Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avtomobil parkı yenilənir...

Avtomobil parkı yenilənir...

01.04.2023 [11:20]

Hansı avtomobillərin idxalı məhdudlaşdırıldı?

Nicat Dilqəmli

Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabinetinin 94 №-li Qərarına dair İzahına əsasən, istismar olunan minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında 94 №-li qərarın əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin respublika ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.

Ümumiyyətlə, Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir:

• 2 ilə qədər olan minik avtomobilləri 2%;

• 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3%;

• 5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9%.

Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur.

İstehsal tarixi 10 ildən çox olan avtomobil idxalının məhdudlaşdırılmasının yaradacağı imkanlar:

• Ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıracaq;

• Yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yenilənəcək, yol-nəqliyyat hadisələrinə səbəb olan hallar azalacaq;

• Ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin olmasına səbəb olmaqla, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasını sürətləndirəcək;

• İnsanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxaracaq;

• Ölkəmizdə avtomobil istehsalının stimullaşdırılmasına səbəb olacaq;

• Avtomobil istehsalı sahəsi üzrə ixtisaslı kadrların artmasına imkan yaradacaq.

Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 1 yanvar 2022-ci ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 94 №-li qərarı dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Müvafiq Qərarın verilməsi avtomobilinin yolunu gözləyən sürücülərdə ciddi narahatlıq doğurub. Onlar pulunu ödədikləri avtomobili əldə edə bilməyəcəklərindən narahatdırlar. Başqa sözlə, xeyli sayda ölkə vətəndaşı avtomobillərini artıq sifariş edib və həmin avtomobillərin ölkə ərazisinə gətirilməsi qərarın qüvvəyə minəcəyi tarixdən sonra olacaq.

Həmin avtomobillərin aqibəti necə olacaq? Onlarla bağlı hansı addımlar atılacaq?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mətbuatın sorğusuna cavab olaraq bildirib ki, qərarın imzalandığı 29 mart tarixinə qədər (29 mart daxil olmaqla) maşınlarını sifariş edib, ödənişlərini edənlərə güzəşt ediləcək.

“Onların sifariş etdikləri avtomobillər Azərbaycana buraxılacaq. Qərarın geriyə qüvvəsi yoxdur. Qərar 29 martdan sonrakı hadisələrə şamil olunur. 29 mart daxil olmaqla sifariş olunan və ödəniş olunan avtomobillər Azərbaycana buraxılacaq”.

Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu Qərarın verilməsi gözlənilən idi. Onun sözlərinə görə, müzakirələr zamanı bu müddətin 5-8 il olması təklif edilirdi. Lakin sonradan bu müddət 10 il olaraq təyin edilib: “Bununla bağlı artıq bir neçə ölkə öz qanunlarını dəyişib, müvafiq qərarlar qəbul edib. Azərbaycan da dünyanın bir parçasıdır və bu qərarlardan bəhrələnməli, belə bir qərar qəbul etməli idi”.

Qərarın verilməsinin yol təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli olduğunu deyən ekspertin fikrincə, paralel olaraq müəyyən addımların atılması da lazımdır: “Avtomobil parkının yenilənməsini biz başa düşürük, yol təhlükəsizliyi baxımından olduqca önəmlidir. Çünki qəzalı və digər zərbələrə məruz qalmış avtomobillərin Azərbaycana gətirilməsi təhlükəsizliyimizə təhdiddir. Analoji addımlar atmaqla, qarşısı alına bilər. Ancaq düşünürəm ki, gələcəkdə gömrük rüsumlarına bir daha baxmaq lazımdır. Çünki yeni avtomobillər baha olur, əlçatanlıq təmin edilməlidir. Belə olan halda təbii ki, bazara təsir göstərəcək, 10 ildən köhnə olan avtomobillərin qiyməti qalxa bilər. Çünki vətəndaşlar xaricdən gətirə bilmədiklərinə görə məcbur burada olanlardan istifadə edəcəklər. Qiymətlər isə bahadır. Ona görə də kredit şərtlərinə də baxılmalıdır. Şərtlər sərfəli, əlçatan olmalıdır ki, insanlar öz avtomobilini yeniləyə bilsinlər”.

“Ümumiyyətlə, təzə avtomobil ətraf mühitin qorunması, yol təhlükəsizliyi baxımından önəmlidir. Yəni qəzalar zamanı insanların sağ qalması, təhlükəsizlik sisteminin yeni olması arzuolunandır və bütün dünya buna çalışır. Hətta bəzi ölkələrdə 2035-ci ildə ümumiyyətlə benzin mühərrikli avtomobillərin istehsalına və istismarına qadağa qoyulması planlaşdırılır. Biz isə bu müddəti 10 il götürürük”, - deyə E.Muradlı fikirlərinə əlavə edib.

Paylaş:
Baxılıb: 780 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30