Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Böyük Qayıdış hədəfi

Böyük Qayıdış hədəfi

02.05.2023 [10:40]

İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərin aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, onlar 600 manat birdəfəlik müavinət ala biləcəklər

MÜBARİZ

Vətən müharibəsində şanlı Zəfərə imza atan Azərbaycan hazırda Böyük Qayıdış hədəfinə doğru irəliləməkdədir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə ölkəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan işğal dövründə erməni vandalları tərəfindən tamamilə dağıdılmış ərazilərin bərpasını və ora otuz il ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın qayıdışını tez və layiqli şəkildə təmin etmək əzmindədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə iqtisadi canlanmanın sürətləndirilməsi üçün dəstək mexanizmləri, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarının tətbiqi ilə aparılan quruculuq işləri, sənaye, ticarət, loqistika və xidmət mərkəzlərinin yaradılması, “yaşıl enerji” zonasının, bərpa olunan enerji sistemlərinin qurulması, regionun turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər davam etdirilir.

İnfrastruktur quruculuğu və məskunlaşdırma

Postmüharibə dövrünün başlanğıcında ərazilərin bərpasında əsas diqqət minaların təmizlənməsinə və infrastruktur quruculuğuna yönəldilmişdi. Bu da onunla bağlı idi ki, zəruri infrastruktur qurulmadan - rahat yollar çəkilmədən, enerji gücləri yaradılmadan, su təminatı qaydaya salınmadan nə həmin ərazilərin iqtisadi potensialından istifadə etmək, nə də orada əhalini məskunlaşdırmaq mümkün deyil. Bu zərurətdən çıxış edən Azərbaycan ərazilərin bərpasını, burada zəruri infrastruktur quruculuğunu artıq iki il yarımdır ki, öz gündəliyinin mərkəzində saxlayır. Bunu Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə mütəmadi hal alan səfərləri də əyani şəkildə təsdiqləyir. İndiyədək Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşada, Ağdamda, Zəngilanda, Cəbrayılda, Hadrutda və digər tarixi torpaqlarımızda olublar. Belə səfərlər zamanı dövlətimizin başçısı ayrı-ayrı infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərinə qatılaraq Özünün dəyərli tövsiyələrini verib. Cari ilin arxada qalan ilk üç ayında ölkəmizin dövlət büdcəsinə proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb. Proqnozlara görə, ilin sonunadək büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsinə çatacaq. Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək.

Belə həssas yanaşmanın nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə reallaşdırılır. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər dağlıq relyefə malikdir. Yol olmadığına görə Kəlbəcərin, Laçının bir sıra yaşayış məntəqələrinə qış aylarında getmək mümkün deyil. Bərpa proqramı çərçivəsində layihələndirilən yeni yollar işğaldan azad olunmuş ərazilərə qış aylarında da rahat gediş-gəlişi təmin edəcək. İşğaldan azad edilən ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrin sayı kifayət qədər çoxdur.

Bəhs olunan ərazilərdə üç beynəlxalq səviyyəli hava limanı yaradılır. Onlardan ikisi - Füzuli və Zəngilan hava limanları qısa müddətdə tikilərək istifadəyə verilib. Hər iki hava limanına ən ağır yük və sərnişin təyyarələrinin uçub-enməsi mümkündür. Hazırdı Laçında yaradılan növbəti hava limanının inşası da intensiv şəkildə davam etdirilir.

Ötən ildən başlayaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının icrasına da start verilib. İlk ünvan Zəngilan rayonunda innovativ yanaşmalar əsasında yaradılan Ağalı kəndi oldu. Qeyd edək ki, işğala qədər bu inzibati ərazi vahidi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir. Hər bir ailəyə həyətyanı sahəsi olan fərdi ev verilib. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri gözlənilməklə Dövlət Komitəsinin Repatriasiya Departamentində püşkatma ilə aparılıb.

Artıq Tərtər rayonunun Talış kəndinə də ilk köç edilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva cari il martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı Novruz bayramı münasibətilə Azərbaycan xalqına Talışdan etdiyi müraciətində vurğulayıb: “Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”.

2023-cü ilin yay aylarında keçmiş köçkünlərin Laçın şəhərinə dönmələri təmin olunacaq. Prezident İlham Əliyevin bəhs olunan müsahibəsində bildirdiyi kimi, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq. “Bununla paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Biz ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyacağıq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər - 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Daha doğrusu, cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir. Bax, quruculuq işlərimiz bu istiqamətdə aparılır və bir daha onu göstərir ki, bizim bütün planlarımız, bəyan etdiyimiz bütün məqsədlər həyatda öz əksini tapır və tapacaq”, - deyə Prezident İlham Əliyev bildirib.  

Geniş güzəştlər paketi

Bundan sonra qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunmuş ərazilərə yerləşdirilməsi daha da intensivləşəcək. Şübhə yoxdur ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təşviq etmək üçün bir sıra güzəştlərin nəzərdə tutulması prosesə yeni təkan verəcək. Artıq bununla bağlı “Əmək Məcəlləsində” edilən dəyişikliklərə uyğun olaraq yeni güzəştlərin tətbiqi mexanizmi hazırdır. Belə ki, yeni dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə - Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqi nəzərdə tutulur. Milli Məclisin deputatı Vüqar Bayramov nəzərdə tutulan güzəştlər barəsində “Yeni Azərbaycan”a müfəssəl məlumat verib. Onun sözlərinə görə, peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş,  son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında çalışan işçilər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı kateqoriyasına daxil ediləcək. Həmin vətəndaşlarmızın aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, onlar 600 manat birdəfəlik müavinət ala biləcəklər. Bu kateqoriyadan olanlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.

Fikirlərinə davam edən Vüqar Bayramov vurğulayıb: “İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Yəni dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80.0, sonrakı 3 ildə 60.0 və uyğun olaraq daha sonra 40.0 faiz olacaq.

Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqları isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək.

Deməli, işğaldan azad olunan ərazidə çalışan vətəndaşlarımız maaşlarına əlavənin hesablanması, birdəfəlik 600 manat müavinət almaq hüquqlarına malikdirlər. Sosial sığorta haqlarının subsidiya edilməsi də onların maaşlarının daha da artmasına imkan verəcək”.

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30