Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avrasiyada yeni mavi yanacaq habı - Türkiyə

Avrasiyada yeni mavi yanacaq habı - Türkiyə

06.11.2022 [10:24]

Mübariz ABDULLAYEV

Qlobal miqyasda cərəyan edən geosiyasi proseslər fonunda ölkələr üçün enerji təhlükəsizliyinin önəmi daha da artıb. Ənənəvi təchizat zəncirinin qırılması fonunda ayrı-ayrı ölkələr yeni təchizat mənbələri axtarışına çıxıblar. Avropa İttifaqı (Aİ) məkanına daxil olan dövlətlərdə vəziyyət daha kritikdir. Avropa İttifaqının ənənəvi enerji təchizatçısı olan Rusiya ilə münasibətlərinin pisləşməsi fonunda neft və qaz tədarükü həcmlərinin kəskin şəkildə azalması qoca qitəni sözün əsl mənasında sərt qış imtahanı qarşısında qoyub.

Qoca qitədə enerji aclığı

Rusiya ilə Ukrayna arasında məlum münaqişə başlayanadək Aropanın enerji təchizatı böyük dərəcədə şimal qonşumuzdan reallaşdırlan ixrac hesabına təmin olunurdu. Sonu görünməyən gərginliklər, o cümlədən də qarşılıqlı sanksiyalar fonunda fərqli mənzərə yaranıb. Gündəlik 5 milyon barel neft ixracatı həyata keçirən Rusiya bu həcmin 70 faizini ABŞ və Avropa bazarlarına ünvanlayırdı. Qoca qitənin neftə olan tələbatının ödənilməsində şimal qonşumuz 25 faiz paya malik idi. Rusiya Avropa üçün həm də ənənəvi olaraq optimal qaz təchizatı mənbəyi sayılırdı. Statistik məlumatlara görə, 2022-ci ilin əvvəlinədək Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə qoca qitənin təbii qaza olan tələbatının 40%-ə qədərini qarşılayırdı. İndi bu ölkədən Aİ məkanına enerji məhsullarının ixracı əhəmiyyətli dərəcədə azalıb. Bütövlükdə, Qoca qitənin illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir. Qarşılıqlı sanksiyalar səbəbindən azalan idxal həcmlərini Avropa hansı mənbələr hesabına qarşılaya bilər? Hazırda bu sual qoca qitə üçün həyati əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Rusiya ilə Avropa İttifaqı ölkələri arasında qaz nəqlini ucuz və rahat şəkildə həyata keçirməyə imkan verən hazır infrastruktur qurulmuşdu. Yeni belə infrastrukturun qurulması zaman və maliyyə vəsaiti tələb edir.

Türkiyə üçün yeni fürsətlər

Avropa İttifaqı məkanındakı kritik reallıqlar fonunda Türkiyə üçün yeni fürsətlər yaranıb. Söhbət qardaş ölkənin regional qaz habına çevrilmə perspektivlərindən gedir. Avropada yeni mavi yanacaq təchizatı mənbələrinə zərurətin yaranması reallığı öz yerində. Bəs indiyədək qaz tələbatını idxal hesabına qarşılayan Türkiyənin regional mavi yanacaq ixracatçısı habına çevrilməsi perspektivlərini şərtləndirən amillər hansılardır? Nə dəyişib ki, indiyədək Azərbaycandan və digər ölkələrdən mavi yanacaq alan qardaş ölkə üçün ixrac imkanları yaranıb? Sualın cavabı olaraq aşağıdakı bəzi mühüm məqamları qeyd edə bilərik:

1. Rusiyanın öz qazını Türkiyə vasitəsilə istehlak bazarlarına çıxartmaq istəyi və qardaş ölkənin buna qarşılıq verməyə siyasi qətiyyət göstərməsi,

2. İstehlakçıların Türkiyənin vasitəçiliyinə müsbət yanaşması,

3. Əlverişli coğrafi mövqe, istehsalçı və istehlakçı ölkələrlə qonşuluqda yerləşməsi,

4. Hazır, işlək nəql infrastrukturuna malik olması,

5. Türkiyənin özünün qaz istehsalçısına çevrilməsi perspektivi,

6. Qardaş ölkənin müsbət beynəlxalq imici, Prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzu və liderlik rolu.

Sadalanan məqamlardan bəzilərinə diqqət çəkək.

Hazır nəql infrastrukturu

Hazırkı mərhələdə təchizatçı Rusiya ilə istehlakçı Avropa arasında enerji amili siyasi təzyiq vasitəsinə çevrilib. ABŞ başda olmaqla kollektiv Qərb koalisiyası Rusiyaya qarşı əhatə dairəsi kifayət qədər geniş olan sanksiyalar tətbiq etməklə şimal qonşumuzun maliyyə imkanlarını məhdudlaşdırmaq istəyir. Rusiya da buna cavab olaraq cəza tədbirlərinə əl atıb və “dost olmayan ölkələrə” qaz nəqlini müxtəlif səbəblər gətirməklə məhdudlaşdırıb. Avropaya uzanan qaz xəttində baş verən qəza Rusiyadan qoca qitəyə mavi yanacaq ixracınının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

Təbii ki, yaranmış “enerji müharibəsi” vəziyyətindən həm istehlakçı qoca qitə, həm də istehsalçı Rusiya ziyan çəkir. Avropaya enerji tələbatının ödənilməsi hava-su kimi lazımdır. Şimal qonşumuz isə enerji gəlirlərini bərpa etmək zərurəti ilə üz-üzədir. Bu kimi reallıqlar fonunda Rusiya qazının Türkiyə üzərindən Avropaya ötürülməsi perspektivi yaranıb. Nəzərlərin Türkiyəyə dikilməsi də təsadüfi deyildir. Bu ölkə əlverişli coğrafi mövqeyi ilə Avropa ilə Rusiyanın qonşuluğunda yerləşir. Hazır nəql infrastrukturuna malik olması Türkiyəyə əlavə şans qazandırır. Qardaş ölkə böyük həcmlərdə Rusiya qazını Avropa bazarlarına daşımaq üçün şaxələndirilmiş nəql marşrutlarına malikdir. Bu marşrutlar aşağıdakılardır:

1. Türk axını,

2. TANAP,

3. TAP,

4. İrandan çəkilmiş İTE xətti

Sadalanan boru xətlərinin çəkilməsində zamanında qardaş ölkə həm siyasi fəallıq nümayiş etdirib, həm də layihələrin reallaşmasına investisiyalar yönəldib. Bəhs olunan kəmərlərin hamısı işlək vəziyyətdədir. Türkiyənin qaz nəqli şəbəkəsi Avropa ilə birləşib. Yəni burada yeni xətlərin çəkilməsinə lüzum yoxdur. Ehtiyac yaranacağı təqdirdə infrastrukturun genişləndirilməsi mümkündür. Qardaş ölkə şaxələndirilmiş nəql marşrutları ilə müxtəlif mənbələrdən - Rusiyadan, İrandan və Azərbaycandan ildə 90-100 mlrd. kubmetr qaz ala və onu ötürə bilər. Eyni zamanda, perspektivdə Türkmənistanda çıxarılan qazın da Türkiyə üzərindən ixracı tam realdır.

Daxili qaz istehsalı astanasında

Hazırda Türkiyənin Qara dənizin ona məxsus olan hissəsində aşkarlanan zəngin qaz yataqlarının işlənməsinə ciddi hazırlıq görülür. Deyə bilərik ki, qardaş ölkədə yerli istehsalın başlayacağı gün uzaqda deyil. Söhbət Türkiyənin Qara dənizdəki “Sakarya” yatağının işlənməsindən gedir. Ehtimal edilir ki, 2023-ci ilin martında bu yataqdan ilk qaz hasil olunacaq. Xatırladaq ki,

2020-ci ildə Türkiyə hakimiyyəti Qara dənizdə 540 milyard kubmetr həcmində proqnozlaşdırılan qaz ehtiyatının kəşf olunduğunu elan edib. Onların ən böyüyü olan “Sakarya” yatağında ehtiyatların həcminin 400 milyard kubmetri keçdiyi bildirilir. Yataqdan təbii qazı quruya nəql edəcək kəmərin tikintisinə 2022-ci ilin iyununda start verilib. Dənizin dibi ilə çəkilən kəmərin böyük hissəsinin boruları artıq düzülüb. Verilən məlumatlara görə, Ankara ölkə sərhədləri daxilində, o cümlədən, Qara dənizdəki bütün yataqların kəşfiyyatını və gələcək işlənməsini məqsəd kimi qarşıya qoyub. Bütövlükdə, Türkiyə Qara dənizdə 540 mlrd. kubmetr qazın hasilatı və nəqlinə təxminən 10 mlrd. dollar sərmayə qoymağı planlaşdırır. Bildirilir ki, Qara dəniz 45 il ərzində dünyanın qaz ehtiyacını ödəməyə qadirdir. Qardaş ölkə, həmçinin Aralıq dənizində kəşfiyyat işlərini bərpa etmək niyyətini də açıqlayıb.

Ərdoğanın kişi sözü və nüfuzu

Regional və qlobal əhəmiyyətli iqtisadi layihələrin siyasi təminatları da çox vacibdir. Biz yuxarıda enerji amilinin siyasi təzyiq vasitəsinə çevrildiyini qeyd etdik. Türkiyənin yeni regional qaz habına çevrilməsində də qardaş ölkənin dünyadakı müsbət imici, xüsusilə də Prezident Ərdoğanın kişi sözünü tutan nüfuzlu lider kimi tanınması müstəsna rol oynayır. Əgər bu gün qarşı duran Rusiya və Avropa enerji dialoqunda Türkiyənin vasitəçiliyini qəbul edirlərsə, bu ortaq məxrəcə gəlinməsində R.T.Ərdoğanın şəxsiyyətinin önəmini xüsusi vurğulamaq lazımdır. Türkiyə indiyədək Rusiya-Ukrayna münaqişəsində sırf barışdırıcı mövqedən çıxış edib. Qardaş ölkənin və onun liderinin bu mövqeyi qlobal miqyasda, BMT səviyyəsində yüksək dəyərləndirilir. Jurnalistlərin Türkiyənin yeni regional qaz habına çevrilməsi perspektivləri barədə suallarını cavablandıran Rusiya prezidenti V.Putin vurğulayıb: “Rusiya qazının Türkiyə üzərindən Avropaya ötürülməsi təklifi bizdən gəlib. Biz nə üçün bu marşruta üstünlük veririk? Çünki Avropadan olan tərəfdaşlarla birbaşa işləmək çətindir. Türkiyə tərəfi ilə işləmək isə Rusiya üçün asandır. Prezident Ərdoğan sözünün üstündə duran insandır”.

Paylaş:
Baxılıb: 840 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30