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4,1 faizdən 2,9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2,8 faizədək azaldıblar.

Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır. Qlobal bazarlarda neftin qiymətində azalmağa doğru dəyişikliklər müşahidə edilir. Son günlərdə Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,21 dollar azalaraq 90,82 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,21 dollar ucuzlaşaraq 95,98 dollar olub. “Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 0,44 dollar azalaraq 102 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı. Qlobal enerji bazarlarında neftin ucuzlaşması tələbin azalması ilə bağlıdır. İqtisadi aktivliyin aşağı düşməsi və ressesiyanın uzunmüddətli olacağı ehtimalları səbəbindən iri istehlakçılar böyük həcmlərdə neft ehtiyatları tədarük etməyə tələsmirlər.

Neft bazarı ilə yanaşı, dünya qiymətli kağızlar bazarında da eniş başlayıb. Son günlərdə Dow Jones Industrial Average 2020-ci ilin noya­brından bəri ən aşağı həddə düşüb, Standard & Poor”s 500 isə bu ilin minimumundan azca yuxarıdır. Cəmi bir neçə gün ərzində Dow Jones 4,  S&P 500 4,6, Nasdaq isə 5,1 faiz dəyər itirib.

Yeni böhran dalğası həm böyük, həm də kiçik iqtisadiyyatlarda öz izini qoymaqdadır. ABŞ Federal Ehtiyat Sistemi (FED) 2022-ci ildə bu ölkədə ÜDM-nin artımı proqnozunu 1,7%-dən 0,2%-ə qədər azaldıb. FED, həmçinin ABŞ-da 2022-ci il üçün işsizlik proqnozunu 3,7%-dən 3,8%-ə, 2023-cü ildə isə 3,9%-dən 4,4%-ə yüksəldib.

Ressesiya meyilləri dünyanın ən böyük iqtisadiyyatlarından birinə malik Çindən də yan ötməyib. Çin iqtisadiyyatında artım tempi 2022-ci ilin yekunlarına görə, 1990-cı ildən etibarən ilk dəfə digər Şərqi Asiya ölkələrindən geri qala bilər. Bu barədə Dünya Bankının proqnoz hesabatında qeyd olunur. DB-nin hesablamalarına görə, dünyanın ikinci iqtisadiyyatı olan Çinin ÜDM-nin 2022-ci ildə 2,8% artım göstərəcəyi gözlənilir. Bu da, regionun digər 23 ölkəsində analoji periodda gözlənilən 5,3%-lik orta iqtisadi artım tempindən kifayət qədər aşağıdır. Xatırladaq ki, Çin iqtisadiyyatında artım tempinin yavaşlayacağı Dünya Bankı ilə yanaşı, Asiya Yenidənqurma və İnkişaf Bankının (AYİB) bir qədər bundan əvvəl yayımlanan  proqnozlarında da yer alıb. Belə ki, AYİB proqnozlarında dəyişikliyə gedib. Qurum 2022 və 2023-cü ildə Çin iqtisadiyyatının müvafiq olaraq 5 və 4,8% artması əvəzinə, 3,3 və 4,5% artacağını ehtimal edib.

Bank sektorunda geriləmə

Qlobal iqtisadi durğunluğun fəsadları artıq bank sektorunda hiss olunmaqdadır. Belə ki, Avropanın iri banklarından olan “Deutsche Bank” və “Credit Suisse”nin səhmləri sentyabr ayının sonunda tarixi rekord minimumlarına qədər ucuzlaşıb. Bank sektorundakı belə vəziyyət investorlara 2008-ci ildə yaşanan  ipoteka böhranını xatırlatmağa başlayıb.

Ümumiyyətlə, 2022-ci il qlobal bank sektoru üçün nikbin olmayıb. Belə ki, “Bank of America”nın kapitallaşması bu ilin fevral ayından etibarən 40 faizə yaxın ucuzlaşaraq 400 milyard dollardan 250 milyard dollara qədər geriləyib. “Bank of New York Mellon”un səhmlərinin ümumi qiyməti isə 50 milyard dollardan 30 milyard dollara enib. Kanadanın “Royal Bank of Canada” bankının da səhmləri müvafiq dövr ərzində 30 faizə yaxın ucuzlaşma göstərib.

Analoji vəziyyət Asiya bölgəsində də yaşanır. Belə ki, Yaponiyanın nüfuzlu banklarından sayılan “Mitsubishi UFJ”nin kapitallaşması eyni dövr ərzində 32 faizə yaxın geriləyərək 57 milyard dollar təşkil edib.

Cilovlanması mümkünsüz görünən inflyasiya

Qlobal iqtisadiyyatın daralması fonunda, həmçinin dünya ölkələrində cilovlanması mümkünsüz görünən inflyasiya müşahidə edilir. FED ABŞ-da inflyasiya proqnozunu 2022-ci ildə 5,2%-dən 5,4%-ə, 2023-cü ildə 2,6%-dan 2,8%-ə, 2024-cü ildə isə 2,2%-dən 2,3%-ə qaldırıb. İnflyasiyanın səviyyəsi Avrozonanın 19 ölkəsində sentyabr ayında illik ifadədə ilk dəfə 10 faizə çatıb. O cümlədən Fransa, Böyük Britaniya, Almaniya,  Finlandiyada inflyasiyanın yüksək səviyyəsi ilə fərqlənirlər. Ən yüksək inflyasiya göstəricisi Estoniyada (24,2 faiz), Latviyada (22,5 faiz), Litvada (22,4 faiz) müşahidə edilməkdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində avqustun yekununda istehlak qiymətləri indeksi 10,3 faiz illik artım nümayiş etdirib. İyulda bu göstərici 10,2 faiz olmuşdu. Təşkilat üzvü olan ölkələrin 60 faizində ərzaq məhsulları 14,5 faizdən 15 faizədək bahalaşıb.

Bu arada Beynəlxalq Valyuta Fondu (BVF) təcili şəkildə qida yardımı ilə bağlı maliyyə dəstəyi istəyə biləcək 48 ölkənin adını açıqlayıb. Bu barədə açıqlamanı Fondun rəhbəri Kristalina Georgiyeva verib. Qurum rəsmisi  bu ölkələri “ərzaq şoku pəncərəsi” üçün potensial namizədlər kimi dəyərləndirib. Xatırladaq ki, daha əvvəl Fond il ərzində fəaliyyət göstərəcək “ərzaq şoku pəncərəsi” adlanan yeni aləti istifadəyə verib. Ərzaq yardımına ehtiyacı ola biləcək ölkələr arasında Əfqanıstan, Pakistan, Tacikistan, Şri-Lanka, Ukrayna, Vyetnam və Tailand kimi ölkələr yer alıb.

Müxtəlif təsiredici amillər

İqtisadi böhranların baş qaldırmasına həm obyektiv-təbii, həm də siyasi-subyektiv amillər təsir göstərə bilər. İqlim dəyişiklikləri, texnogen hadisələr, resursların azalması, pandemiyalar kimi qaçılması mümkün olmayan amillər qlobal iqtisadiyyatın daralması, real ÜDM istehsalının azalması üçün, necə deyərlər, qaçılması mümkün olmayan şərtləri diktə edir. Biz indiki halda dünyanın astanasında olduğu ressesiyanı simbioz böhran kimi səciyyələndirə bilərik. Yəni əminliklə deyə bilərik ki, qlobal iqtisadiyyatın artıq içində olduğu yeni böhran dalğası  həm obyektiv-təbii, həm də siyasi-subyektiv amillərin hibrid təsirlərinin nəticəsidir. Növbəti böhran dalğasının işartılarının 2019-cu ilin sonlarında Çində başlayan və sürətlə dünyanı bürüyən yeni növ koronavirus pandemiyasının pik mərhələsində görünməyə başladığını inkar edə bilmərik. Dünya üzrə sərt qapanmalar səbəbindən nəqliyyat-logistika xidmətləri çətinləşir, təchizat-satış halqasında qırılmalar yaranır və beləliklə də, iqtisadi aktivliyin azalması, əmək bazarının kiçilməsi kimi mənfi proseslər müşahidə edilirdi. Həmin dövrdə artan xərclərini qarşılaya bilməyən ayrı-ayrı ölkələrin Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan asılılığı artdı - onlar hiper borclanmaya getdilər. Faktiki olaraq qlobal əmtəə bazarında təzadlı mənzərə müşahidə edilirdi - həm qıtlıq yaşanırdı, həm də təklifin tələbi üstələdiyi müşahidə olunurdu. Bu mənfi meyillər bir tərəfdən alıcılıq imkanlarının məhdudlaşmasının nəticəsi idisə, digər tərəfdən də, iqtisadi aktivliyin azalmasını əks etdirirdi. 

İndiki halda qlobal iqtisadiyyatda müşahidə edilən mənfi proseslərə, o cümlədən də istehlak mallarının qiymətinin yüksəlməsinə təsir göstərən amillərdən biri kimi FED tərəfindən dolların uçot dərəcəsinin artırılması göstərilir. Qurum uçot dərəcəsinin artırılması siyasətini inflyasiyaya qarşı mübarizə, qlobal iqtisadiyyatı qorumaq tədbiri kimi təqdim edir. Guya, bahalı dollar artan istehlakı məhdudlaşdıracaq. Ancaq əks proseslərin getdiyi ortadadır. Yuxarıda vurğulandığı kimi, inflyasiyanı nə ABŞ-ın özündə, nə də digər ölkələrdə cilovlamaq mümkün olmur. Bahalı dollar zəncirvari proseslərə rəvac verərək mal və xidmətlərin bahalaşmasını şərtləndirir. Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatı bəzi ölkələrdə faiz dərəcələrinin artması fonunda sərt iqtisadi konyunkturaya yönəlmə cəhdlərinin qlobal durğunluq üçün real risk amili olduğu barədə xəbərdarlıq edib. BMT-nin ticarət və inkişaf konferensiyasının (UNCTAD) hesabatında bir çox ölkənin mərkəzi banklarının kəskin qiymət artımına qarşı faizləri yüksəltməsi “ehtiyatsız avantüra” kimi dəyərləndirilib. Hesabatda, bu cür addımların pis nəticələrə gətirib çıxara biləcəyi qeyd olunub.

Qlobal iqtisadi böhranın yeni dalğasını gətirən ən mühüm səbəblərdən biri, heç şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsidir. Müharibə tərəfləri olan Rusiyadan və Ukraynadan qlobal bazarlara ərzaq tədarükü əhəmiyyətli dərəcədə məhdudlaşıb. Eyni zamanda, qlobal iqtisadiyyat üçün əvəzolunmaz xammal sayılan enerji məhsulları ilə təchizatda ciddi problemlər yaşanmaqdadır. Sanksiyalar böyük iqtisadiyyata malik Rusiyada vəziyyəti ağırlaşdırıb.  Bu günlərdə Dünya Bankı Rusiyada və Ukraynada iqtisadiyyatın mövcud vəziyyəti ilə bağlı proqnoz hesabatını açıqlayıb. Qurum 2022-ci ildə Rusiya iqtisadiyyatının 4,5 faiz kiçiləcəyinə dair proqnoz verib. Müharibənin digər tərəfi olan Ukraynada isə il üzrə 35 faiz iqtisadi geriləmə gözlənilir.

Paylaş:
Baxılıb: 685 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30